ABŞ-da yaşayan həmvətənlərimiz Novruz şənliklərinə hazırlaşır. Novruz təqviminə hər gün yeni tədbir əlavə olunur.
Paytaxt Vaşinqton, Virciniya və Merilend ştatlarında yaşayan qadınların təşkilatı AWA martın 13-də uşaqlar üçün Novruz şənliyi təşkil edir. Xanımlarımız balacalar üçün xonçalar hazırlayacaq, uşaqlara Novruz ənənəsi haqda məlumat verəcək. AWA qrupunun üzvü Rəna Məmmədli bizə bildirdi ki, uşaqların Novruzun adətlərini bilməsi üçün onlara səməni qoymaq və yumurta boyamaq öyrədiləcək. “Balacalar rəngli boyalarla baharı təsvir edən rəsmlər çəkəcək, Azərbaycan rəqslərini ifa edəcəklər, təbii ki yumurta da döyüşdürəcəklər. Novruz adətlərinin yaşaması və onlara əməl olunması uzaq Amerikada uşaqlarımız üçün bir məktəbdir.” –deyə Rəna Məmmədli bildirdi.
Tədbir Virciniyada, Aleksandriya şəhərində keçiriləcək.
Təşkilat haqda informasiyanı aşağıdakı linkdə tapa bilərsiniz.