ABŞ-dakı Azərbaycan diaspor təşkilatları Nümayəndələr Palatasında Türkiyəyə dair qərara etiraz bildirir

Posted December 16th, 2011 at 4:03 pm (UTC-5)
Leave a comment

Amerikadakı Azərbaycan diaspor təşkilatları icma üzvlərinə göndərilən məktublarda Konqresin Nümayəndələr Palatasının ümumi iclasında Türkiyədə xristianların irsinin qorunması və kilsələrin qaytarılmasına çağıran layihənin qəbul edilməsilə bağlı mövqelərini bildirib.

Amerika-Azərbaycan Cəmiyyəti, Amerika-Azərbaycan Şurası və Pax Turcica institutu ABŞ-dakı türk təşkilatlarına qoşularaq, Nümayəndələr Palatasının 306 saylı qətnaməsini pisləyib. Onların icma üzvlərinə göndərdiyi müraciətdə deyilir ki, sənəd Birləşmiş Ştatlar və iqtisadiyyatı durmadan inkişaf edən regional lider və NATO üzrə etibarlı tərəfdaş olan Türkiyə arasında münasibətlərə zərər vura bilər.

ABŞ azərbaycanlılarının şəbəkəsi USAN-ın icma üzvlərinə ünvanladığı müraciətdə isə Nümayəndələr Palatasında kaliforniyalı konqresmenlər Hovard Berman və Edvard Roysun sponsorluq etdiyi sənəddə Türkiyənin xristian məbədləri dağıtmaqda yanlış olaraq ittiham edildiyi bildirilir. USAN Azərbaycan icmasının üzvlərini Amerikadakı türk icmaları ilə həmrəylik göstərərək, Konqres üzvlərinə qətnamənin qəbul edilməsilə bağlı narazılıqlarını ifadə etməyə çağırır.

Xatırladırıq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası ümumi iclasında Türkiyədə xristianların irsinin qorunması və kilsələrin qaytarılmasına çağıran layihəni səsverməyə qoyaraq onu təsdiq edib.

Layihəni Konqresə təqdim edən Kaliforniya ştatından respublikaçı qanunverici Ed Roys və Kaliforniya ştatından Demokrat qanunverici Hovard Berman sənədin lehinə, KonqresdəTürkiyə üzrə İşçi qrupun həmsədri Ed Vitfild isə onun əleyhinə səs verib. 435 qanunvericinin təmsil olunduğu Nümayəndələr Palatasında səsvermədə yalnız üç konqres üzvü iştirak edib.

Konqresmenlər Hovard Berman və Ed Roys Türkiyədə din azadlıqlarının pozulduğunu, KonqresdəTürkiyə üzrə İşçi qrupun həmsədri Ed Vitfild isə Türkiyədə bu sahədə inkişaf olduğunu bildirib.

Səsvermədən öncə ABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları türk diaspor təşkilatarına qoşularaq sənədin Nümayəndələr Palatasında səsverməyə çıxarılmasına qarşı kampaniya keçirib.

Türkiyə Xarici İşlər Nazirliyi Nümayəndələr Palatasında səsvermə ilə bağlı bəyanat verərək, sənədin cəmi üç qanunvericinin səsi ilə qəbul edilməsinin məsələyə marağın nə dərəcədə az olduğunu göstərdiyini bildirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>