Kaliforniya ştatının Stanford universitetində “Azərbaycan musiqisi və mədəniyyəti” kursu üzrə təhsil alan tələbələr Azərbaycan musiqisindən ibarət konsert proqramı hazırlayıb.
Azərbaycanın tanınmış kaman ustası İmamyar Həsənovun rəhbərliyi altında tələbələr “Çahargah” və “Heyratı” muğamları, habelə “Qubanın ağ alması”, “Sarı gəlin” və “Laçın” kimi Azərbaycan xalq mahnılarını ifa ediblər.
Azərbaycandan tarzən Rüfət Həsənov və muğam ifaçısı Səbuhi İbayev video vasitəsilə canlı konsertə qoşularaq musiqi ifa ediblər. Konsertdə iştirak edən Stanford universitetinin tələbə-müəllim heyəti musiqiçiləri alqışlarla qarşılayıb.
“Azərbaycan musiqisi və mədəniyyəti”tədris kursu Satanford universitetinin Musiqi fakültəsində 2013-cü ilin aprel ayında yaradılıb. Azərbaycan musiqisi haqda mühazirələr və musiqi dərslərindən ibarət kurs Amerikanın bu ən nüfuzlu universitetlərindən birində ilk dəfədir ki yaradılır. Tədris kursunu Stanford universitetini 2009-cu ildə bitirmiş amerikalı azərbaycanlı Kristal Bargeleme və İmamyar Həsənov aparır. Təhsil aldıqları müddətdə tələbələr Azərbaycan musiqisi və mədəni irsi ilə yanaşı Azərbaycan musiqi alətlərində musiqi ifa etməyi öyrənirlər.