Bəşər tarixində elə bir məqam yetişir ki, bir xalq üçün onu başqa bir xalqa bağlamış siyasi telləri qırıb atmaq, Təbiət Qanunlarının və Yaradanın ona bəxş etdiyi imtiyazlara uyğun olaraq dünya qüdrətləri arasında ayrıca, bərabər mövqe tutmaq vacib olur və bəşəriyyətin rəyinə ehtiram tələb edir ki, həmin xalq onu müstəqilliyə vadar edən səbəbləri izah etsin.

Biz bunu sübuta ehtiyacı olmayan bir həqiqət sayırıq ki, bütün insanlar bərabər yaradılıb və Yaradan öz bəndələrinə müəyyən toxunulmaz hüquqlar bəxş edib ki, onların sırasına Həyat, Hürriyət və Səadətə canatma hüquqları daxildir.  Bu hüquqların təmin edilməsi üçün insanlar ədalətli, idarə olunanların razılığına güvənən hökumət qurur.  Ona görə də nə vaxt ki, hansısa Hökumət bu hüquqların dağıdıcısına çevrilir, İnsanların İxtiyarı çatır ki, onu dəyişsinlər yaxud ləğv etsinlər, və əvəzində yeni Hökumət qursunlar ki, onun əsasında insanların Təhlükəsizliyinə və Xoşbəxtliyinə ən yaxşı təsir göstərəcək prinsiplər dayansın.  Əlbəttə, sağlam şüur diktə edir ki, çoxdan bəri formalaşmış idarəçilik üsulları xırda və ötəri səbəblərə görə əvəz edilməsin, çünki keçmişin təcrübəsi göstərir ki, insanlar özlərinin alışdıqları həyat tərzini dəyişməkdənsə şərin hökmünə mümkün qədər dözməyə daha meyllidirlər. Ancaq uzunmüddətli azğınlıq və zillət yeganə və ardıcıl məqsəd — xalqı sonu görünməyən despotizmə tabe etdirmək məqsədi daşıyırsa, onda bu cür İqtidarı devirmək və özünün gələcək əmin-amanlığını təmin edən etibarlı bir zəmin yaratmaq xalqın haqqı və borcudur. Həmin bu Koloniyalar də həmçinin uzun müddətdir ki, müxtəlif sıxıntılara düçar olublar və yalnız zərurət onları keçmiş Hökumət Sistemlərini dəyişməyə məcbur edir.

Hazırda taxtda olan Böyük Britaniya Kralının hökmranlıq tarixi əslində bizim Ştatlarda mütləq Tiraniya bərqərar etmək kimi birbaşa məqsəd güdən, ardı-arası kəsilməyən zülm və zillət tarixidir.  Bunu sübuta yetirmək üçün Faktları dünyanın nəzərinə çatdırırıq:

Kral camaatın rifahı üçün gərəkli və xeyirli olan qanunlara razılıq verməyib.

O, qubernatorlara nə qədər təxirəsalınmaz olsa belə, özü təsdiq etməyincə istənilən qanunu qəbul etməyi qadağan edib. Həmin qanunların tətbiqi bu yolla dayandırılanda, onlara zərrəcə məhəl qoymayıb.

O, böyük əhaliyə malik bölgələrin rifahına xidmət edən qanunların qəbuluna icazə verməyib, və bunun üçün şərt kimi həmin adamların Parlamentdə Təmsilçilikdən imtina etməsini tələb edib – hansı ki, bu hüquq sakinlər üçün mühüm, tiranlar üçünsə təhlükəlidir.

O, qanunvericiləri yalnız fiziki cəhətdən yormaq, beləliklə də onların iradəsini özünə tabe etdirmək məqsədilə toplantıları ucqar nöqtələrdə, arxivlərdən uzaq, naqolay yerlərdə çağırtdırıb.

O, qanunverici məclisləri kralın xalqın hüquqlarını pozmasına müqavimət göstərdiyi üçün dəfələrlə buraxıb.

Kral qanunvericiləri buraxandan sonra uzun müddət yeni seçkilər keçirmək istəməyib, və insanların qanunları öz əlinə alması ilə dövlət xarici və daxili təhlükələrlə üz-üzə qalıb.

O, əhalinin bu ştatlarda məskunlaşmasına, əcnəbilərin burada oturaqlaşması barədə mövcud qaydaların tətbiqinə maneçilik törədib, mühacirəti şirnikləndirən və torpaq paylarının alınmasına ixtiyar verən yeni qanunların təsdiqinə mane olub.

O, ədliyyənin icrasına yol verməyib, məhkəmə hakimiyyətinin bərqərar olmasına əngəl törədib.

O, vəzifə müddətlərini və maaşlarını özündən asılı etməklə hakimləri öz iradəsinə tabe edib.

O, saysız-hesabsız yeni vəzifələr təsis edib, insanlarımızın üstünə xalqı soyub-sıxışdıran məmurlar dəstəsi göndərib.

O, qanunverici məclislərimizin razılığı olmadan dinclik dövründə torpaqlarımızda nizami ordu saxlayıb.

O, hərbi hakimiyyəti müstəqil etməyə və mülki hakimiyyətdən üstün tutmağa çalışıb.

O, bizləri quruluşumuza və qanunlarımıza yad olan hakimiyyətə tabe etdirməkdən ötrü başqaları ilə sazişə girib, qeyri-qanuni hökumətin aktlarını çap etdirməklə aşağıdakı riyakar məqsədlər güdüb:

  • Aramızda iri hərbi hissələr yerləşdirmək;
  • Adamlarımızı qətlə yetirən hərbçiləri qurama məhkəmələrlə müdafiə etmək;
  • Dünyanın başqa guşələri ilə ticarət əlaqələrimizi kəsmək;
  • Bizimlə razılaşdırmadan üstümüzə vergilər qoymaq;
  • Əksər hallarda bizi andlılar məhkəməsindən məhrum etmək;
  • Bizləri uydurma cinayətlər üstündə mühakimə etmək üçün okeanın o tayına yollamaq;
  • Bizə örnək olaraq qonşu əyalətdə (Kanada nəzərdə tutulur) azad ingilis qanunları sistemini ləğv etmək, orada özbaşınalığa söykənən quruluş yaratmaq və onun sərhədlərini genişləndirmək ki, mütləqiyyətin bizim tərəflərdə yayılmasına vasitəçilik etsin; qanunları ləğv etməklə bizim idarəçilik sistemini kökündən dəyişmək;
  • Qanunverici məclisləri buraxmaqla bizim əvəzimizə hər cür qanun-qaydaların qəbul edilməsinə yiyə çıxmaq.

Bizə himayə göstərməkdən imtina etməklə və müharibəyə əl atmaqla Kral idarəçiliyi başlı-başına buraxıb.

O, dənizlərimizdə talançılıqla məşğuldur – sahillərimizi qarət edir, şəhərlərimizi oda yaxır, həmvətənlərimizi öldürüb. İndi də hətta qatı barbarlıq dövründə belə rast gəlinməyən, azad bir millətin hökmdarına yaraşmayan amansızlıqla, namərdcəsinə başladığı qırğın, qarət və qəddarlığı sona yetirmək üçün əcnəbi muzdlulardan ibarət orduları üstümüzə göndərib.

O, açıq dənizdə əsir düşən soydaşlarımızı öz yurdlarına qarşı silah işlətməyə məcbur edib və beləcə, onlar ya dost-doğmalarının cəlladına çevrilib, ya da özləri onların əlindən əcəl tapıblar.

O, öz içərimizdə nifaq törədib; yaşından, cinsindən, durumundan asılı olmayaraq önünə keçəni qırıb-çatan vəhşi hinduları bizim camaatımızla salışdırmağa cəhd göstərib.

Bu zillətin hər mərhələsində biz zaman-zaman acizanə şəkildə öz hüquqlarımızın bərpasını diləmişik.  Bizim dönə-dönə etdiyimiz xahişlərə yeganə cavab isə yeni haqsızlıqlar olub.  Tirana xas keyfiyyətlər sərgiləyən Şahzadə azad xalqın hökmdarı ola bilməz.

Britaniyalı qardaşlarımız da diqqətdən kənarda qalmayıb. Vaxtaşırı onlara da xəbərdarlıq etmişik ki, onların qanunverici məclisi dəfələrlə bizi öz səlahiyyətlərinə tabe etirdməyə cəhd göstərib. Mühacirətimizə və köçüb burada məskən salmağımıza səbəb olan şəraiti xatırlatmışıq. Onlara xas fitri alicənablıq və ədalət hissini andırmaqla aramızdakı qan qohumluğuna da and vermişik ki, əvvəl-axır aramıza ayrılıq gətirəsi, eləcə də əlaqələrimizi üzən və bizə qarşı yönələn haqsızlığı yamanlayıb qınasınlar. Ancaq onlar da bizim ədalət çağırışımıza hay verməyiblər, və qan qohumluğuna məhəl qoymayıblar. Odur ki, ayrılmağımızın labüdlüyü ilə barışmalıyıq və bundan sonra onlara münasibətimizi də özgə xalqlarla münasibətlər uyğun əsasda qurmalıyıq – müharibədə düşmən, dinc vaxtda dost kimi.

Ona görə də biz, yəni Amerika Birləşmiş Ştatlarının nümayəndələri Ali Konqresə toplaşıb və niyyətimizin səmimiliyinə Ulu Tanrını şahid çağırıb rəhmdil camaatımızın iradəsinə tabe oluruq və xalqın adından təntənəli şəkildə, uca səslə bəyan edirik Bu Birləşmiş Koloniyalar indən belə azad və müstəqil Ştatlardır, necə ki, onların buna ixtiyarı çatır; yəni onlar Britaniya taxt-tacına sədaqətdən imtina edir və beləliklə, Böyük Britaniya ilə hər cür siyasi bağlılıq büsbütün yox olunur.  Bundan sonra Ştatların müharibə elan etməyə, sülh bağlamağa, ittifaqa girməyə, ticarət aparmağa və azad dövlətlərin malik olduqları digər hüquqları həyata keçirməyə tam haqqı var.

Bu bəyannaməyə dəstək olaraq və ilahi Pərvərdigarın himayəsinə güvənərək, bu yolda heç nəyimizi əsirgəmədən, bir-birimizə Canımızı, Malımızı fəda etməyə öz müqəddəs şərəfimizə and içirik.