Amerika azərbaycanlıları kimə səs verir

Posted November 5th, 2012 at 3:18 pm (UTC-5)
Leave a comment


İradə Axundova, Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti.

Dilşad Əlyarlı: İradə xanım, siz illərdir Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidentisiniz və Azərbaycanla bağlı Texas ştatında geniş fəaliyyət aparırsınız. Bu il seçkidə sizin üçün ən önəmli mövzular hansılardır və siz hansı namizədə üstünlük verirsiniz?

İradə Axundova: Bilirsiniz, uzun illərdir assosiasiyamızın işi ilə əlaqədar konqresmenlər və senatorlarla görüşürük. Bu görüşlərdə əsas məqsəd Azərbaycanı təmsil etmək, Azərbaycanın siyasətini, Azərbaycanın hazırkı problemlərini geniş ictimaiyyətə çatdırmaqdır. Ona görə tam dəqiq kimi kimə üstünlük verdiyimizi demək mənim üçün çətindir. Çünki biz hər iki tərəflə, həm demorkatlar, həm də respublikaçılarla işləyirik. Texas amma bildiyiniz kimi respublikaçı ştatdır və burada respublikaçılar daha fəaldırlar. Respublikaçılar arasında Texas ştatından senatorlar Azərbacyanı dəstəkləyir. Əsas məqsədimiz Azərbaycanın problemlərini hər iki tərəfə çatdırmaqdır. Buna görə mən bu gün sizə kimə üstünlük verdiyimizi deyə bilmərəm. Bir amerikalı kimi mən əsas problem olan müharibəy son qoyulmasını istəyirəm, amma bir azərbaycanlı kimi mən istərdim ki, Azərbaycanla münasibətlər daha sıx olsun.

Dilşad Əlyarlı: İradə xanım, prezident seçiləcək namizəd və onun komandası, seçiləcək senatorlar və konqresmenlərlə işi davam etdirəcəksiniz və özünüz dediyiniz kimi, siz həm respublikaçı, həm demokrat namizədlərlə işləyirsiniz. Azərbaycanla bağlı, Azərbaycan-Amerika münasibətlərinin möhkəmləndirilməsi istiqamətində hansı işləri planlaşdırmısınız?

İradə Axundova: Əsas işlərdən biri odur ki, Azərbaycanı təmsil etmək, onlarla görüşmək. Son zamanlar Texasda Azərbaycan mədəniyyət mərkəzini açdıq. O mərkəzdə Texas Senatından Romni Ellis, Alma Allen, ABŞ Konqresindən qadın nümayəndə Şila Cekson Lii bizi təbrik edib onun açılışında iştirak etmişdilər. Mən istəyirəm ki, bu işi davam etdirək və fəal olaq. Həm amerikalı azərbaycanlı kimi, həm də cəmiyyətimizin əsas məqsədi Azərbaycanı Texasda təmsil etməkdir və mən əminəm ki, Hyustonda olan ABŞ azərbaycanlıları şəbəkəsinin daha bir nümayəndəsi Yusif Babanlı ilə bu istiqamətdə çox işləyirik, əlimizdən gələni edirik, etmişik və edəcəyik.

Con Nəimi Əmiral ABŞ-ın Virciniya ştatının Norfolk şəhərində yaşayır. Siyasətçi və iş adamı Con Nəimi Əmiral ABŞ Hərbi Dəniz Qüvvələrinin ehtiyat zabitidir. O, 2011-ci ildə Virciniya ştatının qubernatoru Bob Makdonnel tərəfindən Virciniya ştatının İnsan Hüquqları Şurasının üzvü təyin edib.Con Nəimi Əmiral Birləşmiş Ştatlar prezidenti seçiləcək namizədin Azərbaycanın işğal olunmuş ərazilərini azad edilməsi istiqamətində fəal siyasət yürüdəcəyinə, İranda yaşayan azərbyacanlılarının hüquqları məsələsinə önəm verəcəyinə inanır.

Dilşad Əlyarlı:Nəimi bəy, siz Amerikanın siyasi həyatında fəal iştirak edirsiniz. Bir neçə il bundan əvvəl siz namizədliyinizi Virciniya ştatının Konqresinə irəli sürmüşdünüz. Hazırda Virciniya ştatının insan hüquqları komissiyasının üzvüsünüz. Siyasi mənada bu seçkilər sizin üçün nə deməkdir? Siz hansı namizədə üstünlük verirsiniz?

Con Nəimi Əmiral: Builki seçkilər Amerika vətəndaşları və mən deəyrdim dünya üçün önəm daşıyır. Amerikalıların əksəriyyəti bu anda iqtisadiyyatı ən önəmli bir məsələ hesab edir. Ona görə də iqtisadiyyat bir nömrəli məsələdir. Eyni zamanda, sosial məsələlər də həmişəki kimi çox vacib bir rol oynayır. İmmiqrasiya məsələləri və bizlər üçün, yəni azərbaycanlı amerikalılar üçün əlbəttə ki xarici siyasət, Amerikanın Azərbaycana münasibəti çox önəmli məsələlərdən biridir, ən önəmli məsələlərdən biridir. Ümumilikdə, xarici siyasət, yəni Amerikanın Yaxın Şərq, Türkiyə, Rusiya ilə münasibətləri, bunların hamısının bizim üçün çox böyük əhəmiyyhəti var. Mən iqtisadiyyatla əlaqədar öz fikirlərimi bildirmək istəyirəm. Çünki bu məsələ bizim hamımız üçün vacibdir. Bildiyiniz kimi, son illər ərzində büdcə böhranları ərzində Amerikanın iqtisadiyyatında problemlər yaşanır, xarici borclar artır, artıq 16 trilyon dollara yaxınlaşır. Bunun nəticəsində amerikalılar arasında və eyni zamanda dünya biznes və iş admları adamları arasında Amerika iqtisadiyyatına inam müəyyən dərəcədə azalıb və bu da biznesin inkişafına mane olur. Amerikada bəzi bizneslər xarici ölkələrə köçürülür və orada biznesi davam etdirməyə çalışır. Bunun nəticəsində işsizlik artır və bu da son illər amerikalıların sosial rifah halının pisləşməsinə səbəb olub. Bunlar çox önəmli məsələlərdir. Bu baxımdan mən inanıram ki, Mitt Romni, respublikaçıların namizədi təcrübəlidir, keçmişdə qubernator olub, iş adamıdır, Amerikada qış Olimpiya oyunlarının təşkilinə rəhbərlik edib və çox yaxşı nəticələr qazanıb. Bu baxımdan mən Romniyə səs verməyi düşünürəm.

Qeyd etdiyim kimi, xarici siyasət bizlər üçün çox vacibdir, Azərbaycana münasibət olduqca vacibdir. Mən çox istəyərəm ki, prezident seçiləcək şəxs Azərbaycanla münasibətləri yaxılaşdırsın, Ermənistanın işğalçı dövıət olduğunu bəyan etsin, Azərbaycanın işğal olunmuş ərazilərinin işğaldan azad olunması üçün aktiv çalışsın və Azərbaycana bu mənada dəstək olsun. Eyni zamanda, xarici siyasətdən danışdığımız zaman İran bizim üçün çox vacib məsələdir. Mən çox istəyərəm ki, bundan sonrakı prezident İrana qarşı, İran rejiminə qarşı çox sərt olsun və bildiyiniz kimi Güney Azərbaycanı işğal altındadır, Azərbaycanın gələcəkdə işğaldan azad olunması üçün ümidlər artsın, Yaxın Şərq üçün çox böyük problemlər yaradan İran rejiminə son qoyulması üçün addımlar atılsın. Yaxın Şərqdə başqa məsələlər var. Məsələn, Suriyada humanitar böhran yaşanır. Bu böhranla bağlı müəyyən işlər görülməlidir. Bu kirizisə son qoyulmalıdır. Bildiyiniz kimi Bəşar Əsəd öz insanlarına qarşı qətliam həyata keçirir. Bunlar da çox vacib məsələlərdir, amma dediyim kimi, bir amerikalı olaraq iqtisadiyyat çox önəmli məsələdir, eyni zamanda, azərbaycanlı amerikalı olduğumuz üçün ən vacib məsələlərdən biri də Amerikanın xarici siyasəti, Azərbaycana, istər Azərbaycan Respublikasına, istərsə də İrana olan münasibət, Güney Azərbaycanının taleyi ilə bağlı məsələlər bizi çox narahat edir. Mən inanıram ki, bunların hamısında mən inanıram, mən ümid edirəm ki, Romni daha müsbət olacaqdır. Çünki bu son dörd ildə bu sahədə mənim fikrimcə, heç bir irəliləyiş görmədiyimiz üçün ümid var ki, Romni bu məsələlərdə daha müsbət nailiyyətlər əldə edəcək, səsvermədə də bunlar mənim üçün şərt idilər.

Tomris Azəri, Azərbaycan Amerika Cəmiyyətinin prezidenti.

Dilşad Əlyarlı:Tomris xanım, Amerika azərbaycanlıları səsverməyə necə hazırlaşır və Azərbaycan Amerika Cəmiyyəti üçün 2012-ci il prezident seçkisi nə deməkdir?

Tomris Azəri: Təbii ki, Amerikada yaşayan bizlər üçün ən əsas mövzu 3 ay əvvəl də, 5 ay əvvəl iqtisadiyyat idi. Burada yaşayan amerikalılar kimi bizə ən çox təsir edən iqtisadi amil idi. İqtisadi problemləri ən yaxşı şəkildə kim həll edə bilsə, ona səs verməyə hazır idik və qrupumuzlə çoxdan qərarımızı vermişdik. Biz Mitt Romnini istəyirdik və Mitt Romniyə səs verməyə qərar vermişdik. Bundan sonra da düşünürük ki, kim iqtisadi vəziyyəti kimin düzəldə bilər, amma mən Mitt Romniyə səsimi verəcəm.

Dilşad Əlyarlı: Tomris xanım prezident seçkisi ilə yanaşı, amerikalılar Konqresə seçkilərdə də səs verəcək və Azərbaycan üçün önəmli məsələlər, Azərbaycan-Türk icması üçün önəmli məsələlər məhz Konqres üzvləri ilə müzakirə olunur. Bu seçkilər haqda nə deyə bilərsiniz? Hazırkı namizədlərdən gözləntiləriniz nədir? Konqresə namizədliyi irəli sürülmüş siyasətçilərdən gözləntiləriniz nədir?

Tomris Azəri: Mənim dairəmi təmsil edən konqresmen Bil Paskreldir. O, həmişə netral olub.Bizim də həmişə görüşdüyümüz istər konqresmen, istər senator olsun, bizim onlardan istədiyimiz neytral olmaları, bir tərəfi tutmaları olub. Hər iki tərəfin də sualları var, hər iki təfərin də istəmləri var, amma onlar neytral olsunlar. Bizim görüşdüyümüz Konqres üzvlərindən bunu istəyirik. Bill Paskrol demokratdır. Mən həmişə onu dəstəkləmişəm, çünki o, neytral mövqedə olub. Hamımızı dinləyirdi. Türk icmasının üzvləri də, Azərbaycan icmasının üzvləri də səslərini ona verəcək. Bizim Konqres üzvlərindən biri istəyimiz həmişə bu olub: iki tərəfi dinləyin, bir tərəfi tam olaraq tutmayın.

Cavid Hüseynov, Azərbaycan Amerika Şurasının Baş direktoru, Pax Turcica institutunun həmtəsisçisi.

Dilşad Əlyarlı: Cavid bəy, builki seçkilərin Azərbaycan icması üçün əhəmiyyəti nədən ibarətdir? Prezident seçiləcək namizəddən ABŞ-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsində hansı işləri görəcəyini gözləyirsiniz?

Cavid Hüseynov: Prezidentliyə namizədlərin sonuncu debatı bildiyiniz kimi xarisi siyasət sahəsinə həsr edilmişdi. Belə aydın oldu ki, bu iki namizəd arasında xarici siyasət sahəsində bir o qədər fərq yoxdur. Obama və Romni arasında əsas məsələlərdə, Əfqanıstan, İranın nüvə proqramı və Suriya məsələləri ətrafında böyük fərqlər yoxdur. Ona görə də diaspora qrupları kimi Azərbaycana aid məsələlərdə də böyük fərq görmürük. Buna görə də Azərbaycan diaspora təşkilatları və qrupları ayrıca hər hansısa bir namizədə dəstək vermir. Bu, hər bir azərbaycanlı amerikalının haqqıdır ki, istədiyi namizədə səs versin. Onu da qeyd edim ki, bildiyiniz kimi, Barak Obama artıq dörd ildir prezidentdir. Bizim Azərbaycan diasporunun ən böyük narahatlığı odur ki, son dörd ildə Barak Obamanın yeritdiyi siyasətə onun öz partiyasının üzvləri böyük mane yaradır. Xüsusən konqresmenlər Hovard Berman, Brad Şerman, Adam Şift və senatorlar Menendes və Bokser kimi namizədlər prezident Obamanın Azərbaycana aid yeritdiyi siyasətə çox böyük mane yaradır, ümumiyyətlə regiona aid siyasətə maneələr yaratmışlar. Xüsusilə də Metyu Brayzanın Azərbaycana səfir təyin olunmasında senator Barbara Bokser və Robet Menendesin erməni lobbisinin təzyiqləri altında yaratdığı problemlər Azərbaycan diasporunda böyük narahatlıqlar yaradıb. Bu, təbii ki, prezident Obamanın şəxsən yeritdiyi siyasətlə bağlı problem deyil. Bu, onun partiyasının daxilində erməni lobbisinin təsiri altında çalışan konqresmenlər və senatorların problemləridir. Biz ümidvarıq ki, son dörd ildə prezident Obama Azərbaycan-Amerika əlaqələrinin inkişaf etdirilməsi üçün çox çalışmalar göstərib və Riçard Morninqstarın Azərbaycana səfir təyin edilməsinə buna nümunədir. İmid edirik ki, prezident Obama yenidən seçilsə, artıq bu siyasəti davam etdirəcək və Azərbaycan-Amerika əlaqələri də daha da genişləndiriləcək. Azərbaycan bildiyiniz kimi Əfqanıstana şimal yardım xətti üzərində ən vacib nöqtələrdən biridir. ABŞ silahlı qüvvələri 2014-cü ildə Əfqanıstandan çıxarılana qədər Azərbaycanın bu rolu vacib olaraq qalacaq. İran məsələsində, İranın nüvə proqramı məsələsində Azərbaycanın rolu təbii ki boyükdür. İstər Obama, istərsə də Romni seçilsə bu məsələdə Azərbaycanın rolu böyük olacaq. Ona görə çox böyük fərq yoxdur xarici siyasət məsələsində. Amma təbii ki prezident Obama Azərbaycana dair siyasətdə daha təcrübəlidir və biz üdmivarıq ki, o seçilsə, bu siyasət gələcəkdə də davam etdiriləcək.

Əhməd Obalı, Günaz TV-nin qurucusu və yönəticisi.

Dilşad Əliyarlı: Əhməd bəy, prezident seçki kampaniyası dövrü və debatlar zamanı İran xarici siyasət sahəsində prioritet mövzu oldu. Prezidentliyə namizədlərin İranla bağlı siyasətini necə dəyərləndirirsiniz və hakimiyyətə gələcək administrasiya və yeni prezidentin İranda azərbaycanlıların problemlərinin həlli istiqamətində hansı fəaliyyətləri görmək istəyərdiniz?

Əhməd Obalı: Mən hər üç debata baxdım və hər iki namizəd xarici siyasət sahəsində İran və Suriya məsələlərini geniş müzakirə etdilər. Müzakirələr belə bir istiqamətdə gedirdi ki, hansı namizəd İrana qarşı daha sərt və təsirli siyasət aparacaq. Baxanda, həqiqətdə mən görürdüm ki, İran məsələsində iki namizədin bir-birindən o qədər də fərqi yoxdur. Sadəcə,hər ikisi sanksiyaları dəstəkləyirdilər, hər ikisi İranı İsrailə qarşı böyük təhlükə görürdülər, hər ikisi İsraili İranın qarşısında müdafiə edəcəklərini bildirirdilər. Məsələni bir növ İran-İsrail məsələsi kimi qoyurdular. Halbuki İranın İsrail əleyhinə yox, bəlkə İranın götürdüyü siyasət birinci, İranda yaşayan xalqların əleyhinə bir siyasərdir, ikinci, dünyanın ən mühüm nöqtələrindən biri olan o məntəqəyə bir təhlükədir və əlbəttə ki, Amerikanın özünün də milli maraqlarına zidd bir siyasət aparır İran. Onun üçün məsələni İsraillə İrana bağlamaq o qədər də yaxşı deyil, əslən İranın İsrailə qarşı aqressiv siyasəti və ya işlətdiyi sözlər də xoşagəlməz deyil. Buna görə mənim üçün prezidentliyə namizədlərin İran məsələsində o qədər də fərqləri yox idi,ən azı danışıqlarda. Təbii ki, son dörd ildə prezident Obamanın tətbiq etdiyi iqtisadi sanksiyaların yaxşı təsiri oldu. Sadəcə bu, kifayət deyil. İran məsələsini mən azı belə görürəm ki, hər iki tərəf bəlkə də düzgün olaraq məlumatlandırılmır, və ya da elə məsələlər var ki onlar debatlarda danışmadılar. İran məsələsi atom məsələsi, ya da insan hüquqları məsələsi deyil. İranda böyük problemlərdən bir də etnik məsələdir. Prezidentliyə namizədlərin heç biri etnik məsələdən danışmadı. İranda elə bir dövlətdir ki, orada müəyyən etnik qruplar öz torpaqlarında yaşayır, yəni yanaşı yaşayırlar. Azərbaycanlılar Azərbaycanda yaşayırlar, ərəblər Xuzisitanda, kürdlər Kürdüstanda, bəluclar Bəlucistanda, farslar da Farsistan və yaxud fars məntəqələrində, eləcə də türkmənlər də İranın şimal hissəsindəki türkmənistanda yaşayırlar. Bu məsələ haqda Amerika administrasiyası, Amerika hakimiyyəti lazım olduğu səviyyədə indiyə qədər danışmayıb. İran məsələsini etnik qruplar baxımından həll etməyə çalışmalıdırlar. Bu baxımdan prezidentliyə namizədlərin hər ikisinin mövqeyi təxminən eynidir.

Dilşad Əliyarlı: Əhməd bəy, namizədlərin hansının istər xarici, istərsə də daxili siyasət kursuna dəstək verərdiniz?

Əhməd Obalı: Hər ikisinin müsbət tərəfləri vardır. Amerikanın iqtisadiyyatı indi çox önəmlidir. Amerika iqtisadiyyatı zəiflədikcə dünyada Amerikanın nüfuzu də azala bilər və yaxud bu, Amerikanın imicinə mənfi təsir edə bilər. İqtisadiyyat baxımından, ən azı bu debatlardan və prezident Obamanın son dörd ildə apardığı siyasətə baxanda Mitt Romninin siyasəti bir az üstün görünür mənə. Xarici siyasətdə isə İrana qarşı özəlliklə bizim üçün çox önəmlidir, İrana qarşı, Mitt Romninin İran qarşısında daha ciddi dura biləcəyi, hər halda siyasətindən göründüyü kimi daha yaxşı olardı. Amma dediyim kimi, prezident Obama ilə Romninin o qədər də fərqi olmadı. Azərbaycana baxanda məncə, yenə də bəlkə Romni daha yaxşı olardı. Çünki son dörd ildə prezident Obama işbaşına gəldikdən bu yana şimali Azərbaycanda da verə biləcəyi qədər dəstək verməyib. Azərbaycana uzun müddət səfir saxlamayıblar. Yəni Amerikanın xarici siyasətinə, prezident Obamanın xarici siyasətinə məsələn, erməni lobbisi güclü təsir edə bilib, ən azı Azərbaycan məsələsində, ən azı Azərbaycandakı səfirin orada qalıb-qalmamasına. O baxımdan, bəlkə fərqli olsun deyə Romni yaxşı olardı. Amma yenə də deyim ki, bəlkə də az bir fərq var, namizədlər bir-birindən bəlkə o qədər də fərqli deyillər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>