Misirdə baş verənləri bəziləri hərbi çevriliş, bəziləri isə inqilabın davamı adlandırır.  Təbii ki, hərbçilərin səsvermə nəticəsində seçilmiş prezidenti hakimiyyətdən devirməsi hərbi çevriliş adlandırılmalıdır.  Amma nəzərə alanda ki, Müsəlman Qardaşlarını təmsil edən prezident Məhəmməd Mursinin hakimiyyətdən getməsi üçün milyonlarla adam küçələrə çıxmışdı, məsələ bir az qəlizləşir.  Baş verənlərlə bağlı internet forumlarında müxtəlif fikirlərə rast gəlinir.  Bəziləri burada Amerikanın barmağını axtarır.  Başqaları Misir xalqını siyasi savadsızlıqda ittiham edir.  O biri kəsim Misirdə demokratiyanın məhv olmasından təbil çalır.  Bu ittihamlarda həqiqətin dozasını müəyyən etmək çətindir.  Amma Misir  inqilabının dinamikasına, ümumiyyətlə inqilab fenomeninin dinamikasına yaxından baxmaq bir sıra qaranlıq məqamlara aydınlıq gətirə bilər.

Tarixi təcrübə göstərir ki, inqilablar adətən uzun sürən təlatümlərlə, qısa həyatlı hökumətlərlə müşayiət olunur.  18-ci əsrdə Fransada inqilab tozunun yatması 11 il vaxt apardı.  Bir-birinin ardınca hökumətlər dəyişdi.  Sonda hakimiyyətə gələn təsadüfi bir adam – Napoleon Bonapart adlı fransız dilində aksentlə danışan korsikalı zabit – özünü imperator elan etdi.  1917-ci ildə başlanmış Fevral İnqilabı bolşeviklərin yarım il sonra hakimiyyətə gəlişi və onun ardınca dağıdıcı vətəndaş müharibəsinin vüsət almasına yol açdı.  O inqilabın da bəhrəsini təsadüfi adam – İosif Cuqaşvili adlı xırda cinayətkar gördü.  Amerika İnqilabını çıxmaq şərtilə bəşər tarixində çox az inqilab olub ki, tektonik siyasi dəyişiklik qısa bir zamanda sabitliklə axarına düşsün.  Amma hətta Amerikada da istiqlaliyyət müharibəsinin ardınca koloniyalarda onlarla irili-xırdalı qiyam baş qaldırmışdı (Shays Qiyamı, Viski Qiyamı) ki, mərkəzi hökumət bunları yatırtmaq üçün xeyli səy sərf etməli olmuşdu.  İnqilablar rəvan keçmir.

Misir İnqilabını şərtləndirən başqa amil, siyasi baxımdan təcrübəsiz, qeyri-yetkin əhalidir.  Bolşevik İnqilabı dönəmində Rusiyada xidmət edən ABŞ diplomatı Eduard Çerrinqton rusları qəfəsdə böyümüş pələngə bənzədirdi.  “Onlar azad olmaq istəyirlər, amma bunun üçün nə etmək lazım olduğundan bixəbərdirlər.” Başqaları həmin rusları yenicə qazanılmış azadlıqdan vəcdə gələn amma bu azadlıqla nə etməli olduğunu bilməyən uşaqlarla müqayisə edirdi.   Təbiidir ki, uzun müddət diktatura şəraitində, siyasi seçimin olmadığı mühitdə yaşayan insanlar siyasi gələcək haqda praktik ideyalara sahib deyillər.  Avtoritar rejimlərin cəmiyyətə vurduğu ən böyük zərbə onları insanları infantil durumda saxlamalarıdır.  Təsadüfi deyil ki, inqilab edən cəmiyyətlər adətən siyasi baxımdan yetkin cəmiyyətlər olmur.  Əksinə.  Bu, o cəmiyyətlərdir ki, burada uzun müddət azad düşüncə sıxışdırılıb, insanların siyasi şüuru şikəst edilib.  Bu növ adamların dərhal uzaqgörən, müdrik seçim etməsinə hesab aparmaq düzgün olmazdı.  Onların səhvlər etməsi təbiidir.  Təkcə 1979-cu ildə İranda damlara çıxıb “Allahu əkbər, Xomeyni rəhbər!” qışqıran adamları xatırlayın.  Sizcə onların neçə faizi, əgər sağ qalıblarsa, tutduqları mövqedən indi peşmandırlar?  Əgər Misirdə insanlar oxşar səhvi düzəltmək şansı əldə edirlərsə, bunun nəyi pisdir?   Bəyəm demokratik cəmiyyətlər öz seçimlərində heç vaxt dəyişiklik etmir?

İnqilabdan sonrakı durum çox zaman dustaqları qəfildən azadlığa çıxan həbsxananı xatırladır.  Özbaşınalıq, anarxiya, dərəbəylik, sabitsizlik, qarmaqarışıqlıq, zorakılıq normaya çevrilir.  Amerikalılar bunun ağrısını İraqda Səddam Hüseyn devrildikdən sonra çəkdilər.  Qəddar diktatorun zülmündən qurtulmuş iraqlıların olaylara reaksiyası demokratik hökumət qurmaq yaxud şükranlıq olmadı.  Bağdad sakinləri hökumət binalarını, məmur villalarını, prezident saraylarını qarət etməyə başladılar.  Moqtada əl-Sədr kimi radikal, dar dünyagörüşlü ruhani bir günün içərisində siyasi liderə çevrildi.   Daha sonra isə təriqətlərarası qırğın düşdü.  Yüz minlərlə adam tələf oldu.

Nəhayət, baş verənlərdə Məhəmməd Mursinin də məsuliyyətini nəzərdən qaçırmaq olmaz.  Yenicə seçilmiş prezident olaraq Mursi xalqı bir araya gətirmək, demokratiyanı gücləndirmək, xalqı siyasi proseslərə qoşmaq, ölkənin rifah halını yaxşılaşdırmaq – bir sözlə, Misri yeni tarixi kursa qoymaq üçün qüdrətli mandat qazanmışdı.  O, bu mandatla nə etdi?  Bir il çox vaxt deyil. Amma ədliyyənin icra hakimiyyətinə nəzarətini ləğv etmək, anti-hökumət nümayişlərində vətəndaşlara, ələlxüsus qadnlara hücumlar, dindar dünyagörüşünü bütöv bir cəmiyyətə sırımaq, müxalifəti siyasi prosesdən kənarlaşdırmaq Misir kimi diktatorial keçmişi olan ölkədə fundamental dəyişiklik etmək istəyən adamın atacağı addımlar deyildi.  Liberal islahatların aparılmaması nəticəsində onsuz da bərbad iqtisadiyyatın bir qədər də geriləməsi, xronik ərzaq və yanacaq çatışmazlıqları sosial partlayış üçün münbit zəminə çevrildi.  Qüdrətini dərk etmiş, ayaqda olan xalq Mursini də Mübarəkin dalınca göndərdi.  Belə olmaya da bilərdi.