Kolumbun İzləri İlə

Posted January 26th, 2016 at 11:42 am (UTC-5)
Leave a comment

dr-isla-saonaQaldığım otelə bitişik okean sahilində axşam çağıdır.  Arxa fonda ispan popunun solğun sədaları mülayim ləpələrin monoton səsinə qarışıb.  İndi çimərlikdə heç kəs yoxdur.  Okean suları ay işığında bərq vurur.  Bu suların olduqca maraqlı hekayəsi var.  Müasir Dominikan Respublikasının turistlərlə qaynaşan cənnət guşəsi vaxtikən bəşər tarixində fundamental dönüş nöqtələrindən birinə səhnə olub.  Əfsanəvi səyyah Xristofor Kolumb Yeni Dünyanı bu sahillərdə kəşf edib.   Bir vaxtlar Hispaniola kimi tanınan, hazırda Dominikan və Haiti ölkələrini özündə birləşdirən nəhəng adanın ilk idarəçisi da Kolumb olub.  Hətta bir fərziyyəyə görə Amerikanı kəşf etmiş səyyahın cənazəsi yaxınlıqda yerləşən Santo Dominqo şəhərində uyuyur.

1492-ci ildə İspaniyanın Palos de la Frontera limanından üç gəmi ilə səyahətə çıxanda Kolumb Atlantik okeanında qərbə üzməklə Hindistana kəsə yol tapacağına əmin idi.  Beş həftə çəkən dəniz syahətindən sonra torpaq görməyən dənizçilər arasında qəzəb alovlanmaqda idi.  Rəvayətə görə baş qaldıran qızğın mübahisənin ardınca Kolumb dənizçilərə söz vermişdi ki, növbəti iki gün ərzində sahil görünməsə geri qayıtmağa qərar verəcək.  Rodrigo de Triana adlı dənizçinin həmin gecə saat 2-də sahili görməsi hər şeyi dəyişdi.  Amerika qitəsi kəşf edilmişdi.

Xristofor Kolumbun (1451-1506) ölümündən sonra çəkilmiş yeganə portreti.  Rəssam Sebastiano del Piombo, 1519.

Xristofor Kolumbun (1451-1506) ölümündən sonra çəkilmiş yeganə portreti. Rəssam Sebastiano del Piombo, 1519.

Az qala ömrünün axırınadək tamamilə başqa bir məkana gəlib yetişdiyini inkar edən Kolumb yenicə ayaq basdığı məkanı Qərbi Hindistan, rastlaşdığı yerli insanları isə “indios” – yəni hindlilər adlandırmışdı (Bu üzdən də qitə Kolumbun yox, onun qitə olduğunu irəli sürən xəritəşünas Ameriqo Vespuççinin adını daşıyır). İspanları sülhlə qarşılayan bu insanlar əsasən daş dövründə yaşayırdılar.  Dəmir qılınclarla, müasir Avropa elminin bəxş etdiyi üstünlüklərlə silahlanmış Kolumb üçün İspaniya krallığı adından ilhaq etdiyi bu ərazilərdə yerliləri ram etmək elə də böyük problem deyildi.  Qiymətli resurslarla zəngin yeni torpaqların kəşfi Kolumb üçün şəxsi bir fürsət, İspaniya dövləti üçünsə hüdudsuz imkanlar üfüqü açırdı.

Amerika Birləşmiş Ştatlarında Kolumbun şərəfinə federal bayram var. Amerikalıların çoxu Kolumba ekzotik tarixi şəxsiyyət kimi baxır.  Amma burada – Dominikan Respublikasında Kolumbun irsi daha canlı hiss olunur.  İspan dilində danışan, əsasən Afrika mənşəli dominikanlıların tarixində Kolumb və onun xələfləri dərin izlər buraxıb. Hökmranlıq etdikləri ərazilərdə yerli əhalini sıxışdıran, torpaqları Afrikadan gətirilmiş qullarla məskunlaşdıran ispanlar əsrlər boyu bu məkanı xammal, müftə əmək mənbəyinə çevirmişdilər.  Müstəqillik qazandıqdan sonra belə uzun illər yerli diktatorların idarəçiliyi altında əziyyət çəkən dominikanlılar yalnız son 20 ildə bərqərar olan demokratik idarə üsulu sayəsində iqtisadi inkişafın bəhrələrini dadmağa başlayıblar.

Müasir parametrlərlə ölçsək, Kolumbun şəxsi xarakteri, bir çox əməlləri müzakirə subyekti sayıla bilər.  Amma onun Yeni Dünyanı bəşəriyyətin üzünə açması və bu addımdan doğan gəlişmələrin tarixi əhəmiyyətini danmaq qeyri-mümkündür.  Amerika yarımkürəsinin kəşf olunmasından bəri dünyada baş vermiş nəhəng insan, heyvan və bitki mübadiləsini araşdırmış Çarlz C. Mann yazır ki, 1493-cü ilədək İtaliyada pomidor, Almaniyada kartof, Fransada siqaret, Floridada portağal, Ekvadorda banan, Macarıstanda paprika, Kolumbiyada qəhvə, Meksikada ulaq, Afrikada rezin ağacları, Tailandda istiot, İsveçrədə şokolad yox idi.  Bir çoxlarımız tarixə adətən siyasi yaxud hərbi olayların düzəni kimi baxırıq.  Amma dünyanı qarış-qarış gəzmiş 1493: Kolumbun Yaratdığı Yeni Dünya kitabının müəllifi oxuculara tamam başqa – bioloji tarix tablosu təqdim edir.  Kolumb Mübadiləsi anlamı ətrafında cərəyan edən bu kitab aydın edir ki, qlobalizasiya son onilliklərdə deyil, məhz orta əsrlərdə Kolumbun Amerikanı kəşf etməsi ilə başlayıb.

e447dbac-ce54-11e0-9e0a-94866d206590_UUIDbooks0828mcnameeXV əsrin sonlarında Karib Adalarına ayaq basan ispanlar yerli adamların uzun trubkada qurudulmuş bitkini yandıraraq onun tüstüsünü ciyərlərinə çəkdiklərini görmüşdülər.  Artıq 1600-cü illərdə bütün Avropa və Çin əhli tənbəki çəkməyə aludə olmuşdu.  Kartof ilk dəfə Avropaya yol tapanda Roma papası onu “şeytan meyvəsi” adlandıraraq yeyilməsini qadağan etmişdi.  Bir qədər sonra Fransa kralı XVI Lüdoviq və xanımı Mari Antuanett kartof çiçəyini şlyapalarında, libaslarında gəzdiərərk bu qəribə tərəvəzi təbliğ edirdilər.  Müəllif Çarlz Mann özündə əksər vitaminləri əks etdirən kartofu avropalıların rifahının yüksəlməsində başlıca amil kimi görür.  Artıq 1800-ciü illərdə kiçik ərazidə, il ərzində dəfələrlə əkilə bilən, bol məhsuldarlığı ilə məşhurlaşan kartof İrlandiya əhlinin başlıca ərzaq mənbəyinə çevrilmişdi.  Elə bu üzdən də kartof əkinlərinə mikrobun düşməsi burada on minlərlə adamın aclıqdan ölməsinə və hazırda Amerikada yaşayan milytonarla irlandın əcdadının Yeni Dünyaya köçməsinə səbəb oldu.

Kolumbun tarixi səyahəti dünyanın o biri tayında yerləşən Çin üçün də eyni dərəcədə əhəmiyyət kəsb edirdi.  And dağlarında nəhəng gümüş mədənlərinin aşkarlaması İspaniya İmperiyasını bütün dünyanın lal-cəvahirat anbarına çevirdi.  İşlək pul vahidi sorağında olan çinlilər üçün gümüş vacib bir tapıntı idi.  Başqa qiymətli metal növləri kimi çürüməyən gümüşü kağız əskinaslardan fərqli olaraq hamı pul vahidi kimi qəbul edirdi və bununla Çin hökuməti öz maliyyə sistemini sabitləşdirmək imkanı əldə etdi.  1600-cü illərdə Filippinin kiçik Manila qəsəbəsi ispanlarla çinlilərin başlıca ticarət məntəqəsinə çevrildi.  İspan çinlilərə gümüş, çinlilər isə onlara ipək, ədava, keramika satırdılar.  Manilanın ispan məhəlləsi ilə çin şəhərciyi arasında toqquşmalar tez-tez baş verirdi, amma hər iki icma bir-birlərinə olan ehtiyacı dərk edir və əvvəl-axır ticarəti bərpa edirdilər.

Çinlilərin gündəlik həyatına ən böyük dəyişikliyi isə gümüş yox, Amerikadan qaynaqlanan şirin kartof və qarğıdalı gətirmişdi.  Doyurucu bitkilərin kəşfi o vaxtadək başlıca qida mənbəyi düyü olan çox sayda çinlilərə sahil bölgələrindən ölkənin içərilərinə doğru köçmək imkanı yaratdı.  Bir neçə onilliyin içərisində Çində kənd təssərüfatı rekord məhsuldarlığa nail oldu.  Əgər Çin əhalisnin niyə bir milyardı aşdığına cavab tapmaq istəyirsinizsə, Charles Mannın kitabında bu haqda ətraflı məlumat verilir.

Kolumb Mübadiləsi təkcə inkişaf yox, həm də qanlı, ölümlü, ağrılı dəyişiklik hekayəsidir.  Müəllif ispanların və ingilislərin hinduları öz torpaqlarından qovmalarını bu kitabda ustalıqla təsvir edir.  Mannın nəql etdiyi bir səhnədə Amazon tayfasının başçısı tropik yağış meşəsinə rezin dalınca gəlmiş Karlos Fitzcarralda nə ilə vuruşacağı barədə sual verir.  Fitzcarrald “Vinçester” markalı tüfəngindən güllələri çıxarıb maşko tayfasının başçısının ovcuna qoyur.  Güllələri barmaqları ilə müayinə edəndən sonra bədəninə sürtən Maşko sonra oxunu çıxararaq, onu sındırır və öz qoluna soxur.  Çıxan qanı gülərək Fitzcarralda göstərən lider yadelliyə güllələri götürüb geri qayıtmağı məsləhət görür.  Yarım saat sonra döyüşdə öldürülmüş tayfa başçısı və onun yüzlərlə adamının cəsədləri kolonistlər tərəfindən çay kənarına düzülür.  İndi həmin yer Playa Maşko (Maşko Çimərliyi) adlanır.

Kolumbiya Mübadiləsi

Kolumbiya Mübadiləsi

Əslində, yerli əhalinin əsas qənimi özlərini talançı qismində aparan ağdərililər deyil, onların özləri ilə gətirdikləri mikroblar idi.  Qızılca, vəba, vərəm, cüzam, yatalaq kimi xəstəliklər Amerikanın əksər yerlərində bu xəstəliklərə qarşı heç bir immuniteti olmayan yerli əhalinin axırına çıxırdı.  Sürətlə məhv olan işçi qüvvəsini əvəzləmək üçün Afrikadan gətirilən qullar isə öz növbələrində Amerikaya malyariya və sarı qızdırma kimi yeni xəstəliklər gətirirdilər.  Bu xəstəliklər təkcə yerli əhalinin yox, həmçinin yaxşı həyat dalınca Yeni Dünyaya üz tutmuş avropalıları qırırdı.  1644-cü ilədək Şimali Amerikaya qədəm qoyan hər 10 ingilisdən səkkizi cəmi bir ilin içərisində tələf olurdu.  İş o yerə çatmışdı ki, İngiltərə kralı məskunlaşmanı həyata keçirən Virciniya Şirkətinin fəaliyyətinə xitam verməyi nəzərdən keçirirdi.

Amerikanın kəşfi və avropalılar tərəfindən məskunlaşması bəşər tarixinin ən mühüm olaylarından biridir.  Təzadlı bəşər övladının özü kimi bu hekayə uğur və faciə, şərəf və nadanlıq, kəramət və günah, zülm və qurtuluşla dolu bir hekayədir.  Yeni dünya köhnə dünyanın təcavüzlərinə, gətirdiyi saysız-hesabsız bəlalara sinə gərdi.  İlk baxışda köhnə dünya öz elmi, silahı, qüdrəti ilə qalib çıxdı, yeni əraziləri öz surətində formalaşdırdı.  Lakin yeni qitə müasir dünyaya Corc Vaşinqton (demokratik respublika), Bencamin Franklin (filantropizm), Tomas Cefferson (konstitutsiya), Simon Bolivar (milli suverenitet), Abraham Linkoln (quldarlığın ləğvi), Martin Lüter King Jr. (vətəndaş hüquqları) bəxş etdi.  Yeni qitə modernizmin ən önəmli əlamətlərinin müəllifləri olan Tomas Edison (elektrik işığı), Aleksandr Qraham Bell (telefon), Rayt qardaşları (aviasiya), Henri Ford (avtomobil), Bill Gates (özəl kompüter), Steve Jobs (smartfon) və Mark Zuckerberg (Facebook) bəxş etdi. Dominikanın ecazkar sahillərində fikrə dalarkən dolaşan başlıca sual köhnənin yenini deyil, yeni dünyanın köhnəni necə dəyişməsidir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories