Kapitalizm Kubaya Gəlir

Posted June 9th, 2015 at 10:32 am (UTC-5)
1 comment

A woman walks past graffiti of revolutionary hero Ernesto "Che" Guevara and a Cuban flag of mexican artistic group Azaro for the 12th Havana Biennial, in Havana“Göz oxşayan memarlığı və okean görüntüsü ilə əhatə olunmuş 500 yaşlı şəhərə gəldikdən və iki qədəh mohito içdikdən sonra amerikalı turistin ağlına gələn ilk sual təqribən bu olur: ‘Görəsən, burada ev ala bilərəmmi?’ Yox, ala bilməz. Nə Kuba, nə də ABŞ hökumətləri buna icazə vermir. Ən azı hələlik,” Nick Miroff Kubada daşınmaz əmlak sektorunda yaşanılan məxməri inqilab haqda yazır.  “Raul Kastronun kommunist doqmasına əsaslanan uğursuz ev siyasətindən imtina etməsindən üç il sonra, 1960-cı ildən bəri ilk dəfədir ki, ev sahibləri əmlak alıb-satmaqda sərbəstdirlər. Yeni azadlıqlar daşınmaz əmlak bazarını sosial-iqtisadi dəyişikliyin qüdrətli mühərrikinə çevirib.”

Az qala Havananın hər küçəsində fəhlələr Brejnev dövründən bəri yeni rəng görməmiş nimdaş binaları təmir edir, renovasiya işləri aparırlar.  Ölkədə inşaat infrastrukturu olmadığından bir çox hallarda kafeldən tutmuş qapı dəstəyinədək bir çox xırda inşaat malları o qədər də uzaq olmayan ABŞ-ın Florida ştatındakı mağazalardan alınıb çemodanlarda gətirilir.  Havananın bacarıqlı montyorları və çilingərləri bir günə burada həkimin bir ayda qazandığı pulu qazanırlar, deyə Nick Miroff durumu təsvir edir.

Özəl mülkiyyətin bərpası nimdaş binaların renovasiyasına təkan verib.

Özəl mülkiyyətin bərpası nimdaş binaların renovasiyasına təkan verib.

Dəbdəbə Kubaya yad deyil.  Vaxt var idi ki, Amerikanın bir addımlığında yerləşən bu ada zənginlər diyarı idi.  1902-ci ildə Kubada respublika bərqərar olandan Fidel Kastronun 1959-cu il inqilabınadək bu ölkəyə milyardlarla dollar investisiya yatırılmışdı.  Kef-əyləncə məkanı kimi tanınan Kuba Amerikanın ən yaxın müttəfiqlərindən idi.  Amma inqilabdan sonra ölkədə varlı zümrə büsbütün yox oldu.  Kommunistlərin hakimiyyəti altında yaşamaqdan imtina edən minlərlə kubalı adanı tərk etdi.  Onların evləri isə hökumət tərəfindən bərabərlik şüarı altında müsadirə olundu.

Kommunistlərin Kubada yürütdükləri ev siyasəti başqa kommunist dövlətlərində tətbiq olunmuş sadə formula əsaslanırdı – Hər ailəyə bir ev.  Özü də pulsuz.  Bir günün içərisində mülk yiyəsi olmayan minlərlə adam ev sahibinə çevrildi.  Çevrilməyənlər isə hökumətin tərtib etdiyi uzun ev növbəsinə yazıldılar.  İntəhası, bütün başqa kommunist məkanlarında olduğu kimi tezliklə Kuba dərin ev böhranına qərq oldu. İnşaat işlərinin hökumət tərəfindən təmənnasız maliyyələşdirilməsi tikinti tempini ilbiz sürətinə endirdi.  Heç kəs havayı başqası üçün işləməyə həvəs göstərmirdi.  Qeybə çəkilən başqa amil həmin evlərin təmirləri idi.  Səfalət içində üzən Kubada adamların mütləq əksəriyyəti onlara verilmiş mülkləri saxlamaq, təmir etmək, abadlaşdırmaq iqtidarında deyildilər.  Mülkiyyət hüquqlarının qorunmadığı bir mühitdə buna heç maraq da yox idi.

İndi bu sahillərdə başqa fırtına gurlayır – kapitalizm fırtınası.  Evlərin alqı-satqı bazarına çıxması onların dəyərini xeyli qaldırıb.  Bu isə o deməkdir ki, ev sahibləri sınıq-salxaq borulara, qalaqlanmış zibilə, və viran qalmış ətrafdakı parklara biganə deyillər.  Hər şey evin qiymətinə təsir göstərir.  Nery Galintonun Espacio Cuba şirkətinin vebsaytında bəzi evlərin dəyəri az qala bir milyon dollara yaxınlaşır.  İngilis və ispan dilli vebsaytda evlərin fotoqalereyası potensial müştərilərə təqdim olunur.  Burada sıralanan yüksək keyfiyyətli evlər “kapitalist inşaatı” adlanır.

İctimai nəqliyyat işçisi  Rafel Amoro kimi dövlət sektorunda çalışan əksər insanların aylıq maaşları 20 ABŞ dolları civarında olur.

İctimai nəqliyyat işçisi Rafel Amoro kimi dövlət sektorunda çalışan əksər insanların aylıq maaşları 20 ABŞ dolları civarında olur.

Orta aylıq maaşın $20 dollar olduğu adada, yoxsul adam üçün $100,000 dollar dəyərində ev saxlamaq çox elə məntiqə sığmır.  Bu üzdən Havanada sinifləşmə tüğyan edir, sosial təbəqələr arasındakı məsafə sürətlə genişlənir. Yoxsullar yoxsul məhəllələrə, imkanlılar isə varlı məhəllələrə köçür.  Sinifləşmə irqi xətlərə parallel gedir.  Belə ki, qohumları vaxtikən ABŞ-a köçmüş zümrə ağdərili, xarici pul mənbəyi olmayan zümrənin nümayəndələri isə əsasən qaradərililər olur.  New York Times-da məsələni işıqlandıran Randal C. Archibold  kubalı iqtisadçılara istinad edərək yazır ki, ağdərililərin xaricdən pul almaq ehtimalı qaradərililərdən ikiqat çoxdur.

“Bu pullar ölkədə qeyri bərabərliyin yeni formalarını yaradıb, ələlxüsus da irqi qeyri-bərabərlik,” deyə Harvard Universitetindən Alejandro de La Fuente müşahidə edir. “Əvvəllər bu pullardan istehlakçı səbətini zənginləşdirmək üçün istifadə olunurdu, amma indi vəsait özəl şirkətlər təsis etməyə sərf olunur.”  Kuba küçələrində üzərində “Dəyişikliklər Kubaya daha çox sosializm gətirir!” yazılmış pafoslu plakatlar hədər yerə reallığın əksini ictimaiyyətə təlqin etməyə çalışır.  Hələ ki, yalan dolu şüarlara, ictimaiyyətin intellektini təhqir edən lövhələrə  gəldikdə, kommunist adada hər şey əvvəlki kimi qalır.

Havananın ən populyar restoranı sayılan Starbienin meneceri müştərilərin əsasən kubalılardan ibarət olduğunu deyir.  Bu sıraya daha çox incəsənət xadimləri və sahibkarlar daxildir.   “Çoxlu turist də var, ancaq Kubada orta sinif meydana çıxmaqdadır.”  Kiçik bataqlıq adlanan yoxsul məhəllədə isə çoxları özlərini yadelli kimi hiss etdiklərini deyirlər.  Onlar iqtisadiyyatın dirçəlişinin passiv seyrçiləridir.  Belə ki, bu inkişafın tərkib hissəsi olmaq üçün onların nə maddi imkanı, nə də hökumətdə kontaktları var.  Jonas Echevarria kimi belə adamlar nəinki restoran açmağa, heç restorana getməyi belə ağıllarına gətirmirlər.  “Heç vaxt,” deyə gündəlik qida mənbəyi tutduğu balığın həcmindən asılı olan Jonas deyir.  “Orada heç su da almağa imkanım çatmaz.”

Fidel Kastronun qardaşı Raulun rəhbərliyi altında Kubada rifah halını yüksəltmək üçün bir sıra iqtisadi islahatlar həyata keçirilib.

Fidel Kastronun qardaşı Raulun rəhbərliyi altında Kubada rifah halını yüksəltmək üçün bir sıra iqtisadi islahatlar həyata keçirilib.

Kubada cərəyan edən proseslər qismən ürəkləndirici, qismən də ürəkağrıdıcıdır.  Bir tərəfdən iqtisadi islahatlar 1950-ci illərdə ilişib qalmış nimdaş ölkəni müasir zəmanəyə sürükləyir.  O biri tərəfdənsə, bu prosesdən kənarda qalanların, baş verənləri aciz qəzəb hissi ilə seyr edənlərin sayı kifayət qədər çoxdur.  Bərabərlik amacında Fidel Kastronu hakimiyyətə gətirən kubalılar güman etmirdilər ki, vaxt keçəcək, on illər boyu zillət içərisində yaşadıqdan sonra onların övladları daha ağır şərtlər altında keçmişə qayıtmağa qərar verəcəklər.  Səhrada azmış adamın dövrə vuraraq ilk əvvəl başladığı nöqtəyə yetişməsi kimi, belə məlum olur ki, kubalıların dözdükləri məşəqqət, üzləşdikləri məhrumiyyətlər əbəs imiş.

Əslində bu, təkcə Kubanın yox, bütün sabiq kommunist ölkələrin hekayəsidir.  “Kapitalizmin günahı nemətlərin qeyri-bərabər bölünməsidirsə, sosializminki səfaləti bərabər paylaşmaqdır,” deyə britaniyalı dövlət xadimi Winston Churchill 20-ci əsrin ortalarında iki sistem arasındakı təzadı təsvir etmişdi.  Mülkiyyət hüquqlarının əhəmiyyətini, fərdi maraqları, və ümumilikdə insan təbiətini inkar edən utopik siyasi quruluş olaraq kommunizmin öz vədlərinə xilaf çıxması gözləniləndir.  Kommunizm özünün bərqərar olduğu bütün məkanlarda səfalət, material qıtlıq, çörək növbələri, və yalan üzərində qurulmuş dövlət apparatını qoruyub saxlamağa yönəlik kütləvi repressiyalarla müşayiət olunub.  Ardınca sağalmaz yaralar qoyub getmiş qəzaya bənzər olaraq kommunizmin çöküşü Kubanın nümunəsindən göründüyü kimi eyforiyaya əsas verəcək emosiyalar oyatmır.  Əgər bəşəriyyətə bərabərlik nağıllarına uyub məntiqi bir kənara qoymaqdan ibrət dərsi verilməsi qaçılmaz idisə, tarixdə kommunizm fenomenindən daha effektiv nümunə tapmaq çətin olardı.

One response to “Kapitalizm Kubaya Gəlir”

  1. Aleksey says:

    Çox maraqlı məqalədir, çox sağ olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories