Parçalanmış Hökumət

Posted October 2nd, 2013 at 11:09 am (UTC-5)
Leave a comment

ABŞ-da hökumətin bağlanması ətraf dünya tərəfindən heyrətlə, ən azı anlaşılmazlıqla qarşılanır.  Axı necə ola bilər ki, hökumət bağlansın?  İngiliscə “shutdown” sözünün tərcüməsi olan bu ifadə əslində səsləndiyi qədər də dramatik deyil.  Hökumətin bağlanması başlıca dövlət təsisatlarına, təhlükəsizlik orqanlarına, orduya şamil olunmur.  Burada söhbət həyati əhəmiyyət kəsb etməyən yüzlərlə federal qurumun maliyyələşməsinin dayandırılmasından gedir.  İkipartiyalı siyasi sistemdə qütbləşmənin kəskin şəkil aldığı məqamlarda, büdcə ilə bağlı razılığa gəlinməyəndə belə hallar baş verir.  Bu, ilk belə olay deyil.  Təkcə 1976-cı ildən bəri ABŞ tarixində 18 dəfə hökumət bağlanıb.

Pakistanda siyasi təhlilçilər qürrələnirlər ki, “üç dövlət çevrilişinə, on illərlə hərbi idarəçiliyə, və ağır iqtisadi çətinliklərə baxmayaraq, ölkənin milli hökuməti mövcud olduğu 66 il ərzində heç vaxt rəsmən bağlanmayıb.”  Yəqin ki, Amerika da dövlət çevrilişlərinə, hərbi xuntalara və bərbad iqtisadi duruma səhnə olsaydı, hökumətin bağlanmasına ehtiyac olmazdı.  Demokratiyalar səliqəsiz olur.   Elə 237 il yaşı olan Amerika demokratiyasının unikallığı da bundadır.  1700-cü illərin sonunda demokratik respublika quran adamları ən çox nigaran edən məsələ hökumətin maliyyələşməsi üzərində siyasi fraksiyaların çəkişməsi yox, dövlət apparatının bir əldə cəmləşməsi mümkünatı idi.  Tiraniyaya qarşı qanlı mübarizənin, aramsız müzakirələrin və dərin götür-qoyların nəticəsi olaraq onlar bu qənaətə gəlmişdilər ki, pul dağarcığının bir əldə toplanmasındansa, bir neçə qanadlara bölünmüş hökumət daxilində çəkişmələr yaxşıdır.  Məhz bu düşüncə Amerika Birləşmiş Ştatları kimi superqüdrətin meydana çıxmasına yol açdı.

Hazırda vəziyyət o qədər də ürəkaçan deyil.  Ən azı ötən həftə Amerikaya gəlmiş turistlərin bəxti gətirməyib.  İstər Nyu Yorkda, istər San Fransiskoda, istərsə də Vaşinqtonda olan turistlər haqqında eşitdikləri muzeyləri, abidələri ziyarət edə bilmirlər, çünki həmin bu obyektlər həyati əhəmiyyət kəsb etməyən təsisatlar kimi fəaliyyətini müvəqqəti dayandırıb.  Federal idarələrdə işləyən yüz minlərlə adam maaş ala bilmir.  Bir sözlə, federal hökumətlə bağlı nə varsa, o sahədə problemlər yaşanır.  Bəziləri yaranmış duruma görə Konqresdəki Respublikaçıları, başqaları isə prezident Obama və Demokratları günahlandırır.  Elələri var ki, hətta uzağa gedərək Amerikanın siyasi quruluşunu, parçalanmış hökumət (divided government) ideyasını sual altına alırlar.  Əslində demokratiyanın yaratdığı mübahisələrdən, tıxaclardan, biqərarlıqdan, qeyri-müəyyənlikdən cana doyub prezidentə mütləq səlahiyyətlərin verilməsinə çağıranlar ABŞ durduqca mövcud olublar.

“Hürriyətin bədəli əbədi sayıqlıqdır,” deyə İstqilaliyyət Bəyannaməsinin müəllifi Tomas Cefferson bəyan etmişdi.  İstibdada qarşı uzun illər qanlı mübarizə aparmış Amerika qurucuları hakimiyyətin bir əldə toplaşmasına daim dərin şübhə hissi ilə yanaşıblar.  Amerika Konstitusiyası demək olar ki, büsbütün bu şübhənin üzərində qurulmuş siyasi sənəddir.  Balanslı hakimiyyət – parçalanmış hökumət qurucu babaların nəzərində problem yox, amal olub.  Heç kəs qarşısında cavabdeh olmayan hakimiyyətlərin törətdikləri cinayətlərə şahid olmuş Tomas Cefferson, Con Adams, Bencamin Franklin kimi dühalar dərk edirdilər ki, üç hökumət qanadı – Prezident, Konqres, Ali Məhkəmə – arasında çəkişmələr, qarşıdurma labüddür.  Amma onlar bu çəkişmələrə tiraniya təhlükəsindən daha az təhlükə kimi baxır və bütün hallarda müzakirəli idarəçiliyin ən yaxşı idarəçilik olduğunun fərqində idilər. Anlayırdılar ki, qüvvəni yalnız qüvvə balanslaşdıra bilər.

Rəvayətə görə Corc Vaşinqtonla Tomas Cefferson ABŞ Konqresinin strukturunu müzakirə edərkən Senat və Nümayəndələr Palatasının hans məqsədlər daşıması barədə sual yaranır.  Axı iki qanunverici palataya nə ehtiyac var?  Olmazmı ki, qanunvericilik hər iki ildən bir seçilən Nümayəndələr Palatasına həvalə edilsin? Söhbət zamanı çay içən Corc Vaşinqton fincandakı isti çayı nəlbəkiyə tökür və cavab verir: “Nümayəndələr Palatası fincandakı qaynar çaydır.  İnsanlar da bəzən qısa müddətdə emosiyalara qapılıb qızışırlar.  Senat isə nəlbəkidir.  Hər altı ildən bir rotasiyalı qaydada seçilən senatorlar kütlənin ani hisslərinə cavab verməkdə o qədər də tələsmirlər.”  Söhbətdən göründüyü kimi ABŞ baniləri hakimiyyətin paylaşmasında, bunun aramla amma davamlı qaydada icra olunmasında böyük zəka görürdülər.  Bəlkə elə o səbəbdəndir ki, hökumət bağlantıları və ara-sıra meydana çıxan rahatsızlıqlara baxmayaraq, ABŞ Konstitusiyası dünyanın ən qocaman və ən işlək siyasi sənədi olaraq qalır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories