Əsl Sərvət

Posted July 17th, 2013 at 11:42 am (UTC-5)
2 comments

Bir neçə həftə öncə üzərində birgə çalışdığımız ictimai layihənin rəhbərlərindən biri mənə öz bioqrafiyasını bağışladı.  Həmin kitabda bu qadının keçdiyi zəngin həyat yolunda 1950-ci illərdə Türkiyədəki müəllimlik dövrü də yer almışdı.  Onun dərs dediyi məktəbin adı mənə yaxın keçmişdən tanış gəldi: Robert Kolleci.  Yadımdadır ki, Stanford Universitetində oxuyarkən türk dostlarım arasında Robert və qeyri-Robert məzunları arasında mülayim qısqanclıq, bir rəqabət hissi var idi.  “Filankəs Robertin məzunudur” deyə dostlarım bəzən həsədlə, bəzən qıcıqla bu uzaq Kaliforniyada həmvətənlərinə adqoydu edirdilər.

1863-cü ildə Bebek bölgəsində varlı amerikalı filantropist Cyrus Hamlin tərəfindən əsası qoyulmuş Robert Kollecinin reputasiyası qürrələnmək üçün həqiqətən də kifayət qədər əsas verir.  Türkiyənin siyasi, iqtisadi və mədəni elitasının bir çox görkəmli xadimlərini məhz bu məktəb yetişdirib.  Onların sırasında Türkiyənin iki baş naziri, üç kabinet üzvü, Orhan Pamuk kimi Nobel mükafatı laureatları var.  İngiliscə adı “Robert College of Istanbul” olan məktəb Türkiyədə indi İstanbul Özel Amerikan Robert Lisesi kimi tanınır.

İlk öncə azlıqda olan xristian icmaları üçün təsis olunmuş bu məktəb 1923-cü ildə Türkiyədə cümhuriyyət qurulduqdan sonra dünyəvi təhsil proqramı qəbul edərək qapılarını bütün türklərin üzünə açdı.  O vaxtdan bəri Amerikada qeydiyyata alınmış və amerikalılar tərəfindən idarə olunan bu kollec Türkiyədə dünyəvi təhsilin qızıl standartına çevrilib.  Elə Türkiyə təhsil sistemində başlanan sonrakı islahatlar da Robert Kollecinin gətirdiyi ideyalardan ilham alır – hansısa ideologiyadan uzaq təhsil, azad bilik sorağı, peşəkar tədris.  Bilik məhdudiyyətləri sevmir.  Sinif otaqlarında məktəblilərə bu dəyərləri ən erkən yaşlarında aşılamaqla Robert Kolleci təkcə bilikli şagirdlər yetişdirməyib, həmçinin Türkiyədə insan indeksinin Qərb standartlarına yaxınlaşmasında əvəzsiz rol oynayıb.

Bəs insan indeksi nədir?  Bu məfhum millətin övladlarının kollektiv biliyini, bacarığını, xarakterini əhatə edir ki, bu da ilk növbədə uşaqların necə formalaşmasından bərk asılıdır.  “Adam oxuduğu kitablar qədər ağıllıdır” ifadəsini başqa cür desək, uşaqlar aldıqları təhsilə mütənasib məhsuldar böyükə çevrilirlər.  Təsadüfi deyil, inkişaf baxımdan geridə qalan 22 ərəb ölkəsində bir ildə tərcümə olunan kitabların kollektiv sayı Yunanıstan kimi kiçik Avropa ölkəsində tərcümə olunan kitabların beşdə biri qədərdir.  2002-ci ildə ərəb sosioloqları tərəfindən hazırlanan seminal hesabatda 1991-ci ildə ərəb ölkələrinin 6,500 kitab dərc etdikləri halda, Şimali Amerikada bu rəqəmin 102,000, Latın Amerikasında isə 42,000 olduğu vurğulanırdı.  Savadlı gəncliyi olmayan millətin nə xoşbəxt indisi olur, nə də varlı gələcəyi.

Bu xüsusda 2006-cı ildə Dünya Bankının “Millətlərin Sərvətləri Haradadır?” başlıqlı hesabatı da gözaçıcıdır.  Hesabatı şərh edən Jonah Goldberg müşahidə edir ki, millətin təbii (neft, qaz, qızıl yataqları) və istehsal edilmiş kapitalı (maşınlar, yollar, kompüterlər) onun ümummilli sərvətinin cüzi hissəsini təşkil edir.   Əksər hallarda təbii kapital ümumi sərvətin 5 faizini, istehsal edilmiş kapital isə 18 faizi həcmində olur.  Ən maraqlı kateqoriya isə ölçülməz kapitaldır ki, bu, ümumilli sərvətin 77 faizinə bərabərdir.

“2000-ci ildə dünyada adambaşı düşən gəlirə görə ən varlı ölkə İsveçrə idi.  Amma bu ölkənin sərvətinin yalnız bir faizi təbii resursların payına düşür ki, bu da onu əksər üçüncü dünya ölkələri ilə müqayisədə xeyli yoxsul etməli idi,” Goldberg yazır. “İsveçrənin bütün bahalı saatları, şokoladları və başqa istehsal edilmiş kapitalı da sərvətin 15 faizini təşkil edir.  Yerdə qalan 84 faiz isə ölçülməz kapitalın – yəni qanunların, qanuna hörmətin, işgüzarlığın, bacarığın, ənənələrin və gözləntilərin məhsuludur.”

Çinlilərdə belə bir məsəl var: “Adama balıq ver, bir gün doyurarsan, balıq tutmağı öyrət, ömrü boyu qarnı tox olar.”  Millətin sərvəti bu gün onun sahib olduğu və əvvəl-axır tükənəcək resurslarla ölçülə  bilməz.  Millətin əsl sərvəti onun savadlı, qabiliyyətli, məhsuldar oğul və qızlarıdır.  Robert Kollecini quran adamlar bu həqiqəti hələ 19-cu əsrdə dərk edirdilər.  Onlar anlayırdılar kli, həqiqi sərvət təhsildə, təhsilin özü ilə gətirdiyi hüdudsuz insan potensialındadır ki, bunu əldə etmək xarici şirkətlərin bilik və texnologiyası ilə yerdən neft çıxarmaqdan qat-qat çətin, amma daha dayanıqlı bir amacdır.

2 responses to “Əsl Sərvət”

  1. Dilber says:

    cox sag ol,maraqli melumata gore

  2. Asaf says:

    Çox maraqlı və aktual mövzu məqalədir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories