ABŞ azərbaycanlılarının şəbəkəsi USAN-ın həmtəsisçisi Bədir Məmmədli Amerikanın xarici yardımı ilə bağlı məktub kampaniyasını şərh edir

Posted August 1st, 2011 at 3:14 pm (UTC-5)
Leave a comment

İyulun 27-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində 2012-ci il üçün Xarici Əlaqələrin Sanksiyalaşdırılması Aktı üzrə müzakirələr keçirilib. Alt komitə ABŞ Dövlət Departamentinin bir sıra proqramları, habelə xarici yardımları nəzərdə tutan bu qanun layihəsini müzakirə üçün Təxsisatlar komitəsinə təqdim edib. Avqustun 3-də komitə tam tərkibdə ABŞ-ın xarici yardımlarının həcmi ilə bağlı müzakirələrdən sonra sənədi səsverməyə qoyacaq.

Amerikada fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları, Azərbayca-türk icmasının üzvləri bu sənəddə ABŞ-ın Ermənistana və Dağlıq Qarabağa yardımı ilə bağlı müddəalarına münasibətini bildirərək, məktub kampaniyası keçirib.

İyulun 27-də alt komitədə qəbul edilmiş sənəddə Ermənistana yardımın azaldılaraq 60 milyon dollardan 40 milyon dollara çatdırılması və Dağlıq Qarabağa birbaşa yardım deyil, tərəflər arasında etibarın yaradılması və münaqişənin sülh yolu ilə həllinə yönəlmiş layihələr üçün maliyyə ayrılması haqda qərar çıxarılıb.

Amerika azərbaycanlılarının Konqres üzvlərinə ünvanlandığı məktublarda deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin qurbanları üçün nəzərdə tutulmuş hər hansı bir yardım yerlərindən didərgin düşmüş azərbaycanlılara da şamil edilməli, Ermənistana verilən yardım isə xüsusi maraqlar deyil, ABŞ-ın xarici siyasət prioritetləri nəzərə alınaraq ayrılmalıdır.

ABŞ-da azərbaycanlıların şəbəkəsi USAN-nın həmtəsisçisi Bədir Məmmədli məktub kampaniyasının təsirli olduğu deyir. O bildirib ki, məsələ ilə bağlı ABŞ qanunvericilərinə minlərlə məktublar göndərilib, Amerika mətbuatında onlarla məqalə dərc edilib, USAN və ABŞ-da fəaliyyət göstərən digər diaspor təşkilatlarının nümayəndələri alt komitəyə yazılı şəkildə rəylər göndərib.

“Sözsüz ki, bir sıra faktorlarla yanaşı məktub kampaniyasının da təsiri az olmadı. Biz bunu konqresmenlərdən gələn cavablardan hiss edirik. Onlar bizə yazırdı ki, əgər belə bir məsələ qaldırılsa, sizin fikirlərinizi diqqət mərkəzində saxlayacayıq. Fəxrlə qeyd etmək istəyirəm ki, ABŞ azərbaycanlıları şəbəkəsinin bu işdə rolu az olmadı. Düzdür, burada başqa faktorlar da var. Məsələn, Amerikadakı bugünkü iqtisadi durumu qeyd etmək olar. Amma yenə də qeyd etmək istəyirəm ki, məktub kampaniyası, konqresmenlərlə getdikdə artan sıx əlaqələr buna öz təsirini göstərməyə bilməzdi”-deyə Bədir Məmmədli AzeriDiaspora saytı üçün bildirib.

Bədir Məmmədli ilə müsahibəni təqdim edirik.

Dilşad Əliyarlı:Konqres Amerika ictimaiyyətinin fikrini əks etdirir. ABŞ Konqresində Azərbaycanla bağlı məsələlərə diqqət hansı səviyyədədir? Azərbaycan icmasının üzvləri Konqresdə, xüsusilə də Azərbaycan üzrə İşçi Qrupla hansı əlaqələr yarada bilib?

Bədir Məmmədli: Biz ilk öncə çalışırıq ki, bu qrupda konqresmenlərin sayı artsın. Buna müəyyən mənada nail olmuşuq. Əgər son 5-6 ilə nəzərə salsaq görərik ki, İşçi Qrupun üzvlərinin sayı artıb və qrupa bir neçə yeni konqresmen daxil olub. Məhz bu İşçi Qrup sayəsində Konqresdə Azərbaycan haqqında daha çox məlumat var. Yəni, Azərbaycanın Amerika üçün artan rolu, Azərbaycanın təhlükəsizlik sahəsində atdığı addımlar məhz bu qrupun vasitəsilə Konqresin diqqətinə çatdırılır. Yenə də qeyd etmək istəyirəm ki, əgər son 10 ilə nəzər salsaq görərik ki, Konqresdə Azərbaycanla bağlı mühit tam başqadır.

Sual: Bədir bəy, diaspor üzvləri mütəmadi olaraq Konqresdə qanunvericilərlə görüşlər keçirirmi? Xüsusilə onların yaşadığı ştatlarda qanunvericilərlə görüşlər olurmu?

Cavab: Sözsüz ki, biz bunu edirik. Bəzən bu görüşlər rəsmi şəkildə keçirilir, bəzən də fərdi şəkildə olur. Məsələn, hər hansı bir soydaşımız yaşadığı dairədə öz konqresmeni ilə görüşür, iradlarını, fikirlərini ona bildirir. Eyni zamanda, bir təşkilat olaraq ABŞ azərbaycanlıları şəbəkəsinin direktorlar şurası müntəzəm olaraq konqresmenlərlə müxtəlif tədbirlərdə görüşür. Yəni şərt deyil ki, biz onlarla təkbətək görüş təşkil edək. Lakin biz Amerikada bəzi ictimai tədbirlərdən yararlanmağa çalışırıq. Məhz bu tədbirlərdə biz çalışırıq ki, konqresmenlərlə bir neçə dəqiqəliyə də söhbət edək. Biz onlara Azərbaycan haqqında məlumatlar çatdırırıq, azərbaycanlı seçicilər, Azərbaycan mənşəli amerikalıların rəylərinin nəzərə alınmasını onlardan xahiş edirik.

SUAL: Konqresmenlərin Azərbaycanla tanışlıq səviyyəsi nə dərəcədədir?

CAVAB: Bu sahədə böyük müsbət dəyişikliklər var. ABŞ qanunvericilərinin bir neçə illə müqayisədə indi Azərbaycan haqda daha çox məlumatı var. Məlumatdan əlavə, Amerika konqresmenlərinin Azərbaycana səfərlərinin şahidi olmuşuq. Məsələn, bu yaxınlarda Azərbaycan İşçi qrupunun rəhbəri konqresmen Bil Şuster və onunla bərabər başqa konqresmenlərin Azərbaycana səfərini qeyd edə bilərik. Təşkil etdiyimiz müxtəlif tədbirlərdə biz təkcə konqresmenlər deyil, onların ofislərində çalışan məsul işçilərdən dəfələrlə eşitmişik ki, onlar Azərbaycanla maraqlanırlar və fürsət düşdükdə Azərbaycana səfər edəcəklər.

SUAL: Bədir bəy, siz USAN-ın təsisçilərindən birisiniz. USAN öz işini hansı istiqamətlərdə aparır?

CAVAB: USAN-ın əsas fəaliyyəti ilk növbədə ABŞ-da yaşayan azərbaycanlıları, Azərbaycan mənşəli Amerika vətəndaşlarını maarifləndirmək, onları Amerikanın siyasi həyatına daha yaxından cəlb etmək və Azərbaycanın maraqlarının Amerikada çatdırılması üçün onların iştirakına kömək etməyə yönəlib. Bu da onun əsas fəlaiyyətlərindən biridir.

SUAL: Şəbəkə nə qədər insanı birləşdirir?

CAVAB: Dəqiq say haqda məndə indi məlumat yoxdur. Amma əgər qrupun elektron məktub siyahısına nəzər salsaq görərik ki, bu rəqəm on minlərlə ölçülür. Qrupa üzvlərin sayı hər il getdikcə artır. Təkcə azərbaycanlılar deyil, türkdilli icmanın üzvlərinin də sayı getdikcə artır.

SUAL: Bədir bəy, Azərbaycan icmasının üzvləri daha çox hansı ştatlarda yaşayır. Bu icma nə qədər böyükdür? Başqa icmalarda olduğu kimi Azərbaycan icmasının üzvləri arasında kompakt haradasa yaşayanlar varmı? Elə bir ştat varmı ki, orada azərbaycanlılar daha çoxdur?

CAVAB: Amerikada belə ştatlar və inzibati dairələr var. Bir sıra ştatları buna misal göstərmək olar. Azərbaycanlıların ən çox kompakt yaşadığı şəhərlər arasında Nyu-York və onun ətrafındakı qəsəbələri, Texas ştatında Hyuston şəhərini və Kaliforniya ştatında Los-Anceles şəhərini göstərmək olar. Bunlar azərbaycanlıların uzun müddətdir kompakt yaşadığı yerlər hesab edilir. Amma bu siyahıya getdikcə daha çox ştat və şəhər əlavə olunur. Məsələn, indi Bostonda azərbaycanlıların sayının artdığı haqda bizdə məlumatlar var. Şimali Karolina, Missisipi, Tennessi, İndiana və İllinoys kimi ştatları da göstərmək olar.

SUAL: Bu il Texas ştatında Azərbaycan icması rəsmi olaraq ştatın parlamenti tərəfindən tanındı. Bunun başqa ştatlarda da baş verəcəyini gözləmək olarmı?

CAVAB: Bəli, bunu gözləmək olar. Digər ştatlarda da Azərbaycan diasporunun tanınması üçün biz səylərimizi dayandırmırıq və çalışacağıq ki, azərbaycanlıların kompakt yaşadığı ştatlarda buna nail olaq.

SUAL:USAN Amerika və Azərbaycan arasında münasibətlərin yaxşılaşdırılması üçün hansı işləri görür?

CAVAB: Görüləsi işlər çoxdur. Bizim qarşıda böyük planlarımız var. Yəni bizim gördüyümüz və görüləsi işlərimiz var. Biz çox istəyirik ki, Azərbaycan və Amerika arasında münasibətlər daha möhkəm, daha mehriban olsun, getdikcə inkişaf etsin. Əsas məqsədimiz budur. Bu işlər içərisində Azərbaycanın strateji tərəfdaş kimi artan rolunun Amerika ictimaiyyəti, Konqres və Amerika mətbuatının nəzərinə çatdırılmasını qeyd etmək istəyirəm. Fəaliyyətimizin daha bir istiqaməti isə erməni lobbisinin təsirinin azadılmasından ibarətdir. Erməni lobbisinin Azərbaycana qarşı böhtan kampaniyasını zəiflətmək, onu neytrallaşdırmaqdır. Biz konqresmenlərlə görüşlərimizdə onların nəzərinə çatdırırıq ki, biz onlardan yardım istəmirik, sadəcə, Amerikanın strateji maraqlarını nəzərə alaraq, Azərbaycanın gördüyü işlərə qiymət verilməsini istəyirik.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>