Bəzi fars, kürd, ərəb qrupları da azərbaycanlıların şənbə gününə planlaşdırdıqları nümayişləri dəstəkləyir

Posted September 1st, 2011 at 2:28 pm (UTC-4)
Leave a comment

Urmiyə və Təbrizdə ailələr  27 Avqustda keçirilən nümayişdə itkin düşən qohumlarını axdarmağa davam etdikləri bir zamanda, İran Azərbaycanlılarının gələn şənbə günü Qərbi və Şərqi Azərbaycan  vilayətlərinin irili-xırdalı şəhərlərində əlavə nümayişlərə hazırlaşdığı bildirilir. Bu arada kürdlər və ərəblərə əlavə olaraq bəzi fars qrupların və Yaşıl hərəkatın da azərbaycanlıların tələblərini dəsdəklədiyi bildirilib və bəzi müxalif fars qruplar bu istiqamətdə bəyanat yayıblar.  İran hökümətinə müxalif  bəzi qruplar  isə  azərbaycanlıların İran Parlamentinin Urmiyə gölü barədə qərarından siyasi və  bölücülük məqsədləri ilə istifadə etdiklərini irəli sürüb. Xaricdəki bəzi İran qrupları da cümə və Şənbə günləri azərbaycanlılara dəsdək üçün  İran səfirlikləri qarşısında nümayiş keçirəcəklərini bildiriblər.

İNSAFƏLİ HİDAYƏT

Qərbi Azərbaycanın paytaxtı Urmiyə şəhərində Urmiyə gölünün quruması ilə bağlı keçirilən etiraz numayişlərində tutulanlardan 150 nəfər azad edilib. Bu barədə yerli sakinlər bildirib. Ancaq, xəbər rəsmi və müstəqil xəbər agentlikləri tərəfindən təsdiqlənməyib və İran rəsmiləri bu barədə hər hansı məlumat vermir. Tutulan fəallar haqqında Şərqi və Qərbi Azərbaycan radio və televiziyalarında təhqir edici ifadələrin işlədildiyi bildirilir. Azərbaycanlı siyasi, mədəni və ətraf-mühit fəalları iddia edir ki, avqustun 27-dəki etiraz nümayişləri zamanı 300-dən çox adam tutulub.

Fransada yaşayan,  sosioloq  Səyid Peyvəndi iddia edir ki, Urmiyə gölü Şərqi və Qərbi Azərbaycanlılar üçün milli kimlik məsələsidir və bu etirazların kökündə siyasi və ictimai məsələləri tapmaq olar: “Məhz, bu səbəbdən azərbaycanlıların reaksiyası həddən artıq güclü olub. Əslində, azərbaycanlılar ədalətsizlik qarşısında etirazlarını bildirir”.  Məlum olduğu kimi mümayişlər  İran Parlamentinin Urmu gölünün xilas edilməsi üçün gölə  yaxınlıqlardakı çaylardan su gətirilməsi barədə azərbaycanlı millət vəkillərinin təklifini qəbul etməməsindən sonra başlayıb.

Bu arada, azərbaycanlılar sentyabrın 3-də İranın Azərbaycan şəhərlərində aksiyaları davam etdirməyi planlaşdırır. Onlar ümid edir ki, prezident Mahmud Əhmədinejad etiraz nümayişlərindən sonra Qərbi Azərbaycana nəzərdə tutulan səfəri zamanı Urmiyə gölünə su gətirmək layihəsinə diqqət yetirəcək.

Amma, İran prezidentinin güman edilən səfəri və məsələyə müdaxilə edə biləcəyi barədə söz-söhbətlər  azərbaycanlıların aksiyaların davam etdirilməsi ilə bağlı çağırışlarını dayandırmayıb. Bununla bağlı  İran Azərbaycanının müxtəlif şəhərlərində xalqa müraciət və bəyanat yayılır. Azərbaycanlı siyasi fəallar Təbriz, Ərdəbil, Urmiyə, Parsabad, Muğan və digər şəhərlərdə Şənbə günü əhalini nümayişə çağıran bəyanatları yayanlar isə tutulub. Bu arada Təbrizin Traktor futbol komandasının tərəfdarları adından da bir bəyanat yayılıb. Bəyanatda, futbol azarkeşləri şənbə günü insanları Təbrizdə etiraz aksiyasına qoşulmağa çağırır. Etiraz nümayişlərinin təşkilatçıları Urmiyə şəhərində “Kaşani”, “Ətayi”, “Besət”, “Xəyyam” və “İmam” xiyabanları, “Əyalət” və “Vilayəti Fəqih” meydanlarında nümayişlər keçirməyi planlaşdırır.  Amerikanın səsinin aldığı məlumata görə Tehranda azərbaycanlılar “İmam Hüseyn” və “Azadi” meydanı arasında etiraz nümayişi keçirməyi nəzərdə tutur. Bu arada İran Azərbaycanının böyük şəhərlərinə əlavə olaraq Sərab kimi kiçik şəhərlərdə  də etirazlara hazırlıq gedir.

İran azərbaycanlıları  e-mail, internet saytlarında yerşəşdirdikləri bəyanatlar və sosial şəbəkələr vasitəsi ilə bəzi xarici ölkələrdə də iranlıları aksiyalara çağırır.

İsveçdə  yaşayan azərbaycanlılar Gutenberg şəhərində  sentyabrın 4-də  nümayiş  keçirəcək. Türkiyənin Ankara şəhərində İran səfirliyi qarşısında  piket olacaq. Bakı şəhərində yerləşən İran səfirliyi qarşısında  dünən etiraz aksiyası keçirilib və yeni etirazların olacağı elan edilib.

İranda bəzi fars qrupları da bəyanat yayaraq  azərbaycanlıların tələblərini müdafiə etdiklərini bildirərək tərəfdarlarını aksiyalarda iştiraka çağırıblar. Həmçinin bəzi  kürd və ərəb qrupları da azərbaycanlıların etirazlarını himayə etdiklərini bildiriblər. Bu arada Yaşıl Hərəkatla bağlı internet saytlarında yayılan bəyanatlarda  azərbaycanlıların elan etdiyi, nəzərdə tutulan, əlavə etiraz aksiyalarının himayə olunduğu bildirilib.

Həmin  qrupların azərbaycanlıların etirazlarına dastəklərini bildirmələrinə baxmayaraq  başqa bir müxalid qrup “İran Milli” adlı siyasi təşkilatın xarici bölməsi yaydığı  bəyanatında “bölücülük siyasətini” xatırladıb və  Urmiyə gölü problemindən  bölücülük məqsədi ilə bəhanə kimi istifadə olunduğunu  irəli sürüb.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

BLOGLAR

RSS Xəbərlər