Etimad

Posted December 3rd, 2013 at 3:48 pm (UTC-5)
Leave a comment

Trust-in-Marriage-SmallYaponiyada baş verən tsunamidən bir müddət keçmiş qəzetdə maraqlı xəbər oxudum.  Polis tsunaminin viran qoyduğu ərazilərdən içərisində ümumilikdə 30 milyon dollar olan 5700 seyf aşkar edərək tapılan pulu sahiblərinə qaytarmışdı.  Yaponiya Milli Polis Agentliyinin məlumatına əsasən sahiblərinin həlak olduğu hallarda pul həmin adamların ən yaxın qohumlarına çatdırılmışdı.  Lil-palçığın içərisindən pulları əl-əl gəzib tapmaq elə də asan deyildi. “Bu iş polislərimizdən çalışqanlıq və böyük səbr tələb edirdi,” deyə İvate prefektura polisinin rəisi Masao Sasaki pulların necə tapılıb sahiblərinə qaytarılması haqda sualı cavablandırdı.

Görəsən, nə qədər ölkədə polis tapdığı pulu sahiblərinə qaytarmaq üçün bu qədər səy göstərir?  Dünyanın bəzi ölkələrində insanlar dua edirlər ki, polis əllərində olan pulu onlardan almasın, o ki, qaldı polisin tapdığı pulu adamlara qaytarmasına.  Transparency International-ın son hesabatında aşağı yüzlükdə yer alan ölkələrdə korrupsiyanın başlıca mənbəyi adətən hökumət orqanları sayılır.  Bu növ ictimiayyətlərdə vətəndaşların öz idarəçilərinə etimadı son dərəcə aşağı olur.  Amma yuxarıdakı nümunədən göründüyü kimi, dünyanın ən şəffaf və qanun aliliyi təmin oldunuğu ölkələr məhz Yaponiya standartına yaxın ölkələr olur.

Bu mövzuda son illərin ən maraqlı araşdırmasını da elə yapon mənşəli politoloq Fransis Fukuyama aparıb.  Etimad kitabının müəllifi cəmiyyətləri iki kateqoriyaya bölür: qeyri-qohumlar arasında etimadın aşağı olduğu (Çin, Koreya, İtaliya) və yüksək olduğu cəmiyyətlər (Yaponiya, Almaniya, ABŞ). “İqtisadi həyatın təhlilindən əldə etdiyimiz ən mühüm dərs odur ki, millətlərin rifah halını müəyyən edən başlıca mədəni amil cəmiyyətdə mövcud olan etimaddır,” Fukuyama yazır.  O cəmiyyətlərdə ki, ailələr qapalı olur, orada kənar adamlarla təmas qurmaq, əməkdaşlıq etmək çətin olur.  Başqa tərəfdən, insanların yadlara etimadının yüksək olduğu cəmiyyətlərdə könüllü assosiasiyalar yaratmağa meyl güclü olur.  Fukuyama hesab edir ki, könüllü əsasda ictimai qurumlar yaradan cəmiyyət iqtisadi inkişafın mühərriki olan irimiqyaslı korporasiyalar təsis etməyi bacarır ki, bu, da həmin cəmiyyətlərin aparıcı iqtisadi qüdrətlərə çevrilməsinə yol açır.

Boeing 787 markalı təyyarənin yığılması minlərlə adamın birgə əməyini tələb edir.

Boeing 787 markalı təyyarənin yığılması minlərlə adamın birgə əməyini tələb edir.

Məsələn, götürək kommersial sərnişin təyyarəsini.  Bir təyyarənin hazırlanması çox sayda insanlardan birgə səylər tələb edir.  Bu səyləri bir araya toplayaraq – layihə rəhbərləri, dizaynerlər, mühəndislər, mexaniklər, fəhlələr və s. – ortaya nəhayi məhsul qoymaq üçün korporasiya tələb olunur.  Boeing yaxud Airbus kimi.  Eyni nəzəriyyəni bir çox başqa iqtisadi sahələrə də şamil etmək olar.  İnkişaf etmiş cəmiyyətləri fərqləndirən başlıca xüsusiyyət onların korporasiya qurmaq qabiliyyətləridir.  Amma korporasiyanı şərtləndirən başlıca amil fərdlərin bir-birlərinə göstərdikləri etimaddır.

Rusiya kimi bəzi cəmiyyətlərdə korporativ təşəbbüsləri dövlətin diktatı hesabına kompensasiya etməyə çalışırlar.  Amma kim mübahisə edə bilər ki, Rusiya istehsallı İlyuşin yaxud Tupolev təyyarələri istənilən Boeing modelindən daha yaxşıdır?! Statistikaya əsasən Aeroflot hava yolları şirkəti dünyada qəzaya uğranılan təayyərıərin sayına görə ön sıralarda gedir.  Bunun səbəbini isə təkcə İlyuşin təyyarəsinin dizaynında yox, həm də rus cəmiyyətinin dizaynında axtarmaq lazımdır. Rusiyada ictimai etimad tarixən aşağı olub.  İnsanların öz liderlərindən gözləntiləri təqribən ondan ibarət olub ki, nə qədər ki, onları divara söykəyib güllələmir, demək, hökumət normaldır.  “Hətta o, pis yaxud qəddar olanda da – məsələn, İvan Qroznı kimi – heç bir fərq eləmir.  O, bizim atamızdır, şahımızdır, vəssalam!  O, nə deyir ki, onu da etməliyik,” deyə 22 yaşlı Sofiya Pinsker rusların öz hökumətlərinə münasibətlərini təsvir edir.

Edward Banfield adlı amerikalı politoloq hələ oxşar fenomeni 1950-ci illərin əvvəllərində İtaliyanın cənubunda yaşayarkən müşahidə etmişdi.  “Amoral ailəçilik” nəzəriyyəsi ilə çıxış edən Banfield İtaliyada ailə strukturundan kənarda ictimai etimadın son dərəcə aşağı olduğunu görür və bunu ciddi problem kimi önə çəkirdi.  Maraqlıdır ki, sosializm və kommunizm kimi kollektivist ideyalar adətən məhz bu növ cəmiyyətlərdə – könüllü assosiyasiyaların, kollektiv səy ruhunun zəif olduğu cəmiyyətlərdə özünə münbit zəmin tapır.  İnsanlara elə gəlir ki, cəmiyyətdə çatışmayan etimad hissini, birliyi hansısa doqma yaxud hökumət müdaxiləsi hesabına yaratmaq mümkündür.  Amma ötən onilliklərin təcrübəsi göstərir ki, ictimai etimadın varlığı-yoxluğunu hökumət yox, tarixi-mədəni ənənələr, yaxud bəzən “milli mentalitet” kimi təsvir edilən sosial faktor müəyyən edir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories