Diaspor təşkilatları ABŞ-ı Dağlıq Qarabağa yardımı Azərbaycan icmasına da şamil etməyə, Ermənistana isə yardımı azaltmağa çağırır

Posted July 19th, 2011 at 2:56 pm (UTC-5)
Leave a comment

Amerikada Azərbaycan diaspor təşkilatları ABŞ-ı xarici yardımı xüsusi maraqlar əsasında ayırmamağa, Dağlıq Qarabağa yardımı Azərbaycan icmasına da şamil etməyə və Ermənistana yardımı azaltmağa çağırır.

ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində 2012-ci il üçün Xarici Əlaqələrin Sanksiyalaşdırılması Aktı üzrə iyulun 20-də dinləmələr keçiriləcək. Bu sənəd ABŞ Dövlət Departamentinin bir sıra proqramları, Sülh Korpusu və təhlükəsizlik sahəsində yardımın səviyyəsini və yardımın ayrılması üçün başlıca siyasət prinsiplərini müəyyən edir.

Amerikada fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları ABŞ-ın Ermənistana və Dağlıq Qarabağa yardımı ilə bağlı məktub kampaniyası keçirir. Konqres üzvlərinə ünvanlanan məktublarda deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin qurbanları üçün nəzərdə tutulmuş hər hansı bir yardım yerlərindən didərgin düşmüş azərbaycanlılara da şamil edilməli, Ermənistana verilən yardım isə xüsusi maraqlar deyil, ABŞ-ın xarici siyasət prioritetləri nəzərə alınaraq ayrlmalıdır.

Məktubda deyilir ki, Konqres 1992-ci ildən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində humanitar ehtiyacları nəzərə alaraq fondlar ayırmağa başlayıb. “Lakin 2005-ci ildən Amerikada ermənilərin maraqlarını təmsil edən qrupların təzyiqləri nəticəsində Dövlət, Xarici Əməliyyatlar və Əlaqədar Proqramlara Təxsisatlar haqda qanuna dəyişiklik edilərək, bu yardım yalnız Dağlıq Qarabağın erməni icmasına ayrılmağa başladı”-deyə məktubda qeyd edilir. Məktubda münaqişə nəticəsində regiondan çıxarılan 600 min azərbaycanlının bu yardımı ala bilmədiyi vurğulanır.

Məktubda konqresmenlərin nəzərinə çatdırılır ki, ABŞ-ın vasitəçiliyi ilə münaqişə siyasi həllini tapmadığı halda Birləşmiş Ştatların etnik lobbinin təsiri altında konfliktin tərəflərindən birinə yardım ayırması nəinki Konqresin ilkin məqsədinə xidmət etmir, eyni zamanda ABŞ-ın xarici siyasətinə zərər vurur.

Amerika Azərbaycan Cəmiyyəti, Azərbaycan-Amerika Şurası və Pax Turcica təşkilatlarının hazırladığı məktubda deyilir ki, son altı ildə Dağlıq Qarabağın erməni icması üçün ayrılan maliyyənin həcmi 3 milyon dollardan 8 milyona çatdırılıb.

ABŞ-ın Ermənistana yardımı ilə bağlı Ermənistanın Azərbaycan torpaqlarının beşdə birini işğal altında saxlaması və BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrini pozması göstərilir.

Məktubda habelə qeyd edilir ki, iqtisadiyyatın bərpası prosesinin ləng getdiyi və ABŞ-ın milli borcunun 14 trilyon dollar olduğu bir zamanda Birləşmiş Ştatların Ermənistana və Dağlıq Qarabağa yardımı artırması əsassız görünür.

ABŞ senatorları və konqresmenləri diaspor üzvlərinin məktub kampaniyasına cavablar göndərməyə başlayıb. Merilend ştatından demokrat senator Barbara Mikulski, Texas ştatındaın respublikaçı senator Key Beyli Haçison, Nyu-York ştatından demokrat senator Çarlz Şumer, Texas ştatından respublikaçı konqresmen Ron Pol ABŞ-ın xarici yardımı, o cümlədən Ermənistana yardımı ilə bağlı məsələni onların nəzərinə çatdırdıqlarına görə Amerikadakı Azərbaycan icmasının üzvlərinə təşəkkürlərini bildiriblər.

Almaniyada “Azərbaycan Diasporunun Mərkəzi Şurası”nın prezidenti Tengiz Sade baron zu Romkerhalla müsahibə

Posted July 16th, 2011 at 1:18 pm (UTC-5)
Leave a comment

Almaniyada “Azərbaycan Diasporunun Mərkəzi Şurası” 2007-ci ildən Maqdeburq şəhərində fəaliyyət göstərir. Mərkəzi Şuranın prezidenti Tengiz Sade baron zu Romkerhall deyir ki, şuranın fəaliyyətinin əsas məqsədi Azərbaycan diaspor təşkilatlarının işini əlaqələndirməkdən ibarətdir.

Tengiz Sade baron zu Romkerhall hüquqşünas kimi Almaniyada yaşayan azərbaycanlıların maraqlarını dövlət orqanları və ictimai təşkilatlar qarşısında müdafiə edən nümayəndə qismində çıxış edir.

Tengiz bəylə müsahibəni təqdim edirik.

Sual: Almaniyada bir neçə diaspor təşkilatı fəaliyyət göstərir. Onlar hansılardır və bu təşkilatlar arasında iş necə əlaqələndirilir?

Cavab: Mənim məlumatıma görə, Almaniyada 50-yə yaxın diaspor təşkilatı fəaliyyət göstərir. Təşkilatlar o qədər fəal deyil. Bu təşkilatlar müstəqil fəaliyyət göstərir və ildə bir neçə dəfə bayramlar keçirməklə kifayətlənir. Mən yeni yaranmış diaspor təşkilatlarına zəng edib mərkəzi şuranın xidmətlərini təklif etdim, amma mənə dedilər ki, onlar müstəqil fəaliyyət göstərmək istəyir. Halbuki bizim xidmətlərimiz pulsuzdur. İşlərin əlaqələndirilməsinə gəldikdə, onu demək istəyirəm ki, Berlində Samirə xanım İsmaylovanın koordinasiya mərkəzi fəaliyyət göstərir.

Sual: Diaspor təşkilatlarının işinin əlaqələndirilməsində problem nədən ibarətdir?

Cavab: O vaxt mərkəzi şura yarananda biz belə düşünürdük ki, bütün təşkilatlar mərkəzdən məlumat alsınlar. Mərkəz səfirlik tərəfindən dəstəklənir. Azərbaycan Respublikasının tədbirləri də mərkəz tərəfindən bütün o biri təşkilatlara paylanır. Şura 2007-ci ildə yaradılıb. Onun məqsədi və fəaliyyəti Almaniyada yardıma ehtiyacı olan Azərbaycan diaspor üzvlərinə yardım göstərmək, həmyerlilərimizin bərabər hüquqlara malik olduğunu təmin etməkdən ibarətdir. Mən özüm hüquqşünas olduğum üçün həmyerlilərimizi məhkəmələrdə təmsil edib, onlara yardım göstərirəm. Bundan başqa, Almaniyada yaşayan əhalini Azərbaycanın mədəniyyəti, musiqisi, tarixi və siyasəti ilə tanış etmək, digər dövlət və qeyri-dövlət idarələri ilə Azərbaycan Respublikası arasında sıx əlaqələrin yaradılmasından ibarətdir.

Sual: Almaniyada yaşayan azərbaycanlılar cəmiyyətə necə inteqrasiya ediblər? Onların fəallıq səviyyəsi necədir? Almaniyada yaşayan azərbaycanlılar kimlərdir?

Cavab: Fəallıq dərəcəsi ilə bağlı birinci sualınıza cavab vermək istəyirəm. Açığını deyim ki, çox passiv bir səviyyədədir. Nəyə görə? Birlik yoxdur. Hər hansı bir tədbir keçiriləndə başqalarına məlumat verilmir. Inteqrasiya məsələsinə gəldikdə, Almaniya cəmiyyətində mən tanıdığıma görə, azərbaycanlı olan və artıq inteqrasiya prosesini keçən çox gözəl həkimlər, cərrahlar, elmi işçilər, dil və tarix üzrə professorlar var, incənəsət ustaları var, Almaniyanın siyasi partiyalarının sıralarında olan vətəndaşlar da var. Biz hamımız, mən də, ailəm də çalışırıq ki, yeni nəsil milli ruhda böyüsün, dilimizi, adət-ənənələrimizi unutmasınlar. Mənim ailəmdə də, tanıdığım ailələrdə də hamı Azərbaycan dilində danışır. Internet və peyk vasitəsilə də Azərbaycandan gündəlik məlumatları dinləyirik.

Sual: Almaniydakı azərbaycanlıların gənc nəsli necə böyüyür? Onlar Azərbaycan mədəniyyəti ilə tanışdırlarmı?

Cavab: Mən dil haqda kitablar yazmışam və bu mövzuda çıxışlar da etmişəm. Əgər ailə qarışıq ailədirsə, uşaqlar Azərbaycan dilini o qədər yaxşı bilmir. Məsələn, ana azərbaycanlıdır, ata türk. Amma nədənsə uşaqlar Azərbaycan dilinə üstünlük vermirlər və ananın özü də türk dilində danışmağa başlayır. Hər iki valideynin azərbaycanlı olduğu ailələrdə uşaqlar təmiz Azərbaycan dilində danışır. Amma uşaqlar məktəbə gedəndən sonra onlar dəyişir.

Sual: Bu yaxınlarda Azərbaycanın Eurovision müsabiqəsində qələbəsini Avropada yaşayan azərbaycanlılar böyük qələbə kimi qarşıladı. Gənclər buna necə reaksiya verdi?

Cavab: Mən özüm orada idim. Bütün şəhər sanki bayram içində idi. Hamı bizimlə görüşür, təbrik edirdi. Bütün Düsseldorf Azərbaycanın qələbəsini qeyd edirdi. Mən Sosial Demokrat partiyasının üzvüyəm. Biz qərara gəldik ki, Azərbaycanın Eurovision-da qələbəsinə həsr edilmiş poçt markası buraxılsın. Biz 4 min ədəd poçt markası buraxdıq, onlar internetdə də var. Bu günə kimi mənim azərbaycanlı olduğumu bilənlər bizi təbrik edirlər. Mən bu ilin yanvar ayında “Azərbaycan:həqiqətdə olan nağıllar” adlı kitabımı buraxmışam. Əgər Eurovision müsabiqəsinə qədər 10 kitab satılmışdısa, Eurovision-dan bu günə qədər 127 kitab satılıb.


Senatın Xarici Əlaqələr Komitəsində ABŞ-ın Ermənistandakı yeni səfiri vəzifəsinə nominasiya olunmuş Con Heffernin təsdiqi ilə bağlı dinləmələr keçirilir

Posted July 13th, 2011 at 3:02 pm (UTC-5)
Leave a comment

ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Birləşmiş Ştatların Ermənistandakı səfiri vəzifəsinə nominasiya olunmuş Con Heffernin bu vəzifəyə təsdiqi ilə bağlı dinləmələr keçirilir. Dinləmələr zamanı cənab Heffern komitə üzvlərinin ABŞ administrasiyasının regionda siyasəti ilə bağlı suallarını cavablandırıb.
Xarici Əlaqələr Komitəsinin üzvü, Nyu-Cersi ştatından senator Robert Menendes səfir vəzifəsinə nominasiya olmuş Con Heffernə ermənilərin iddia etdiyi soyqırımla bağlı suallar verib.
Amerikada yaşayan azərbaycanlı icmasının üzvləri dinləmələrə Senatın Xarici Əlaqələr Komitəsi və Obama administrasiyasının regionda ən ciddi problemlərdən biri olan Dağlıq Qarabağ münaqişəsinin dinc və ədalətli həlli məsələsində mövqeyinin açıqlanması imkanı kimi baxır.
Senatın Xarici Əlaqələr Komitəsi xarici ölkələrdə ABŞ-ın səfiri vəzifəsinə təyin olunmuş şəxslərin namizədliyini müzakirə edib səsverməyə çıxarır.
Bugünkü dinləmələr zamanı ABŞ-ın Makedoniyada səfiri vəzifəsinə Pol Volers və Moldovada səfiri vəzifəsinə Vilyam Moserin namizədliyi də müzakirə olunur.

Amerika azərbaycanlıları Washington Post qəzetində məqaləyə etiraz edir

Posted July 11th, 2011 at 3:06 pm (UTC-5)
Leave a comment

Amerikada yaşayan azərbaycanlılar Washington Post qəzetində Dağlıq Qarabağ haqda məqalələrə etiraz olaraq kampaniyaya başlayıb.

ABŞ azərbaycanlıları şəbəkəsinin üzvü Bədir Məmmədli Amerikanın səsinə deyib ki, diaspor nümayəndələri ölkədə yaşayan Azərbaycan-Türk icmasının üzvləri və dostlara müraciət edib.

“Washington Post qəzetində bir-birinin ardınca çıxan məqalələr Azərbaycanlılar arasında narahatlıq doğurub və bununla bağlı olaraq, Azərbaycan diasporunun üzvləri öz fəaliyyətlərini aktivləşdirmək qərarına gəliblər”-deyə Bədir Məmmədli bildirib. Onun sözlərinə görə, ABŞ-dakı erməni lobbisi tarixi faktları saxtalaşdırmağa çalışır. O deyib ki, Washington Post-da dərc olunan məqalələr ermənipərəst mövqedən çıxış edilərək yazılıb və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi öz əksini tapmayıb.

Bədir Məmmədli bildirib ki, ABŞ azərbaycanlılarının şəbəkəsi USAN təşkilatı qəzetin redaksiyasına məktub göndərərək, Azərbaycanın mövqeyinin işıqlandırılmaması və məqalədə Azərbaycanın Qarabağ regionunda adların təhrif edilərək, Xankəndi və Qarabağ əvəzinə Stepanakert və Arzax yazılmasına etiraz bildirib. O, diaspor iüzvlərinin Washington Post-da çıxan məqalələrə şərhlər yazaraq öz mövqelərini bildirdiyini də əlavə edib.

Washington Post qəzetinin müxbiri Vil Enqlund iyulun 7-də Qarabağa səfəri haqda məqaləni burada oxuya bilərsiniz.

DAK-ın Belçika nümayəndəliyinin rəhbəri Rəşad Xasayoğlu ilə müsahibə

Posted July 9th, 2011 at 12:47 pm (UTC-5)
Leave a comment

Belçikada yaşayan azərbaycanl fəal Rəşad Xasayoğlu Dünya Azərbaycanlıları Konqresinin Belçika nümayəndəliyinin rəhbəri seçilib. AzeriDiaspor bloquna müsahibədə Rəşad bəy gələcək planlar və Belçikada yaşayan azərbaycanlılar üçün önəmli məsələlərdən danışır.
Müsahibəni təqdim edirik.

Dilşad Əliyarlı:Rəşad bəy, sizi təbrik edirəm.

Rəşad Xasayoğlu:Çox sağ olun.

SUAL:İndi bu vəzifədə fəaliyyətlərini necə quracaqsınız? Prioritet məsələlər hansılar olacaq?

CAVAB: Təşkilat olaraq fəaliyyətlərimizin əsas istiqamətinə gəldikdə demək istəyirəm ki, mən özüm Brüssel şəhərində yaşayıram. Avropa Birliyi, Avropa Parlamenti, NATO və digər qurumlar Brüsseldə yerləşir. Mən çox çalışmaq istərdim ki, Azərbaycanın Avroatlantik məkana inteqrasiyasında Azərbaycana dəstək ola bilək. İkinci istiqamət, ikinci məqsədim ondan ibarətdir ki, xaricdə yaşayan azərbaycanlılarlar mədəni tədbirlər, local tədbirlər keçirməklə yanaşı, həm də yerli ictimai strukturlara inteqrasiyasına nail olmaqdır. Mən çox çalışacaqm ki, biz bir təşkilat olaraq azərbaycanlıların bu yerli ictimai-siyasi proseslərdə fəal olmasına dəstək göstərək, buna nail olaq. Biz Azərbaycan mədəniyyətini tanıtmaq, şərq-qərb mədəniyyətlərinin inteqrasiyası prosesinə nail olmağa çalışacayıq. Yeni gələn azərbaycanlıların öz hüquqlarını bilməsi, o ölkələrdə müxtəlif problemlərlə qarşılaşmaması üçün onlara təlimlər, seminarlar keçirilməsini nəzərdə tuturuq. Digər tərəfdən də, Azərbaycanın torpaqlarının işğalı məsələsini dünya ictimiayyətinin diqqətinə çatdırmaq istəyirik. Bundan başqa gənclərimizin, icmada olan insanlarımızın bir-biri ilə əlaqə yarada bilməsi üçün network qurulmasını istəyirik, müxtəlif tədbirlər və konfranslar təşkil edəcəyik.

SUAL:Rəşad bəy, Belçikada təxminən nə qədər azərbaycanlı yaşayır və onlar hansı yerlərdədir?

CAVAB: Burada konkret statistik məlumat yoxdur. Bilirsiniz ki, bəzi hallarda azərbaycanlılar getdikləri ölkələrdə səfirliklərdə, ya da başqa yerlərdə qeydiyyatdan keçmir. Təxmini məlumata görə, burada 4 minə yaxın azərbaycanlı var. Bunların içərisində İrandan gələn azərbaycanlılar, Türkiyədə İqdırdan gələn azərbaycanlıları göstərmək olar. Bütün bunları ümumi götürdükdə təxminən 5 minə yaxın azərbaycanlının olduğunu demək mümkündür.

SUAL:Bu insanlar adətən hansı səbəblər üzündən Belçikaya gəlir?
Onlar Belçikada hansı işlərlə məşğul olur, hansı sahələrdə çalışır?

CAVAB: Siz bilirsiniz ki, İranda fars-molla rejiminin təqiblərindən qaçan milli fəallar var. Onlar molla rejiminin həbs təhlükəsindən qaçıb gəlirlər. Türkiyədən, İqdırdan gələn azərbaycanlılar isə burada artıq on illərdir yaşayır. Bilirsiniz ki, 40-cı, 50-ci və 60-cı illərdə Avropaya xeyli sayda işçi qüvvəsi lazım idi. Onların arasında Türkiyədən gələn azərbaycanlılar da olmuşdu. Onlar artıq burada uzun müddət olduqları üçün cəmiyyətə inteqrasiya edə bilib. Azərbaycanın özündən də gələn azərbaycanlılar olur. Onlar da müxtəlif səbəblərdən, iqtisadi, siyasi səbəblər üzündən Avropaya gəlirlər. Bu insanlar əsas etibarilə tikinti şirkətləri, fabriklərdə, nəqliyyat şirkətlərində çalışır. Amma təəssüf ki, hələ Avropanın rəsmi strukturlarında , o təşkilatlarda işləyn adamlar çox azdır. Bir neçə azərbaycanlı var ki, Avropa Parlamentində, qaçqınlarla iş üzrə müxtəlif təşkilatlarda işləyən azərbaycanlılar var.

SUAL:Azərbaycanlıların gənc nəsli haqda nə demək olar? Bu gənclər cəmiyyətə necə inteqrasiya olur? Bu gənclər artıq yerli dillərdə də yaxşı danışa bilir və ümid etmək istəyirəm ki, Azərbaycan dilini də bilirlər. Bu uşaqlar, gənclər, yəni azərbaycanlıların ikinci nəsli özünü Beçikada necə hiss edir?

CAVAB: Maraqlı və lazımlı sual verdiniz. Bilirsinizmi, Belçikada bu vəziyyət deyərdim acınacaqlıdır. Çünki azərbaycanlıların yeni nəsli obyektiv və subyektiv səbəblər üzündən çox az halda bir-birini yaxşı tanıyir, bir-biri ilə əlaqə qurur. Bir neçə gəncimiz var, onlar çox fəaldır, amma onların sayı çox deyil. Biz bu problemin də aradan qaldırılması üçün işlər görməyi planlaşdırırıq. Bunun bir günahı da elə bizdədir, çünki indiyə qədər bir şəbəkə yarada bilməmişik. Buna görə də fəaliyyətimizin əsas predmetlərindən biri o olacaq ki, biz həmin həncləri bir araya gətirə bilək, onları toplayaacq və bir-biri ilə tanış edək.

SUAL:Vətən həmişə birdir, Azərbaycandır. Belçikada yaşayah bir azərbaycanlı kimi, DAK-ın Belçika nümayəndəliyinin rəhbəri kimi vətəndən, Azərbaycandan gözləntiləriniz nədir?

CAVAB: Bizim Azərbaycandan gözlədiyimiz odur ki, biz güclü, qüdrətli, bütöv, demokratik bir Azərbaycan istəyirik. Biz istəyirik ki, bizim Azərbaycan dövləti inkişaf etsin, çiçəklənsin. Amma doğrudan da bəzi problemlər var. Biz Avropa İttifaqının, Avropa Parlamentinin çxo ciddi tənqidləri ilə üz-üzə qalırıq. Azərbaycan tənqid olunandan bir özümüzü yaxşı hiss etmirik. Yəni Azərbaycanın adı korrusiya hesabatlarında çəkilir. Amma biz istəyərdik ki, bu hallar olmasın, Azərbaycan inkişaf etsin, insanlar siyasi baxışlarına görə həbs edilməsin və biz də bunlara görə tənqid olumayaq. Məsələn, bu yaxınlarda Azərbaycan Eurovision müsabiqəsində qalib gəldi və biz bununla qürur duyduq, sevindik. Hamı bir-birini təbrik edirdi və bu gün hansı bir orqanda gedəndə deyirlər ki, Azərbaycan Eurovision-da qalib gələn ölkədir. Biz də istəyirik ki, Azərbaycan hər zaman qələbələrlə, hər zaman irəliyə doğru getsin. Biz də qürurla Azərbaycanlı təbliğ edək, Azərbaycanın turizmini, biznes sektorlarını təbliğ edək və Belçikada, Avropada olan iş adamlarını Azərbaycana investisiya qoymağa cəlb edə bilək ki, qarşılıqlı əməkdaşlığı qoruya bilək.

Dünya Azərbaycanlılarının 3-cü qurultayı haqda fikirlərinizi bizimlə bölüşün!

Posted July 6th, 2011 at 9:59 am (UTC-5)
Leave a comment

Dünya Azərbaycanlılarının 3-cü qurultayı ilə bağlı fikirlərinizi bizimlə AzeriDiaspora bloqunda bölüşün.

İyulun 5-də Bakıda Dünya Azərbaycanlılarının 3-cü qurultayı keçirilib. Qurultayda dünyanın 42 ölkəsindən 1272 nümayəndə, 579 təmsilçi və 211 qonaq iştirak edib.

Müxalifət və bir sıra müstəqil media nümayəndələri qurultaya dəvət edilməyib.

Qurultayda “Dünya Azərbaycanlılarının 3-cü qurultayının qətnaməsi”, “Azərbaycan prezidentinə müraciət”, “Dünya Azərbaycanlılarına müraciət”, “Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına müraciət”lər qəbul edilib.

Azərbaycan prezidenti İlham Əliyev qurultay qarşısında çıxış edib.

Qurultaydan öncə prezident İlham Əliyev Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə, bir qrup şəxsi Azərbaycanın “Dostluq” ordeni və “Tərəqqi” medalı ilə təltif edib.

Amerika azərbaycanlılarının şəbəkəsi USAN-ın direktoru Adil Bağırov Tərəqqi medalı ilə təltif edilib

Posted July 4th, 2011 at 2:50 pm (UTC-5)
Leave a comment

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsi “Dostluq” ordeni və “Tərəqqi” medalı ilə təltif edib.

Təltif edilənlər arasında ABŞ-da yaşayan azərbaycanlıların şəbəkəsi olan USAN-ın təsisçilərindən biri və direktorlar şurasının üzvü Adil Bağırov da var.

Türkiyə parlamentinin deputatı Sinan Oğan, Rusiyada Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva, Avropa-Azərbaycan Cəmiyyətinin rəhbəri Taleh Heydərov də “Tərəqqi” medalına layiq görülənlər arasındadır.

ABŞ-da ilk dəfə olaraq Qarabağa həsr edilmiş markalar çap edilib

Posted June 30th, 2011 at 2:03 pm (UTC-5)
Leave a comment

ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondu Qarabağa həsr edilmiş poçt markaları çap edib.

Markalar Qarabağın zəngin keçmişi və tarixinin öyrənilməsi məqsədilə həyata keçirilən “Qarabağ:Keçmişə və Gələcəyə Baxış” silsilə layihəsi çərçivəsində çap edilib.

Markaların üzərində Qarabağın tarixi abidələri təsvir edilir. Qarabağ Fondu markaların satışından əldə edilən vəsaitin mədəni tədbirlərin həyata keçirilməsində istifadə ediləcəyini bildirir.
Qarabağa həsr edilmiş markaları Fondun veb səhifəsində almaq mümkündür.

Fond “Qarabağ:Keçmişə və Gələcəyə Baxış” silsilə layihəsi çərçivəsində artıq Qarabağın tarixinə həsr edilmiş təqvim çap edib.

Lənkəran Kaliforniyanın Monterey şəhəri ilə qardaşlaşdı

Posted June 29th, 2011 at 2:09 pm (UTC-5)
Leave a comment

Azərbaycanın subtropik bölgəsindəki Lənkəran və Amerikanın Sakit okeanı sahilindəki Monterey şəhərləri rəsmi olaraq qardaşlaşmış şəhərlər elan edilib.

Buna dair sənəd keçən həftə Lənkəran şəhər icra hakimiyyətinin yüksək səviyyəli rəsmilərinin Montereyə səfəri zamanı imzalanıb. Azərbaycanın Los Ancelesdə baş konsulu Elin Süleymanov da imzalama mərasimində iştirak edib.

Monterey Amerikada ən məhur turizm məkanlarından biridir. Hər iki şəhərin gözəl təbiəti onları birləşdirən əsas cəhətlər kimi göstərilir.

Montereyin Amerika tarixi və ədəbiyyatında da mühüm yeri var. Amerikanın məşhur yazıçısı, 1962-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatı Con Steynbek həyatının bir neçə ilini şəhərdə yaşamış və özünün məşhur “Konserv zavodu” romanını Montereyə həsr edib burada yazmışdır.

Amerikanın ən məşhur qolf meydançılarının olduğu Pebl Biç (Pebble Beach) kurortu da Monterey yaxınlığında yerləşir.

Lənkəran Montereylə qardaşlaşmış yeddinci şəhərdir. Montereylə qardaşlaşmış digər şəhərlər Xorvatiyada Dubrovnik, Türkiyədə Quşadası, İtaliyada Trapani, İspaniyada Lerida, Tayvanda Taynan və Yaponiyada Nanodur.

ABŞ Dövlət Departamentinin insan alverinə dair hesabatı-Azərbaycan

Posted June 28th, 2011 at 1:32 pm (UTC-5)
Leave a comment

ABŞ Dövlət Departamenti 2011-ci il üçün dünya ölkələrində insan alverinə dair hesabatını açıqalyıb. Dövlət Departamenti bildirir ki, insan alverinə qarşı mübarizə məqsədilə qoyulmuş minimum standartlara cavab verə bilməyən ölkələrin sayı artıb.

Hesabatı təqdim edən ABŞ Dövlət katibi Hillari Klinton deyib ki, dünya boyu 27 milyon insan qul kimi yaşayır. Onun sözlərinə görə, bir çox ölkələrdə insan alverinə qarşı qanunların mövcud olmasına baxmayaraq, onların tətbiqində ciddi boşluqlar var.

ABŞ Dövlət Departamentinin hesabatının Azərbaycanla bağlı hissəsində deyilir ki, Azərbaycan insan alveri üçün mənbə və tranzit ölkə olmaqla yanaşı, həm də insan alveri qurbanlarının gətirildiyi ölkədir. Burada göstərilir ki, Azərbaycandan kişilər və oğlanlar məcburi əməklə məşğul olmaq üçün Rusiya və Moldovaya aparılır. Qadınlar və uşaqların isə seksual istismar məqsədilə Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya və İrana aparıldığı qeyd edilir. Sənəddə göstərilir ki, qadınlar və uşaqlar Azərbaycanın özündə məcburi əmək və dilənçiliklə məşğul olmağa vadar edilir. Azərbaycanın Özbəkistan və Qazaxıstandan qadınların seksual istismar məqsədilə Türkiyəyə və Birləşmiş Ərəb Əmirliklərinə aparılmasında tranzit ölkə olduğu deyilir.

Hesabatda Azərbaycan hökumətinin insan alverinin aradan qaldırıması istiqamətində minimum standartlara tam əməl etmədiyi qeyd olunur və hökumətə tövsiyələr verilir. Burada göstərilir ki, Azərbaycan hökuməti insan alveri hallarının araşdırılması, günahkarların cəzalandırılması, ya da insan alveri hallarının məhkum edilməsi və qurbanların müdafiə edilməsi sahəsində əhəmiyyətli inkşafa nail ola bilməyib. Hesabatda deyilir ki, Azərbaycan hökuməti ölkədə məcburi əməklə məşğul olmağa vadar edilmək probleminin mövcud olduğunu etiraf edir, lakin insan alveri ilə məşğul olan insanlar cəzalandırılmamış qalır.

Azərbaycan hökumətinə insan alveri qurbanlarının aşkarlanması səylərini yaxşılaşdırmaq, insanların məcburi əmək və seksual təcavüzə vadar edilməsi hallarının təhqiq edilməsini və cinayətdə iştirak etmiş hökumət rəsmilərinin cəzalandırılması işini yaxşılaşdırmaq tövsiyə edilir. Bununla yanaşı, Dövlət Departamentinin hesabatında Azərbaycan hökumətinə tövsiyələr arasında ictimiayyətin insan alveri problemi ilə məlumatlandırılması səylərinin artırılması da qeyd edilir.

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>