Turkey's Prime Minister Erdogan walks during his visit to Soma, a district in Turkey's western province of Manisa, after a coal mine explosionBu günlərdə Türkiyədə daş kömür mədənində baş verən faciəvi qəza bir çoxlarını sarsıtdı.  Adətən bu növ hadisələrin baş verdiyi ölkələrdə siyasi liderlər xalqın kədərini paylaşır, ağır günlərində vətəndaşlarına həyan olmağa çalışırlar.  Düzənlənən mərasimlər, söylənilən nitqlər geniş ictimaiyyətə dövlətlə xalq arasındakı vəhdəti aşılayır. Türkiyədə isə hadisələr bir az fərqli yöndə inkişaf etdi.  Bir az deyəndə ki, izdiham qəza yerinə gəlmiş baş nazir Rəcəb Tayyib Ərdoğana hücum etdi, dövlət başçısı birisini söyüb-yumruqladı, müşaviri də başqa nümayişçini təpiklədi.  Necə oldusa, yaxınlarını itirmiş adamları sakitləşdirməyə gəlmiş dövlət başçısı onları daha da qəzəbləndirdi. Yas mühiti zorakı qarşıdurma mənzərəsi ilə əvəzləndi.

Deyilənə görə insanları qəzəbləndirən başlıca səbəb Ərdoğanın Somada baş verənləri 19-cu əsr Britaniya şaxtalarında baş verənlərlə müqayisə etməsi oldu.    “Belə şeylər normaldır,” deyə ailə üzvləri hələ də yüzlərlə metr torpağın altında qalmış adamların keçirdikləri hisslərə münasibət bildirən adama bu cür reaksiya yəqin ki, gözlənilən idi.  Amma uğursuz müqayisənin ardınca baş verən zorakılıqlar məsələnin daha mürəkkəb qatlarından xəbər verir.  ABŞ-da qərargahlanan türk mənşəli ekspert Melik Kaylan Türkiyə baş nazirinin bir çox başqa avtoritar liderlər kimi ölkədə alternativ reallıq yaratdığını hesab edir.

“Burada nə baş verir?  80 milyon adamın seçkili rəhbəri niyə görə özünü belə qaba aparır?  Niyə bu cür skandallara baxmayaraq baş nazirin nüfuzu bir qədər də artır?” deyə Kaylan sual edir:  “Çünki insanlar baş verənləri görmürlər.  Türkiyədə bütün yerli media Ərdoğan və onun yaxınlarının nəzarəti altındadır və baş verənlər heç zaman yerli televiziya ekranlarına və qəzet manşetlərinə çıxmır.”  Ekspertin sözləinə görə Türkiyədə dövlət adamları ilə bağlı baş verən bu qalmaqallar internetdə yaşayıb, internetdə də ölürlər.  Çoxlarının xəbərləri axşam televiziya proqramlarında izlədiyi ölkədə əhalinin böyük kəsimi ölkədə həqiqətən də nəyin baş verdiyindən bixəbərdir.

Baş nazir Ərdoğanın müşaviri Yusuf Yerkel Somada nümayişçini təpikləyir.

Baş nazir Ərdoğanın müşaviri Yusuf Yerkel Somada nümayişçini təpikləyir.

“Texniki baxımdan bacarıqlı gənc nəsil nəyin baş verdiyini bilir və daim gördüklərini intenetdə paylaşır.  Onları ictimai sferada baş verənlərin saxtalaşdırılması ağrıdır.  Onlar gördüklərini intrernetdə paylaşmaqdan və bunlara küçələrdə etiraz etməkdən başqa çıxış yolu görümürlər, deyə Melik Kaylan hazırkı situasiyanı təsvir edir.  Məlumat çatışmazlığı və dezinformasiya o həddə çatıb ki, hətta Ərdoğanın öz partiyasının üzvləri çox zaman həqiqəti bilməkdə çətinlik çəkirlər.  Qəzadan bir neçə həftə öncə Somadakı qanun pozuntuları və mövcud risklər haqda parlamentdə dinləmə təklifi məhz bu cür ört-basdır edildi.

Əlbəttə, alternativ media strukturlarını dağıtmaq və informasiya məkanında inhisar yaratmaq təkcə Türkiyə liderinə xas xüsusiyyət deyil.  Eyni ssenari, ruslara qarşı mövcud olmayan basqılar haqda çığır-bağır salmış və bunu əldə bayraq edərək Krımı ilhaq etmiş və qonşu Ukrayanda təcavüzü davam etdirən Vladimir Putin haqda da demək olar.  Rusiya və onun nəzarətində olan ölkələrdə informasiya vakuumu yaradan Putin insanlara təlqin etməyə çalışır ki, reallıq onun dediklərindən ibarətdir.  İnsanların fikir formalaşdırmaq üçün müstəqil mətbuata malik olmadığı yerdə bu məqsədə nail olmaq xeyli asanlaşır.  Nəticədə psevdo-demokratik lider meydana çıxır ki, qazandığ ictimai dəstək az qala büsbütün özünün formalaşdırdığı yanlış ictimai təsəvvürə əsaslanır.

“Müstəqil dövlət təsisatlarının olmadığı yerdə səs saymaq demokratiya demək deyil.  Əgər bir partiya təhsilə, dinə, ədliyyəyə, polisə və mediaya nəzarət edirsə, onda seçkiləri udmaq elə də çətin olmur.  Bu proses sadəcə tamaşaya çevrilir və tamaşanın rejissoru kimdirsə, o da qələbə çalır,” Kaylan izah edir. “Ərdoğan öz etirazını bildirən vətəndaşa yumruq vuranda, bu, çoxlarına qəribə görünür – o vaxtadək ki, bunun arxasındakı prinsipi anlayırsan.  Baş nazir fikir ayrılığını təkcə zorakı şəkildə ifadə etmir.  Əslində, o, demək istəyir ki, sən (mədən fəhləsi, yoxsul fermer, ya məhbus jurnalistin xanımı) əzab çəkən deyilsən, sən ictimai fikri əks etdirmirsən, sən heç ictimaiyyət də deyilsən — bunu yalnız mən müəyyən edirəm.”