ABŞ-dakı diaspor təşkilatları 20 Yanvar hadisələrilə bağlı məktub kampaniyası keçirir

Posted January 9th, 2013 at 1:47 pm (UTC-5)
Leave a comment

Amerikada yaşayan Azərbaycan diaspora təşkilatları 20 yanvar hadisələrinin 23-cü ildönümü ilə əlaqədar məktub kampaniyasına başlayıb.
ABŞ Azərbaycanlıları şəbəkəsi USAN və Pax Turcica təşkilatı 1990-cu ildə Bakıda yanvarın 20-də baş vermiş hadisələrə siyasət qiymət verilməsi məqsədilə icma üzvlərinə ABŞ qanunvericilərinə məktub göndərilməsi üçün kampaniya keçirir.

Məktubda 1990-cı ilin yanvar ayının 20-də sovet ordusunun Azərbaycana hücum etdiyi və azərbaycanlıların fevral ayına qədər sovet işğalına qarşı mübarizə apardığı, hadisələrdə 170 adamın həlak olduğu, 321 nəfərin itkin düşdüyü, 700-dən çox adamın yaralandığı qeyd edilir.

Builki məktubda da beynəlxalq Human Rights Watch təşkilatının hadisələrlə bağlı hesabatında yazdıqları göstərilir: “Sovet ordusunun yanvarın 19-dan 20-ə keçən gecə törətdikləri zorakılıqlar azərbaycanlıların göstərdiyi müqavimətlə o dərəcədə qeyri-proporsional idi ki, bunu kollektiv cəzalandırma adlandırmaq olar.”

Diaspor təşkilatları ABŞ-da yaşayan azərbaycanlıları yanvar hadisələrinin qurbanlarının xatirəsinin anılması məqsədilə təmsil olunduqları ştatlardan seçilmiş konqresmenlər və senatorlara məktub göndərməyə çağırır. Məktublar həmçinin ABŞ-ın media vasitələrinə, ştat və yerli qəzetlərin redaktorlarına göndərilir.

ABŞ-dakı diaspor təşkilatlarının fəaliyyəti nəticəsində Amerikanın bir sıra ştatlarında 20 yanvar hadisələri ilə bağlı Nyu Cersi, Nyu-York və Pensilvaniya ştatlarının yerli qəzetlərində məqalələr dərc edilib. Azərbaycvan icması üzvlərinin səyləri nəticəsində isə ABŞ-ın Texas, Meyn və Alyaska kimi ştatlarının parlamentlərində, eləcə də Amerika şəhərlərinin bələdiyyələri səviyyələrində yanvar hadisələrinə dair rəsmi sənədlər qəbul edilib.

Amerika azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəylik gününü qeyd edir

Posted December 31st, 2012 at 2:43 pm (UTC-5)
Leave a comment

ABŞ-da yaşayan azərbaycanlılar 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə müxtəlif tədbirlər keçirir. Amerika-Azərbaycan Şurası və Amerika Azərbaycan Cəmiyyəti, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası, Floridada Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası, ABŞ-ın müxtəlif ştatlarında fəaliyyət göstərən diaspor qrupları dünya azərbaycanlılarına təbriklərini çatdırır.

Amerika-Azərbaycan Şurası və Amerika Azərbaycan Cəmiyyətinin icma üzvlərinə göndərdiyi təbrik məktubunda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün əhəmiyyəti göstərilir. “23 il bundan əvvəl, 1989-cu ildə ilin son günü minlərlə insan Araz çayının hər iki tərəfində sahilə yığışaraq, Sovet İttifaqı və İran arasında səddi götürdü. 70 ildən sonra milyonlarla insanı bir-birindən ayıran səddin aradan götürülməsi və ailələrin qovuşması on illərdir mövcud olan “dəmir pərdə”nin qalxmasına və bundan bir il sonra sovet rejiminin süqutuna yol açdı” deyə məktubda qeyd deyilir.

Amerikadakı azərbaycanlıların diaspor təşkilatları 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə dünya azərbaycanlılarını təbrik edir, onlara uğurlar arzu edir.

Azərbaycan və Texas ştatı arasında əlaqələr genişlənir

Posted December 23rd, 2012 at 4:27 pm (UTC-5)
Leave a comment

Dekabrın 21-də Azərbaycan Dövlət Neft Şirkəti və Hyuston şəhəri arasında əməkdaşlığın inkişaf etdirilməsi və tərəflər arasında xüsusi dostluq münasibətlərinə dair sənəd imzalanıb. Sənədə Azərbaycan tərəfdən Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədov və Hyuston bələdiyyəsinin rəsmisi Endrü İken Hyustonda keçirilən xüsusi mərasimdə imza atıblar.

Tədbir iştirakçıları Azərbaycan və Texas ştatı, eləcə də Bakı və Hyuston şəhərləri arasında qurulmuş dostluq əlaqələrinin tarixindən danışıb. Mərasimdə həmçinin Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və onun prezidenti İradə Axundovanın iki ölkə arasında dostluq əlaqələrinin inkişafında rolu xüsusi qeyd edilib.

Assosiasiya və Texas ştatında yaşayan azərbaycanlıların fəaliyyəti nəticəsində Hyustonda 2011-ci ildə Azərbaycan mədəniyyət mərkəzi açılıb. Ştatın qanunvericiləri və Azərbaycan icma üzvləri arasında müntəzəm görüşlər keçirilir.

Azərbaycan icma üzvlərinin apardığı kampaniya nəticəsində 2011-ci ildə Texas ştatı dünya ölkələrində ilk dəfə olaraq, Amerikada yaşayan azərbaycanlılar haqda ştat Konqresinin Nümayəndələr Palatasında qətnamə qəbul edib. Sənəddə Texas ştatında və xüsusilə də Hyuston şəhərində yaşayan bütün azərbaycanlılara və onların təmsil olunduqları Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasına dəstək bildirilib. Sənəddə Hyustonda yaşayan azərbaycanlıların Texas ştatının enerji sənayesinin gücləndirilməsi, habelə ştat və şəhərin siyasi həyatında fəal iştirakı və Amerika azərbaycanlılarının ştatın çoxmillətli icmasına mühüm töhfələr verdiyi qeyd edilib.

San-Diyeqo şəhərində amerikalı, azərbaycanlı və gürcü müharibə veteranlarının xatirəsi anılıb

Posted December 10th, 2012 at 12:47 pm (UTC-5)
Leave a comment

Kaliforniya ştatının San-Diyeqo şəhərində İraq və Əfqanıstan müharibəsində iştirak edən Amerika, azərbaycanlı və gürcü müharibə veteranlarının anım mərasimi keçirilib. San-Diyeqo Diplomatik Şurasının təşəbbüsü ilə keçirilmiş mərasimin təşkilində Azərbaycan Amerika Şurası da iştirak edib.

Mərasimdə San-Diyeqo şəhərinin sakini olmuş əslən azərbaycanlı ABŞ ordusunun kapralı, Murad Rəhimovun xatirəsi anılıb. Murad Rəhimov 2005-ci ildə yanvarın 26-da İraqda həlak olmuşdur. Azərbaycan Amerika Şurasının baş direktoru Cavid Hüseynov toplaşanlara Murad Rəhimov haqda xatirələrlə bölüşüb. O habelə Azərbaycan və Gürcüstanın ABŞ-ın başçılığı ilə İraq və Əfqanıstanda koalisiya qüvvələrinin tərkibində beynəlxalq təhlükəsizliyə verdikləri töhfələri qeyd etmişdir. Cavid Hüseynov Azərbaycan və Gürcüstanın ABŞ-la münasibətlərinin tarixinin 1919-cu ilə gedib çıxdığını toxunaraq, Qafqazın bu iki ölkəsinin Amerika Birləşmiş Ştatları ilə strateji müttəfiqlik əlaqələrinin əhəmiyyətini vurğulamışdır.

Mərasim zamanı gürcü və Amerika veteranları Əfqanıstan müharibəsi ilə bağlı xatirələrindən danışıblar. Hazırda ABŞ-da yaralanandan sonra reabilitasiya keçən gürcü Temuri Dadiani və Roma Kortava müalicə bitdikdən sonra vətənə dönəcəklər.

Mərasim zamanı San-Diyeqo Diplomatik Şurasının üzvləri müharibə qəhrəmanları və onların ailələrinə fəxri fərmanlar və gül-çiçək təqdim edib.

Vaşinqtonda Azərbaycan Parlamentinin 94-cü ildönümü qeyd edilib

Posted December 10th, 2012 at 11:09 am (UTC-5)
Leave a comment

Azərbaycanın ABŞ-dakı səfirliyi Azərbaycan Parlamentinin yaranmasının 94-cü ildönümü münasibətilə Vaşinqtonda rəsmi tədbir keçirib. Tədbirə ABŞ Konrqesinin Xarici Ələqələr Komitəsinin Avropa və Avrasiya alt komitəsinin sədri , İndiana ştatını təmsil edən konqresmen Dan Barton, Ohayo ştatını təmsil edən qanunverici Cin Şmidt, Montana konqresmeni Denni Reberq, Minnesota senatoru Al Franken və Pensilvaniyadan olan senator Bob Keysi, Texas qanunvericisi Şila Cekson Lii dəvət olunublar.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının Parlamenti təsis etməsinin tarixi əhəmiyyətindən danışıb. Səfir Süleymanov parlamentin Azərbaycan Demokratik Respublikasının mövcud olduğu kiçik vaxt ərznidə mühüm qərarlar verdiyini, irqi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşları bərabər hüquqlarla təmin etdiyini xüsusi vurğulayıb.

Tədbirə qatılan Amerika qanunvericiləri Azərbaycanın ABŞ üçün geostrateji əhəmiyyətini göstərərək, ölkənin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və terrorizmə qarşı mübarizədə iştirakını qeyd ediblər.

Murad Rəhimov- Amerikanın azərbaycanlı qəhrəmanı

Posted November 12th, 2012 at 4:09 pm (UTC-5)
Leave a comment

Noyabrın 11-i Birləşmiş Ştatlarda Veteranlar günüdür. Bu gün Amerikada bütün hərbi münaqişələrdə həlak olan amerikalıların xatirəsi anılır.

Kaliforniya ştatının San Diyeqo şəhərində yaşayan Dinara və Rüfət Rəhimovlar isə bu gün ilin bütün başqa günləri kimi 2005-ci ilin yanvar ayında İraqda həlak olmuş övladları Muradın xatirəsini anır.

Murad Rəhimov ABŞ hərbi qüvvələrinin 2003-cü ildən 2011-ci ilə qədər İraqda hərbi kampaniyası zamanı həlak olmuş 4409 əsgər və zabitdən biridir. O, İraq müharibəsində həlak olmuş yeganə azərbaycanlıdır.

Murad Amerikaya ailəsi ilə birlikdə dörd yaşı olanda mühacirət etmişdi. Ailəsi və dostları onu uşaqlıqdan olduqca həssas, eyni zamanda üsyankar və azad ruha malik bir oğlan kimi tanıyırdı. Yeniyetmə dövründən müstəqil olmağa çalışan Murad 15 yaşında özü pul qazanmağa başlamış, 16 yaşında məktəbdən çıxıb kollecə daxil olmaq üçün kurslara yazılmışdı.

Elə bu dövrdə o, valiydenlərinə vətəni müdafiə etmək üçün orduya yazılmaq istədiyini demişdi. Dinara və Rüfət Rəhimovlar özləri qəti müharibə əleyhdarı olsalar da, hərbi qüvvələrdə xidmət etmək istəyini Muradın həyatda özünə yol tapmaq arzusu ilə izah edirdilər.

Murad Rəhimov 2003-cü ildə Birləşmiş Ştatların İraqa müdaxiləsindən bir neçə ay sonra orduya yazılıb San-Diyeqoda hərbi düşərgədə təlimlərə başlamışdı. 2004-cü ilin fevral ayında onun xidmət etdiyi birləşmə təlimlər üçün Havay adalarına yerləşdirilmişdi. Burada avtomatçı kimi təlim alandan sonra sentyabr ayında o, ABŞ hərbi dəniz qüvvələrinin 1-ci Batalyonunun tərkibində İraqa göndərilmişdi. Murad atasından İraqa göndərildiyini anasına deməməyi xahiş etmişdi. Yalnız bir müddət sonra anası ilə telefon söhbətində o artıq İraqda olduğunu desə də, hərbi əməliyyatlar barədə danışmamışdı.

Murad da, anası da onun qayıdacağına inanır, planlar qururdular. Murad San Diyeqoya qayıdanda bacısına qazandığı pulla maşın alacağını, anası isə aprel ayında oğlunun 21 yaşını qeyd edəcəyini düşünürdü.

Murad Rəhimov Fəllucə yaxınlığında ən şiddətli döyüşlərin getdiyi bir yerdə xidmət edirdi. O, fevral ayında İraqdan ABŞ-a qayıtmalı idi. Yanvarın 25-də Murad Rəhimov qum tufanı zamanı baş vermiş vertolyot qəzasında 30 başqa Amerika əsgəri ilə birlikdə həlak oldu. Muradın 20 yaşı var idi.

Rəhimovların evində hər axşam Muradın otağında onun xatirəsinə şam yandırılır.

Amerikadakı Azərbaycan diaspor təşkilatları prezident Obamanı ikinci müddətə seçilməsi münasibətilə təbrik edib

Posted November 8th, 2012 at 4:43 pm (UTC-5)
Leave a comment

ABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları, USAN, Azərbaycan Amerika Cəmiyyəti və Azərbaycan Amerika Şurası prezident Barak Obamaya noyabrın 6-da ikinci müddətə Birləşmiş Ştatlar prezidenti seçilməsi münasibətilə təbriklərini çatdırıb.

USAN təşkilatı ABŞ-da yaşayan azərbaycanlıların adından prezident Barak Obama, vitse-prezident Co Bayden, Konqres üzvləri, qubernatorlar və stat qanunvericilərini təbrik edib. Təşkilatın Azərbaycan icmasının üzvlərinə göndərdiyi açıqlamada deyilir ki, USAN və onun üzvləri ABŞ-da yaşayan azərbaycanlıların tanınması, eyni zamanda, ABŞ administrasiyası və Konqresinin azərbaycanlıları gənc etnik seçici bloku kimi təmsil etməsi işinə yardım etməyə çalışır.

USAN həmçinin qubernator Romni və amerikalı azərbaycanlı professor Rob Subhani də daxil olmaqla, Konqresə seçilmək uğrunda rəqabət aparan digər namizədləri kampaniyaları ilə seçkilərin sağlam və güclü demokratik şəraitdə keçməsinə töhfə verdiklərinə görə təbrik etmişdir.

Təbrikdə habelə azərbaycanlı amerikalılar, eləcə də türk Amerika icmasının üzvlərinin yeni administrasiya və Konqres, ştatlarda yerli rəsmilərlə bütün mühüm məsələlər ətrafında işləməyə hazır olduğu bildirilir. Eyni zamanda, USAN-ın təbrikində azərbaycanlı amerikalılar üçün ən mühüm məsələnin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə nail olaraq, Azərbaycan torpaqların Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında azad edilməsi olduğu qeyd edilərək, azərbaycanlı amerikalıların Birləşmiş Ştatlar və Azərbaycan arasında uzunmüddətli strateji müttəfiqlik münasibətlərinə və ABŞ-la türk dünyası arasında əməkdaşlığın inkişaf etdirilməsinə dəstək verdiyi bildirir.

Azərbaycan Amerika Cəmiyyəti və Azərbaycan Amerika Şurasının prezident Obamanın yenidən prezident seçilməsi münasibətilə icma üzvlərinə göndərdiyi birgə təbrik məktubunda növbəti dörd il ərzində Obama administrasiyasının ABŞ-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi istiqamətində işi davam etdirəcəyilə bağlı ümid ifadə olunub.

Məktubda qeyd edilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olmaması regional sabitlik, enerji mənbələrinin inkişaf etdirilməsi, eləcə də iqtisadi və demokratik islahatların həyata keçirilməsi kimi prioritet sahələrdə inkişafa nail olmaq qarşısında əsas maneədir. “Buna görə də biz administrasiyanın ATƏT-in Minsk Qrupu çərçivəsində sülh prosesi ilə yaxından məşğul olacağına və xüsusi maraqları təmsil edən etnik qrupların Cənubi Qafqazda ABŞ-ın xarici siyasətinə mənfi təsirinin qarşısını ala biləcəyinə inanırıq”-deyə məktubda bildirilir.

Diaspor təşkilatları azərbaycanlı amerikalıların İranın nüvə proqramı ilə bağlı problemin diplomatik yolla həll ediləcəyinə və Obama administrasiyasının İran əhalisinin üçdə birini təşkil edən etnik azərbaycanlıların ağır durumuna diqqət yetirəcəyinə ümidlərini ifadə edib. Azərbaycan Amerika Cəmiyyəti və Azərbaycan Amerika Şurası vətəndaş borcunu yerinə yetirib seçkilərdə iştirak edən bütün azərbaycanlılara təşəkkür edərək, onların demokratik prosesdə fəal iştirakının Azərbaycan-Amerika icmasının tərəqqisi prosesinin əsas hissəsi olduğunu qeyd edib.

Amerika azərbaycanlıları ABŞ seçkilərinin nəticələrini müsbət qarşılayır

Posted November 7th, 2012 at 4:54 pm (UTC-5)
Leave a comment

Bədir Məmmədli, ABŞ-da Azərbaycan icma lideri, ABŞ azərbaycanlıların şəbəkəsi USAN təşkilatının üzvü

Dilşad Əliyarlı: Bədir bəy, təmsil etdiyiniz ABŞ azərbaycanlılarının şəbəkəsi olan USAN təşkilatı icma üzvlərinin siyasi həyatda fəal iştirakını dəstəkləyir. Seçkidən əvvəl göndərdiyiniz press-relizlərdə siz icma üzvlərini seçkidə fəal iştirak etməyə çağırırdınız. BU mənada seçkini necə qiymətləndirirsiniz? Azərbaycanlılar seçkidə fəallıq göstərdilərmi?

Bədir Məmmədli: Bir nüfuzlu icma təşkilatı kimi USAN, ya da ABŞ azərbaycanlıları şəbəkəsi proseslərdən kənarda qala bilməzdi. Bu təşkilatın əsas məqsədlərindən, əsas hədəflərindən biri Amerikadakı azərbaycanlıları maarifləndirmək, partiya mənsubiyyətindən asılı olmayaraq, onları maarifləndirmək, onlara bu seçkilərdə iştirak etməyin vacibliyini başa salmaq və onlara bir sıra sadə prosedurlar, məsələn vətəndaşlığı necə almaq, seçkilərdə qeydiyyatdan keçməyin yollarını öyrətməkdir. Eyni zamanda, USAN lobbi təşkilatı deyil, icma təşkilatıdır. Onun məqsədi azərbaycanlılara seçkilərdə namizədlərin mövqelərini onlara başa salmaqdan ibarətdir. Biz mətbuatda verilən bütün məlumatları, mübahisələri və debatları yaxından izləyə bilmirik. Məhz bu baxımdan USAN-ın məqsədi informasiya cəhətindən azərbaycanlılara yardım olmaq, onlara seçkilərdə iştirak edən namizədlərin platformalarını, çıxışlarını, qarşılarına hansı məqsədlər qoyduğunu onlara çatdırmaq idi. Eyni zamanda, USAN-ı narahat edən bir sıra məsələlər var idi. Nəzərə alsaq ki, bu seçkilərdə Azərbaycana qarşı qəzərli mövqe tutan namizədlər də iştirak edirdi. Sözsüz ki, biz azərbaycanlılara deyə bilməzdik kimə səs verib-verməsinlər, amma biz sadəcə onlara həqiqəti çatdırmaq istəyirdik və başa salırdıq ki, bu namizəd seçilsə, o, Azərbaycanla ABŞ arasında münasibətlərə hansı əngəllər törədə bilər.

Amerikada yaşayan Azərbaycan mənşəli amerikalılar bütün başqa amerikalılar kimi seçkilərdə yaxından iştirak edirdilər. Onlar bu prosesdən kənarda qala bilməzdilər. Azərbaycanlılar bu seçkilərdə fəallıq göstərirdilər, yəni bir-birimizə seçkilərdə iştirak edən namizədlərlə bağlı məlumatlar verirdik, kimə daha çox üstünlük verilməsi barədə bir-birimizi məlumatlandırırdıq. Nəticələrə gəlincə, prezident Obamanın yenidən seçilməsi mənim üçün şəxsən gözlənilməz olmadı. Düzdür, səslər arasında bir o qədər də fərq olmadı, lakin bu nəticəni mən şəxsən gözləyirdim. Buna əsas səbəb əhalinin ümidləri idi və sadə amerikalılar ümid edirdilər ki, Obama tərəfindən başlanan bu start növbəti dörd ildə davam edəcək. Bu baxımdan onlar Obamanın bu vəzifədə qalmasına üstünlük verirdilər və ümid edirdilər ki, Obama bu prosesi, tutduğu işi sonunadək başa çatdıracaq.

Tərlan Əhmədov, (Meyn ştatı, Portlend şəhəri), Meyn ştatında Azəbraycan icmasının lideri

Dilşad Əliyarlı: Tərlan bəy, yaşadığınız Meyn ştatında azəbaycanlıların sayı çox olmasa da, Azərbaycan icması olduqca fəaldır. Ştat qanunvericiləri Azərbaycanla bağlı bir sıra bəyannəmələr qəbul ediblər. Azərbaycanlılar seçkidə necə iştirak etdi və seçkinin nəticələrindən razı qaldımı?

Tərlan Əhmədov: Bir neçə ildir Meyndə iş aparırıq və bunun nəticəsində icma fəallaşıb. Xüsusilə də prezident seçkiləri ərəfəsində fəallıq göstərmişdik. Bizim Meyndə yerli ştat səviyyəsində Konqresdə dostlarımız var. Biz onların seçkiqabağı kampaniyasında onlara dəstək olmuşuq. Bir neçə həftə bundan əvvəl seçkidə iştirak edən bir xanım namizəd bizə zəng edib seçki afişalarının yerləşdirilməsində kömək istədi. Biz iki maşınla, burada həm azərbaycanlı tələbələr, həm də ailəmizlə birlikdə ona kömək etdik. O, azəri türklərinə minnətdarlığını bildirdi və bizə hər zaman dəstək olacağını dedi. Seçkilərdə həmin namizəd səslərin 72 faizini qazanıb. Biz də onu icma adından təbrik etməyə getdik və ona gül təqdim etdik və bildirdik ki, ona dəstək olacayıq. Bu prezident seçkilərində biz Obamaya səs vermək qərarına gəldik və biz hamımız ona dəstək olduq, Demokratlar partiyasına.

Dilşad Əliyarlı:Tərlan bəy, Meyn ştatında nə qədər azərbaycanlı yaşayır? Onların əsas problemləri nədən ibarətdir?

Tərlan Əhmədov: Meyndə azərbaycanlıların sayı o qədər çox deyil. Azərbaycan Respublikasından təxminən burada 30 nəfər var. Bir neçə tələbəmiz var. Burada həmçinin cənubi azərbaycanlı soydaşlarımız da var. Onlarla da sıx əlaqələrimiz var və onlarla bir icma kimi fəaliyyət göstəririk. Problemlər hər yerdə var. Bizim problemlərimiz əsasən ondan ibarətdir ki, daha fəal olaq, dövlət adamları ilə görüşək. Bilirsiniz, hər icmada bir neçə fəal olur və əsas işlər onların üzərinə düşür. Biz istərdik ki, icmanın işində hamı iştirak etsin. Bir problemimiz də ondan ibarətdir ki, uşaqlarımız Azərbaycan dilini öyrənsinlər, Azərbaycan mədəniyyətini qavrasınlar. İstəyərdik Azərbaycan dərsləri keçirilsin, rəqs dərsləri olsun.

Töhfə Eminova, Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət assosiasiyasının rəhbəri

Dilşad Əliyarlı:Töhfə xanım sizin yaşadığınız Florida ştatı, eləcə də yaşadığınız Mayami Deyd dairəsi seçkinin ən gərgin keçdiyi yerlərdən biri idi. Azərbaycanlılar burada seçkidə necə iştirak edirdi?

Töhfə Əminova: Florida ştatında yaşayan azərbaycanlılar seçkidə çox fəal iştirak etdilər, həm seçici kimi, həm də könüllü kimi. Seçki məntəqələrinə gedib fəal iştirak etdilər. Prezident seçkiləri ilə eyni gündə Konqresə və Senata da seçkilər keçirilirdi. Yerli oqranların başçıları, konqresmenlər və komissiya üzvləri yenidən seçildi və dominant rolu demokratlar əldə etdilər. Seçkilər Azərbaycan icması üçün ümidverici oldu, çünki siz bilirsiniz ki, artıq Azərbaycan Florida ştatında həm tanınır, həm sevilir, həm də dəstəklənir. Çünki bu 2012-ci ildə bizim ən böyük nailiyyətimiz Azərbaycanın müstəqillik gününə aid olan təsdiqnamə idi. Həm Mayami Deyd, Hallandeyl və başqa dairələr daxil olmaqla, altı təsdiqnamə alınmışdır. Bütün merlər, yerli orqanların rəhbərləri yenidən seçildiklərinə görə əlbəttə ki, həm bizim burada rolumuz olub, Florida ştatında yaşayan azərbaycanlıların, həm də onlar bizə dəstək olduqlarına görə biz də onları dəstəklədik. Noyabrın 17-18-i Florida ştatında 11-ci Türk festivalı keçiriləcək və Azərbaycana da yer ayrılıb. Çox sevindirici haldır ki, Azərbaycanın müstəqilliyi günü münasibətilə təsdiqnaməni vermiş merlər və komissiya üzvləri festivala dəvət olunublar və onlar canla-başla bu festivalda iştirak edəcəklər. Ümid bəsləyirik ki, Obama administrasiyası Azərbacyanla bütün sahələrdə sıx əməkdaşlıq edəcək və həmişə Azərbaycanı dəstəkləyəcək.

Amerika azərbaycanlıları kimə səs verir

Posted November 5th, 2012 at 3:18 pm (UTC-5)
Leave a comment


İradə Axundova, Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti.

Dilşad Əlyarlı: İradə xanım, siz illərdir Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidentisiniz və Azərbaycanla bağlı Texas ştatında geniş fəaliyyət aparırsınız. Bu il seçkidə sizin üçün ən önəmli mövzular hansılardır və siz hansı namizədə üstünlük verirsiniz?

İradə Axundova: Bilirsiniz, uzun illərdir assosiasiyamızın işi ilə əlaqədar konqresmenlər və senatorlarla görüşürük. Bu görüşlərdə əsas məqsəd Azərbaycanı təmsil etmək, Azərbaycanın siyasətini, Azərbaycanın hazırkı problemlərini geniş ictimaiyyətə çatdırmaqdır. Ona görə tam dəqiq kimi kimə üstünlük verdiyimizi demək mənim üçün çətindir. Çünki biz hər iki tərəflə, həm demorkatlar, həm də respublikaçılarla işləyirik. Texas amma bildiyiniz kimi respublikaçı ştatdır və burada respublikaçılar daha fəaldırlar. Respublikaçılar arasında Texas ştatından senatorlar Azərbacyanı dəstəkləyir. Əsas məqsədimiz Azərbaycanın problemlərini hər iki tərəfə çatdırmaqdır. Buna görə mən bu gün sizə kimə üstünlük verdiyimizi deyə bilmərəm. Bir amerikalı kimi mən əsas problem olan müharibəy son qoyulmasını istəyirəm, amma bir azərbaycanlı kimi mən istərdim ki, Azərbaycanla münasibətlər daha sıx olsun.

Dilşad Əlyarlı: İradə xanım, prezident seçiləcək namizəd və onun komandası, seçiləcək senatorlar və konqresmenlərlə işi davam etdirəcəksiniz və özünüz dediyiniz kimi, siz həm respublikaçı, həm demokrat namizədlərlə işləyirsiniz. Azərbaycanla bağlı, Azərbaycan-Amerika münasibətlərinin möhkəmləndirilməsi istiqamətində hansı işləri planlaşdırmısınız?

İradə Axundova: Əsas işlərdən biri odur ki, Azərbaycanı təmsil etmək, onlarla görüşmək. Son zamanlar Texasda Azərbaycan mədəniyyət mərkəzini açdıq. O mərkəzdə Texas Senatından Romni Ellis, Alma Allen, ABŞ Konqresindən qadın nümayəndə Şila Cekson Lii bizi təbrik edib onun açılışında iştirak etmişdilər. Mən istəyirəm ki, bu işi davam etdirək və fəal olaq. Həm amerikalı azərbaycanlı kimi, həm də cəmiyyətimizin əsas məqsədi Azərbaycanı Texasda təmsil etməkdir və mən əminəm ki, Hyustonda olan ABŞ azərbaycanlıları şəbəkəsinin daha bir nümayəndəsi Yusif Babanlı ilə bu istiqamətdə çox işləyirik, əlimizdən gələni edirik, etmişik və edəcəyik.

Con Nəimi Əmiral ABŞ-ın Virciniya ştatının Norfolk şəhərində yaşayır. Siyasətçi və iş adamı Con Nəimi Əmiral ABŞ Hərbi Dəniz Qüvvələrinin ehtiyat zabitidir. O, 2011-ci ildə Virciniya ştatının qubernatoru Bob Makdonnel tərəfindən Virciniya ştatının İnsan Hüquqları Şurasının üzvü təyin edib.Con Nəimi Əmiral Birləşmiş Ştatlar prezidenti seçiləcək namizədin Azərbaycanın işğal olunmuş ərazilərini azad edilməsi istiqamətində fəal siyasət yürüdəcəyinə, İranda yaşayan azərbyacanlılarının hüquqları məsələsinə önəm verəcəyinə inanır.

Dilşad Əlyarlı:Nəimi bəy, siz Amerikanın siyasi həyatında fəal iştirak edirsiniz. Bir neçə il bundan əvvəl siz namizədliyinizi Virciniya ştatının Konqresinə irəli sürmüşdünüz. Hazırda Virciniya ştatının insan hüquqları komissiyasının üzvüsünüz. Siyasi mənada bu seçkilər sizin üçün nə deməkdir? Siz hansı namizədə üstünlük verirsiniz?

Con Nəimi Əmiral: Builki seçkilər Amerika vətəndaşları və mən deəyrdim dünya üçün önəm daşıyır. Amerikalıların əksəriyyəti bu anda iqtisadiyyatı ən önəmli bir məsələ hesab edir. Ona görə də iqtisadiyyat bir nömrəli məsələdir. Eyni zamanda, sosial məsələlər də həmişəki kimi çox vacib bir rol oynayır. İmmiqrasiya məsələləri və bizlər üçün, yəni azərbaycanlı amerikalılar üçün əlbəttə ki xarici siyasət, Amerikanın Azərbaycana münasibəti çox önəmli məsələlərdən biridir, ən önəmli məsələlərdən biridir. Ümumilikdə, xarici siyasət, yəni Amerikanın Yaxın Şərq, Türkiyə, Rusiya ilə münasibətləri, bunların hamısının bizim üçün çox böyük əhəmiyyhəti var. Mən iqtisadiyyatla əlaqədar öz fikirlərimi bildirmək istəyirəm. Çünki bu məsələ bizim hamımız üçün vacibdir. Bildiyiniz kimi, son illər ərzində büdcə böhranları ərzində Amerikanın iqtisadiyyatında problemlər yaşanır, xarici borclar artır, artıq 16 trilyon dollara yaxınlaşır. Bunun nəticəsində amerikalılar arasında və eyni zamanda dünya biznes və iş admları adamları arasında Amerika iqtisadiyyatına inam müəyyən dərəcədə azalıb və bu da biznesin inkişafına mane olur. Amerikada bəzi bizneslər xarici ölkələrə köçürülür və orada biznesi davam etdirməyə çalışır. Bunun nəticəsində işsizlik artır və bu da son illər amerikalıların sosial rifah halının pisləşməsinə səbəb olub. Bunlar çox önəmli məsələlərdir. Bu baxımdan mən inanıram ki, Mitt Romni, respublikaçıların namizədi təcrübəlidir, keçmişdə qubernator olub, iş adamıdır, Amerikada qış Olimpiya oyunlarının təşkilinə rəhbərlik edib və çox yaxşı nəticələr qazanıb. Bu baxımdan mən Romniyə səs verməyi düşünürəm.

Qeyd etdiyim kimi, xarici siyasət bizlər üçün çox vacibdir, Azərbaycana münasibət olduqca vacibdir. Mən çox istəyərəm ki, prezident seçiləcək şəxs Azərbaycanla münasibətləri yaxılaşdırsın, Ermənistanın işğalçı dövıət olduğunu bəyan etsin, Azərbaycanın işğal olunmuş ərazilərinin işğaldan azad olunması üçün aktiv çalışsın və Azərbaycana bu mənada dəstək olsun. Eyni zamanda, xarici siyasətdən danışdığımız zaman İran bizim üçün çox vacib məsələdir. Mən çox istəyərəm ki, bundan sonrakı prezident İrana qarşı, İran rejiminə qarşı çox sərt olsun və bildiyiniz kimi Güney Azərbaycanı işğal altındadır, Azərbaycanın gələcəkdə işğaldan azad olunması üçün ümidlər artsın, Yaxın Şərq üçün çox böyük problemlər yaradan İran rejiminə son qoyulması üçün addımlar atılsın. Yaxın Şərqdə başqa məsələlər var. Məsələn, Suriyada humanitar böhran yaşanır. Bu böhranla bağlı müəyyən işlər görülməlidir. Bu kirizisə son qoyulmalıdır. Bildiyiniz kimi Bəşar Əsəd öz insanlarına qarşı qətliam həyata keçirir. Bunlar da çox vacib məsələlərdir, amma dediyim kimi, bir amerikalı olaraq iqtisadiyyat çox önəmli məsələdir, eyni zamanda, azərbaycanlı amerikalı olduğumuz üçün ən vacib məsələlərdən biri də Amerikanın xarici siyasəti, Azərbaycana, istər Azərbaycan Respublikasına, istərsə də İrana olan münasibət, Güney Azərbaycanının taleyi ilə bağlı məsələlər bizi çox narahat edir. Mən inanıram ki, bunların hamısında mən inanıram, mən ümid edirəm ki, Romni daha müsbət olacaqdır. Çünki bu son dörd ildə bu sahədə mənim fikrimcə, heç bir irəliləyiş görmədiyimiz üçün ümid var ki, Romni bu məsələlərdə daha müsbət nailiyyətlər əldə edəcək, səsvermədə də bunlar mənim üçün şərt idilər.

Tomris Azəri, Azərbaycan Amerika Cəmiyyətinin prezidenti.

Dilşad Əlyarlı:Tomris xanım, Amerika azərbaycanlıları səsverməyə necə hazırlaşır və Azərbaycan Amerika Cəmiyyəti üçün 2012-ci il prezident seçkisi nə deməkdir?

Tomris Azəri: Təbii ki, Amerikada yaşayan bizlər üçün ən əsas mövzu 3 ay əvvəl də, 5 ay əvvəl iqtisadiyyat idi. Burada yaşayan amerikalılar kimi bizə ən çox təsir edən iqtisadi amil idi. İqtisadi problemləri ən yaxşı şəkildə kim həll edə bilsə, ona səs verməyə hazır idik və qrupumuzlə çoxdan qərarımızı vermişdik. Biz Mitt Romnini istəyirdik və Mitt Romniyə səs verməyə qərar vermişdik. Bundan sonra da düşünürük ki, kim iqtisadi vəziyyəti kimin düzəldə bilər, amma mən Mitt Romniyə səsimi verəcəm.

Dilşad Əlyarlı: Tomris xanım prezident seçkisi ilə yanaşı, amerikalılar Konqresə seçkilərdə də səs verəcək və Azərbaycan üçün önəmli məsələlər, Azərbaycan-Türk icması üçün önəmli məsələlər məhz Konqres üzvləri ilə müzakirə olunur. Bu seçkilər haqda nə deyə bilərsiniz? Hazırkı namizədlərdən gözləntiləriniz nədir? Konqresə namizədliyi irəli sürülmüş siyasətçilərdən gözləntiləriniz nədir?

Tomris Azəri: Mənim dairəmi təmsil edən konqresmen Bil Paskreldir. O, həmişə netral olub.Bizim də həmişə görüşdüyümüz istər konqresmen, istər senator olsun, bizim onlardan istədiyimiz neytral olmaları, bir tərəfi tutmaları olub. Hər iki tərəfin də sualları var, hər iki təfərin də istəmləri var, amma onlar neytral olsunlar. Bizim görüşdüyümüz Konqres üzvlərindən bunu istəyirik. Bill Paskrol demokratdır. Mən həmişə onu dəstəkləmişəm, çünki o, neytral mövqedə olub. Hamımızı dinləyirdi. Türk icmasının üzvləri də, Azərbaycan icmasının üzvləri də səslərini ona verəcək. Bizim Konqres üzvlərindən biri istəyimiz həmişə bu olub: iki tərəfi dinləyin, bir tərəfi tam olaraq tutmayın.

Cavid Hüseynov, Azərbaycan Amerika Şurasının Baş direktoru, Pax Turcica institutunun həmtəsisçisi.

Dilşad Əlyarlı: Cavid bəy, builki seçkilərin Azərbaycan icması üçün əhəmiyyəti nədən ibarətdir? Prezident seçiləcək namizəddən ABŞ-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsində hansı işləri görəcəyini gözləyirsiniz?

Cavid Hüseynov: Prezidentliyə namizədlərin sonuncu debatı bildiyiniz kimi xarisi siyasət sahəsinə həsr edilmişdi. Belə aydın oldu ki, bu iki namizəd arasında xarici siyasət sahəsində bir o qədər fərq yoxdur. Obama və Romni arasında əsas məsələlərdə, Əfqanıstan, İranın nüvə proqramı və Suriya məsələləri ətrafında böyük fərqlər yoxdur. Ona görə də diaspora qrupları kimi Azərbaycana aid məsələlərdə də böyük fərq görmürük. Buna görə də Azərbaycan diaspora təşkilatları və qrupları ayrıca hər hansısa bir namizədə dəstək vermir. Bu, hər bir azərbaycanlı amerikalının haqqıdır ki, istədiyi namizədə səs versin. Onu da qeyd edim ki, bildiyiniz kimi, Barak Obama artıq dörd ildir prezidentdir. Bizim Azərbaycan diasporunun ən böyük narahatlığı odur ki, son dörd ildə Barak Obamanın yeritdiyi siyasətə onun öz partiyasının üzvləri böyük mane yaradır. Xüsusən konqresmenlər Hovard Berman, Brad Şerman, Adam Şift və senatorlar Menendes və Bokser kimi namizədlər prezident Obamanın Azərbaycana aid yeritdiyi siyasətə çox böyük mane yaradır, ümumiyyətlə regiona aid siyasətə maneələr yaratmışlar. Xüsusilə də Metyu Brayzanın Azərbaycana səfir təyin olunmasında senator Barbara Bokser və Robet Menendesin erməni lobbisinin təzyiqləri altında yaratdığı problemlər Azərbaycan diasporunda böyük narahatlıqlar yaradıb. Bu, təbii ki, prezident Obamanın şəxsən yeritdiyi siyasətlə bağlı problem deyil. Bu, onun partiyasının daxilində erməni lobbisinin təsiri altında çalışan konqresmenlər və senatorların problemləridir. Biz ümidvarıq ki, son dörd ildə prezident Obama Azərbaycan-Amerika əlaqələrinin inkişaf etdirilməsi üçün çox çalışmalar göstərib və Riçard Morninqstarın Azərbaycana səfir təyin edilməsinə buna nümunədir. İmid edirik ki, prezident Obama yenidən seçilsə, artıq bu siyasəti davam etdirəcək və Azərbaycan-Amerika əlaqələri də daha da genişləndiriləcək. Azərbaycan bildiyiniz kimi Əfqanıstana şimal yardım xətti üzərində ən vacib nöqtələrdən biridir. ABŞ silahlı qüvvələri 2014-cü ildə Əfqanıstandan çıxarılana qədər Azərbaycanın bu rolu vacib olaraq qalacaq. İran məsələsində, İranın nüvə proqramı məsələsində Azərbaycanın rolu təbii ki boyükdür. İstər Obama, istərsə də Romni seçilsə bu məsələdə Azərbaycanın rolu böyük olacaq. Ona görə çox böyük fərq yoxdur xarici siyasət məsələsində. Amma təbii ki prezident Obama Azərbaycana dair siyasətdə daha təcrübəlidir və biz üdmivarıq ki, o seçilsə, bu siyasət gələcəkdə də davam etdiriləcək.

Əhməd Obalı, Günaz TV-nin qurucusu və yönəticisi.

Dilşad Əliyarlı: Əhməd bəy, prezident seçki kampaniyası dövrü və debatlar zamanı İran xarici siyasət sahəsində prioritet mövzu oldu. Prezidentliyə namizədlərin İranla bağlı siyasətini necə dəyərləndirirsiniz və hakimiyyətə gələcək administrasiya və yeni prezidentin İranda azərbaycanlıların problemlərinin həlli istiqamətində hansı fəaliyyətləri görmək istəyərdiniz?

Əhməd Obalı: Mən hər üç debata baxdım və hər iki namizəd xarici siyasət sahəsində İran və Suriya məsələlərini geniş müzakirə etdilər. Müzakirələr belə bir istiqamətdə gedirdi ki, hansı namizəd İrana qarşı daha sərt və təsirli siyasət aparacaq. Baxanda, həqiqətdə mən görürdüm ki, İran məsələsində iki namizədin bir-birindən o qədər də fərqi yoxdur. Sadəcə,hər ikisi sanksiyaları dəstəkləyirdilər, hər ikisi İranı İsrailə qarşı böyük təhlükə görürdülər, hər ikisi İsraili İranın qarşısında müdafiə edəcəklərini bildirirdilər. Məsələni bir növ İran-İsrail məsələsi kimi qoyurdular. Halbuki İranın İsrail əleyhinə yox, bəlkə İranın götürdüyü siyasət birinci, İranda yaşayan xalqların əleyhinə bir siyasərdir, ikinci, dünyanın ən mühüm nöqtələrindən biri olan o məntəqəyə bir təhlükədir və əlbəttə ki, Amerikanın özünün də milli maraqlarına zidd bir siyasət aparır İran. Onun üçün məsələni İsraillə İrana bağlamaq o qədər də yaxşı deyil, əslən İranın İsrailə qarşı aqressiv siyasəti və ya işlətdiyi sözlər də xoşagəlməz deyil. Buna görə mənim üçün prezidentliyə namizədlərin İran məsələsində o qədər də fərqləri yox idi,ən azı danışıqlarda. Təbii ki, son dörd ildə prezident Obamanın tətbiq etdiyi iqtisadi sanksiyaların yaxşı təsiri oldu. Sadəcə bu, kifayət deyil. İran məsələsini mən azı belə görürəm ki, hər iki tərəf bəlkə də düzgün olaraq məlumatlandırılmır, və ya da elə məsələlər var ki onlar debatlarda danışmadılar. İran məsələsi atom məsələsi, ya da insan hüquqları məsələsi deyil. İranda böyük problemlərdən bir də etnik məsələdir. Prezidentliyə namizədlərin heç biri etnik məsələdən danışmadı. İranda elə bir dövlətdir ki, orada müəyyən etnik qruplar öz torpaqlarında yaşayır, yəni yanaşı yaşayırlar. Azərbaycanlılar Azərbaycanda yaşayırlar, ərəblər Xuzisitanda, kürdlər Kürdüstanda, bəluclar Bəlucistanda, farslar da Farsistan və yaxud fars məntəqələrində, eləcə də türkmənlər də İranın şimal hissəsindəki türkmənistanda yaşayırlar. Bu məsələ haqda Amerika administrasiyası, Amerika hakimiyyəti lazım olduğu səviyyədə indiyə qədər danışmayıb. İran məsələsini etnik qruplar baxımından həll etməyə çalışmalıdırlar. Bu baxımdan prezidentliyə namizədlərin hər ikisinin mövqeyi təxminən eynidir.

Dilşad Əliyarlı: Əhməd bəy, namizədlərin hansının istər xarici, istərsə də daxili siyasət kursuna dəstək verərdiniz?

Əhməd Obalı: Hər ikisinin müsbət tərəfləri vardır. Amerikanın iqtisadiyyatı indi çox önəmlidir. Amerika iqtisadiyyatı zəiflədikcə dünyada Amerikanın nüfuzu də azala bilər və yaxud bu, Amerikanın imicinə mənfi təsir edə bilər. İqtisadiyyat baxımından, ən azı bu debatlardan və prezident Obamanın son dörd ildə apardığı siyasətə baxanda Mitt Romninin siyasəti bir az üstün görünür mənə. Xarici siyasətdə isə İrana qarşı özəlliklə bizim üçün çox önəmlidir, İrana qarşı, Mitt Romninin İran qarşısında daha ciddi dura biləcəyi, hər halda siyasətindən göründüyü kimi daha yaxşı olardı. Amma dediyim kimi, prezident Obama ilə Romninin o qədər də fərqi olmadı. Azərbaycana baxanda məncə, yenə də bəlkə Romni daha yaxşı olardı. Çünki son dörd ildə prezident Obama işbaşına gəldikdən bu yana şimali Azərbaycanda da verə biləcəyi qədər dəstək verməyib. Azərbaycana uzun müddət səfir saxlamayıblar. Yəni Amerikanın xarici siyasətinə, prezident Obamanın xarici siyasətinə məsələn, erməni lobbisi güclü təsir edə bilib, ən azı Azərbaycan məsələsində, ən azı Azərbaycandakı səfirin orada qalıb-qalmamasına. O baxımdan, bəlkə fərqli olsun deyə Romni yaxşı olardı. Amma yenə də deyim ki, bəlkə də az bir fərq var, namizədlər bir-birindən bəlkə o qədər də fərqli deyillər.

Tomris Azəri: Sendi qasırğası nəticəsində cəmiyyətimizin binası demək olar tamamilə dağılıb

Posted November 2nd, 2012 at 10:03 am (UTC-5)
Leave a comment

Keçən həftə ABŞ-ın şimal-şərq bölgələrini bürüyən Sendi qasırğası ən çox Nyu-Cersi ştatı və Nyu-York şəhərinə zərər vurub. Nyu-Cersidə yerləşən Azərbaycan Amerika Cəmiyyətinin binası qasırğa nəticəsində yararsız hala düşüb. ABŞ-da fəaliyyət göstərən ən ilk diaspor təşkilatı olan Azərbaycan Amerika Cəmiyyətinin prezidenti Tomris Azəri təşkilatın qərargahının bağlı olduğunu və qasırganın nəticələrinin aradan qaldırılması səylərinin davam etdiyini bildirir.

Dilşad Əliyarlı: Tomris xanım, Sendi qasırğasının ən böyük təsiri Nyu-Yorka və Nyu-Cersiyə oldu. Sizin ofisizinizdə vəziyyət necədir?

Tomris Azəri: Bilirsiniz ki, keçən il Ayrin qasırğası gələn zaman da bina pis vəziyyətdə idi. Sendi cəmiyyətimizin binasını demək olar tamamilə yox edib. Binanın damı uçub, üstünə böyük bir ağac düşüb. Bina çox pis bir vəziyyətdədir. Gərək sökülsün və təzədən tikilsin. Təbii ki, çox-çox üzülürəm buna, çünki 55 ildir bu cəmiyyət bu binada Azərbaycan deyilib, həmişə Azərbaycan bayrağı qaldırılıb. Üzülürəm, çünki çox gözəl bir keçmişimiz var. Gənclər yetişdi, gənclər böyüdü orada. İstər Nyu-Cersidə, istərsə də Nyu-Yorkda Sendi qasırğasının vurduğu zərərlə qarşılaşan çox-çox üzvlərimiz var. Üzvlərimiz də çox zərər görüb, evlərini su basan üzvlərimiz var. Ağacların evlərinin üstünə düşüb evlərinə zərər dəymiş üzvlərimiz var. Onlar burada sığorta və tikinti şirkətlərinə müraciət ediblər.

Dilşad Əliyarlı: Tomris xanım, siz dediniz ki, bina tamamilə dağılıb. İş şəraitini bərpa etmək üçün cəmiyyət hansı işləri planlaşdırır, icma üzvləri buna necə kömək edə bilərlər?

Tomris Azəri: Cəmiyyətimizin bir hesab nömrəsi var. Əslində bərpa işləri üçün bir ayrı hesabı var və üzvlərimiz bu hesaba pul köçürür, pulla kömək edirlər. Amma təbii ki, indi çox böyük maliyyə vəsaiti lazımdır. Amma buna da nail olacayıq. İndi üzvlərimizlə danışırıq, evə əlavə oalraq daha böyük banklardan kredit almaq üçün yolları araşdırırıq. Bəzi üzvlərimiz bununla razılaşdı. Onlar öz evləri ilə bərabər əlavə ipoteka ala bilər. Bu işləri nəzərdən keçiririk ki, cəmiyyətimizi yaşadaq.

Dilşad Əliyarlı:Tomris xanım, Azərbaycan icmasının üzvlərinin vəziyyəti haqda hansı məlumatlarınız var? Nyu-York şəhərində yaşayan icma üzvləri yəqin ki, Sendi qasırğasının təsirinə məruz qalıblar. Onların köməyə ehtiyacı varmı?

Tomris Azəri: İcma üzvlərimiz əsasən Nyu-Yorkun Bruklin və Quinz hissələrində yaşayır. İcma üzvlərilə təmaslar var. Mən özüm gedə bilmədiyim halda, başqalarına tapşırıram ki, əlaqə saxlayıb kimin nəyə ehtiyacı olduğu araşdırılsın. Bruklində yaşayan üzvlərimiz arasında böyük zərər görən olmayıb, amma Quinzdə üzvlərimiz sudan zərər görüb. Bilirsiniz ki, qasırğadan zərər görənlərə Amerika hökuməti yardım göstərir. Onlar kağız doldurmalıdır, müraciət etməlidir. Türk Federasiyaları birliyi təşkilat daxilində vəkillərdən ibarət bir qrup yaratdı ki, bu vəkillər hər kəsə bu kağız formaların necə doldurulmasında, sığorta və hökumətin verdiyi yardımı almaq üçün müraciət edilməsinə kömək göstərsin. Mən də onlarla işləyirəm. Ehtiyacı olan üzvlərimizin hökumətdən dərhal yardım ala bilməsi üçün onlara kömək edirik.

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>