Birləşmiş Ştatlarda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Elin Süleymanovun Azərbaycanın Amerika Birləşmiş Ştalarında Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsinə təyin edilməsini böyük razılıq hissi ilə qarşılayıb.
ABŞ və Kanadada fəaliyyət göstərən Amerika-Azərbaycan Şurasının açıqlamasında Elin Süleymanovun Azərbaycan Respiblikasının Los Ancelesdə baş konsulu kimi çalışdığı müddətdə ABŞ-Azərbaycan münasibətlərinin inkişafı istiqamətində xidmətləri göstərilir. “Azərbaycanın ABŞ-ın 13 ştatında təmsilçisi kimi Elin Süleymanov ABŞ və Azərbaycan arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin inkişaf etdirilməsi istiqamətində və Amerikanın qərb ştatlarında Azərbaycan haqda biliklərin artırılmasında fəaliyyət göstərmişdir”-deyə açıqlamada qeyd edilir.
Amerikadakı digər Azərbaycan və türk diaspor təşkilatları da Elin Süleymanovun Azərbaycan Respublikasının ABŞ-dakı səfiri təyin edilməsi münasibətilə təbriklərini bildirir, onun yüksək peşəkar keyfiyyətlərə malik professional diplomat olduğunu qeyd edir.
Elin Süleymanov oktyabrın 26-da Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Birləşmiş Ştatlarda Fövqəladə və Səlahiyyətli səfiri təyin edilmişdir. Cənab Süleymanov Toledo universitetini və Taft universitetində Fletçer Diplomatiya məktəbini bitirib. O, 2006-cı ildən Azərbaycan Respublikasının Los Ancelesdə baş konsulu olmuşdur.