Azərbaycanlı Tələbə Assosiasiyası Kaliforniyada Azərbaycanın Respublika günü münasibətilə tədbir keçirib

Posted May 31st, 2013 at 2:00 pm (UTC-5)
Leave a comment

Kaliforniyada İrvin universitetində Azərbaycan Respublikasının 95 illiyi münasibətilə tədbir keçirilib. İrvin universitetinin Azərbaycanlı Tələbə Assosiasiyası tərəfindən təşkil edilmiş tədbirə Azərbaycan, türk və yəhudi icmalarının üzvləri qatılıb.

Azərbaycanlı Tələbə Assosiasiyasının üzvü, Dövlət siyasəti üzrə namizədlik dərəcəsi almış Aytən Nəbiyeva toplaşanlara müsəlman aləmində ilk dünyəvi respublika olan Azərbaycan Demokratik Respublikasının fəaliyyətləri ilə bağlı məlumat verib, gənc respublikanın təhsil və mədəniyyət sahələrinə verdiyi töhfələri qeyd edib.

Tədbirdə çıxış edən Amerika Azərbaycan Şurasının baş direktoru Cavid Hüseynov Azərbaycan Demokratik Respublikasının mürəkkəb siyasi şəraitdə yaradılmasına baxmayaraq, güclü demokratik təsisatlar qura bildiyini, bütün insanlara bərabər hüquqlar təmin etdiyini xüsusi vurğulayıb.
Cavid Hüseynov 1919-cu ildə Paris konfransında Azərbaycan nümayəndə heyəti ilə görüşdən sonra ABŞ prezidenti Vudro Vilsonun heyət üzvlərinin istiqlal, ədalət və hüquqlar kimi məsələlərdə birgə baxışları bölüşdüyünü qeyd etməsini xatırladıb.

Kaliforniyanın İrvin universitetində fəaliyyət göstərən Azərbaycanlı Tələbə Assosiasiyası Azərbaycanın irsi, mədəniyyəti və tarixi haqda məlumatların artırılması məqsədilə yaradılıb. Assosiasiyanın həmtəsisçiləri Rəfiqə Qurbanzadə və Nazilə Həsənovadır.

Torontoda Azərbaycanın Cumhuriyyət günü

Posted May 29th, 2013 at 3:21 pm (UTC-5)
Leave a comment

Azərbaycan Demokratik Respublikasının 95 illiyi münasibətilə Kanadanın Toronto şəhər bələdiyyəsinin qarşısında Azərbaycan bayrağının ucaldılması mərasimi keçirilib. Tədbir Kanadada fəaliyyət göstərən Kanada Azərbaycan Gənclər Şəbəkəsi və Toronto universitetinin Azərbaycanlı Gənclər Assosiasiyasının təşəbbüsü ilə təşkil edilib.

Kanada Azərbaycan Gənclər Şəbəkəsinin prezidenti İsgəndər Qədirzadə toplaşanlara Azərbaycan Demokratik Respublikası haqda məlumat verib. Tədbirdə Kanadanın Araşdırma və İnnovasiya naziri, əslən İran azərbaycanlısı olan Reza Moridi, Kanada parlamentinin üzvləri, Azərbaycan və türk icmalarının üzvləri iştirak ediblər.

Azərbaycan Demokratik Respublikasının 95 iliyi münasibətilə münasibətilə Kanada parlamentinin üzvləri Barri Devolin, Kostas Meneqakis və Kanadanın Ontario vilayətinin baş naziri Katlin Vinne təbrik mesajları göndəriblər.

Mədəni diplomatiya və Azərbaycanın ABŞ-da tanıdılması səyləri

Posted May 15th, 2013 at 12:44 pm (UTC-5)
Leave a comment

Amerika mədəniyyəti, pop musiqi, caz, Hollivud filmləri illər uzunu xarici ölkələrlə əlaqə yaradılmasında əsas vasitə kimi çıxış edib. İndi isə amerikalıların dünya mədəniyyəti ilə daha yaxından tanışlığı üçün ictimai və mədəni diplomatiya müstəsna rola malikdir. ABŞ-da yaşayan diaspor üzvləri və qeyri-hökumət təşkilatları bu missiyanın həyata keçirilməsinə böyük töhfə verə bilərlər. ABŞ-ın Qarabağ Fondunun “Diplomatiya diqqət mərkəzində, Azərbaycan mədəniyyətini diqqət mərkəzinə necə gətirməliyik?” mövzusunda keçirdiyi konfransda bu yanaşma tərzi və onun verə biləcək nəticələr müzakirə olunub.

Fondun icraedici direktoru Dayana Kohen Altman Amerikada Azərbaycanın tanıdılması səyləri və görülən işlərdən danışıb. O mədəni diplomatiyanın əsas yollarından biri kimi mübadilənin, insanlar arasında təmasların əhəmiyyətini qeyd edib. Dayana Kohen ABŞ-da Azərbaycanın mədəniyyətinin tanıdılması üçün muğam sənətindən tutmuş, mətbəx ənənələrinə qədər ölkənin zəngin mədəniyyətinin amerikalılara müxtəlif vasitələrlə təqdim edildiyini bildirib. “Azərbaycan muğamı haqda “ağlayan kişi” videosunu qeyd etmək istəyirəm. Həyatında heç vaxt muğam musiqisini dinləməyən bu amerikalı Azərbaycan musiqisindən riqqətə gəlib, göz yaşlarını saxlaya bilməmişdi. Buna görə biz videoya bu adı vermişik”-deyə o toplaşanlara bildirib.

Dayana Kohen Altman Qarabağ Fondunun sponsorluğu ilə nəşr edilmiş “Qarabağ mətbəxi” kitabının Azərbaycan mətbəx ənənələrini amerikallara tanıtmaq üçün gözəl bir imkan yaratdığını qeyd edib.

Qarabağ Fondunun həmsədri, ABŞ Azərbaycanlıları şəbəkəsinin həmtəsisçisi Adil Bağırov ABŞ hökumətinin Amerikadakı diaspor üzvlərinin beynəlxalq münasibətlərin dərinləşməsində oynadığı rola verdiyi əhəmiyyətdən danışıb. O, diaspor üzvlərinin təkcə iqtisadi deyil, siyasi münasibətlərdə, eləcə də demokratiya və şəffaflığın artırılması işinə göstərə biləcəyi təsirləri qeyd edib. Adil Bağırov Amerikada Azərbaycan diasporunun sayca artdığını, azərbaycanlıların Amerikanın ictimai-siyasi həyatında getdikcə daha fəal iştirak etməyə başladığını bildirib.

Smitsonian institutunu folklor proqramlarının direktoru Ceyms Döyç Azərbaycanın Smitsonian festivallarında iştirakı haqda məlumat verib. Doktor Döyç festivalın əsas missiyalarından birinin maarifləndirmə olduğunu və amerikalıların ilk dəfə Azərbaycan mədəniyyəti ilə muğam vasitəsilə tanış olduğunu qeyd edib.

Azərbaycanı festivalda ilk dəfə 2002-ci ildə dünya şöhrətli violençelist Yo Yo Manın “İpək Yolu” ansamblının üzvü olan Alim Qasımov təmsil edib.

2012-ci ildə isə Smitsonian festivalında açılmış Azərbaycan yeməkləri pavilyonu amerikalılara Azərbaycan mətbəxi ilə tanışlıq imkanı verdi. Azərbaycan yeməkləri Smitsonian festivalının ən populyar yemək pavilyonu olmuşdu.

Qarabağ Fondunun təşkil etdiyi müzakirələrdə çıxış edən doktor Əli Safyurt və Türkiyənin amerikalı dostları cəmiyyətinin icraçı direktoru Elizabet Şelton amerikalıların ölkədə yaşayan müxtəlif xalqların mədəniyyəti haqda maarifləndirilməsinin əhəmiyyətindən danışıblar.

Doktor Elizabet Şelton ABŞ-ın dünya ölkələri ilə əlaqələrində hökumətlərarası münasibətlərin həcminin daha artıq olduğunu bildirərək, insanlar arasında münasibətlərdə mədəni diplomatiyanın oynadığı rolun və göstərə biləcəyi təsirin böyük əhəmiyyətini qeyd edib.

Qarabağ Fondunun qərargahında təşkil edilən müzakirələr Vaşinqtonda üçüncü Qlobal Diaspor konfransı çərçivəsində keçirilib.

Ottavada “Qarabağ” məktəbinin şagirdləri Kanada parlamentində

Posted May 8th, 2013 at 2:12 pm (UTC-5)
Leave a comment

Kanadanın paytaxtı Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbinin şagirdləri bu yaxınlarda parlamentdə keçirilən beynəlxalq tədbirə qatılıblar.

“Qarabağ” məktəbinin təsisçilərindən biri, Azərbaycan dilini məktəbdə tədris edən Vüsalə Əhmədova Amerikanın Səsinə azərbaycanlı uşaqların Kanada parlamentində böyük uğurla çıxış etdiyini bildirib.

Vüsalə Əhmədova:”Qarabağ Azərbaycan dili məktəbi 2011-ci ilin senatyabrından fəaliyyət göstərməyə başlayıb. Məktəb Ottava şəhərində yaşayan qadınlar, Nigar Əliyeva və mən Vüsalə Əhmədova tərəfindən yaradılıb. Bizim məktəbimiz Ottavadakı fransız katolik məktəbinin şurasının tərkibindədir. Onlar bizə dəstək verir. Yeddi şagirdlə başlamışdıq, hal-hazırda məktəbdə 13 şagird var. Məktəbdə Azərbaycan mədəniyyəti, dili və tarixini uşaqlara öyrədirik. Bundan başqa, Azərbaycan dilində mahnılar, Azərbaycan rəqsləri, milli-adət və ənənələrimizi öyrətməyə çalışırıq. Bizim uşaqlar hər il olduğu kimi, bu il də Novruz bayramını, Dünya Azərbaycanlılarının Həmrəyliyi gününü, Respublika gününü təntənəli şəkildə qeyd edir. Həm də bizi parlamentə dəvət etdilər ki, beynəlxalq məktəblərin çıxışını istədilər. Orada bir neçə beynəlxalq məktəb çıxış etmişdi, Çin, ərəb məktəbi. Bizi də dəvət etdilər ki, uşaqlarımız orada çıxış etsin və mahnılarımızı oxumaqla, çıxış etməklə Ottavaya gələn turistlər, partlamentdəki işçilər və ümumiyyətlə Ottava ictimaiyyətində Azərbaycan haqda təsəvvür yaransın. Uşaqlar çox böyük həvəslə, qürurla çıxış etdilər. Onu da qeyd edim ki, ən gözəl geyim, ən gözəl çıxış olaraq Azərbaycan məktəbi qarşılandı. Hamı bizi təbrik etməyə gəldi ki, çox gözəl çıxış etmisiniz. Çox adam heç Azərbaycanın harada olduğunu, Azərbaycan kəlməsinin nə olduğunu bilmirdi. Uşaqlar vətənimizi çox gözəl, qürurla təmsil etdilər.”

Vüsalə Əhmədova məktəbin fəaliyyəti haqda da danışarkən Azərbaycanın Kanadadakı səfirliyinin dəstəyi və köməyini xüsusi qeyd edib.

Vüsalə Əhmədova:”Dərslər hər həftənin şənbə günü 12:30-la 3 arasında aparılır. Məktəbin müəllimi hələ ki mənəm. Cəmi 10 uşaq olduğu üçün bir müəllim və bir köməkçi müəllim var, Elnarə Əhmədova. Mən olmayanda, bəzən də bayramlarda o məni əvəz edir. Rəqslərdə də Nigar Əliyeva kömək edir. Məktəbdə biz hazırda ikinci sinif dərslərini keçirik. Sağ olsun Azərbaycanın Ottavadakı səfirliyi bizə dəstək verir. Milli kostyumlar, dərsliklər, milli aksessuarların təmin olunmasında bir nömrəli dəstəkçimizdir. Azərbaycanda dərs nə səviyyədə keçilirsə, biz də çalışırıq o səviyyədə keçək. Dərs həftədə bir dəfədir. Tam 100 faiz hər işi görə bilməsək də, 50 faizini, əlimizdən gələni öyrətməyə çalışırıq. Yaş qrupu 4 yaşla 16 yaş arasındadır, dərslər də pulsuz olaraq keçirilir.

“Qarabağ” Azərbaycan dili məktəbinin həmtəsisçisi Vüsalə Əhmədova deyir ki, məktəbin açılması Azərbaycan icma üzvlərini bir-birinə daha da yaxınlaşdırıb.

Vüsalə Əhmədova:”Bizim burada icmamız var. Burada yaşayan azərbaycanlıların hamısı yaxşı vəzifələrdə işləyir. Dentist, menecer kimi çalışan azərbaycanlılar var. Onların yaşayış səviyyəsi yaxşıdır. Bayramları birlikdə keçririk. Azərbaycan icma üzvlərinin sayı başqa şəhərlərdə olduğu kimi çox deyil, amma burada da yaşayan azərbaycanlılar var. Məktəbin açılması ilə bir-birimizi daha çox görürük. Əlaqələrimiz daha sıxlaşıb. Biz çalışırıq məktəbi daha çox reklam edək ki, daha çox azərbaycanlı ətrafımızda birləşsin və məktəbimizin şagirldlərinin sayı çoxalmış olsun.”

Tennessi ştatı Xocalı qətliamını tanıyıb

Posted March 19th, 2013 at 1:42 pm (UTC-5)
Leave a comment

ABŞ-da fəaliyyət göstərən diaspor təşkilatlarının bildirdiyinə görə, martın 18-də Tennessi ştatının parlamenti Xocalı qətliamını tanıyıb, Pensilvaniya ştatının assambleyasında isə Xocalı qətliamının tanınması ilə bağlı qətnamə təqdim edilib.

Tennessi ştatının Xocalı faciəsinin 21-ci ildönümünün tamam olduğu vaxt qəbul etdiyi qətnamə ştatın qanunvericilik orqanına konqresmen Co Touns tərəfindən təqdim edilib.

Pensilvaniya ştatının qəbul etdiyi qətnamədə Xocalı faciəsinin 21-ci ildönümündə hadisə qurbanlarının xatirəsinin anılmasına çağırılır. Sənədin nüsxələri ABŞ Dövlət Departamenti, Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi və Pensilvaniya ştatının qanunvericilərinə göndərilib.

Xocalı faciəsinin 21-ci ildünümü ilə əlaqədar ABŞ-ın Arkanzas, Corciya, Massaçusets, Nyu Meksiko və Oklahoma ştatlarında da 1992-ci ildə baş vermiş hadisəsinin tanınması və qətliam zamanı həlak olmuş insanların xatirəsinin anılmasına çağıran qətnamələr qəbul edilib.

ABŞ azərbaycanlıların şəbəkəsi USAN, Amerika Azərbaycan Şurası, Amerika Azərbaycan Cəmiyyəti və Paxturcica qrupları Amerikada yaşayan azərbaycanlıları Xocalı faciəsini tanıyan ştatların qanunvericilik orqanlarına təşəkkür bildirməyə çağırır.

Kaliforniyanın İrvin universitetində Xocalı konfransı

Posted March 4th, 2013 at 12:49 pm (UTC-5)
Leave a comment

ABŞ-da Azərbaycan diaspor təşkilatları, eləcə də Amerikada yaşayan azərbaycanlılar Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirib. Kaliforniyanın İrvin universitetində fəaliyyət göstərən Azərbaycan Tələbə Assosiasiyası “Dağlıq Qarabağ Münaqişəsi: Məhv edilmiş şəhərin tarixçəsi” mövzusunda seminar təşkil edib. Amerika Azərbaycan Şurası və AYNA şəbəkəsinin təşəbbüsü ilə keçirilən tədbirdə tələbə assoasiyasının üzvləri Aytən Nəbiyeva, Rəfiqə Qurbanzadə, Montana ştatının universitetinin professoru Tomas Qolts, Amerika Azərbaycan Şurasının baş direktoru Cavid Hüseynov məruzə ediblər.

Qarabağdan məcburi köçkün olan olan Rəfiqə Qurbanzadə toplaşanlara hazırkı Xocavənd (əvvəl Hadrut) rayonunda Çərəkənd kəndi haqda xatirələrini bölüşüb. O, bir zaman uşaqlıq illərini keçirdiyi Qarabağa qayıdıb babasının qəbrini ziyarət edə biləcəyinə ümid etdiyini deyib.

Tədbirdə jurnalist və yazar Tomas Qoltsun Xocalı haqda çəkdiyi sənədli film nümayiş etdirilib. Tədbirə Azərbaycan və türk icmaları, eləcə də Kaliforniyanın Orenc dairəsini təmsil edən erməni icmasının üzvləri qatılıblar. Auditoriyada olan erməni tələbələr Azərbaycan cəmiyyətində mənfi münasibətin güclənməsi və Əkrəm Əylislinin “Daş yuxular” kitabı ilə bağlı suallar verib, onlardan biri isə Azərbaycanda dini tolerantlıq və müxtəlif dinləri təmsil edən qruplar arasında münasibətlərin öyrənilməsinə maraq göstərdiyini bildirib.

Amerika Azərbaycan Şurasının yaydığı məlumata görə, tədbirin sonunda bəri erməni tələbələr məruzəçilərə maraqlı prezentasiyaya görə təşəkkür edib və Xocalı qurbanlarının ailələrinə başsağlığı bildiriblər.

Azərbaycan Amerika Şurasının dəstəyi ilə Kolumbiya universitetində Xocalıya dair konfrans keçirilib

Posted February 25th, 2013 at 3:46 pm (UTC-5)
Leave a comment

Fevralın 19-da Nyu-Yorkda Kolumbiya Universitetində “Dağlıq Qarabağ: Cinayətlər, qaçqınlar və kollektiv yaddaş” mövzusunda konfrans keçirilib.

ABŞ və Kanadada fəaliyyət göstərən Azərbaycan Amerika Şurası və Amerika Azərbaycan Cəmiyyətinin dəstəyi ilə keçirilən tədbir Kolumbiya Universitetində təhsil almış Amerika Azərbaycanlı Gənclər Şəbəkəsinin üzvləri tərəfindən təşkil edillib.

Universitetinin beynəlxalq və ictimai münasibətlər kafedrasında təşkil edilmiş tədbirdə amerikalı jurnalist Tomas Qolts mühazirə oxuyub. Xocalı hadisələrinin şahidi olmuş Tomas Qolts Amerika ictimaiyyətinə faciə ilə bağlı məlumatları çatdıran ilk jurnalistdir. O,“Azərbaycan gündəliyi” kitabının müəllifidir.

Mühazirədən sonra Tomas Qoltsun Xocalı faciəsi haqda çəkdiyi sənədli film nümayiş etdirilib.

Azərbaycan Amerika Şurasının icraçı direktoru Cavid Hüseynov Kolumbiya universitetində təhsil alan erməni tələbələrin də tədbirdə iştirak etdiyini deyib. Erməni tələbələr Ramil Səfərovun amnistiya edilməsi və Əkrəm Əylisinin “Daş yuxular” romanı ilə bağlı suallar veriblər. Tədbirdən sonra onlar Tomas Qolts və Cavid Hüseynovla müzakirə aparıblar.

Cavid Hüseynov: “Tədbirdə bir neçə nəfər erməni tələbə iştirak edirdi. Ümumiyyətlə audotiryada 50-60 nəfər var idi. Bunlar Kolumbiya universitetinin tələbələri və Azərbaycan icmasının üzvləri idi. Bir neçə nəfər erməni tələbə də gəlmişdi. Onlar tədbirin sorğu-sual hissəsində tədbiri pozmağa çalışdılar. Ramil Səfərovla bağlı və son zamanlar Əkrəm Əylislinin “Daş yuxular” kitabı ilə əlaqədar baş verən hadisələr haqda suallar verməyə başladılar. Biz qeyd etdik ki, həm Ramil Səfərov, həm də Əkrəm Əylisinin kitabı ətrafında baş verən ixtilaflar məhz ermənilərin indiyə qədər Azərbaycyan torpaqlarının işğalı, Azərbaycan qaçqınlarını öz evlərindən didərgin salması, Xocalıda aeroport qurmağa çalışması kimi aksiyaların nəticəsidir və sonu olmayan işğal və haqsızlığa Azərbaycan cəmiyyətinin reaksiyasıdır. Bu nəinki Ermənistan, bu, həm də Azərbaycan üçün narahatlıq yaradır və bütün dünya üçün narahatçılıq yaratmalıdır ki, Ermənistanin indiyə qədər yol verdiyi haqsızlığa heç bir cavab yoxdur. Azərbaycanda ermənilərə qarşı belə bir hisslər yaranır ki, bunun heç bir nəticəsi yoxdur və yeganə o yol qalır ki, artıq Azərbaycan cəmiyyəti tam olaraq Ermənistana qarşı çevrilir. Bu vəziyyəti ortadan götürmək üçün Ermənistan işğalını dayandırmalıdır. Erməni tələbələrdən 6-7 nəfər var idi. Bunların bəzisi daha yumşaq mövqe tuturdu. Onlar tədbirdən sonra həm Tomas Qoltsla, həm də mənimlə müzakirə apardı. Onların əsas narahatçılığı bizim prezentasiyada göstərdiyimiz fiqurlarla bağlı idi. Tələbələrin biri dedi ki, azərbaycanlılar Ermənistandan didərgin salındıqda onların sayı cəmi 85 min nəfər idi. Biz orada rəsmi fiqurları təqdim etdik ki, 1988-ci və 1989-cu illərdə Ermənistandan qaçqın düşən azərbaycanlıların sayı əslində 250 min nəfər olub. Əslən Bakıdan olan erməni tələbələrdən biri belə bir sual verdi ki, “siz niyə deyirsiniz ki, Azərbaycanda öz torpaqlarından didərgin düşmüş 800 min məcburi köçkün var və dedi ki, Dağlıq Qarabağda 195 min insan yaşayıb, bunların 30 faizi azərbaycanlılar idi, bu rəqəm haradan çıxıb?” Biz onlara cavab verdik ki, işğal olunmuş torpaqlar, Dağlıq Qarabağ ətrafında işğal olunmuş torpaqlarda əhalinin 99 faizi azərbaycanlı idi və bu insanların birlikdə sayı 800 min təşkil edir.”

Amerikanın Səsinin sualını cavablandıran Cavid Hüseynov qeyd edib ki, hər iki tərəfin baş vermiş hadisələrlə bağlı müzakirə aparması və azərbaycanlı və erməni tələbələr arasında dialoqun yaradılması mümkündür. “Azərbaycan Amerika təşkilatları və Azərbaycan tələbə qrupları tərəflər arasında dialoqun yaradılmasından əvvəl Ermənistan tərəf bu hadisədə öz rolunu inkar etməyə son qoymalıdır. Ermənistan rəhbərliyi rus qoşunları ilə yanaşı, erməni qoşunlarının da Xocalıda əsas rol oynadığını qəbul etməlidir. Erməni tərəfin bunu qəbul etməsini istəyirik”-deyə Cavid Hüseynov bildirib.

Xocalı faciəsinin 21-ci ildünümü ilə bağlı Amerikanın müxtəlif ştatlatı və şəhərlərində ABŞ-dakı diaspor təşkilatları tərəfindən tədbirlərin keçirilməsi planlaşdırılır.

Amerika azərbaycanlıları Çak Heygelin müdafiə naziri vəzifəsinə namizədliyini dəstəkləyir

Posted February 3rd, 2013 at 2:08 pm (UTC-5)
Leave a comment

ABŞ-dakı Amerika Azərbaycan Şurası və Pax Turcica qrupu Senatı Çak Heygeli müdafiə naziri vəzifəsinə təsdiq etməyə çağıraraq, keçmiş senatorun namizədliyinə dəstək vermək üçün icma üzvlərinə müraciət edib.

Müraciətdə deyilir ki, senator Heygel Senatın Xarici Əlaqələr Komitəsində və prezident Obamanın kəşfiyyat məsələləri üzrə məsləhət şurasında fəaliyyət göstərdiyi müddətdə ABŞ-ın Azərbaycan və Türkiyə ilə münasibətlərinin inkişafına hər zaman dəstək verib. Burada senator Heygelin Amerikada ermənilərin maraqlarını təmsil edən qrupların təsiri nəticəsində ABŞ-ın Azərbaycana birbaşa yardımını qadağan edən Azadlığı Müdafiə Aktına 907-ci düzəlişə etirazını bildirdiyi, onun Cənubi Qafqazda enerji lahihələrinə dəstək verdiyi qeyd edilir.

İcma üzvlərinə müraciətdə deyilir ki, Türkiyə ilə davamlı dostluq münasibətlərinə dərin inamı olan senator Heygel Mustafa Kamal Atatürkü 20-ci əsrin ən dəyərli liderlərindən biri adlandıraraq, onun irsinin amerikalıların gələcək nəsillərinə öyrədilməli olduğunu deyib. Müraciətdə senator Heygelin ABŞ Konqresində ermənilərin iddia etdiyi soyqırıma dair qətnamələri əleyhinə çıxış edərək, tarixi mübahisələri həll etmək üçün Türkiyə və Ermənistan arasında dialoqa çağırdığı qeyd edilir.

Amerika Azərbaycan Şurası və Pax Turcica qrupu ABŞ xarici siyasəti, kəşfiyyat və təhlükəsizlik sahələrində böyük təcrübəsini nəzərə alaraq, Vyetnam müharibəsi veteranı və xarici siyasət məsələləri üzrə ekspert olan senator Çak Heygelin namizədliyinə dəstək bildirmək üçün Azərbaycan icmasının üzvlərini Senata, habelə Amerikanın aparıcı mətbuat orqanlarına məktublar göndərməyə çağırır.

ABŞ prezidenti Barak Obama yanvarın 7-də Leon Panettanı Birləşmiş Ştatların Müdafiə naziri vəzifəsində əvəz etmək üçün keçmiş senator Çak Heygelin namizədliyini irəli sürüb.

Amerika azərbaycanlıları Obama administrasiyasını Xocalı qətliamını tanımağa çağırır

Posted January 28th, 2013 at 2:37 pm (UTC-5)
Leave a comment

Amerikada yaşayan azərbaycanlılar prezident Barak Obama administrasiyasının Xocalı qətliamı və onun qurbanlarını anması və müharibə cinayətlərini tanıması məqsədilə Ağ Evin veb səhifəsində petisiya yerləşdirib.

Ağ Evin “Biz xalqıq” səhifəsində yerləşdirilmiş petisiyada deyilir ki, fevralın 26-da amerikalı azərbaycanlılar və ABŞ azərbaycanlıları şəbəkəsinin dostları 1990-cı illərdə baş vermiş ən dəhşətli hadisələrdən biri olan Xocalı qətliamının 21-ci ildönümünü qeyd edəcək. “Amerika azərbaycanlıları və bizim bu ölkədə və bütün dünyada dostlarımız adından faciəinin 21-ci ildönümü ərəfəsində Xocalı qətliamı və onun qurbanlarının anılması və prezidentin bəyanat verməsində bizə kömək etməyiniz üçün sizə müraciət edirik”-deyə petisiyada bildirilir.

Ağ Evin vətəndaşları narahat edən məsələlərlə bağlı administrasiyaya müraciət edə bilməsi məqsədilə yaratdığı “Biz xalqıq” (“We the People”) səhifəsində yerləşdirilmiş petisiyanın nəzərdən keçirilməsi üçün ona 2013-cü il fevralın 25-ə qədər 99 mindən çox adamın imza atması lazımdır.

Amerika-Azərbaycan Şurası və Pax Turcica təşkilatı da Xocalı qətliamının tanınması səyləri çərçivəsində məktub kampaniyası keçirir.

Ağ Evin veb səhifəsində yerləşdirilmiş petisiya Amerika azərbaycanlılarının Xocalı qətliamının anılması məqsədilə hər il keçirdiyi kampaniyanın bir hissəsidir. Diaspor təşkilatları hər il Birləşmiş Ştatlar Konqresinin üzvləri, yerli hökumət və media nümayəndələrinə Xocalı hadisələri ilə bağlı məktublar göndərir, yerli mətbuat orqanlarında məqalələrlə çıxış edir.

 

Con Nəimi Əmiral: Əsgər həyatına ali baş komandan cavabdehdir

Posted January 24th, 2013 at 1:37 pm (UTC-5)
Leave a comment

ABŞ hərbi dəniz qüvvələrinin zabiti Con Nəimi Əmiral Amerikanın Səsinə müsahibədə Azərbaycanda əsgər ölümü hallarının tez-tez baş verdiyindən narahatlığını bildirib. Hazırda NATO-nun Əfqanıstan polisinə təlim proqramının başçısı kimi Türkiyədə ezamiyyətdə olan Con Nəimi Əmiral orduda Ceyhun Qubadovun ölümünə gətirib çıxaran başlıca problemlərə münasibətini bildirib. O, orduda korrupsiya, nizam-intizama əməl olunmaması hallarının tamamilə qəbulolunmaz olduğunu deyib və ABŞ hərbi dəniz qüvvələrində öz təcrübəsi ilə bölüşüb.

Dilşad Əliyarlı: Nəimi bəy, bu son iki gündür Azərbaycan əsgəri Ceyhun Qubadovun ölüm xəbəri ilə bağlı məlumatları izləyirik. Azərbaycan ictimaiyyətində hadisə geniş müzakirə olunur. Xaricdə yaşayan azərbaycanlılar da buna münasibət bildirir. Amerika ordusunun zabiti kimi sizin hadisəyə münasibətinizi bilmək maraqlı olardı.

Problem orasındadır ki, bir var bu cür hadisələr bir insident olaraq baş verir. Bəzən faciəli hadisələr hər cür cəmiyyətdə ola bilər, hər bir dövlətdə mümkün ola bilər. Amma problem orasındadır ki, son zamanlar Azərbaycan silahlı qüvvələrində bu cür hadisələrin tez-tez baş verməsini eşidirik. Elə bir neçə il bundan əvvəl mənim öz qohumum Naxçıvanda öz silahdaşları tərəfindən güllə ilə vurulub öldürülmüşdü. Ondan sonra dəfələrlə eşitdik ki, Azərbaycan silahlı qüvvələrində belə hadisələr baş verir və bu davam edir. Bu cür hadisələr çox tez-tez baş verir. Bu da onu göstərir ki, böyük addımlar atılmalıdır, böyük işlər getməlidir, silahlı qüvvələrdə bu cür hadisələrin qarşısını almaq üçün çox əhəmiyyətli dəyişikliklər və islahatlar getməlidir, işlər görülməlidir, çünki bu, çox dözülməz hadisədir.

Dilşad Əliyarlı: Nəimi bəy, siz Amerika Birləşmiş Ştatlarının hərbi dəniz qüvvələrində xidmət etmisiniz. Belə bir hadisə Amerika ordusunda baş versəydi bunun nəticələri nə olardı? Məsələ ilə hansı səviyyələrdə məşğul olardılar? Məsuliyyət daşıyanları nə gözləyərdi?

Con Nəimi Əmiral: Mən artıq 11 ildir Amerika hərbi dəniz qüvvələrində zabit kimi xidmət edirəm. İndi də Türkiyədəyəm, hərbi dəniz qüvvələrinin zabiti kimi NATO təlim missiyasına başçılıq edirəm burada. Dediyim kimi, bu cür hadisələr baş verə bilər. Belə faciəli hallar baş verir bəzən. Mən Amerika ordusunda xidmət etdiyim dövrdə belə bir hadisəni duymamışam. Amma bəlkə də tarixdə nə vaxtsa olub və belə bir şey olduğu halda, əlbəttə, tam yüksək səviyyədə, ali baş komandan səviyyəsində belə hallara reaksiya verilir və söhbət təkcə bu hala reaksiya verməkdən getmir. Söhbət ondan gedir ki, belə hadisələr olduqda artıq cəmiyyət tərəfindən, dövlət tərəfindən bu cür halların gələcəkdə heç zaman baş verməməsi üçün nələr etmək lazımdır və bunun üçün çoxlu addımlar atılır. Əlbəttə, Amerika silahlı qüvvələrində tam adi bir qavğa, çatışma olduğu zaman silahlı qüvvələrin üzvləri arasında dərhal onlar haqda ciddi tədbir görülür. Onların silahlı qüvvələrdən çıxarılması, yəni ən sadə davaya görə onların silahlı qüvvələrdən çıxarılması mövzusu ortaya çıxır. Əgər ciddi dava olsa, onların silahlı qüvvələrdən çıxarılması üçün iş gedir, onlar üçün çoxlu problemlər yaranır. Əgər müəyyən qədər zərər dəyibsə, bir tərəfə ziyan dəyibsə, fiziki bir ziyan dəyibsə, onda bunu törədən üzv nəinki silahlı qüvvələrdən kənarlaşdırılır, öncə həbs edilir, sonra isə onun barəsində tədbir görülür, silahlı qüvvələrdən uzaqlaşdırılır və bu hadisəni törədənlərin bütün həyatına təsir edir. Yəni söhbət belə ağır hadisələrdən getmir, yüngül xəsarət dəyibsə silahlı qüvvələrin üzvünə onu törədən adama qarşı görülən tədbirlər nəticəsində onun bütün rekordu (şəxs haqda protokollaşdırılmış məlumatlar) pozulur. Həyatında hara getsə bunu işə götürmürlər. Amma bu cür hadisələr ağlagəlməz hadisələrdir, yəni qətl hadisəsi. Eyni zamanda, hadisə baş verən komandanlıq, orada şəraitin bura gəlib çıxması artıq bir problemdir. Onun üçün bütün komandanlıqda indi problemlər olmalıdır. Onun başında olan adamlar cinayətə cəlb olunmalıdır. Bütün o hərbi hissənin başında olanlar cinayətə cəlb olunmalıdır. Nazirlik səviyyəsində buna cavab verilməlidir. Bəzi insanlar işdən çıxarılmalıdır. Bəzi insanlar tutulmalıdır. Görünür Azərbaycan ordusunda bu hallar tez-tez baş verir, çünki mən tez-tez duyuram bunu. Xəbərlərdən duyuruq, adamlardan eşidirik. Baxmayaraq ki, Amerika vətəndaşıyıq, amma bir azərbaycanlı kimi, bir insan kimi, həm də Amerika dəniz qüvvələrinin zabiti kimi bu cür hadisələr bizləri çox dərindən narahat edir. Çox istərdik ki, gələcəkdə belə şeylərin olmaması üçün islahatlar keçirilsin, dəyişikliklər olsun, rüşvət varsa, rüşvətin qarşısı alınsın. Bunlar hamısı bir-biri ilə əlaqəli məsələlərdir.

Dilşad Əliyarlı: Nəimi bəy, Azərbaycan cəmiyyətində bu günlər əsgərlərin məişəti və orduda vəziyyət geniş müzakirə olunur. Əsas diqqət mərkəzində olan məsələlər əsgər həyatı, əsgərlərin məişəti, əsgərlərin qidalanması, əsgərlər arasında xəstəliklər və bu kimi məsələlərdir. Amerika ordusunda subordinasiya, nizam-intizam, əsgərlər arasında münasibətlər necə tənzim olunur? Mən istərdim siz bu haqda məlumat verəsiniz, orduda, hərbi dəniz qüvvələrində vəziyyət necədir? Ordu həyatı mülki həyatdan fərqlidir, burada deyirlər sərt qaydalar, qanunlar mövcuddur, amma bu, daha çox rejimə aiddir, əsgərlərin, zabitlərin məişətinə daha çox aiddir.

Con Nəimi Əmiral: Silahlı qüvvələrdə olan, yəni hərbi xidmətdə olan insanın həyatı sərtdir anlamı ona gəlib çıxmamalıdır ki, onlar bir-biri ilə qavğa etməlidir, bir-birini öldürmləlidir. Bu, mənada deyilmir o. Amerika hərbi dəniz qüvvələrində, Amerika ordusunda bu nə deməkdir. Bəzən gəmidə yaşamalı olursan, bəzən müharibə şəraitində olmalı olursan və düşmənlə üzbəüz olursan, soyuqda olmalı olursan, isti şəraitə düşürsən, bəzən susuz yerlərdə qalırsan, yəni bu cür çətinliklərdən, bu cür sərtliklərdən söhbət gedir. Əlbəttə, bunu hamı anlayır. Ordu daxilində, dəniz qüvvələri olsun, istər piyada olsun bir-birimizə münasibətdə biz hətta cəmiyyətin başqa təbəqələrindən daha da yüksək davranmağa çalışırıq. Dəniz qüvvələrində bir-birimizə qarşı tam hörmətlə, məsələn, zabit zabit olmayanlarla, zabitlər arasında hörmətlə, əsgərlər arasında hörmətlə, hamı bir-birinə çox yüksək hörmətlə yanaşır, bir-birinə intizamla yanaşır. Bizim heç birimizin ixtiyarı yoxdur ki, məndən aşağı ranqda olan bir əsgər, ya da dənizçiyə mən sayqısız davranım. Əksinə işə biz əvvəl gedirik. Amerika dəniz qüvvələrində belə bir qayda var, bütün orduda. Zabitsənsə, ranqın hamıdan yüksəkdirsə, işə hamıdan tez sən gələcəksən. Məsələn, əsgər, dənizçi saat 7-də gəlirsə, biz 6-da orada oluruq. Hamı üçün yemək eyni olmalıdır. Dənizçi yemək yeməyibsə, zabit yemək yeyə bilməz. Əgər əsgər yemək yeməyibsə, onun zabiti yemək yeyə bilməz. Yəni ilk onlara şərait yaradırıq, sonunda isə ən yüksək ranqlı adamlara şərait yaradılır. Gəmini bilirsiniz ki, son kapitan tərk edir. Gəmi batsa belə, o içində batmalı olsa belə, ən sonuncu o gedəcəkdir. İdman da eyni, testlər olur. Müəyyən dövrdən bir testlər keçirilir bütün xidmət üzrə və hamı ildə iki dəfə o standartlara cavab verməlidir, ölçülərə cavab verməlidir, bədən çəkisinə fikir verilir. Əksinə, yeni gəlmiş dənizçi üçün, yeni qoşulmuş xidmət üzvlərinə həddindən artıq qayğı ilə yanaşırıq və onlar arasında hər kiçik qavğa onu yaradanlar üçün problemə çevrilir. Aramızda heç bir sərtlik yoxdur. Sadəcə olaraq nizam-intizam var, qanun var, yüksək ranqı eşitmək var, eşitməlisən, amma qanuni məsələlərdə eşitməlisən. Zabit bir əsgərə, ya dənizçiyə qanunsuz tapşırıq verirsə, dənizçi onu yerinə yetirməyə bilər, çünki o qanunsuzdur. Ondan şikayət edə bilər. Amma insanların, dənizçilərin, əsgərlərin sağlamlığı, təhlükəsizliyi bizlər üçün ən vacib məsələdir.

Dilşad Əliyarlı: Nəimi bəy, sizcə bu problemlərin əsasında nə durur və vəziyyəti düzəltmək üçün nə etmək mümkündür. Orduda bu gün yaranmış vəziyyət nəyə əsaslanır?

Con Nəimi Əmiral: Azərbaycanda, bu, mənim şəxsi fikirlərimdir, ordunun başında duran adamlardan, dənzi qüvvələri olsun, ya ordu olsun, yəni ən yüksək rütbəli ranqlar olsun rüşvət yığışdırılmalıdır. Tam sıfra endirilməlidir. Orduda rüşvət mümkün deyil, ayıbdır. Bu insanlar vətənə xidmət edirlər, tam düzgünlük olmalıdır. Hamıya eyni düzgün münasibət yaradılmalıdır. Təlim görməyən zabitlər, bəlkə sovet dövrü təlim görüblər, ya da rüşvətlə oxuyublar bunların hamısı uzaqlaşdırılmalıdır. İndi Türkiyədə 500 əfqan polis təlim keçir. Mən də Türkiyədə bu proqrama başçılıq edirəm. NATO proqramıdır. Məqsəd nədir? Hər il 500 əfqana təlim keçib onları Əfqanıstana göndəririk ki düşgün polis olsunlar, rüşvət bilməsinlər, düzgün çalışsınlar, xalqlarına xidmət etsinlər. Bunu nə üçün burada edirlər. Çünki Türkiyə müsəlman ölkədir, eyni zamanda inkişaf etmiş ölkədir. Əfqanıstanın prezidenti də bu yaxınlarda buraya gəlmişdi. Burada onlara nə öyrədilirdi:”Rüşvət olmaz, siz xalqa xidmət etməlisiniz və siz önəmli bir işin başında olacaqsınız.” Bu eyni zamanda, əsgərlərə, zabitlərə, dəniz qüvvələrinə, orduya aid olan bir şeydir. Yəni sistemdə islahatlar aparılmalıdır. Bir neçə ay ərzində bunu etmək mümkündür. Çünki Azərbaycanın pulu da var və bir çox şeylərə pullar xərclənir. Bu məsələyə də diqqətdən asılıdır. Yenidən hər il yüzlərlə, minlərlə zabit Türkiyə kimi, Amerika kimi ölkərlədə təhsil almağa göndərilməlidir. Qayıdan kimi onlar işə getməlidir, onlara yüksək maaşlar verilməlidir. Çünki hər şeyi onlar yaradacaqlar, bunlardan başlayacaq. Eyni zamanda da dənizçilər üçün, əsgərlər üçün minimum şəraitlər yaradılmalıdır. Yeməyi yaxşı olmalıdır, geyimi olmalıdır. Əgər döyüş yerində deyilsə, bunun istiliyi də yerində olmalıdır, döyüş bölgəsində də bunlar üçün mümkün qədər şərait yaradılmalıdır, bunlarda özünə inam yaradılmalıdır. Bunlara hər bir sahədə hər şey öyrədilməlidir ki, onlar daşıdığı silahdan düzgün istifadə edə bilsinlər, təhlükəsizliyə riayət etsinlər, bir-birinə tamamilə müsbət münasibət bəsləsinlər. Bunların hamısı islahatlardır və qısa müddətdə həyata keçirilə bilər. Məsələn, Amerikada hərbi qüvvələrdə bəzi məsələlər var ki hər il onlara dair kurs keçirik. Azərbaycan ordusunda da bu sahələrdə bunların hamısını yenidən yazmaq lazımdır, riayət etmək lazımdır. Çünki mümkün deyil, yəni bu gün problem oldu, buna başdansovdu münasibət göstərilsin və o yenə olsun. Ölümə çatmamalıdır. Böyük tədbirlər görülməlidir ki, heç vaxt belə acınacaqlı hadisələrə gəlib çıxmasın. Ölən qardaşımız, həmvətənimizə rəhmət diləyirik. Çox acınacaqlı haldır. Adam öz vətəninə xidmət etməyə gedib, öz vətəni üçün nəsə etməyə çalışıb və bu vaxt öz “silahdaşları” tərəfindən qətlə yetirilib. Çox acınacaqlıdır.

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>