ABŞ azərbaycanlıları:vitse-prezident Baydenlə görüş Amerikanın Azərbaycana və Türkiyəyə verdiyi əhəmiyyətin göstəricisidir

Posted April 27th, 2012 at 1:09 pm (UTC-5)
Leave a comment

Aprelin 27-də Amerikada Azərbaycan və türk icmasının üzvlərinin Birləşmiş Ştatların vitse-prezidenti Cozef Baydenlə görüşü keçirilib. Bu, Azərbaycan icmasının ABŞ-ın vitse-prezidenti ilə ilk belə görüşüdür. Görüş Vaşinqtonda ABŞ-Azərbaycan münasibətlərinin 20 illiyi münasibətilə iki günlük konfransın ardınca keçirilib.

Vitse-prezident Co Bayden Amerikada bu il seçki ilində ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrini təmsil edən icma üzvlərinin dəstəyinin əhəmiyyətini vurğulayıb. O, Türkiyə və Azərbaycanın ABŞ-ın mühüm tərəfdaşları olduğunu deyib və Amerikada yaşayan türk və Azərbaycan icmasının üzvlərinin ölkənin həyatında oynadıqları rolu və verdikləri töhfələrə yüksək qiymət verildiyini bildirib. Görüşə ABŞ-ın Virciniya, Merilend, Florida, Texas və digər ştatları, habelə Vaşinqton şəhərində yaşayan azərbaycanlılar və türklər, ABŞ-Azərbaycan konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri qatılmışdı. Azərbaycan və türk diaspor təşkilatları və icma üzvləri vitse-prezidentlə görüşə yüksək qiymət verərək, bunun Amerikanın Türkiyə və Azərbaycana verdiyi əhəmiyyətin göstəricisi olduğunu bildirib.

ABŞ azərbaycanlıların şəbəkəsi USAN-nın həmtəsisçisi və Cənub bölgəsinin direktoru Yusif Babanlı Vaşinqtonda iki gün sürən konfransa yüksək səviyyəli Amerika rəsmiləri, ABŞ-ın keçmiş və hazırkı administrasiyasının nümayəndələri, çox sayda konqresmen və senatorun qatılmasının buna sübut olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan Amerikanın yaxın dostu və tərəfdaşı kimi çıxış edir, öz növbəsində ABŞ-da yaşayan azərbaycanlılar cəmiyyətə inteqrasiya edərək, ölkənin həyatında yaxından iştirak etməyə çalışır.

ABŞ-ın Meyn ştatında yaşayan Tərlan Əhmədov deyir ki, vitse-prezidentin Türkiyə və Azərbaycanın Amerika üçün əhəmiyyətini bu şəkildə vurğulaması icma üzvləri tərəfindən böyük dəstək kimi qəbul edilir. Onun sözlərinə görə, o bu görüşü ABŞ-da Azərbaycana diqqətin getdikcə artdığının təzahürü olduğunu hesab edir. Tərlan Əhmədov bildirib ki, vitse-prezident Baydenin Azərbaycan icma üzvlərilə görüşü Amerika rəsmilərinin azərbaycanlı seçicilərin səsinə qulaq asdığının, onların istəklərinin nəzərə alındığının sübutu kimi qəbul edilməlidir.

Vitse-prezident Baydenin əvvəllər senator seçildiyi Delaver ştatında yaşayan azərbaycanlı rəssam Yavər Rzayev onun ştatda olduqca populyar bir siyasətçi olduğunu deyib. O deyib ki, Amerika siyasi establişmentində ikinci fiqur sayılan Cozef Baydenin çıxışı Azərbaycan və ABŞ arasında əlaqələrin daha da yaxınlışdığı haqda nəticə çıxarmağa əsas verir. Əslən Ağdamdan olan Yavər Rzayev Cozef Baydenin çıxışının onda bir ümid yaratdığını əlavə edib:”Vitse-prezidentin bizi, Azərbaycanı yaxın dost sayması Amerikanın Azərbaycanın problemlərinin həllinə daha artıq dəstək verəcəyinə ümidlərimizi artırır.”

ABŞ-ın vitse-prezidenti Cozef Baydenin Azərbaycan və türk icmasının üzvlərilə görüşü amerikalılar və avrasiyalıların şurası TCEA, ABŞ Azərbaycanlılarının şəbəkəsi USAN tərəfindən təşkil edilmişdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Kategoriyalar

  • No categories