Amerikada yaşayan azərbaycanlıların şəbəkəsi olan USAN Birləşmiş Ştatlarda Xocalı faciəsinə siyasi qiymət verilməsi məqsədilə yeddinci məktub kampaniyası keçirir. Təşkilatın USAN və ABŞ-dakı türkləri birləşdirən USTN qrupunun üzvlərinə göndərdiyi məktubda Xocalı hadisələrinin tanınması istiqamətində aparılan səylər nəticəsində Amerika Birləşmiş Ştatlarının ayrı-ayrı ştatlarının parlamentləri səviyyəsində sənədlərin qəbul edildiyi vurğulanır.
“Sizin dəstəyiniz sayəsində biz ABŞ-da ilk dəfə olaraq Xocalı qırğınının tanınması ilə əlaqədar Texas, Meyn, Massaçusets və Nyu Cersi ştatlarının qanunvericilik orqanlarının qətnamələri və qubernator səviyyəsində bəyannamələr verilməsinə nail ola bilmişik”-deyə müraciətdə bildirilir.
Məktubda Amerika azərbaycanlılarının keçən il Ağ Evin veb səhifəsində Xocalıya dair petisiya kampaniyası qeyd edilir. Petisiya prezident Barak Obama administrasiyasının Xocalı qətliamı və onun qurbanlarını anması, eləcə də müharibə cinayətlərini tanıması məqsədilə yerləşdirilmişdi. “Bir ay ərzində 126 mindən çox imza aldıq, bu, regionumuzla bağlı hər hansı bir petisiya üçün rekord sayda imza idi. Əsilndə, petisiya həmin vaxt Ağ Evin veb səhifəsində yerləşdirilmiş ən populyar petisiya olmuşdu”-deyə məktubda bildirilir.
USAN və USTN təşkilatları icma üzvlərini Xocalı hadisələrinin tanınması üçün yaşadıqları ştatların qanunvericilik orqanları və ABŞ Konqresində onların ştatlarını təmsil edən qanunvericilər, eləcə də mətbuat üzvlərinə müraciət etməyə çağırıb.
Diaspor təşkilatları hər il Birləşmiş Ştatlar Konqresinin üzvləri, yerli hökumət və media nümayəndələrinə Xocalı hadisələri ilə bağlı məktublar göndərir, yerli mətbuat orqanlarında məqalələrlə çıxış edir.