tumblr_nms4j5hkpK1u95vc0o1_1280“Bəzən olur ki, ağlına lap yerinə düşəsi söz gəlir – amma vaxtı keçdikdən sonra.  Bəlkə də anında deyilsəydi, bu ifadə hər şeyi dəyişəcəkdi.  Bu hissi ifadə etmək üçün ingilis dilində söz yoxdur, amma fransızlar buna l’esprit de lescalier deyirlər – hərfi mənası, “pilləkan ağlı”.

Atlantik məcmuəsində  “Yaxşı beyin üçün xarici dil öyrən” məqaləsində, Cody Delistraty poliqlotluğun zehni sağlamlığa faydaları haqda yazır.  Onun rəyincə müxtəlif dillərdə danışmaq qabiliyyətinin dividentləri təkcə fərqli ifadələr, anlamlar, metaforlar və çərçivələrə çıxışla məhdudlaşmır.

Hər bir dilin öz incəlikləri, üstünlükləri var.  Bu keyfiyyətləri səciyyələndirən başlıca xüsusiyyət onların yaşanılan, hiss olunan reallıqları nə dərəcədə səhih ifadə etmələridir.  Məsələn, almanca kummerspeck ifadəsinin başqa dildə ekvivalenti yəqin ki, çətin tapıla.  İfadə emosional zərbə aldıqdan sonra adamın ifrat yeməyini əks etdirir.  Yaxud yapon dlində koy no kan ifadəsi adamın elə indicə görüşdüyü şəxsə tezliklə aşiq olacağı hissi təsvir edir.

“Fransız dilindən savoir faire kimi ifadələri götürməyimizin səbəbi odur ki, bu, bizim (Amerika) mədəniyyətin tərkib hissəsi deyil, ona görə də dilimizin bir hissəsi kimi təkamül etməyib,” deyə qavrayış və linqvistika üzrə ekspert Corc Lakoff müşahidə edir.  “Fərqli dillərdə danışmaq o deməkdir ki, sən fərqli çərçivələrdə, metaforlarda dünyanı görə bilirsən.  Dilin mənsub olduğu mədəniyyəti öyrənməklə sən təkcə müxtəlif sözlər yox, müxtəlif anlamlar öyrənirsən.”

Ukraynada xidmətə başlayan yeni polis zabitləri ingilis dili öyrənirlər.

Ukraynada xidmətə başlayan yeni polis zabitləri ingilis dili öyrənirlər.

Delistraty qeyd edir ki, poliqlotlar həmçinin standart testlərdə, ələlxüsus riyaziyyat, oxuma və qrammatikada daha yaxşı bal toplayırlar.  Onlar olduqları mühitə daha həssasdırlar və ona görə də mühüm informasiyaya diqqət cəmləşdirməyi, azdırıcı informasiyanı kənara atmağı daha tez bacarırlar.  Bir də ki, Odisseyi qədim yunanca, yaxud Proustun “İtirilmiş Vaxt Sorağında” əsərini orijinal fransızca oxumağın öz ləzzəti var.

Son araşdırmaya əsasən çox dildə danışan adamlar daha yaxşı qərar vermək iqtidarında olurlar.  Onlar qara-güruha uymurlar, şablon təbliğata daha müqavimətli olurlar, asanlıqla aldanmırlar.  Məsələn, siyasi reklamların, alovlu nitqlərin poliqlotlara təsiri məhdud olur.  Bundan əlavə, onlar pulla daha ehtiyatlı davranırlar – hipotetik pulla (kredit) əsl pulun fərqini mono-linquallardan daha yaxşı qavrayırlar.

Bir nəzəriyyəyə əsasən, adamların daha rasional qərar vermək qabiliyyəti onların danışdıqları dildən psixoloji məsafə saxlaya bilmələrindən irəli gəlir.  Nədənsə, doğma dildə danışılan ifadələr insan üçün daha çox emosional yükə malik olur, nəinki ikinci yaxud üçüncü dildə danışlan ifadələr.

Öz növbəsində çox-dillilik onlara daha soyuqqanlı qərar vermək imkanı bəxş edir. Deyilənə görə hətta böyük yaşlarda öyrənilən dil belə demensiya və Alzaymer xəstəliyinə daha müqavimətli olmağa kömək edir. Eksperimentin nəticələrinə görə bu xəstəliklərə tutulmuş iki-dillilər mono-linquallardan dörd il yarım çox davam gətirə biliblər.

Suriyalı qaçqınlar alman dili öyrənirlər.

Suriyalı qaçqınlar alman dili öyrənirlər.

Xarici dil bilməyin yaddaşa və başqa qavrayış sahələrinə da böyük faydası var.  “Onun  əsas qüdrəti diqqəti cəmləşdirmək qabiliyyətindədir,” deyə Edinburq Universitetinin mühaziri Dr. Tomas Bak bildirir.  “Onların diqqət cəmləşdirmək qabiliyyəti dilin detalları üzərindədir.”

Poliqlotlar gündəlik həyatın müxtəlif sahələrində istedadlı olur, ələlxüsus vizual tapşırıqların yerinə yetirilməsində.  Onlar habelə eyni vaxt kəsiyində müxtəlif işlər görə bilirlər ki, alimlər bunu onların bir dildən başqa dilə asanlıqla keçid etmə qabiliyyəti ilə əlaqələndirir.

Öyrənilən hər xarici dil bambaşqa bir dünyaya pəncərədir.  Bu pəncərələrin çoxluğu insanın bilik bazasını, alimlərin dediyinə görə isə, hətta əqli sağlamlığını yalnız gücləndirə bilər.