Markus Löninq: Almaniya Cənubi Qafqazı azad görmək istəyir

Posted August 17th, 2011 at 2:42 pm (UTC-4)
Leave a comment

Almaniyanın Azadlıq Naminə Fridrix Nauman Fondu “Azərbaycanda fərdi hüquq və azadlıqlar” mövzusunda dəyirmi masa keçirib. Azərbaycan hökumətinin insan hüquqları ilə bağlı siyasəti, siyasi və iqtisadi azadlıqlar ətrafında fikir mübadiləsi aparılıb.

TAPDIQ FƏRHADOĞLU

Almaniyanın Azadlıq Naminə Fridrix Nauman Fondu “Azərbaycanda fərdi hüquq və azadlıqlar” mövzusunda dəyirmi masa keçirib. Forumda Almaniya Hökumətinin İnsan Haqları və Humanitar Yardım üzrə müvəkkili Markus Löninq, Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle, müxalifətdə olan siyasi partiyaların liderləri, qeyri-hökumət və gənclər təşkilatlarının təmsilçiləri, ekspertlər iştirak edib. Azərbaycan hökumətinin insan hüquqları ilə bağlı siyasəti, siyasi və iqtisadi azadlıqlar ətrafında fikir mübadiləsi aparılıb.

“2005-ci il parlament seçkiləri dövründə ölkədə insan azadlıqlarının vəziyyəti indikindən daha yaxşı idi. İnsanlarla söhbətlərdən, media məqalələrindən aydın olur ki, Azərbaycanda iqtisadi inkişafla, insan hüquqları fərqli istiqamətlərdə inkişaf edir. Bu gün hətta, mənə dedilər ki, Azərbaycanda mövcud durumla bağlı tənqidlərə son qoymaq lazımdır. Çünki, tənqid ölkənin imicinə mənfi təsir edir”, – deyə Almaniya Hökumətinin İnsan Haqları və Humanitar Yardım  üzrə müvəkkili Markus Löninq qeyd edib.

Cənab Löninq əksinə, Azərbaycan nümayəndəsindən soruşub ki, digər ölkələrdən Azərbaycanda müsbət dəyişikliklər olduğunu necə görmək olar?  “Azərbaycanda insanlar Facebook-da məqalə dərc etdiyinə görə həbs edilir. Müxalifət partiyaları, məsələn Müsavat Partiyası şəhərin mərkəzində toplantı keçirmək istəyir, şəhərin kənarlarını göstərirlər. Sərbəst toplaşmaq istəyində olan insanlar həbs edilir. Bir sözlə, insanları öz hüquqlarını reallaşdırmaq istəyinə görə həbs gözləyir. Sizcə, belə ölkə xaricdən necə görünər? ”, – deyə o rəsmi nümayəndədən sual edib.

Müvəkkil Almaniyanın Bakının inkişafını daha çox arzuladığını bildirib. “Amma, bunun xatirinə insanı evindən çıxarmaq olmaz. Bu ifadəni eşidən kimi dedilər, aha, söhbət Leyla Yunusdan gedir. Bildirdilər ki, Leyla Yunus bütün dünyanı gəzib, Azərbaycan haqqında mənfi rəy yaradır. Mən cavab verdim ki, hökumət insan azadlıqlarına hörmət etməlidir. Hökumət anlamalıdır ki, azad, sərbəst iqtisadiyyatın inkişafı, fərdin azadlığından keçir. Azad olmayan insan iqtisadiyyatı necə azad edə bilər? Fərqli, yaradıcı fikrilər olmadan müzakirələr mümkün deyil. Müzakirələrsiz isə inkişaf yoxdur”.

Cənab Löninq eyni zamanda, azad fikirləri insanlara çatdırmaq imkanı olan azad medianın vacibliyini qeyd edib. “Azad və fərqli fikirlər ilk öncə mediada əks olunmalıdır. Televiziyalar, audio, çap mediası, internet azad olmadan fərqli fikirləri cəmiyyət haradan əldə edə bilər? Fərdin azadlığı üçün azad yaşayış şəraiti təmin edilməlidir”, – deyə o qeyd edib.

O insan hüquqları sahəsində bir sıra ölkələrdə gətirilən bəhanələrdən də danışıb. “Deyirlər gənc dövlətik, Sovet rejimindən sonrakı dövrü yaşayırıq, şərqlə-qərbin, Rusiya ilə İranın qovşağında yaşayırıq və s. Amma, bu bəhanələr artıq arxada qalıb. Doğrudur. Sovet rejimindən keçid ağırdır. Artıq, Sovet rejimi 20 il arxada qalıb və bir çox ölkələr demokratiya yoluna keçib. Şərqlə-qərb arasında yaşamaq isə problem deyil, fürsətdir. Çünki, bu həm qərbin, həm də şərqin təcrübəsinə bələd olmaq deməkdir. Bu fürsət keçidi daha da asanlaşdırmalıdır. Bir sözlə, hər zaman bəhanə düzgün deyil. Əzmkarlıq nümayiş etdirilməlidir. Dəyişikliyə ilk öncə cəmiyyətin daxilindən təkan olmalıdır. Təkan üçün isə əsas amillərdən biri ölkədə maliyyənin olmasıdır. Bu, Azərbaycanda var. Almaniya Azərbaycanda dəyişikliklərdə sizə hər zaman kömək etməyə hazırdır. Biz, dünyanın bu hissəsini, Cənubi Qafqazı azad görmək istəyirik”, – deyə o bildirib.

Müzakirələrdə Azərbaycan hökumətinin dəyişikliklərə hazır olmadığı bildirilib. “Azərbaycan hakimiyyəti korrupsiya üzərində qurulub. İslahat isə korrupsiya şəraitinin məhdudlaşdırılması deməkdir. Hökumətə yalnız, cəmiyyət ayağa qalxanda təsir etmək mümkündür”, – deyə Müsavat Partiyasının başqanı İsa Qəmbər qeyd edib.

Siyasi məhbus məsələsi də diqqət mərkəzində olub. “Azərbaycanda siyasi məhbus məsələsi dövlət siyasətidir. Son 18 ildə ölkədə hər gün siyasi məhbus olub. Sadəcə, 3 nəfər həbsdən azad edilir, əvəzində 5 nəfər həbs edilir. İctimai Palatanın son 2 Aprel mitinqindən sonra 17 nəfər müxalifət fəalı həbs edilib. Onların arasında 6 nəfər gənclər təşkilatlarının aparıcı fəalı var”, – deyə AXCP sədri Əli Kərimli qeyd edib.

Müxalifət liderləri, həmçinin hüquq müdafiəçiləri Avropa Şurasının Azərbaycanda siyasi məhbus üzrə məruzəçisi, Almaniya bundestaqının deputatı Kristofer Ştrasserin iki il ərzində Azərbaycana gələ bilməməsinə diqqəti yönəldib. “Doğrudur Azərbaycan məruzəçinin gəlməsinə imkan yaratmır, amma cənab Ştrasser də Azərbaycana gəlmək üçün əzmkarlıq göstərmir. Bununla bağlı Almaniya bundestaqında məsələ qaldırılmalıdır. Eyni zamanda, Avropa Şurası ya məruzəçini geri çağırıb, yenisini təyin etməli, ya da Azərbaycanın Avropa Şurasının qərarına tabe olmadığını bəyan etməlidir”, – deyə Müsavat başqanı İsa Qəmbər qeyd edib.

Çıxışlarda Avropa qurumlarının Azərbaycanda artıq nüfuzunu itirdiyi qeyd edilıb. Yalnız, Avropa Məhkəməsinin hökumətə təsir imkanları var. “Avropa Məhkəməsi nizamnaməsinə uyğun olaraq Azərbaycanda siyasi məhbuslarla bağlı məsləyə növbədən kənar baxmalıdır”, – deyə cənab Kərimli bildirib.

Ekspertlər ölkədə iqtisadi azadlıqların olmadığını, iqtisadiyyatın və bazarın məmurların monopoliyasında olduğunu diqqətə çatdırıb.

Almaniya hökumətinin İnsan Haqları və Humanitar Yardım üzrə müvəkkili Markus Löninqin həbsxanada fəal Bəxtiyar Hacıyevə baş çəkməsinə icazə verilməməsi barədə bəyanatı barədə Amerikanın səsi radiosunun sualının cavabında Azərbaycanın ombudsmanı Elmira Süleymanova deyib ki, bu məsələni aydınlaşdırmağa çalışır. “Əgər həqiqətən belədirsə, bu, xoşagəlməz hadısədir”.

O, AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kriştof Ştrasserin Azərbaycana səfərinə icazə verilib-verilməməsi ilə bağlı deyib ki, məruzəçilərin dəvət olunması hökumətin səlahiyyətindədir.

Mülkiyyət hüquqlarının pozulması və vətəndaşların evlərinin sökülməsinə gəlincə, xanım  Süleymanova bildirib ki, bu sahədə çoxlu şikayət var. “Lakin bir çox halda bu, məhkəmələrin qərarı ilə baş verir”- deyə o qeyd edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

BLOGLAR