Axar

Posted October 15th, 2013 at 2:08 pm (UTC-5)
Leave a comment

Rəvayətə görə qüdrətli bir padşah qızının hər diləyini yerinə yetirdikdən sonra soruşur.  “De görüm nə arzun var, yerinə yetirim.”  Qız bir qədər düşündükdən sonra cavab verir: “Mismar.  Istərdim ki, indiki bu xoşbət anları əbədiyyətə mismarlayım, heç nə dəyişməsin.”  Alman filosof Hans Gete bu düşüncəyə diaqonal əks fikir irəli sürmüşdü.  “Bir-birinin ardınca keçən yaxşı günlərdən dözülməz şey yoxdur,” deyə mütəfəkkir insan təbiətini təsvir etmişdi. Bu fikirlərin hər ikisində bir hikmət var və bu hekayələri mənə xatırladan bu günlərdə James O’Donnellin “Hər şey hərəkətdədir” adlı essesi oldu.

“İnsanların möcüzəvi abstrakt düşüncə, məntiqi çıxarış, hesablama, qayda yaratma, aqloritm və cədvəl qurma qabiliyyətləri var.  Biz yeganə məxluqlarıq ki, Ana Təbiətlə dünyaya nəzarət uğrunda mübarizə aparırıq,” O’Donnell yazır.  Di gəl, bu varlıqlar öz tapıntılarından nəsə öyrənməkdən israrla boyun qaçırır. Müəllifin fikrincə biz həm ağıllı həm də səfehik – bir tərəfdən möcüzələr yaradır, o biri tərəfdən isə səfehliklə növbəti xətanın üzərinə yeriyirik.  Keçmişin bizə öyrətdikləri dərslərdən ibrət götürmək əvəzinə, bəzən ondan da böyük səhvlərə yol veririk.

Yunan filosof Herakl deyərdi ki, insan bir çaya iki dəfə ayaq basa bilməz.  Belə ki, ikinci dəfə həmin çaya ayaq basanda artıq oradakı sular başqa sular olur, çünki çay daim axır.  Heraklın devizi bu idi ki, təbiətdə sabit heç nə yoxdur.  Amma insanlar üçün hər şeyin hərəkətdə – qızğın, aramsız və inanılmaz dərəcədə sürətli hərəkətdə olduğunu xatırlamaq çox vaxt çətin olur.  “Nəhəng qalaktikalar bir-birindən fiziki baxımdan qeyri-mümkün görünən sürətlərlə aralanır, amma mən burada divanda uzanıb televiziya kanallarını dəyişməyə ərinirəm və elə güman edirəm ki, hər keçən gün o birisi kimidir.”

James O’Donnell bu özünü-aldatmanı insanların bəşəri vaxt və məkan çərçivəsində hərəkət etməsi ilə izah edir.   Kopernikdəın əvvəlki alimlər əmin idilər ki, bütün kainat yerin ətrafında fırlanır və ulduzlar elə olduqları yerdə dayanıblar.  Ta atomlar parçalananadək güman edilirdi ki, onlar dəyişməz olaraq materianı təşkil edir.  Tarixçi Eduard Gibbonu Roma İmperiyasının dağılması məəttəl qoymuşdu.  Halbuki, O’Donnell yazır, əsl möcüzə imperiyanın mövcud olduğu qədər vaxt sürməsi idi.  Bu qədər dəyişikliyin fonunda bir imperiyanın 900 il ömür sürməsi tarixin nümunəsi yox, anomaliyası idi.  Təbiətdə heç kim və heç nə əbədi qalmır.  Hamı və hər şey dəyişir – daim.  Hətta viruslar da.  “Alimlər xəstəliklərə son texnoloji müalicələr tapdıqca aydın olu ki, xəstəliklər bu müalicələrdən daha tez, daha sürətlə dəyişir,” O’Donnell vəziyyəti təsvir edir.

Antik dövrün tarixçisi oxucuları Heraklın tövsiyəsinə qulaq verməyə çağırır.  “Dəyişiklik təbiətin qanunudur.  Sabitlik və ardıcıllıq illüziyadır, müvəqqəti və ən yaxşı halda insan iradəsinin və israrının qısa sürən qəhrəman nailiyyəti.  Biz nə qədər eyni qalmağa çalışsaq, bir o qədər dəyişikliklə sonradan ayaqlaşmaq üçün çarpışmalı olacağıq.  Axarla getmək lazımdır.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories