Hər şey ondan başladı ki, “Gege” ləğəbi ilə tanınan aktyor astronomik vergilərə etiraz edərək qonşu Belçikaya köçməyə qərar verdi.   Minable! (“cındır”) deyə baş nazir Jean-Marc Ayrault görkəmli aktyor Gérard Depardieu-nün yüksək vergilər üzündən vətəni tərk etməsinə reaksiya verdi.  New Yorker məcmuəsinin yazarı Lauren Collins doğru buyurur ki, Qərbin istənilən başqa ölkəsində dövlət məmurunun nəinki mədəniyyət xadimini, hətta sadə vətəndaşı “cındır” adlandırması böyük bir skandal olardı.  Amma işsizliyin 11 faiz civarında olduğu, və sol cərəyanın meydan suladığı Fransada dövlət rəsmisi özünə bu cür rəftarı rəva görə bilir.  Başqa nə cür olmalıdır?  Aktyor qazandıqlarının 75 faizini hökumətə verməkdən boyun qaçırır.

Bundan bir qədər öncə Fransada sosialist Francois Hollande seçkilərdə qalib gələrək prezident olmuşdu.  “Mənim düşmənim maliyyə dünyasıdır,” deyə Hollande seçki kampaniyasında bəyan etmişdi.  Nə qədər qəribə də görünsə, Fransada böyük gücə malik kommunistlər və trotskiçilərlə müqayisədə Hollande mötədil siyasi xadim təsiri bağışlayır.  “Əgər Avropa vulkandırsa Fransa inqilabi kraterdir!” deyə özünü qəzəb dalğasının ruporu kimi qələmə verən radikal solçuların lideri Jean-Luc Melenchon püskürürdü.  Əslində Hollande-ın 75 faizlik supervergi təklifini şərtləndirən də onun soldan üzləşdiyi təzyiqlər idi.

Zatən Fransa həmişə başqa kontinental Avropa dövlətləri ilə müqayisədə sola xeyli meylli olub.  Solçular Fransanı krater adlandıranda, ən azı bir şeydə haqlıdırlar.  Ölkənin iqtisadi durumu doğrudan da ürəkaçan deyil.  İşsizlik rəsmən 10.6 faizdir.  İstehsalat ölür.  The Economist məcmuəsi bu yaxınlarda manşetdə fransız çörək yığınını göstərərək ölkəni “baguette bombası” adlandırmışdı.  Avropa İttifaqının standart 3 faizindən xeyli yüksək olan 4.5 faizlik büdcə kəsiri gündəmə gələndə Fransanın sola meylli liderlərinin ağlına əsasən bir fikir gəlir – vergiləri artırmaq!  Onlara hesab edirlər ki, iqtisadiyyatı idarə etməyin, sosial ədaləti  və firavanlığı təmin etməyin başlıca yolu varlılardan alıb yoxsullara paylamaqdır.  Bu isə ən yaxşı halda cəmiyyətin bir kəsimini – yoxsulları – cəmiyyətin başqa kəsiminə – varlılara – qarşı qoyur.

Təbii ki, Depardieu bu təhqiri cavabsız qoymaq niyyətində deyildi.  “Mən Fransanı ona görə tərk edirəm ki, siz inanırsız ki, uğur, yaradıclıq, istedad və fərqli hər nə varsa, cərimə üçün hədəf olmalıdır.”  Onun yetişməsində Fransanın rolunu qabartmağa çalışan dövlət məmurlarına aktyorun mesajı sadədir:  Siz mənə heç nə verməmisiz.  Mənim nailiyyətlərim mənim nailiyyətlərimdir.  “1948-ci ildə anadan olmuşam.  14 yaşında nəşriyyat evində, daha sonra anbarda qorvulçu işləmişəm.  Son 45 il ərzində Fransa büdcəsinə 145 milyon avro ödəmişəm.”

Depardieu ilə Fransa məmurları arasında qarşıdurma kontinental Avropada sol və sağ cərəyanlar arasında ötən iki əsrdə davam edən edən qızğın mübarizənnin yalnız son epizodudur.  Soviet Kommunizminin çöküşü sosializm – yəni dövlətin iqtisadiyyata güclənmiş nəzarəti – ideyasına ağır zərbə endirdi, amma öldürmədi.  Avropada varlılardan alıb yoxsullara vermək nəzəriyyəsinə abunəçi olanların sayı hələ də milyonlarladır.  Fakt budur ki, Amerikadan fərqli olaraq kapitalizm heç zaman Avropada sərbəst ayaq aça bilməyib.  O biri tərəfdən sosializmin vədləri də doğrulmur.  Yüksək vergilər qısa müddətə sosial təminatı gücləndirsə də, fərdi təşəbbüskarlığı boğmaqla ümumən milləti tədricən yoxsullaşdırır.  Margaret Thatcher-in təbirincə desək, “Sosializmin başlıca problemi ondan ibarətdir ki, əvvəl-axır başqalarının pulunu xərcləyib qurtarırsan.”