ABŞ-da və Kanadada fəaliyyət göstərən Pax Turcica təşkilatının kampaniyası nəticəsində ABŞ-ın bir sıra ştatlarında 28 May Azərbaycanın Milli günü kimi tanınıb.
Azərbaycan Demokratik Respublikasının yaradılmasının 94-cü ildönümü münasibətilə diaspor üzvlərinə təbrik məktubunda bildirilir ki, müvəffəq kampaniyanın nəticəsi olaraq Amerika Azərbaycan Cəmiyyəti (ASA) ABŞ-da Azərbaycan Demokratik Respublikasının irsini qoruyub saxlayan ilk və yeganə Azərbaycan diaspor təşkilatı kimi tanınır.
Azərbaycanın Milli gününün tanınmasına dair sənədlər Nyu Cersi, Rod Aylend, Konnektikut, Nyu York və Kaliforniya ştatları tərəfindən qəbul edilmişdir. Sənədlər ABŞ-ın Nyu Cersi ştatının parlamentini spikeri Şeyla Oliver, Rod Aylend ştatının qubernatoru Linkoln Şafe, Konnektikut ştatının qubernatoru Dannel Malloy, Nyu York ştatının qubernatoru Endrü Quomo tərəfindən imzalanmışdır.
Bu sənədlərdə ADR-in müsəlman şərqində ilk demokratik dünyəvi respublika olduğu qeyd edilir, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək bildirilir, Qarabağ və Naxçıvanın Azərbaycanın tərkib hissəsi olduğu göstərirlir.
Bu il Amerika Azərbaycan Cəmiyyəti və Azərbaycan Amerika Şurasının səyləri nəticəsində Azərbaycanın Respubklika günü münasibətilə müxtəlif məqalələr də dərc edilmişdir.