Azərbaycanlı rəssam Yavər Rzayevin “Könlüm keçir Qarabağdan” sərgisi Florida ştatında nümayiş etdirilib

Posted July 22nd, 2012 at 3:14 pm (UTC-5)
Leave a comment

Florida ştatının Mayami şəhərində Azərbaycanlı rəssam Yavər Rzayevin “Könlüm keçir Qarabağdan” sərgisi nümayiş etdirilib.

Ağdamın işğalının 19-cu ildönümünə həsr edilmiş tədbir çərçivəsində keçirilmiş sərgidə ABŞ-da yaşayan Azərbaycan icmasının üzvləri və yerli rəsmi idarələrin nümayəndələri iştirak edib.

“Könlüm keçir Qarabağdan” sərgisi ilk dəfə olaraq ABŞ-ın Qarabağ Fondunun dəstəyi ilə paytaxt Vaşinqtonda göstərilib. Qarabağ Fondundan təklif alan rəssam sərgi üçün yeni şəkillər çəkmək qərarına gəlib və sərginin adını Səməd Vurğunun ölməz “Azərbaycan” şerinin misralarından götürüb.

Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi nəticəsində hazırda Ağdama gedə bilməyən Yavər Rzayev doğma torpağa xəyallarında və rəsmləri vasitəsilə səfər etdiyini deyir.

“Xəyalımda bir saniyənin içində uçdum Qarabağın üzərindən. Səməd Vurğunun hələ 5 yaşından əzbərlədiyim Azərbaycan şerindən parçanı düşündüm.

Könlüm keçir Qarabağdan,
Gah bu dağdan, gah o dağdan,
Axşamüstü qoy uzaqdan
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.

Bu misralarla xəyalım getdi Qarabağa. Uşaqlıq illəri məktəbimin pəncərəsindən gördüyüm Şahbulaq dağı, evimizdən piyada üç dəqiqəyə getdiyimiz Natəvan xanımın imarəti, Pənah xanın məqbərəsi, hamısı bir-bir xəyalımda canlandı. Qarabağı Cıdır düzü, Əsgəran qalası olmadan təsəvvür etmək mümkün deyil. Eskizlər üzərində işlədim və Qarabağ Fonduna da bildirdim ki, sərgi yeni əsərlərdən ibarət olacaq. Mövzu da Qarabağ mövzusudur.”

Əslən Ağdam şəhərindən olan Yavər Rzayev 2000-ci ildən ABŞ-da yaşayır. Onun rəsm əsərlərindən ibarət sərgiləri Amerikanın bir sıra şəhərlərində nümayiş etdirilib.

Yavər Rzayev Amerikada rəssam, dizayner, memar kimi fəaliyyət göstərir. Yaşadığı Delaver ştatının Rehoboth Biç şəhərinin sakinləri Yavər Rzayevin tikdiyi və dizayn etdiyi evləri yaxşı tanıyır. Ştatın və şəhərin qəzetlərində dəfələrlə Azərbaycanlı rəssam haqda məqalələr dərc olunub.

Amerikada yaşayan azərbaycanlı rəssamın sərgisi ABŞ və Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsi işinə daha bir töhfədir.

Yavər Rzayevin Vaşinqtonda “Könlüm keçir Qarabağdan” sərgisində Amerikanın səsinə müsahibəsini aşağıdakı videoda izləyə bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>