Japan flag“1904-cü il fevralın 6-da Yaponiya Birləşmiş Donanmasının baş komandanı, 57 yaşlı vitse-admiral Heyhaçiro Toqo dəniz qüvvələri komandirlərini özünün qərargahlandığı 15,000 ton ağırlığında Mikasa gəmisinə çağırdı.  Göyərtədəki masa üzərində samuray ənənəsinə uyğun olaraq seppuku, yaxud harakiri adlı şərəfli intihar ritualında istifadə olunan qısa sambo qılıncı qoyulmuşdu.  Bu mənzərə başlamaq ərəfəsində olan müharibənin əlaməti idi.  Hüznlü görkəmlə Toqo komandirlərə söylədi: “Sabah okeana çıxırıq. Düşmənimiz Rusiya bayrağı dalğalandırır.”

Özünün “Hubris” adlanan yeni kitabında tarixçi Alistair Horne 20-ci əsr faciələrinin başlanğıc nöqtələrindən biri olaraq Yapon-Rus müharibəsini təhlil edir.  Amma kitabın fəlsəfi dairəsi daha genişdir.  Yunanca “azğınlıq” anlamına gələn hubris ifadəsini Horne bəşər tarixində mütəmadi şəkildə müşahidə olunan təkəbbürlə qudurğanlığın faciəvi qarışığı kimi təsvir edir.  “Müharibələr adətən bir ya digər tərəfin özünə ifrat arxayınlığı nəticəsində uduzulur,” Horne yazır.  Qədim yunanlar zirvədən qəfil enişi – qüdrətin rüsvayçılıqla, qələbənin məğlubiyyətlə əvəzlənməsini peripeteya adlandırardılar.  Horne müasir eranın mühüm peripeteya nöqtəsini Birinci və İkinci Dünya Müharibələrindən bir qədər əvvəl – Şimali Sakit Okean sularında baş verən nəhəng hərbi toqquşma ilə səciyyələndirir.

Kanaqava Sazişi ilə təsbit olunan Kommodor Metyu Perrinin səyahəti Yaponiya ilə Qərb arasında ticarətin açılışına təkan verdi.

Kanaqava Sazişi ilə təsbit olunan Kommodor Metyu Perrinin səyahəti Yaponiya ilə Qərb arasında ticarətin açılışına təkan verdi.

1853-cü ildə, qızmar yay günündə dörd hərbi gəminin müşayiəti ilə ABŞ kommodoru Metyu Perri Tokyo civarındakı Uraqa buxtasına daxil oldu.  Buxtanı tərk etməkdən imtina edən Perri ABŞ prezidenti Millard Fillmorun məktubunu Yaponiya rəhbərliyinə təqdim etməkdə israrlı idi.  Nə Perri, nə də Yaponiyanın harada yerləşməsindən yəqin ki, bixəbər olan Prezident Filmor özləri də dərk etmirdilər ki, bu insident dünya tarixində nə kimi dəyişikliklə nəticələnəcək.  1857-ci ildə cavab üçün Yaponiyaya qayıdanda, ölkə artıq nəhəng islahatlar ərəfəsində idi.  1867-ci ildə feodal şoqunların idarəçiliyinin imperator idarəçiliyi ilə əvəzlənməsi tarixi “Meyci Bərpası”-na yol açdı.  “Qarşıdan gələn illərdə yaponlar milli iftixar hissini bir kənara qoyaraq bütün istiqamətlərdə Qərbdən öyrənməyi və onu təqlid etməyi özlərinə kurs seçəcəkdilər,” Horne yazır.  1868-ci ildə 16 yaşlı İmperator Mutsihitonun andı “dünyanın hər küncündən bilik toplanılacağını” və “imperiya bünövrəsinin həmin bu yeni təcrübə ilə möhkəmləndiriləcəyini” vəd edirdi.

Meyci Bərpasının əsas elementlərindən biri ölkədə geniş təhsil islahatları idi. Qısa zaman kəsiyində ölkədə icbari təhsil sistemi tətbiq olundu. Yenicə açılan 51,000 məktəb bir neçə il ərzində yaponları Asiyanın ən savadlı millətinə çevirdi. Bir vaxtlar əksər adamlarının yazıb-oxumaq bilmədiyi Yaponiyada indi hər 600 adama bir məktəb düşürdü.  Qədim döyüş ənənəsinin daşıyıcısı olan samuray sinfi ləğv olunaraq müasir milli ordu ilə əvəzlənməyə başlandı.  “Varlı Ölkə, Güclü Ordu” şüarına əsaslanan siyasət minlərlə yapon gəncin xaricə bilik dalınca göndərilməsinə yol açdı.  Avropaya hərbi savad toplamaq üçün göndərilən gənclər arasında gələcək sərkərdə Heyhaçiro Toqo da var idi.  Sürətli savadlanma ilə yanaşı Yaponiyanın imperial rəhbərliyi ölkədə sənaye inqilabına start verdi.  Təhsil və sənaye renessansı öz növbəsində geridəqalmış feodal milləti dünyann ən qüdrətli imperiyalarından birinə çevirməkdə idi.

1871-ci ilin noyabrında İvakura Missiyası ABŞ və Avropanın təhsil sistemini öyrənmək üçün 2 illik ekspedisiyaya çıxdır. Bu missiyanın tərkibində sonradan Yaponiyanın təhsil sistemini Amerika təcrübəsi əsasında təşkil etməyə cəhd göstərəcək gələcək təhsil naziri Tanaka Fucimaro var idi.

1871-ci ilin noyabrında İvakura Missiyası ABŞ və Avropanın təhsil sistemini öyrənmək üçün 2 illik ekspedisiyaya çıxdı. Bu missiyanın tərkibində sonradan Yaponiyanın təhsil sistemini Amerika təcrübəsi əsasında təşkil etməyə cəhd göstərəcək gələcək təhsil naziri Tanaka Fucimaro var idi.

1894-cü ildə nominal bəhanə ilə Çinə müharibə elan edəndə, Yaponiya bir dövlət olaraq çoxları üçün müəmma, bəziləri üçünsə istehza obyekti idi.  “Qərbin Yaponiya haqda təsəvvürü haradasa ikrah və etinasızlıq hisslərinin arasında yer alırdı. Çar II Nikolay ‘avroplalıların bu sarı rəngli kiçik adamlardan’, yaxud ‘meymunlardan’ qorxmasına qətiyyən ehtiyac duymurdu,” Horne yazır.  “Əslində Yapon-Çin müharibəsi kolonial zəbt siyasətinin dolayı bir nümunəsi idi.  Bu müharibə Yaponiyaya əzələ nümayiş etdirmək, yenicə əldə etdiyi hərbi texnikanı sərgiləmək imkanı verdi.  Müharibə cəmi 8 ay çəkdi, və müharibənin hər mərhələsi yaponların çinlilər üzərində əzici qələbəsi ilə başa çatdı.”  Müəllifin qənaətinə görə, bu müharibə “ötən 2,000 ildə ilk dəfə olaraq Asiyada hegemonluğun Çindən Yaponiyaya ötürülməsi ilə” nəticələndi.

Şimonseki sülh müqaviləsinin şərtləri gözlənildiyi kimi də ağır idi.  Uduzduğuna görə Çin hökumətinin Yaponiyaya ödədiyi pulun miqdarı yapon hökumətinin illik gəlirindən 640 faiz çox idi.  Bundan əlavə, Çin sonradan Port Artur kimi tarixə düşəcək Liaodonq yarımadasını yaponlara təslim etdi.  Qərb dövlətləri və Rusiya yaponların çinlilərə qəbul etdirdiyi şərtlərdən heyrətə gəlmişdilər.  Tezliklə bir araya gələn müttəfiqlər Yaponiyanı Tayvanı saxlamaq şərti ilə Liaodonqu Çinə geri qaytarmağa məcbur etdilər.  Çin isə öz növbəsində dərhal yarımadanı Rusiyaya icarəyə verdi.  Rusların uğurun bəhrəsini yaponlardan bu cür qapışdırması yüksəliş dövrünü yaşayan millət üçün həqarət mənbəyi idi.  Bundan əlavə, Port Arturun strateji əhəmiyyəti kifayət qədər böyük idi.  Çin paytaxtı Pekinə yaxın olmaqdan əlavə, bura, Hornenin sözlərinə görə, “Koreyaya nəzarət etmək üçün ideal baza idi.” Yekun niyyəti Şərqi Asiyanı əsarət altına almaq olan Yaponiya üçün şimal yarımkürəsində isti-sulu liman ələ keçirmək olduqca vacib idi.

Alistair Horne, "Azğınlıq - XX əsrdə müharibənin faciəsi"

Alistair Horne, “Azğınlıq – XX əsrdə müharibənin faciəsi”

Fevralın 8-da yapon hərbi gəmiləri Port Arturda Rusiya donanma bazasına qəfil hücum edəndə, rus generalitetinin böyük kəsimi Vitse-Admiral Oskar Starkın xanımının ad gününü bal ziyafətində qeyd edirdi. Toqo eskadrilya minonoslarına işıqsız və mühərrikləri yarı-sönük vəziyyətinə bazaya yaxınlaşmaq əmri vermişdi.  Gecəyarısına 10 dəqiqə qalmış əməliyyat başlandı.  Yaponların ilk torpedoları atəş açanda ziyafət iştirakçıları elə bildilər ki, partlayışlar ad günü münasibətilə düzənlənən atəşfəşanlığın bir hissəsidir.  Bir şahidin yazdığına görə bal otağında rəqs kulminasiya nöqtəsinə çatdıqca gurultudan pəncərələr titrəməyə başladı.  “Salyutun belə dəqiqliklə vaxtında verilməsindən valeh olan iştirakçılar bir az da cuşa gəldilər. Orkestr musiqisi və artilleriya atəşlərinin müşayiəti ilə bal davam edirdi.”

Gecə hücumu sanki bir göz qırpımında başa çatdı.  Hətta bazanın içərisində olan çoxları ta hücum qurtarandək ondan xəbər tutmadılar.  Amma səhər çağı açılan mənzərə dağıntının miqyasını aydın etdi.  İki döyüş gəmisi RetzivanTsareviç dayaz suda batmışdılar. Pallada kreyseri də oxşar durumda idi.  “Yaponiyanın özündən xeyli qüdrətli Rusiyaya elan olunmamış müharibəyə başlamasının risklərini nəzərə alsaq, hücumun nəticələri kifayət qədər sönük idi,” Horne yazır.  Admiral Toqonun başlıca səhvləri kommunikasiya xətlərinin optimal təmin olunmaması, kəşfiyyat işlərinin natamamlığ və hücumun ürəksizliyi idi.  Admiral Toqo özü rusların hücuma bu dərəcədə hazırsızlığından heyrətə gəlmişdi.  Fakt isə bu idi ki, sürpriz elementini israf edən Toqo öz qüvvələrini tamlıqla istifadəyə qoysaydı, rusların 5-6 gəmisini yox, bütün eskadriliyasını məhv edə bilər və müharibə başlamamış hər şeyi həll edə bilərdi.  Tokyonun özündə Admiral Toqo istefa çağırışları ilə müşayiət olunan sərt tənqid atəşinə məruz qaldı.

Özünə məşhur Trafalqar dəniz döyüşünün (1805) qəhrəmanı, İngiltərə admiralı Horatio Nelsonun varisi kimi baxan Toqo üçün də nəticələr qismən də olsa məyusedici idi.  Samuray ailəsində doğulmuş Toqo hərbi karyeraya 1871-ci ildə Britaniyaya göndərilən gənc yapon tələbələrin sırasında başlamışdı.  İlk dəfə ayaq basdığı xarici şəhər olan nəhəng Londonda onda ən dərin təəssürat bağışlayan şey orada “ətin bolluğu” idi.  Öz payı isə sadə çörək və çaydan ibarət olan Toqo  yeməyini bir göz qırpımında udduğunu xatırlayırdı.  Asiyalılar arasında fərq qoymayan brintaniyalı gəmi yoldaşları Toqonu “Çinli Conni” deyə çağırardılar. Bəzən bu, əlbəyaxaya gətirib çıxarsa da, Toqo təhsilini uğurla başa vurmağa və Britaniya gəmisi Hempşir-in tərkində sıravi dənizçi kimi dünyanı gəzib dolaşmağa nail oldu.  Bir qədər keçmiş Britaniya Royal Donanma Akademiyasını, daha sonra isə Royal Donanma Kollecini bitirən Toqo 1878-ci ildə doğma vətənə qayıtdı.  Burada ilk əvvəl heç kimin tanımadığı Toqonu sürətli yüksəliş və şöhrət gözləyirdi.

Rusiya dəniz qüvvələrinin qəfil hücumda aldığı yara dərin də olsa, ölümcül deyildi.  Port Artur buxtasındakı gəmilərin əksəriyyəti hələ də saz vəziyyətdə, sırf riyazi baxımdan üstünlük hələ də rusların əlində idi.  Vitse-Admiral Stepan Makarovun rəbərliyi altında rəşadətlə vuruşan ruslar qarşıdan gələn bir neçə həftə ərzində yaponların hücumlarını effektiv şəkildə dəf etməyə və hətta bir sıra hallarda kifayət qədər uğurlu əks-hücumlar etməyə nail oldular.  Lakin admiral Toqonun səbri, inadkarlığı, strateji düşüncəsi və ən başlıcası, hərbi savadı özünü tədricən göstərməyə başladı.  Fevral ayında yapon orduları quru əməliyyatlarına start verəndə artıq Makarov həlak olmuş və istedadsız komandanlıq altında qalmış  gəmilər yapon gəmilərinin qorxusundan buxtadan kənara çıxa bilmirdilər.  Avqustun 10-da, nəyin bahasına olursa olsun, Vladivostoka yetişməyə can atan rus gəmi kolonnasını Admiral Toqonun gəmiləri darmadağın etdilər. Klassik “T” şəkilli hücum formatında rus kolonnasının qarşısını kəsən yapon gəmiləri başda içərisində Toqonun oturduğu Mikasa gəmisi olmaqla rus gəmilərinin mütəq əksəriyyətini torpedolar və artilleriya atəşləri ilə suya qərq etdilər  Maraqlıdır ki, uğurlu hərbi əməliyyatın sonunda ən çox zərbə almış (20 mərmi dəliyi) və canlı itki (160) vermiş gəmi Admiral Toqonun rəhbrlik etdiyi Mikasa gəmisi idi.  Rus gəmilərinin əsas atəş qüvvəsini özünə cəlb etməklə Toqo həyatını böyük risk qarşısına qoymuş, ancaq yerdə qalan yapon gəmilərinə düşmən kolonnanı məhv etmək üçün şans vermişdi.

“T”-ni keçmək 19-20-ci əsrlərdə klassik donanma döyüşü taktikası sayılırdı. Döyüş gəmilərindən ibarət kolonna o biri kolonnanın qarşısından keçməklə gəmi yanlarında quraşdırılmış çoxsaylı topdan düşməni vurmaq imkanı qazanırdı. “T”-si keçilən kolonna isə yalnız qabaq gəminin qarşı topundan istifadə edə bilirdi.

“T” çəkmək 19-20-ci əsrlərdə klassik donanma döyüş taktikası sayılırdı. Döyüş gəmilərindən ibarət kolonna o biri kolonnanın qarşısından keçməklə gəmi yanlarında quraşdırılmış çoxsaylı toplardan düşməni vurmaq imkanı qazanırdı. “T”-si keçilən kolonna isə yalnız öndə gedən gəminin qabaq topundan istifadə edə bilirdi.

Quruda da vəziyyət, suda olduğu kimi yaponların xeyrinə işləyirdi.  “Kopiyala və təkmilləşdir” prinsipini deviz tutan imperial hökumət ordunun təlimini alman hərbi ekspertlərinə həvalə etmişdi.  Prussiya generalı Yakob Mekel yaponlara mükəmməl generalitet yaratmağı öyrətmiş və Prussiya hərbi doktrinasının incəliklərini aşılamışdı.  Bu sırada yüksək nizam-intizam (Gehorsamkeit), kəmfürsətlik (Auftraggsystem) və düşmənə göz açmağa imkan verməmək (Feldüebel) təməl prinsiplər kimi yaponlar tərəfindən əxz olunmuşdu.  “Quruda rus mujiki çar-naçar döyüşür, və qədərinə boyun əyib ölürdü,” Horne yazır.  “Amma rusdan fərqli olaraq samuray etik koduna əsaslanan yapon döyüşçüsü imperatoru üçün döyüş meydanında can qoymağı özünə ən ali şərəf sayırdı.” Daim ruh düşkünlüyü ilə əlləşən rus əsgərindən fərqli olaraq yapon dəyərləri “fədakarlıq, öz millətinin rifahı uğrunda canını qurban verməyi ali imtiyaza çevirmiş bir ruha” əsaslanırdı, Britaniya Rəsmi Yapon-Rus Müharibəsinin Tarixi yazır.

Fevralın 16-da Koreyanın düzən hissəsini zəbt edən 12-ci piyada diviziyası bir neçə həftə sonra iki əlavə diviziya ilə bir araya gələrək I Yapon Ordusunu formalaşdırdı.  General Tamemoto Kurokinin rəhbərliyi altında bu qüvvələr baharın bitməsini gözləmədən şimaldakı Yalu çayına tərəf irəliləməyə başladılar.  Mayın 1-də Yalu Döyüşü yaponların quruda ruslar üzərində ilk iri qələbəsi oldu.   Alman hərbi məktəbinin yetirmələri olan gənc yapon generallar rus mövqelərini 12 sm çaplı hovitzerləri ilə yumşaldaraq, düşmənə 2,700 canlı itki verdilər.  Yaponların Yalu çayı sahillərini təmizləməsindən bir neçə gün sonra General Noginin 90,000-lik III ordusu Liaodong yarımadasının cənub nöqtəsinə çıxaraq Port Artura doğru istiqamət aldı.  IV, II və I Ordular isə sola burularaq şimaldan gəlməsi gözlənilən əlavə rus qoşunlarının qarşısını kəsmək üçün hərəkət etməyə başladılar.  Məqsəd rus generalı Aleksey Kuropatkinin Port Artura yetişib bazanı xilas etməsinin qarşısını almaq idi.  Avqustun 10-da Admiral Toqonun rus donanmasını darmadağın etməsindən az sonra yaponlar Port Arturu götürmək üçün şiddətli həmlələrə start verdilər. General Nogiyə verilən əmr bu idi ki, yeni rus qüvvələr Port Artura yetişməzdən öncə  liman şəhəri hökmən alınmalıdır.

Yapon karikaturası Rus İmperiyasını dünyaya ağalıq etmək iddiasında olan oktopod kimi təsvir edir.

Yapon karikaturası Rus İmperiyasını dünyaya ağalıq etmək iddiasında olan oktopod kimi təsvir edir.

Bu məqamda rus əsgərinin sərgilədiyi müstəsna döyüş qabiliyyəti xüsusi vurğulanmalıdır.  Silahlarının keyfiyyətcə aşağı və səbatsız komandirlər altında əhval-ruhiyyənin zəif olmasına baxmayaraq, onlar qəhrəmancasına vuruşur, düşmənin fasiləsiz hücumları qarşısında geri çəkilmirdilər. Müdafiə mövqeyində qat-qat effektiv döyüşən rus əsgərləri yaponlara ciddi itkilər verməyə başladılar.  Yaponların itkisinə rəvac verən əsas faktor kor-koranə şəkildə alman hərbi doktrinasını təqlid edərək cəbhə xətti boyunca boyu düz düşmən üzərinə şığımaq idi. Digər amillər isə “Maksim” pulemyotunun və ağır artilleriyanın müharibəyə təqdimatı idi.  Horne yazır ki, yapon-rus döyüşlərində istifadə olunan yeni taktikalar 10 il sonra savaşılacaq Birinci Dünya Müharibəsi haqda təsəvvür yaradacaq ilk işartılar idi.  “Quruda Yapon-Rus müharibəsi ilk ‘müasir müharibə’ kimi qiymətləndirilə bilər – təəssüf ki, hərbi liderlər buradan heç bir örnək götürmədilər,” deyə Horne döyüşləri müşahidə edən Britaniya generalı İan Hamiltonu misal çəkir.  “Yaponların başına gələnlər onlara dərs olmadı. Cəmi 11 il sonra Çanaqqalada üzləşiləcək oxşar situasiyada  minlərlə ingilis və avstraliyalı həyatı itiriləcək və həmin bu generalların reputasiyası məhv olacaqdı.”

Təkcə Port Artura baxan 203 Metrlik Təpə adlanan yüksəklikdə minlərlə yapon və rus əsgəri həlak oldu.  “Noyabarın sonunadək 203 Metrlik Təpənin hər santimetri General Noginin döyüşlərə cəlb etdiyi 20 sm çaplı Krupp hovitzerləri tərəfindən şumlanmışdı,” Horne yazır.  Amma yaponlar gözlərini əsl mükafatdan – Port Arturdan götürmək niyyətində deyildilər.  Yanvarın 5-də, ardı-arası kəsilməz zərbələr altında düşmənin iradəsi qırıldı, və Port Artur yapon qüvvələrinin nəzarəti altına keçdi.

Məğlub rus əsgərləri döyüş meydanını tərk edir.

Məğlub rus əsgərləri döyüş meydanını tərk edir.

Maraqlıdır ki, quru müharibəsinin ən qanlı döyüşü hələ bundan sonra baş verəcəkdi.  Şimalda strateji Mukden dəmiryol kəsişməsi yaxınlığında General Kuropatkinlə birləşmiş yapon orduları arasında baş verən Mukden döyüşü quru müharibəsinin taleyini həll etdi.  Sürətlə irəliləyərək rus qüvvələrini mühasirəyə alan yaponlar silah və canlı qüvvə baxımdan daha üstün düşməni məğub etdilər.  Rusların itkiləri yaponlardan az qala üç dəfə çox idi.  Yaponlar tərəfdə 15,892, ruslarda isə 40,000-dən çox adam həyatını itirdi. Yaralananların sayı 100,000-i ötmüşdü.  “Mukden haqlı olaraq 1905-ci ilədək bəşər tarixinin ən qanlı döyüşü sayılır,” Horne yazır. Bunlar həmin döyüşlər idi ki, General Nogi and Admiral Togo hərəyə iki oğul itirdilər.

Sakit Okeanda rus donanmasının sıradan çıxarılmasına görə yaponlara dərs vermək üçün Çar II Nikolay qüdrətli Baltik donanmasını səfərbər etdi.  Admiral Zinoviy Rojestvenskinin komandanlığı altında üç müxtəlif qruplaşmalardan ibarət iri bir armada Afrika qitəsi ətrafında dolaşaraq Atlantik və Hind Okeanını keçməklə Sakit Okean cəbhəsinə istiqamət götürdü.  Yarım il çəkən səyahət rus qüvvələrinin əhval-ruhiyyəsinə kifayət qədər mənfi təsir göstərmişdi.  25,000 kilometr məsafə qət etmiş ruslar Vladivostoka can atırdılar.  Ən kəsə yol Koreya ilə Yaponiya arasındakı Tsuşima boğazından keçirdi.  Bu coğrafi məkan və orada baş verəcək nəhəng naval toqquşma bəşər tarixinin ən yaddaqalan döyüşü kimi tarixə düşəcəkdi.  Əvvəlcədən qiymətli kəşfiyyat məlumatları almış və Tsuşimada rus qüvvələrini gözləyən Admiral Nogi son döyüşə hazırlıqlı gəlmişdi.  “bir tərəfdə bir ildən çox müharibə şəraitində yüksək döyüş keytifyyətləri sərgiləmiş, komandanlarına tam etimad bəsləyən veteranlar — qarşı tərəfdə isə tələm-tələsik səfərbər edilmiş, silahlardan fərli-başlı istifadə etməyi öyrənməmiş adam yığınağı var idi.  Ruslar birinci atəş açılmamış artıq döyüşün yarısını uduzmuşdular,” Pakenham öz xatirələrində yazır.

Mayın 27-də qatı duman şəraitində yapon gəmi kolonnası ruslara yaxınlaşmağa başladı.  Yapon gəmilərinin önündə həmişə kimi Admiral Toqonun içərisində olduğu Mikasa gəmisi gedirdi.  “T” şəkilli kəsişmədən az sonra rus gəmilərinə parallel mövqe tutan yapon gəmiləri eyni zamanda və eyni bucaq altında xoreoqraflaşdırılmış şəkildə dönərək rus gəmilərinə atəş açmağa başladılar.  Admiral Rojestvenskinin komandanlıq etdiyi Suvorov döyüş gəmisi yaponların fasiləsiz atəş zərbələri altında alov tutub yanmağa başladı.  Başından qəlbə yarası almış rus admiral cəsurluq sərgiləyərək matroslara göstərişlər verməkdə davam edir, onları döyüşü davam etdirməyə çağırırdı. Başqa rus gəmilərinin durumu isə qat-qat acınacaqlı idi.  Torpedolar və Krupp gəmi topları ilə vurulmuş Oslyabya, Borodino və III Aleksandr döyüş gəmiləri ekipajları ilə birlikdə okeanın dibinə çökdülər.  Yerdə qalan gəmilər ağır zədə alaraq tərk edildi yaxud da yaponlara birbaşa təslim oldular.  “Tarixin ən həlledici naval döyüşündə Rusiyanın ümumilikdə 21 gəmisi batırıldı, 7-si ələ keçirildi və 6-sə sahilə aparıldı.  Günün sonunadək 5,000 rus dənizçisi həyatını itirmiş, 9,000-dən çox isə əsir götürülmüşdü… Tsuşima boğazındakı möhtəşəm qələbə yaponlara cəmi 3 torpedo qayığına, 117 ölüm və 583 yaralıya başa gəldi.”

Tsuşima Döyüşünün tam gedişatını əks etdirən qrafik.

Tsuşima Döyüşünün tam gedişatını əks etdirən xəritələr.

Yaponların əsir götürdüyü, lakin donanmasnın məhv olmasından bixəbər olan Rojestvenski ağır yaralanmış halda yerli hospitala gətirildi.  Hörmətlə qarşılanan rus komandanı üzərində yapon cərrah dərhal əməliyyat apardı və admiralın başından qəlpə hissəcikləri uğurla çıxarıldı.  Bir neçə gün sonra özünə gələn Rojestvenskiyə baş çəkmək üçün xüsusi qonaq gəlmişdi.  Rus komandanının çarpayısına yaxınlaşıb yanında oturan Admiral Heyhaçiro Toqo hospitaldakı minimal şərait üçün rəqibi qarşısında üzrxahlıq etdi.  “Bu cür şərait sizin kimi möhtərəm qonağa layiq deyil,” deyə Toqo rus admirala ürək-dirək verdi.  “Məğlubiyyət əsgərin taleyidir.  Burada xəcalət doğurası heç nə yoxdur.  Əsas döyüş borcunu yerinə yetirməkdir.” Rojestvenskinin və onun matroslarının şücaəti qarşısında baş əydiyini deyən Toqonu hospital səfərində gənc leytenant müşayiət edirdi.  Onun adı İsoroku Yamamoto idi. Döyüşlər zamanı Nişşin kreyserində sol əlinin iki barmağını itirmiş Yamamoto 35 il sonra tamam fərqli cəbhədə dünya tarixinə öz imzasını atacaqdı.

Tsuşima döyüşündə rusların əsaslı şəkildə məğlub edilməsi Çarı sülh masası arxasına oturmağa məcbur etdi.  Lakin ruslar hərbi məğlubiyyətdən də maksimum dividentlərlə çıxmağı qət etmişdilər.  Vasitəçilik missiyasını öz üzərinə götürmüş ABŞ prezidenti Teddi Ruzvelt yaponlarla müqayisədə ruslara rəğbət hissi ilə yanaşırdı.  “Ancaq onun başa düşmədiyi bir şey var idi ki, bu da rusların sənin aydın şəkildə bildiyin halda belə rahatca üzünə necə yalan danışmaları idi – əsrlərlə Rusiya ilə danışıqlar aparan diplomatların üzləşdiyi bir paradoks,” Horne yazır.  Yaponlar haqda isə Ruzveltin müşahidə etdikləri bu idi: “10-15 ilə Sakit Okeanda bir-biri ilə rəqabət aparan ingilislər, amerikalılar və almanlar hamıdan çox yaponların mövcudluğundan üzüləcəklər… Mən əminəm ki, Yaponiya bəşər sivilizasiyasının qüdrətli bir milləti kimi ərsəyə gələcək.  Amma onun motivləri və düşüncə tərzi bizim irqimizə mənsub qüdrətlərinkindən fərqli olacaq.”

Monqol donanmasını tayfun darmadağın edir. Kikuçi Yosai, 1847.

Monqol donanmasını tayfun darmadağın edir. Kikuçi Yosai, 1847.

Ruslar üzərində qələbə yaponlar üçün sadə fərəh mənbəyi yox, kosmik bir əlamət idi.  Günəş rəmzi olan qırmızı ovalın ağ parça üzərində əks edildiyi bayraq yaponlar üçün bu millətin bəşər sivilizasiyasında müstəsna rola sahib olduğuna bir işarə idi.  Milli rəvayət bu idi ki, gün çıxan ölkənin sakinləri tarixin bir çox sınaqlarına mətanətlə sinə gərmiş, qarşıdakı maneələri həmişə uğurla yenmişdilər.  13-cü əsrdə iki kərə monqollar Yaponiyanı işğal etməyə cəhd göstərmişdilər və hərdə də bu cəhd iflasa uğramışdı.  Deyilənə görə, ikinci dəfə – 1281-ci ildə Kubilay Xanın 150,000-lik ordusu Kyuşu adasına yaxınlaşarkın baş vermiş tayfun monqol donanmasnı və onun daşıdığı orduları məhv etmişdi.  Yapon tarixində həmin tayfun “kami kaze” – yəni “ilahi külək” kimi həkk olunub.  Təbiətin həyati müdaxiləsindən bəri (yaxud əvvəl) heç zaman düşmən tapdağı görməmiş yaponlar əmin idilər ki, onların qələbələrinin, tarixi missiyasının arxasında ilahi bir iradə dayanır.

1912-ci ildə Imperator Meycinin ölüm xəbərini alan General Nogi və xanımı intihar etdilər.  Noginin seppukusu ölkədə böyük sensasiya ilə qarşılandı.  İctimaiyyət üçün Nogi “sədaqət və fədakarlığın simvoluna” çevrildi.  Kami – müharibə allahı kimi qəbul edilən Nogi müqəddəs yapon ruhunun rəmzi idi.  “Admiral Toqonun özünə Horatio Nelsonun varisi kimi baxması 1920-30-cu illərdə millətçiliyin və militarizmin bürüdüyü Yaponiyada fəlakət sonuclu eyforiyanın başlanğıc nöqtəsi idi.  Yaponlar üçün az itkilər bahasına əldə edilmiş möhtəşəm Tsuşima qələbəsi ‘yeni’ Yaponiyanın əzəmətinin göstəricisi idi. Bu əzəmət özündə unikal milli ruh – hərbi donanma və ordunun məğlubedilməzliyini əks etdirirdi.  Hərbi liderlərin qarşıdakı hədəfləri aydın idi – Asiya və Sakit Okean adaları. Görəsən elə bir rəqib varmı ki, Yaponiya onu yenə bilməsin?  Bu, intihar mayalı mifologiya Yaponiya üçün Noginin seppukusu qədər təhlükəli idi,” Horne yazır.

Yapon-Rus Müharibəsinin qəhrəmanı Admiral Toqonun şöhrəti dünyaya yayılmışdı.

Yapon-Rus Müharibəsinin qəhrəmanı Admiral Toqonun şöhrəti dünyaya yayılmışdı.

Admiral İsoroko Yamamotonun 1940-cı il dekabrın 7-də ABŞ-ın Pearl Harborda qərargahlanan donanma bazasına hücumunun fəsadları çoxlarına bəllidir.  Atom bombalarının viran qoyduğu Hiroşima və Naqasaki şəhərləri tarix haqda səthi bilgisi olan hamıya tanışdır.  Amma az adam bilir ki, müharibənin gedişatında konvensional bombardmanlar nəticəsində ölən yaponların sayı qat-qat çoxdur. Taxta evlərlə dolu Tokyonun 1945-ci ilin martında bombalanması nəticəsində təkcə bir gündə 88,000 adamın öldüyü təxmin edilir.  Cənubi Okinaua adası uğrunda gedən döyüşlərdə 100,000 yapon əsgəri və bir o qədər də mülki yapon həlak olmuşdu. Qızğın döyüşlər bahasına zəbt olunan Okinauada hər iki-üç adamdan birinin öldüyü güman edilir.  Deyilənə görə, əslində ABŞ Prezidenti Harri Trumanı atom bombasına əl atmağa vadar edən əsas amil Yaponiyanın əsas torpaqlarının zəbt olunacağı təqdirdə oxşar gedişatla hər iki tərəfdə milyonlarla həyatın itirilməsi perspektivi idi.   ABŞ-Yapon müharibəsinin həlledici döyüşü haqda çəkilmiş və əsasən həqiqəti əks etdirən “İuo Cimadan Məktublar” filmindəki bir epizodda yapon zabitinin Tokyoda patrul çəkərkən ucadan hürən iti güllələməkdən imtina etməsinə görə cəbhəyə göndərildiyi təsvir olunur.  Əslində isə, şahidlərin dediyinə görə, 1943-44-cü illərdə Tokyoda it-pişik qalmamışdı.  Paytaxt sakinləri aclıqdan onları yemişdilər.

Yaponiyada həyat yoldaşımın ata evində qonaq qalarkən otağın küncündə ənənəvi yapon evlərinə xas vəfat etmiş əjdadlar üçün kiçik xatirə ehramını nəzərdən keçirirdim.  Gözüm divarda asılmış hərbi uniformalı gənc oğlanın ağ-qara şəklinə dəydi.  İmkan tapanda yoldaşımın babasından həmin o divardakı şəklin kimə məxsus olduğunu soruşdum.  “O, mənim qardaşımdır.  1942-ci ildə Filippində amerikalılar tərəfindən öldürülüb,” Masakazu san dilləndi.  Samuray nəslindən çıxmış baba özü də müharibə veteranı idi.  17 yaşında ikən Donanma Hava Qüvvələrində potensial kamikaze təlimi almış Masakazu san təyyarə çatışmazlığı üzündən Koreya sahillərində yapon hərbi qayığında xidmət etməyə göndərilmişdi.  Gəmi ekipajına verilən əmrə əsasən ABŞ-a məxsus istənilən dəniz obyekti görən kimi bomba dolu qayığı həmin obyektə çırpmalı idilər.  Xoşbəxtlikdən, növbə Masakazu sana çatmazdan öncə atom bombasının şokundan özünə gələ bilməyən Yaponiya silahı yerə qoydu.

Masakazu Sakakibara (1927-2009). Müharibə qurtardıqdan sonra doğma Hokkaydoya qayıdan Masakazu san evlənir, dörd övlad böyüdür və şimali Sakit Okean sahilində uğurlu süd biznesi qurur.

Masakazu Sakakibara (1926-2009). Müharibə qurtardıqdan sonra doğma Hokkaydoya qayıdan Masakazu san evlənir, dörd övlad böyüdür və şimali Sakit Okean sahilində uğurlu südçülük biznesi qurur.

Maraqlıdır ki, müharibə təcrübəsinə, öz doğma qardaşını itirməsinə baxmayaraq yaxın ətrafda Masakazu san kimi amerikapərəst ikinci adam tapmaq çətin olardı.  “İndiki nəsil yaxşı başa düşmür,” bir dəfə o mənə danışdı. “Müharibədən əvvəl də, müharibə vaxtı da biz daim ac-yalavac idik. Yeməyə düyü tapılmırdı.  Hökumətimiz az qala Asiyanın yarısını idarə edirdi, amma sadə yaponlar səfalət içində yaşayırdılar.  MakArtur (söhbət Yaponiyanın müharibədən sonrakı de-fakto idarəçisi olmuş ABŞ Generalı Duqlas MakArturdan gedir) bizə konstitutsiya gətirdi, demokratiya gətirdi. Amerika bizi dirçəltdi.”  Masakazu sanın atası Masaciro samuray sinfi ləğv edildikdən sonra şimali Hokkaydo adasına köçərək orada özünə yurd salanda yəqin yaraq-əsləhə ilə birdəfəlik vidalaşdığını güman edirdi.  Onun ağlına da gəlməzdi ki, ərsəyə gətirdiyi 9 övladdan 5-i müharibədə savaşmalı olacaq.

Bir vaxtlar az qala militarizmin simvoluna çevrilmiş Yaponiya bu gün dünyanın ən sülhpərvər millətlərindən biridir.  Qismən amerikalılar tərəfindən yazılmış konstitutsiyası bu ölkəyə hücum əməliyyatları aparmağı qadağan edir.  Məhz bu səbəbdən indiyədək Yaponiya ordusu yüksək döyüş qabiliyyətinə və texniki imkanlarına baxmayaraq “Özününmüdafiə Qüvvələri” adlanır.  Dünyanın üçüncü ən iri iqtisadi qüdrəti olan bu millət həm də ABŞ-ın Asiyada ən yaxın dostu və müttəfiqidir. Müasir yaponlar dərk edirlər ki, yaxşı həyat qurmaq, firavan yaşamaq üçün ətrafdakı qonşularla müharibə etməyə, onun-bunun torpaqlarını zəbt etməyə lüzum yoxdur.  Bu dərsin bədəlini ötən əsrdə milyonlarla adam öz həyatları ilə ödəyib.