Banilərin İdrakı

Posted May 21st, 2013 at 9:56 am (UTC-5)
Leave a comment

“Sual o deyil ki, kim istefa verəcək. Mənim sualım budur ki, bu skandala görə kim həbs olunacaq?” Nümayəndələr Palatasının Respublikaçı spikeri John Boehner püskürdü.  Ötən həftə Obama administrasiyasının üzləşdiyi üç skandal ABŞ Konstitutsiyasının önəmini ictimai gündəmə çıxardı.  Birincisi, məlum oldu ki, Liviyada ABŞ səfirinin ölüdürülməsi barədə hökumət rəsmilərinin ictimaiyyətə təqdim etdikləri hekayə həqiqətdən uzaq olub.  İkinci üzə çıxan rüsvayçı fakt federal vergi idarəsinin məqsədyönlü şəkildə mühafizəkar təşkilatları hədəf alması idi.  Nəhayət, Baş Prokuror Erik Holderin hökumət orqanlarından mətbuata məlumat sızdıran adamları müəyyən etmək üçün Associated Press xəbər agentliyindən telefon sənədlərini istəməsi cəmiyyəti Ağ Evə qarşı səfərbər etdi.

İstər prezident olsun, istərsə də sıravi əsgər, Amerikada dövlət qulluqçuluğuna qəbul olunan şəxs mücərrəd vətən anlayışına deyil, Konstitutsiyaya sədaqət andı içir.  Dövlət təşəkkül tapandan bəri ideya bundan ibarətdir ki, Birləşmiş Ştatların siyasi bünövrəsini etnik, irqi, yaxud sinfi mənsubiyyət deyil, vətəndaşlara toxunulmaz hüquqlar verən Konstitutsiya təşkil edir.  Təəccüblü deyil ki, hər dəfə konstitutsional hüquqlar zərbə alanda, cəmiyyətdə böyük təlatüm yaranır.  Amerikalılar konstitutsional hüquqların tapdanmasına ifrat dərəcədə həssas yanaşırlar.  Yaxşı bəs nə olub?

ABŞ-ın Liviyadakı sabiq səfiri J. Christopher Stevensin Benqazidə öldürülməsi faciəvi bir olaydır.  Ancaq müxalifətin gözündə bu hadisənin mahiyyəti təkcə onda deyil ki, səfir terror hücumunun qurbanı olub.  Onlar səfirin təmsil etdiyi hökuməti baş verənlərə fərqli don geyindirmək cəhdində ittiham edirlər.  11 sentyabr terror hücumlarının ildönümündə baş vermiş hücumu ilk gündən administrasiya rəsmiləri İslamı təhqir edən yeni filmlə və onun müsəlmanlar arasında doğurduğu qəzəbli reaksiya ilə izah etməyə çalışdılar.  ABŞ-ın yüksək rütbəli rəsmiləri, o cümlədən Prezident Barak Obama, dövlət katibi Hillari Klinton və BMT-dəki səfir Susan Rice terror hücumunu arxa plana çəkərək burada müsəlmanları gözdən salan filmin rolunu qabartmağa çalışmış və həmin videonu çəkən şəxsin dinlərarası ədavəti qızışdırdığına görə cavab verməli olacağını bəyan etmişdilər.  Hələ o vaxt bir çoxları terrora görə video çəkmiş adamın günahkar bilinməsini Konstitutsiyaya zidd addım adlandıraraq azad sözün müdafiəsinə qalxmışdılar.  Sonradan məlum olanda ki, Benqazidə baş verən terror hücumunuin filmlə heç bir əlaqəsi olmayıb, qəzəb ikiqat artdı.  Artıq administrasiya təkcə söz azadlığını məhdudlaşdırmaqda deyil, həm də yalan danışmaqda ittiham olunurdu.

Baş Prokuror Eric Holderin Associated Press agentliyindən telefon arxivilərini əldə etmək cəhdini də müxalifət mətbuat azadlığına hazırkı iqtidarın üslubuna xas hücum kimi dəyərləndirir.  Obama adminstrasiyası sələflərindən fərqli olaraq administrasiyadan məlumat sızdıran rəsmilərə qarşı amansız olub.  Əlbəttə, söhbət administrasiyanın qəsdən sızdırmaq istədiyi məlumatlardan yox, sızdırmaq istəmədiyi məlumatlardan gedir.  Vaxtikən Barak Obamaya az qala pərəstiş edən media mənsubları da artıq duyuq düşüblər. “Prezident bazar ertəsi mətbuat konfransı keçirdi və jurnalistlər ac canavar kimi üstünə tökülüşmüşdülər,” deyə komediya ustası David Letterman zarafata başladı: “Amma o, bu sınaqdan məharətlə çıxdı, çünki çoxdandır ki, onların söhbətlərini dinləyir. Obama nə olacağını qabaqcadan bilirdi.”

Cəmiyyətin nəzərində ən bağışlanmaz əməl isə Daxili Gəlir Xidmətinin bilərəkdən mühafizəkar təşkilatları hədəf almasıdır.  Hökumətin inzibati resurslardan istifadə edərək müxalifəti əzməyə, qorxutmağa çalışması Amerika ideyası ilə daban-dabana ziddir.  Ola bilsin ki, belə hallar keçmişdə də baş verib.  Ancaq Barak Obamanın hökumətin səlahiyyətlərini böyütmək səyləri çərçivəsində bu faktın üzə çıxması baş verənlərə daha kəskin çalar verir.  Libertar əleyhdarlarına cavab olaraq “Sinik səslər var ki, daim cəmiyyəti tiraniyanın künc-bucaqda dolaşmasından xəbərdar edirlər” deyən prezident indi bu ittihamlara əsas vermiş kimi görünür.  Düzdür, məlumat üzə çıxan kimi Obama vergi idarəsinin rəhbərini işdən çıxardı.  Amma işdən çıxarmaqla iş bitmir.  Ən azı Amerikada.

Bu skandalların Obama administrasiyasının tarixi irsinə necə təsir göstərəcəyi hələlik tam aydın deyil.  Aydın olanı budur ki, baş verənlər Amerikanı quran siyasi öndərlərin necə uzaqgörən olduğunu bir daha sübuta yetirir.  “Əgər mən qəzetsiz hökumətlə hökumətsiz qəzet arasında seçimlə üzləşsəydim, heç şübhəsiz sonuncunu seçərdim” deyən Thomas Jefferson cəmiyyətdə azad sözün, azad mətbuatın tiraniya qarşısında oynadığı sipər rolunu vurğulamışdı.  İngiltərə müstəbidinə qarşı vuruşmuş Jefferson və onun silahdaşları gözəl anlayırdılar ki, hər bir insanın qəlbində bir tiran yatır ki, balansın, hüdudların, sərhədlərin mövcud olmadığı şəraitdə o, asanlıqla oyana və şər xislətli əmələ keçə bilər.   Elə onların çoxqanadlı hökumət qurmaq amacı da çiy süd əmmiş insanın təbiətinə etimadsızlığa əsaslanırdı.

“Ambisiya ambisiyaya qarşı qoyulmalıdır.  İnsanın marağı konstitutsional hüquqlara tabe edilməlidir.  Bu nəzarət mexanizminin həyata keçirilməsini şərtləndirən başlıca amil insan təbiətidir ki, bu, mütləq hökumətin öz səlahiyyətlərindən sui-istifadə etməsinə gətirib çıxarır.  Axı hökumət nədir?  İnsan təbiətinin ən yığcam ifadəsi!” James Madison Federalist 51 essesində yazırdı.   Hakimiyyətlə ehtiyatlı davranışın fəlsəfəsini ABŞ-ın birinci prezidenti George Washington eyni dərəcədə mükəmməl təsvir etmişdi: “Hökumət təhlükəli nökər, qorxulu ağadır.”  Washington da, Jefferson da, Madison da çoxdan Tanrının dərgahına qovuşublar.  Onları əbədiyyətə qovuşduran isə bu ümumbəşəri tezisə inanmaları və onu siyasi praktikada rəhbər tutan millət ərsəyə gətirmələridir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories