Murad Rəhimov- Amerikanın azərbaycanlı qəhrəmanı

Posted November 12th, 2012 at 4:09 pm (UTC-5)
Leave a comment

Noyabrın 11-i Birləşmiş Ştatlarda Veteranlar günüdür. Bu gün Amerikada bütün hərbi münaqişələrdə həlak olan amerikalıların xatirəsi anılır.

Kaliforniya ştatının San Diyeqo şəhərində yaşayan Dinara və Rüfət Rəhimovlar isə bu gün ilin bütün başqa günləri kimi 2005-ci ilin yanvar ayında İraqda həlak olmuş övladları Muradın xatirəsini anır.

Murad Rəhimov ABŞ hərbi qüvvələrinin 2003-cü ildən 2011-ci ilə qədər İraqda hərbi kampaniyası zamanı həlak olmuş 4409 əsgər və zabitdən biridir. O, İraq müharibəsində həlak olmuş yeganə azərbaycanlıdır.

Murad Amerikaya ailəsi ilə birlikdə dörd yaşı olanda mühacirət etmişdi. Ailəsi və dostları onu uşaqlıqdan olduqca həssas, eyni zamanda üsyankar və azad ruha malik bir oğlan kimi tanıyırdı. Yeniyetmə dövründən müstəqil olmağa çalışan Murad 15 yaşında özü pul qazanmağa başlamış, 16 yaşında məktəbdən çıxıb kollecə daxil olmaq üçün kurslara yazılmışdı.

Elə bu dövrdə o, valiydenlərinə vətəni müdafiə etmək üçün orduya yazılmaq istədiyini demişdi. Dinara və Rüfət Rəhimovlar özləri qəti müharibə əleyhdarı olsalar da, hərbi qüvvələrdə xidmət etmək istəyini Muradın həyatda özünə yol tapmaq arzusu ilə izah edirdilər.

Murad Rəhimov 2003-cü ildə Birləşmiş Ştatların İraqa müdaxiləsindən bir neçə ay sonra orduya yazılıb San-Diyeqoda hərbi düşərgədə təlimlərə başlamışdı. 2004-cü ilin fevral ayında onun xidmət etdiyi birləşmə təlimlər üçün Havay adalarına yerləşdirilmişdi. Burada avtomatçı kimi təlim alandan sonra sentyabr ayında o, ABŞ hərbi dəniz qüvvələrinin 1-ci Batalyonunun tərkibində İraqa göndərilmişdi. Murad atasından İraqa göndərildiyini anasına deməməyi xahiş etmişdi. Yalnız bir müddət sonra anası ilə telefon söhbətində o artıq İraqda olduğunu desə də, hərbi əməliyyatlar barədə danışmamışdı.

Murad da, anası da onun qayıdacağına inanır, planlar qururdular. Murad San Diyeqoya qayıdanda bacısına qazandığı pulla maşın alacağını, anası isə aprel ayında oğlunun 21 yaşını qeyd edəcəyini düşünürdü.

Murad Rəhimov Fəllucə yaxınlığında ən şiddətli döyüşlərin getdiyi bir yerdə xidmət edirdi. O, fevral ayında İraqdan ABŞ-a qayıtmalı idi. Yanvarın 25-də Murad Rəhimov qum tufanı zamanı baş vermiş vertolyot qəzasında 30 başqa Amerika əsgəri ilə birlikdə həlak oldu. Muradın 20 yaşı var idi.

Rəhimovların evində hər axşam Muradın otağında onun xatirəsinə şam yandırılır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>