Prezident Corc Buş "Səhrada Fırtına" əməliyyatı ərəfəsində əsgərlərlə görüşür.

Prezident Corc Buş “Səhrada Fırtına” əməliyyatı ərəfəsində əsgərlərlə görüşür.

“Ata Kemp Deviddən Ağ Evə qayıtdıqda Cənub Otluğunda çox sayda müxbirlər toplaşmışdı. Ata onlara bildirdi ki, öz seçimlərini açıq saxlayır.  Sonra o, əlavə etdi: ‘Bu, dayanmayacaq – Küveytə qarşı bu təcavüz.’ Bunlar böş sözlər deyildi. Corc Buş anlayırdı ki, prezident sözünün arxasında durmalıdır. Kolin Pauell sonradan deyirdi ki, həmin andan etibarən o, bildi ki, silahlı qüvvələr müharibəyə hazırlaşmalıdır,” oğul Buş atasının prezidentliyi dönəmində qəbul etdiyi həyati qərarlardan birini təsvir edir.

1990-ci il, 2 avqustda İraq lideri Səddam Hüseyn öz ordusuna Küveyti işğal etmək əmri verdi.  Səddamın bu addımı dövlət suverenliyi prinsipinə sarsıdıcı zərbə, İkinci Dünya Müharibəsindən sonra bərqərar olmuş dünya düzəninə təhlükə idi.  Bir ölkənin zör gücünə o biri dövləti büsbütün ilhaq etməsinə imkan vermək növbəti müharibələr üçün presedent yaradırdı.  Səddam Hüseyn bundan öncə qonşu İrana hücum edərək səkkiz illik qanlı müharibədə bir milyon adamın ölümünə bais olmuşdu.  Bu, təkcə İran əsgərlərinə deyil, öz xalqına qarşı kimyəvi silahlardan istifadə etmiş birisi idi.  Corc Buş və onun müşavirləri hesab edirdilər ki, təcavüz cavabsız qaldığı təqdirdə növbəti hədəf Səudiyyə Ərəbistanı, yaxud başqaları ola bilər.

Vyetnam Müharibəsinin ağrılarını hələ də arxada qoya bilməmiş Amerika cəmiyyəti psixoloji baxımdan növbəti irimiqyaslı müharibəyə hazır deyildi.  1991-ci il, 24 fevralda havadan intensiv bombardmanın ardınca ABŞ-ın rəhbərliyi altında koalisiya qüvvələri quru əməlyyatlarına başlayanda, çoxlarında müharibənin növbəti Vyetnama çevriləcəyinə dair böyük nigaranlıq var idi.  Bəzi hərbi ekspertlər amerikalıları azı 10,000 itkiyə hazır olmaq barədə xəbərdar edirdilər.  Lakin bu müharibə başqa idi.  Müasir hərbi texnologiyalarla silahlanmış ABŞ qüvvələrinin ildırımsürətli hücumu nəticəsində İraq ordusu darmadağın edildi. Hərbi əməliyyatlar başladıqdan 100 saat keçməmiş Səddam Hüseyn təslim aktını imzaladı.  Corc Buşun qətiyyəti sayəsində suveren dövlət hərbi işğaldan azad olunmuş, diktatora dərs verilmişdi.

Körfəz Müharibəsində qazandığı qələbədən sonra Buşun ölkə daxilində reytinqləri misilsiz yüksəkliyə qalxdı.  Amerikalıların 89 faizi prezidentin idarəçiliyini bəyəndiyini söyləyirdi.  Buşu yaxından tanıyanlar üçün onun səriştəsi və ortaya qoyduğu nəticələrdə təəccüblü çox şey yox idi.  “Corc Buş cəsarəti, loyallığı və xidməti dəyərləndirən bir şəxs idi. Bu, ona atası və anası tərəfindən aşılanmış dəyərlər idi. ABŞ və onun hərbi uniformasını geymiş vətəndaşlar bu idealları tərənnüm edirdilər. Bu, Atanın hər şeyi uğrunda riskə qoyduğu ölkə idi. Və bu, onun bir vaxt idarə edəcəyi bir ölkə idi,” müəllif yazır.

"1964-cü il senat yarışından atamın aldığı dərs bu oldu ki, elə seçkilər var ki, onları sadəcə udmaq olmur. Məğlubiyyıət atamı incitdi, ancaq onun siyasətə və ictimai xidmətə entusiazmını söndürmədi."

“1964-cü il senat yarışından atamın aldığı dərs bu oldu ki, elə seçkilər var ki, onları sadəcə udmaq olmur. Məğlubiyyıət atamı incitdi, ancaq onun siyasətə və ictimai xidmətə entusiazmını söndürmədi.”

Neft biznesində təcrübə topladıqdan sonra 1951-ci ildə Buş müstəqil neft hasilatına girişməyə qərar vermişdi.  Onun ilk biznes tərəfdaşı olan Con Overbeyi müəllif “neft lisenziyaları, kadrlar və mədən sənayesi haqda dərin bilgili şəxs” kimi təsvir edir.  “Atam isə masaya başqa qabiliyyətlər gətirirdi. Onun potensial investorlarla, ələlxüsus Şimal-Şərqdə yaxşı kontaktları var idi.” Buş-Overbey layihəsinin uğuru, investorları öz layihələrinə cəlb etməkdə unikal qabiliyyətlərə malik Buş üçün biznes əməliyyatlarının miqyasını genişləndirməyə fürsət yaratdı. Ən əsası isə, bu təcrübə ona mühüm menecment pinsiplərini yiyələndirdi: “O, bilikli adamları işə cəlb etmək, onların məsləhətlərinə qulaq asmaq, məsuliyyəti paylaşmaq, çətin qərarlar vermək və nəticələrlə barışmağın mühümlüyünü öyrəndi. İşlər yaxşı gedəndə o, dividentləri paylaşar, pis gedəndə isə məsuliyyəti öz üzərinə götürərdi. Bu təcrübə ona illər boyu sərgiləyəcəyi liderlik stili formalaşdırmağa kömək etdi.”

1953-cü ildə yarım milyon dollarlıq investisiya toplamağa nail olan Buş Liedtke qardaşları ilə birlikdə Zapata Petroleum neft şirkətinin əsasını qoydu.  “Tərəfdaşlar qərara gəlmişdilər ki, şirkətin adı ya A yaxud da Z hərfi ilə başlasın ki, telefon kitabçasında onu tapmaq asan olsun.  Həmin vaxt kinoteatrlarda Marlon Brandonun baş rolda çəkildiyi “Viva Zapata!” filmi göstərilirdi.  Qəhrəman və inqliabçı Meksika generalı onların müstəqil, riskə meylli ruhunu özündə əks etdirirdi.  Üstəlik adı düzgün hərflə başlayırdı,” Buş şirkətin yaranışını təsvir edir.  Buş neftçiliyə yaxşı bələd idi və gənclik illərində ən aşağı ranqlarda keçdiyi təcrübə ona bu sənayedə böyük üstünlüklər verirdi.  Qazılmış quyularından çoxundan neft çıxması ehtimalının az olduğu bir şəraitdə, Zapata 71 neft quyusu qazdı.  Bunların hamısından neft çıxdı.  Tezliklə bu rəqəmi 127-127 nisbətinə çatdıran Buş-Liedke tərəfdaşları yaxşı qazanc əldə etdilər.  Bir qədər sonra Meksika Körfəzi sularında neft hasilatına maraq göstərən Buş offşor (sahildən-kənar) neft sorağında Liedke qardaşlarından ayrılmağa qərar verdi.  Torpaqda neft çıxarmağı davam etdirən Liedke qardaşları isə sonralar dünya şöhrətli Pennzoil şirkətinin əsasını qoyacaqdılar.

1950-ci ildə Buş neft biznesi ilə məşğul olarkən atası Preskott siyasətə daxil olmağın yollarını arayırdı.  Atası Konnektikut ştatında ABŞ Senatına yer uğrunda yarışa qatılanda, Buşun cəmi 26 yaşı var idi.  Həmin vaxtadək o, siyasətlə çox elə maraqlanmaz, siyasi fəaliyyətini əsasən səs verməklə məhdudlaşdırardı.  Səsvermə günü Preskott Buş rəqibinə cəmi-cümlətanı min səs fərqi ilə məğlub oldu.  Bu rəqəm verilən ümumi səslərin 0.1 faizdən azını təşkil edirdi.  İki il sonra yenidən seçkilərə qatılan Preskott bu dəfə yenə də məğlub oldu. İkinci məğlubiyyətindən sonra siyasətlə qurtardığını qət edən patriarx diqqətini başqa səmtə yönəltdi.  Amma taleyin hökmü başqa idi.  Səsvermə iflasından iki ay keçməmiş Konnektikutdan olan başqa senator (hər ştatı iki senator təmsil edir) dünyasını dəyişdi.  Növbədənkənar keçirilən xüsusi seçkilərdə Preskott Buş nəhayət qələbə çaldı. “Atam üçün bu, mühüm dərs oldu. İmkan vermə ki, məğlubiyyət sənin arzularını söndürsün. Əgər işləməkdə davam etsən və nikbin qalsan, qarşına fürsət çıxacaq,” Buş yazır.

"Corc Buşun 1964 senat seçki kampaniyasından aldığı dərs bu oldu ki, elə seçkilər var ki, onları udmaq olmur. Məğlubiyyət incitdi, ancaq onun siyasətə və ictimai xidmətə entusiazmını söndürmədi."

“Corc Buşun 1964 senat seçki kampaniyasından aldığı dərs bu oldu ki, elə seçkilər var ki, onları udmaq olmur. Məğlubiyyət incitdi, ancaq onun siyasətə və ictimai xidmətə entusiazmını söndürmədi.”

1961-ci ildə siyasətə qatılanda Texasda bir nəfər də olsun Respublikaçı ştat səviyyəsndə keçirilən seçkilərdən qalib çıxmamışdı.  1860-cı illərdə Cənub Konfederasiyasının bir parçası olaraq Vətəndaş Müharibəsindən bəri, Texas əhalisinin mütləq əksəriyyəti Abraham Linkolnun partiyasını rədd edir, səslərini bir qayda olaraq Demokratlara verirdilər.  Bu elektorat kəsimi Amerikada “Cənub Demokratları” adlanardı.  1950, 54-cü illərdə qubernator yarışlarında Demokrat Allan Şivers Respublikaçı rəqiblərini daha çox avtoritar rejimlərdə qeydə alınan 90 faiz səslə məğlub etmişdi.  Amma Buş qəlbində Respublikaçı idi və “o, Respublikaçılar Partiyasının fundamental hədəflərini paylaşırdı: qıvraq azad sahibkarlıq sistemi, kiçik və cavabdeh federal hökumət, ştatlarda muxtariyyat.”  Ata Buş tez-tez zarafat edərdi ki, Respublikaçı kimi Texasda o, “partiya yığıncaqlarını öz nahar otağında keçirə bilər və oturmağa hələ də boş stullar qalardı.”

1963-cü ildə Texasda Senat yeri uğrunda yarışa qatılmağa qərar verəndə, Respublikaçılar ştat boyu ictimai dəstəyi qismən genişləndirməyə nail olmuşdular.  Demokrat Senator Ralf Yarboro kifayət qədər populyar idi və onunun himayədarları sırasında Prezident Con F. Kennedi və sonradan Prezident Lindon Conson yer almışdılar. Yarboro Buşu əslən texaslı olmamaqda ittiham edir və onu Texas dəyərlərindən uzaq olmaqda suçlayırdı.  Qeyri-bərabər şəraitdə keçən yarışda Yarboro Buşu 300,000 səs fərqi ilə məğlub etdi.  Məğlubiyyət məyusedici idi.  Ancaq Buş 1.1 milyon texaslının səsini qazanmağa nail olmuşdu ki, bu da həmin anadək Respublikaçı namizəd üçün görünməmiş bir rəqəm idi.

"Ata ilə kampaniyada iştirak etmək maraqlı təcrübə idi.  Amma seçicilərlə görüşlərdə eyni nitqi təkrar-təkrar eşitmək anamı cana doyurmuşdu."

“Ata ilə kampaniyada iştirak etmək maraqlı təcrübə idi. Amma görüşlərdə eyni nitqi təkrar-təkrar eşitmək anamı cana doyurmuşdu.”

“18 yaşlı oğlan olaraq məğlubiyyət mənə çox ağır təsri elədi,” Buş yazır.  İstədim ki, yaxın tərəfdarların seçki gecəsi toplaşdığı otelin bal otağını dərhal tərk edim.  Atam isə mənə məğlubiyyətlə ayaqlaşmağın fərqli yolunu göstərdi.  O, alicənab təslim nitqi söylədi.  Bütün gecəni vətəndaşların əllərini sıxmaqla, öz tərəfdarlarına və kampaniya işçilərinə təşəkkür etməklə keçirdi.”  Məğlubiyyət əslində Buşun siyasi karyerasının sonu yox, başlanğıcı idi.  Siyasi cəhətdən püxtələşən Buş iki il sonra “Şansla Yox, Seçimlə Texaslı” şüarını bayraq edərək 57 faiz səslə Texasın Yeddinci Konqres dairəsində qalib gəldi, və Nümayəndələr Palatasına üzv oldu.

Konqresmen qismində Corc Buş ilk gündən hər iki partiyadan olan həmkarları ilə mehriban münasibətlər saxlayırdı.  Həftənin altı günü işləyən Buş bazar günləri kilsəyə gedər, sonra dostları ilə hamburger naharı təşkil edərdi.  “Atamın ən dəyərli xüsusiyyətlərindən biri onun köhnə dostları saxlamaqla yanaşı yeni dostlar qazana bilməsi idi.  Biznes yaxud siyasətdə nə qədər yüksəyə qalxmasından asılı olmayaraq Corc Buş heç zaman köhnə dostları tərk etməzdi.” Hamburger naharına çağırılan dostların rəngarəngliyi Buşun xarakterini əks etdirirdi.  Bir tərəfdə Konqresmen manqalda hamburger bişirər, o biri tərfədə isə cəmiyyətin müxtəlif təbəqələrindən çıxmış adamlar söhbətləşər, dərd-sərlərini paylaşırdılar.

Konqresdə olan zaman Amerikanın üzləşdiyi başlıca problemlərdən biri Vyetnam Müharibəsi idi.  Situasiyanı öyrənmək üçün cənub-şərqi Asiyaya yola düşən Buş burada ordunun göstərdiyi fədakarlıqları öz gözləri ilə görmək, hərbçilərə təşəkkürünü çatdırmaq istəyirdi.  Amma Buş problemin dərinliyini də anlayırdı.  “Minlərlə gənc sadə amerikalıların başa düşməyi müharibəyə göndərilmişdi,” müəllif yazır. “Atam üçün Vyetnamdan aldığı əbədi dərs bu oldu ki, gələcəkdə Amerika silhalı qüvvələrinin iştirak etdiyi hər bir müharibənin missiyası xalq üçün dəqiq müəyyən edilməlidir.  On illərlə sonra Səddam Hüseyni Küveytdən vurub çıxarmaq üçün Amerika qoşunlarını Yaxın Şərqə göndərəndə o, bu dərsi özünə örnək tutmuşdu.”

"Hörmət və simpatiyadan irəli gələrək Corc Buş təqaüdə çıxan Prezidnt Lindon Consonu yola salmağa getdi.  Ata orada olan yeganə Respublikaçı idi."

“Demokrat prezidentə hörmət və simpatiya ilə yanaşan Corc Buş Lindon Consonu aeroportda yola salmağa getdi. Ata orada olan yeganə Respublikaçı idi.”

1968-ci ildə Vyetnam Müharibəsinin ağır sınaqları ilə üzləşən Demokrat ali baş komandan Lindon Conson ikinci dönəm prezidentliyə namizədlyini irəli sürməkdən imitina etdi.  Onu aeroportda yola salanlara arasında Corc Buş yeganə Respublikaçı idi.  Uçuş meydançasında Buşu görən kimi Conson Respublikaçı konqresmenə yaxınlaşıb əlini sıxdı.  “Corc, gəldiyinə görə minnətdaram. Vaxt edəndə gəl, rançoda bizə baş çək,” deyə əslən texaslı prezident bildirdi.  Bir neçə ay sonra Buş Consonun dəvətini qəbul edərək rançoya yollandı.  Görüş zamanı Lindon Conson Buşu senat uğrunda yarışlara qatılmağa çağırdı.  Qəribədir ki, sabiq Demokrat prezident Respublikaçı siyasətçini senat seçkilərinə qatılmağa həvəsləndirən ilk şəxslərdən biri idi.

Sözsüz ki, 1970-ci ildə Buş papağını Senat yarışlarına atmağa qərar verəndə Respublikaçı dairələrin tam dəstəyini qazandı.  Buşa bu addımı atmağı tövsiyə edənlər sırasında şəxsən Prezident Riçard Nikson var idi.  Buş gənc yaşlarından atasının vaxtikən üzvü olduğu Senatda xidmət etməyi arzulayırdı.  Amma qarşıda onu növbəti acı məğlubiyyət gözləyirdi.  Texas hələ də Demokratların əsas istehkamı sayılırdı, və Respublikaçı siyasətçi olaraq Buşun ştat miqyasında şansları zəif idi.  Bir dəfə seçicilərlə görüşmək üçün yerli hökumət binasında baş verən naqolay insidenti oğul Buş belə xatırlayır: “Biz ora çatanda, bina boş idi. Soruşdum ki, bəs adamlar hara gedib. ‘Eşitdilər ki, Respublikaçı gəlir, hamı dağılışdı,’ deyə oradakılardan biri dilləndi.”

(Ardı var)