Neft Səltənəti

Posted February 4th, 2014 at 1:45 pm (UTC-5)
Leave a comment

Smoke is released into the sky at the ConocoPhillips oil refinery in San PedroBeynəlxalq Enerji Agentliyi xəbər verir ki, 2015-ci ildə ABŞ Rusiya və Səudiyyə Ərəbistanını ötərək dünyanın bir nömrəli neft istehsalçısına çevriləcək.  2020-ci ildə ABŞ gündəlik 11.6 milyon, Səudiyyə Ərəbistanı 10.6 milyon, Rusiya isə 10.4 milyon barel neft hasil edəcək.  Bu xəbər amerikalıları çox sevindirir.  Əvvəla ona görə ki, amerikalıların xarici neftdən asılılığı azalacaq.  Üstəlik, ABŞ-ın neft bazarında birinciliyi ələ alması neftin qiymətinin sabit qalmasına xidmət edəcək.  Ancaq son yarım-əsrdə neftin dünya düzəninə, siyasi atmosferə destruktiv təsirini nəzərə alsaq, deməyə əsas var ki, ABŞ-ın bir nömrəli neft hasilatçısı olması təkcə Amerika üçün yox, eləcə də bütün dünya üçün xoş xəbərdir.  Ələlxüsus dünyanın neft hasil edən bəzi ölkələrinin vətəndaşları üçün.

İllər boyu OPEC (Neft İxrac Edən Ölkələrin Təşkilatı) adlanan qurum neft qiymətlərini diktə etməklə dünya iqtisadiyyatının tənzimlənməsində mühüm rol oynayıb.  İqtisadi qüdrət öz növbəsində siyasi çəkiyə dəlalət edir.  OPEC-ə üzv ölkələrin siyahısı adamda müəyyən təşviş hissi yaradır.  Əlcəzair, Anqola, Ekvador, İran, İraq, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı və Venezuela kimi dövlətlər sivil dünya üçün həyati əhəmiyyət kəsb edən neft bazarını idarə edirlər.  Siyasi və mədəni inkişaf baxımdan geridə qalmalarına baxmayaraq, onlar geniş siyasi nüfuz sahibidirlər.  Acınacaqlı haldır ki, çiy ideologiya və extremizm ixracaçılarına çevrilmiş bu dövlətlərdən bir çoxu təkcə öz vətəndaşları üçün yox, qonşu dövlətlər üçün də təhlükə mənbəyinə çevriliblər.

beheadingBu günlərdə onlayn şəbəkədə Səudiyyə Ərəbistanında bir şeyxin gənci ictimaiyyət qarşısında edam etməsini göstərən video yayıldı.  Aydın deyil ki, bu binəva gənc hansı günahın sahibidir.  Yaxud niyə əbalı şəxs əlində qılınc küçənin ortasında onun başını kəsir.  Aydın olanı budur ki, sivil dünyada ictimaiyyət qarşısında qılıncla baş kəsilmir.  Və bunun baş verdiyi ölkənin hansısa formada siyasi nüfuza sahib olması dünyanın gələcək istiqaməti haqda yaxı heç nə vəd etmir.  Səudiyyə Ərəbistanı formalaşdığı gündən Vəhhabizm adlı radikal İslam cərəyanını təşviq edir.  Dünya boyu sələfilərin, Əl-Qaidaçıların yayılmasında Səudiyyə pulunun rolu inkaredilməzdir.  Axı niyə Yəməndə, Omanda, Mərakeşdə hanısa radikal ruhaninin deikəri çox adamı maraqlandırmır.  Səbəb aydındır.  Pul olmayan yerdə siyasi çəki az, nüfuz dairəsi dardır.

Nəhayət Səudiyyə xalqınn özü neft pulundan necə yararlanır?  Deyilənə görə orada yanacaq qiymətləri son dərəcədə ucuzdur.  Amma əhalinin tən yarısı – qadınlar maşın sürmək hüququndan məhrumdurlar.  Onlar kişi qəyyumun icazəsi olmadan ölkədən xaricə çıxa bilməzlər.  Bu kişi qəyyum bəzi hallarda ananın azyaşlı oğlu ola bilir.  Təsəvvür edin ki, 30-40 yaşlı qadın harasa getmək üçün 10-15 yaşlı oğlundan icazə almalıdır. Səudiyyə apologistlərinin bütün bunlara hazır cavabları var.  Bəziləri hətta acı reallığı qadın hüquqlarının müdafiəsi kimi qələmə verməyə çalışır.  İstibdad təkcə gender hüquqları ilə məhdudlaşmır.  Səudiyyə Ərəbistanı monarxiyadır.   Rəsmən bir ailə ölkəni on illərdir ki, idarə edir.  Siyasi elita hökumətin səsvermə yolu ilə müəyyənləşməsini prinsipdə belə qəbul etməkdən boyun qaçırır.  21-ci əsrdə.

A pressure gauge is pictured at an underground gas storage facility in the village of MrynOxşar situasiya Venesuela və Rusiya kimi ölkələrdə də yaşanılır. Neft sərvətinin bolluğu ilə avtoriatrizm arasındakı əlaqə təsadüfi deyil.  Venesuelada sosializmi diriltməyə çalışan Uqo Çavez neft milyardlarına arxalanıb guruldayırdı.  Çavez ölüb.  Ancaq onun irsi axsaya-axsaya da olsa yaşamaqdadır.  Varis Nikolas Madura iflasa uğramış etatist siyasətin fəsadlarını Amerikanın, müxalifətin boynuna yıxmağa çalışır.  Sən demə Venesuelada vətəndaş müharibəsi rəqəmləri həddinə çatmış qətl halları, ifrat yoxsulluq qızıl külçəsi üzərində oturmuş səbatsız rəhbərliyin yox, üzvləri həbsxanalara doldurulan, mühacirətə sıxışdırılan müxalifətin günahıdır.  Kommunizm təcrübəsindn keçmiş Rusiyada sosializmə həvəs büsbütün buxarlanıb.  Amma avtoritarizm cərəyanı kifayət qədər güclüdür.  Neft sərvətinin gətrdiyi milyardlar Vladimir Putinə hakimiyyəti möhkəmləndirməyə, qonşularına qarşı aqressiv siyasət yürütmək imkanı yaradıb.  Qaz təchizatını qonşulara qarşı təzyiq mexanizminə çevirmiş Rusiya Allahın bəxş etdiyi təbii sərvətdən maksimum siyasi divident qazanmağa can atır.  Təbii ki, bütün bunların sadə ruslara faydası azdır.  Hökumətini səsvermə yolu ilə dəyişmək hüququndan məhrum edilmiş rus xalqı öz varidatının korrupsioner siyasi elita tərəfindən talan edilməsini yalnız seyr edə bilir.

Siyasi cəhətdən püxtələşməmiş cəmiyyətlərdə neft toplumla hakimiyyət arasındakı münasibətləri fundamental şəkildə dəyişir.  Bütün dövrlərdə hökumət xalqla müəyyən harmoniya çərçivəsində fəaliyyət göstərməyə çalışıb.  Hökmdarların sərvətinin əsasını rəiyyətdən toplanılan vergilər təşkil edib ki, bu, rəiyyətin iqtisadi fəaliyyəti üçün daim stimul tələb edib.  Mümkün olmayıb ki, heç nə istehsal etməyən, ac-yalavac toplumun varlı idarəçiləri olsun.  Amma neft və qaz sərvətinin mövcudluğu bu bağlılığı heçə endirir.  Xaricə neft satmaqla gəlir əldə edən idarəçiyə xalqdan vergi lazım deyil.  Ümumən heç xalq da lazım deyil.  Belə məkanda xalq idarəçi üçün istismar obyektindən daha çox, maneəyə, əngələ çevrilir ki, onun aradan qaldırılması yaxud ram edilməsi üçün hökumət sərt tədbirlərə əl atır.  Azad dünyanın lideri sayılan ABŞ-ın çoxlu neft hasil etməsinin petro-diktaturalarda inləyənləri zülmdən xilas edəcəyini güman etmək yanlış olardı. Amma belə bir hal feodal dəyərlərə söykənən rejimlərin siyasi düzəndəki çəkisini xeyli azaldar, onları layiq olduqları yerdə oturdardı. Bu isə nə vaxtsa qara qızılın qara günə qoyduğu ölkələrin vətəndaşları üçün qloballaşan dünyada xoşbəxt gələcəyə inamı gücləndirər, onlara öz müqəddəratlarının sahibləri olduqlarını əyan edərdi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories