Putin Nə İstəyir?

Posted March 18th, 2014 at 10:36 am (UTC-5)
Leave a comment

RUSSIA-POLITICS-PUTIN“Putin Hitler deyil. Qüdrətə gəldikdə, o, heç Brejnev də deyil.  Bununla belə onun Ukraynadakı hərəkətləri Adolfun addımları ilə üst-üstə düşür.” Walter Russell Mead “The American Interest” (Amerika Marağı) məcmuəsində yazır.  Politoloq hesab edir ki, Adolf Hitler Versal Müqaviləsini zibil qutusuna atmaqla yeni dünya düzəni yaratmağa çalışdığı kimi, Vladimir Putin də Soyuq Müharibədən sonra Avropa və Orta Asiyada yaranan siyasi düzəni pozmaq kursu götürüb.  “Hitlerin Almaniyası kimi Putinin Rusiyası düşmənlərindən xeyli zəifdir və ona görə də öz məqsədlərinə birbaşa nail ola bilmir.  Amma Hitler Almaniyası kimi, Putinin Rusiyası güclü olanadək gözləməyə və öz düşmənləri arasındakı fikir ayrılıqlarından, tərəddüddən, zəifliklərdən bəhrələnməyə üstünlük verir.  Ta o vaxtadək ki, əsas rəqibləri ilə kəllə-kəlləyə gəlməyə hazır olsun.”

Təcavüzkar diktatorların bir nömrəli xüsusiyyəti düşmənləri nigaran qoymağa, motivləri müəyyən etmək üçün baş sındırmalarına hesablanıb. Hitler bu işin ustası idi.  “Hər müharibə püskürən nitqin ardınca ondan sülh konfransına dəvətnamə gəlirdi.  Hər kompromissiz tələbin ardınca “kiçicik” problemin həlli müqabilində əsaslı sülh vədi. Onun uğurunun başlıca səbəbi o idi ki, rəqibləri sülhü saxlamaq üçün nəyə desən hazır idilər.” Təsəvvür edin ki, demokratik ölkələrin liderləri daxili problemləri həll etməyə can atır, onları rəhbər vəzifəyə seçmiş xalqın rifahını yaxşılaşdırmağa, onun etimadığını doğrultmağa səy göstərir.  O biri tərəfdə isə tərs bir diktator hərdən bir naqolay tələblə üstlərinə gəlir.  Problematik xarici lideri razı salmaq qarşıdakı variantlardan ən sadəsi, ən əlverişlisi kimi görünür.  Bunu 1930-cu illərdə Hitler də anlayırdı.  Eləcə, Vladimir Putin hiss edir ki, İraq və Əfqanıstan müharibələrindən yorulmuş ABŞ və Qərb dövlətlərinin başqa daha irimiyqaslı qarşıdurmaya iştahları yoxdur.  Oyun da elə ona hesablanıb, Russell bildirir.

Nasist Almaniyasının qoşunlarını Sudetenland almanları sevinclə qarşılayır. 1938-ci il.

Nasist Almaniyasının qoşunlarını Sudetenland almanları sevinclə qarşılayır. 1938-ci il.

Insanlar nəyisə etməkdən çəkinəndə bu hərəkətlərinə haqq qazandırmaq üçün özlərini çox şeyə inandırırlar.  Onlarda rəqiblərinin motivlərinə dair əsassız illüziyalara qapılırlar – elə illüziyalar ki, onlar acı, dəhşətli ssenariləri yaxın buraxmır.  Məsələn, Qərbdə bir müddət belə bir illüziya yaranmışdı ki, Dmitri Medvedevin prezident olması ilə Rusiya siyasətində əsaslı dəyişiklik baş verəcək, Putin səhnədən gedəcək.  Heç kim inanmaq istəmirdi ki, həqiqətdə Medvedev Putinin əlaltısıdır və onun hakimiyyətinin uzadılmasına sadəcə olaraq vasitəçidir.  Yaxud,  Rusiyanın dünya ictimaiyyətinin məsuliyyətli, normal üzv olmasına inanmaq istəyi Kremlin Suriya, İranla bağlı danışıqlara qatılmasında mühüm rol oynamışdı.  Halbuki Vladimir Putinin xarici siyasətinin əksər konturları Qərbin maraqları ilə daban-dabana zidd idi.  “Müasir zəmanəmizdə xarci siyasətin yalnız inkişaf, insan haqları, nüvə silahlarının non-proliferaiyası və ticarəti əhatə etdiyinə inanılır.  Əgər Putin bizə deyirsə ki, o, da bu zəmanənin adamıdır, biz səmimi qəlbdən ona inanmaq istəyirik.  Biz çətin dünyada yaşamaq istəmirik.” Meadin yazdığına görə 1930-cu illərdə də bir çoxları son ana qədər bu növ illüziyaların ətəyindən yapışır və özlərini arxayın edirdilər ki, tələb olunan qurbanları vermədən stabil və təhlükəsiz dünyada yaşamaqda davam edəcəklər.

Əslində Vladimir Putinin Krımda həyata keçirdyi siyasət Adolf Hitlerin Çexoslovakiyadakı addımlarına bənzəyir.  Sudetenland vilayətində yaşayan almanların hüquqlarını qoruduğunu iddia edən Hitler bütün dünyaya səs-küy salmışdı ki, Praqa həmin ərazidə yaşayan almanların hüquqlarını tapdayır.  Və hamını əmin etməyə nail olmuşdu ki, onu narahat edən yeganə şey Çexoslvakiyadakı almanların taleyidir.  Bu işdə onun təbliğat maşınının rəhbəri İosif Göbbels əvəzsiz rol oynayırdı.  “Yalan danışanda lap yekəsini danış!” həyat devizi olan Göbbels daxili və xarici mətbu yatda nasist hökumətinin yalanlarını yaymaq, ictimai fikri azdırmaq üçün gecə-gündüz çalışırdı.  Sudetenland olayı 1938-ci ildə baş vermişdi.  Sonra gələnləri çoxumuz bilirik.  Ən azı onu bilirik ki, Hitler Çexoslovakiyada dayanmadı.

“Yalan danışanda lap yekəsini danış!” Nasist Almaniyasının İctimai Maarifləndirmə və Təbliğat Naziri İosif Göbbels

“Yalan danışanda lap yekəsini danış!” Nasist Almaniyasının İctimai Maarifləndirmə və Təbliğat Naziri İosif Göbbels

Güman etmək olar ki, dünyada yaşayan rusların hüquqlarının müdafiəsini öz üzərinə götürmüş Vladimir Putin bu arqumentdən istifadə edərək istənilən ölkəyə, ələlxüsus sabiq Sovet məkanında rusdilli əhaliyə ev sahibi olan Qazaxıstan, Baltikyanı respublikalar və başqalarına hərbi müdaxilə edə bilər.  Mümkündür ki, Krımdakı hərbi müdaxilə acınacaqlı proseslərin sonu yox, başlanğıcı olsun.  Bütün hallarda Sun Tzu və Makiavelliin tələbəsi olan Putin yəqin ki, aramla, tədricən, düşmənləri çaş-baş qoymaqla irəliləməkdə davam edəcək.  Walter Russell Mead Putinin Hitler qədər qüdrətli olduğunu sanmır və onu Stalinlə müqayisədə kifayət qədər zəif lider hesab edir.   “Amma o, dünya siyasətinə sıfır-cəm prizmasından baxan ağllı və tədbirli rəqibdir.  O inanır ki, Rusiya yalnız Çin və Almaniya arasında nəhəng qüdrət statusunu bərpa etməklə varlığını qoruya və çiçəklənə bilər.  Bunu etməyin yeganə yolu isə Qərbi sabiq Varşava Paktı və post-Sovet məkanından sıxışdırıb çıxarmaqdan keçir.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories