Rusiyanın Reytinqi

Posted August 20th, 2014 at 2:48 pm (UTC-5)
Leave a comment

A Russian serviceman takes part in a ceremony to mark the Paratroopers Day in central St. PetersburgRusiya Prezidenti Vladimir Putinin ölkə daxilində reytinqləri yüksəkdir.  Onun Krımı ilhaq etməsi və Qərblə qarşıdurmaya getməsi ölkədə millətçi əhval-ruhiyyəni gücləndirib və insanları dövlət başçısının ətrafında birləşdirib. Amma  xaricdə durum bunun tam əksidir.  Rusiyanın Ukraynada və ümumən beynəlxalq arenada aqressiv davranışı az qala bütün dünyada Rusiya haqda düşüncələri mənfiyə doğru dəyişib.  Rusiya haqda ən mənfi rəy Amerika və Avropada qeydə alınır.

Pew Araşdırmalar Mərkəzinin keçirdiyi rəy sorğuları 44 ölkəni  və 48,643 respondenti əhatə edib.  Bütün sorğular Vladimir Putinin martın 18-də Krımın ilhaqını bəyan etməsindən sonra aparılıb.  Sorğuların əksəriyyəti Fransa, Almaniya, Yunanıstan, İtaliya, Polşa, İspaniya və Böyük Britaniyada keçirilib.  Rəyi soruşulanların 43 faizi Rusiya haqda mənfi rəydə, 34 faizi isə müsbət rəydə olduqlarını bildirib.  2013-cü ildən bəri 36 ölkədən 20-də Rusiya haqda düşüncələr xeyli pisləşib.  Amerikalılar və avropalılar arasında insanların 60 faizi Rusiya haqda pis fikirdədir.  Qərb millətləri arasında yeganə yunanlar Rusiyaya müsbət münasibət bəsləyir.

pewƏn radikal dəyişiklik ukraynalıların baxışlarında baş verib.  2011-ci ildə Rusiya haqda əhalinin yalnız 11 faizi mənfi düşünürdü.  Rusiyanın Ukraynaya təcavüzündən sonra bu rəqəm altı dəfə qalxaraq Avropada olduğu kimi 60 faizə çatıb.  Ukraynanın qərbində rəqəm 83 faiz təşkil edir.  Rusların daha çox yaşadıqları şərqdə rəqəm 45 faiz, Krımda isə 4 faizdir.  Rusdillilər arasında Rusiyaya mənfi rəy bəsləyənlərin sayı başqaları ilə müqayisədə əhəmiyyətli dərəcədə azdır.

Amma Rusiyanın reytinqləri təkcə onun qarşıdurmada bulunduğu Qərbdə enməyib.  Oxşar tendensiyalar Yaxın Şərqdə və hətta Rusiyanın daim rəğbətlə qarşılandığı Latın Amerikasında müşahidə olunur.  İordaniyalıların, misirlilərin və türklərin 70 faizi Rusiyaya mənfi baxır.  Fələstinlilər və tunislilərin münasibətləri nisbətən fərqlidir.  Livanda təriqətlərarası fərqlər maraqlı mənzərə təqdim edir.  Burada sünnilər və xristianlar Rusiya haqda pis fikirdə olduqları halda şiələr arasında bu rəqəm yalnız 12 faiz təşkil edir  Cənubi Amerikada dəyişiklik elə radikal olmasa da, Braziliya, Venezuela, Çili və Meksikada rəyi soruşulan hər 10 nəfərdən 4-ü neqativ sentimentlər ifadə edib.

Dünyanın əksər hissələrindən fərqli olaraq Rusiyada Vladimir Putin xeyli populyardır.

Dünyanın əksər hissələrindən fərqli olaraq Rusiyada Vladimir Putin xeyli populyardır.

Asiyada rəylər cəmiyyətlər arasındakı təzadları əks etdirir.  Şərqi Asiya ölkələri arasında Rusiyaya ən pis münasibət bəsləyən millət yaponlardır.  Onların 69 faizinin Rusiyadan xoşları gəlmir.  Çində bu rəqəm 23 faiz, Vyetnamda  isə cəmi 14 faiz təşkil edir.  Çin azsaylı ölkələrdəndir ki, burada Rusiya haqda rəy müsbətə doğru inkişaf edib.

Rusiyanın reytinqləri ölkə rəhbəri Vladimir Putinin reytinqləri ilə demək olar ki, üst-üstə düşür.  Amerikalıların 80 faizi Putin haqda mənfi, 16  faizi müsbət rəydə olduqları halda, Rusiyada insanların 83 faizi onu bəyənir, cəmi 14 faizi xoşlamır.  Soyuq Müharibə başa çatandan bəri ilk dəfədir ki, Amerika və Rusiya ictimaiyyətləri arasında bir-birinə diametral zidd olan baxışlar müşahidə olunur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories