Pax Turcica İnstitutu Kaliforniyada daha bir qətnamənin qəbul olunmasına nail olub

Posted July 11th, 2012 at 3:08 pm (UTC-5)
Leave a comment

Kaliforniya ştatının parlamenti Türk-Amerika Assosiasiyalarının (ATAA) tanınmasına dair rəsmi sənəd açıqlayıb. Sənəddə aprelin 23-ü Türkiyənin Milli Günü münasibətilə statin parlamenti adından rəsmi təbrik də çatdırılır. ABŞ-ın ən böyük ştatlarından biri olan Kaliforniya ştatının parlamentində bu mühüm sənədin qəbul edilməsi Amerikada fəaliyyət göstərən Pax Turcica İnstitutu tərəfindən aparılan kampanya nəticəsində mümkün olmuşdur.

Rəsmi sənəd Kaliforniya ştatının 53-cü dairəsini təmsil edən parlamentin qadın üzvü Betsy Batler tərəfindən təqdim olunmuşdur.

Bu, Pax Turcica İnstitutunun səyləri nəticəsində Türkiyənin Milli Günü münasibətilə açıqlanmış beşinci belə sənəddir.

Bu il ərzində ABŞ-da fəaliyyət göstərən Türk və Azərbaycan diaspora təşkilatlarını birgə fəaliyyəti nəticəsində isə Birləşmiş Ştatların müxtəlif statların parlamenti və şəhər bələdiyyələri tərəfindən 12-ci sənəd qəbul edilmişdir.

Senator Dayan Faynşteyn:”Azərbaycan və Birləşmiş Ştatlar arasında dostluq və tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm”

Posted July 8th, 2012 at 2:58 pm (UTC-5)
Leave a comment

ABŞ Senatının nüfuzlu üzvü, Kaliforniya ştatından demokrat senator Dayan Faynşteyn Amerikada Azərbaycan diaspor üzvlərinin ABŞ-Azərbaycan münasibətlərinin əhəmiyyətinə dəstəklə bağlı məktub kampaniyasına cavab verib.

Senator Faynşteyn öz məktubunda məsələni onun diqqətinə çatdırdıqlarına görə icma üzvlərinə təşəkkürünü bildirib və öz fikrini bölüşmək imkanına malik olmasından məmnunluğunu ifadə edib.

Senator Faynşteyn Azərbaycan və Birləşmiş Ştatlar arasında uzun tarixə malik dostluq və tərəfdaşlıq münasibətlərinə yüksək qiymət verdiyini bildirib və ikitərəfli münasibətlərin gücləndirilməsinə dəstək verdiyni deyib.

Məktubunda Kaliforniya senatoru ABŞ prezidenti Barak Obamanın bütün Avro-Atlantik məkanda təhlükəsizliyin təmin edilməsinə beynəlxalq yardım səylərinə verdiyi töhfələrə görə Azərbaycana təşəkkür etdiyini qeyd edib. “Prezident habelə ABŞ-ın Azərbaycanın hökuməti və xalqı ilə işləmək üçün daha geniş imkanların inkişaf etdirilməsi prinsipinə sadiq qaldığını ifadə edib”-deyə məktubda bildirilir.

Senator Faynşteyn ABŞ Dövlət katibi Hillari Klintonun prezident Obama və Amerika xalqı adından 2012-ci ildə mayın 28-də Azərbaycanın Respublika günü münasibətilə Azərbaycan xalqına göndərdiyi təbriki xüsusi qeyd edib.

Məktubun sonunda senator Faynşteyn Azərbaycan icmasının üzvlərini birgə dəyərlər və ənənələrin durmadan təşviq edilməsinə dəstək verəcəyinə əmin edib və Senatda Azərbaycanın zəngin tarixi və ikitərəfli münasibətlərin əhəmiyyətinin tanınmasını nəzərdə tutan qanunvericiliyin müzakirəsi imkanı yarandıqda onların fikirlərini çatdıracağına söz verib.

Senator Dayan Faynşteynə məktub kampaniyası ABŞ-da fəaliyyət göstərən USAN və Pax Turcica təşkilatları tərəfindən təşkil edilmişdir.

Kaliforniya senatoru Dayan Faynşteyn ABŞ Senatının ən nüfuzlu üzvlərindən biri kimi tanınır. O, Senatın Kəşfiyyat komitəsinin sədridir.

Nyu-York ştatının Senatı 31 Mart tarixini Azərbaycanlıların Anım günü kimi tanıyıb

Posted June 25th, 2012 at 3:25 pm (UTC-5)
Leave a comment

ABŞ-ın Nyu-York ştatının Senatı 31 Mart tarixinin Azərbaycanlıların Anım Günü kimi tanınmasına dair qanun layihəsini qəbul edib. Qanun layihəsi ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Cəmiyyətinin (ASA) səyləri nəticəsində qəbul edilib.

Amerika-Azərbaycan Cəmiyyətinin verdiyi açıqlamada qanun layihəsinin Nyu-York ştatının Roçester şəhərini təmsil edən senator Ceyms Alesi tərəfindən təqdim edildiyi deyilir.

2012-ci ildə martın 22-də qəbul edilmiş sənəddə Stepan Şaumyanın başçılığı ilə bolşeviklərin və Daşnak partiyasının 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi cinayətlərin detallatı açıqlanır.

Sənəddə qadınlar, uşaqlar və qocalar daxil olmaqla, təxminən 20 min günahsız insanın qətlə yetirildiyi, Təzə Pir məscidi və İsmailiyyə kimi memarlıq nümunəsi hesab edilən binanın yandırıldığı, Bakı sakinlərinin 400 milyon manatdan artıq dəyərə malik əmlakının müsadirə edildiyi qeyd edilir.

“Burada qətliamın təkcə Bakı şəhərində baş vermədiyi, Şamaxı, Quba, Lənkəran və Dağlıq Qarabağda minlərlə insanın qətlə yetirildiyi göstərilir. Sənəddə həmçinin qeyd edilir ki, 1918-ci ildə Azərbaycan Demokratik Respublikasınən yaratdığı təhqiqat komissiya qətliama dair sənədləri toplayaraq hökumətə təqdim etmiş və 1919-cu ildə parlament martın 31-ni Azərbaycanlıların soyqırım günü elan etmişdir”, sənəddə deyilir.

Sənəddə göstərilir ki, sovet dövrü bu tarix unudulsa da, Azərbaycan müstəqillik qazandıqdan sonra 1918-ci ildə martın 31-də baş vermiş hadisələr öyrənilmiş və bu mövzuda bir çox kitablar yazılmışdır.

Nyu-York ştatının Senatı bütün bunları nəzərə alaraq 1918-ci il 31 Mart hadisələrinin azərbaycanlıların anım günü kimi tanınmasına dair qanun layihəsini qəbul etmişdir.

Nyu-York ştatının qubernatoru Endrü Kuomo da 31 Mart tarixinin Azərbaycanın Anma Günü olaraq tanınmasına dair tövsiyələr vermişdir.

Diaspor təşkilatlarının kampaniyası nəticəsində bir sıra ştatlarda 28 May Azərbaycanın Milli günü elan edilib

Posted May 29th, 2012 at 3:18 pm (UTC-5)
Leave a comment

ABŞ-da və Kanadada fəaliyyət göstərən Pax Turcica təşkilatının kampaniyası nəticəsində ABŞ-ın bir sıra ştatlarında 28 May Azərbaycanın Milli günü kimi tanınıb.

Azərbaycan Demokratik Respublikasının yaradılmasının 94-cü ildönümü münasibətilə diaspor üzvlərinə təbrik məktubunda bildirilir ki, müvəffəq kampaniyanın nəticəsi olaraq Amerika Azərbaycan Cəmiyyəti (ASA) ABŞ-da Azərbaycan Demokratik Respublikasının irsini qoruyub saxlayan ilk və yeganə Azərbaycan diaspor təşkilatı kimi tanınır.

Azərbaycanın Milli gününün tanınmasına dair sənədlər Nyu Cersi, Rod Aylend, Konnektikut, Nyu York və Kaliforniya ştatları tərəfindən qəbul edilmişdir. Sənədlər ABŞ-ın Nyu Cersi ştatının parlamentini spikeri Şeyla Oliver, Rod Aylend ştatının qubernatoru Linkoln Şafe, Konnektikut ştatının qubernatoru Dannel Malloy, Nyu York ştatının qubernatoru Endrü Quomo tərəfindən imzalanmışdır.

Bu sənədlərdə ADR-in müsəlman şərqində ilk demokratik dünyəvi respublika olduğu qeyd edilir, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək bildirilir, Qarabağ və Naxçıvanın Azərbaycanın tərkib hissəsi olduğu göstərirlir.

Bu il Amerika Azərbaycan Cəmiyyəti və Azərbaycan Amerika Şurasının səyləri nəticəsində Azərbaycanın Respubklika günü münasibətilə müxtəlif məqalələr də dərc edilmişdir.

Torontoda Azərbaycanın Respublika günü qeyd edilib

Posted May 28th, 2012 at 3:21 pm (UTC-5)
Leave a comment

Azərbaycanın Respublika günü münasibətilə Kanadanın Toronto şəhərində yaşayan azərbaycanlılar bələdiyyə binasının qarşısında Azərbaycan bayrağının qaldırılması mərasimində iştirak edib. Tədbir Toronto Universitetinin Azərbaycanlı Tələbə Assosiasiyası və yeni yaranmış Kanada Azərbaycanlı Gənclər şəbəkəsi tərəfindən təşkil edilib. Tədbirdə Kanadada yaşayan Azərbaycan icmasının təxminən 50 üzvü iştirak edib.

Toronto Universitetində Azərbaycanlı Tələbələrin Assosiasiyasının prezidenti İsgəndə Qədirzadə toplaşanlar qarşısında çıxış edərək, Azərbaycan Demokratik Respublikasının tarixi və mövcud olduğu qısa müddət ərzində əldə etdiyi nailiyyətlərdən danışıb. O, ADR-in banisi Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Nəsib Yusifbəyli, Əli Ağa Şıxlinski, Səməd bəy Mehmandarov və Azərbaycan milli hökumətinin digər üzvlərinin 20-ci əsrin əvvələrində Azərbaycana demokratiya, bərabərlik, çoxmədəniyyətlilik və dövlətçilik ideyalarını gətirərək, bu ideyaları inkişaf etdirə bilməsindən söz açmışdır. İsgəndər Qədirzadə, millət atalarının öz ideyalarına sadiq qalan professional və demokratik düşüncəli, eyni zamanda vətəni sevən insanlar olduğunu qeyd etmişdir.

Bayrağın qaldırılması mərasimindən sonra Toronto Universitetində icma forumu keçirimişdir. Azərbaycan icmasının gələcək planları, problemləri və qayğılarının müzakirəsi məqsədilə keçirilən forumda yeni yaranmış Kanada Azərbaycanlı Gənclər Şəbəkəsinin təqdimatı olmuşdur.

Yeni yaranmış təşkilat Azərbaycanın Kanadada tanınması, eyni zamanda, Kanadada azərbaycanlı icma üzvlərinin ölkənin ictimai həyatında daha fəal rol oynaması üçün fəaliyyət göstərilməsini qarşısına məqsəd qoymuşdur.

ABŞ-ın bir sıra ştat və şəhərlərində 28 May Azərbaycanın Milli Günü elan edilib

Posted May 24th, 2012 at 2:55 pm (UTC-5)
1 comment

Azərbaycan Demokratik Respublikasının yaradılmasının 94-cü ildönümü ərəfəsində Birləşmiş Ştatların bir sıra ştatları və şəhərlərində mayın 28-i Azərbaycanın Milli Günü kimi tanınıb.

ABŞ-da fəaliyyət göstərən diaspor təşkilatlarının fəaliyyəti nəticəsində artıq Meyn ştatında Portland, Florida ştatında Mayami şəhərində 28 may Azərbaycanın milli günü elan edilib, Rod Aylend ştatının qubernatoru isə azərbaycanlıları Respublika günü münasibətilə təbrik edib. Qubernator Linkoln Şafenin açıqladığı rəsmi sərəncamda Azərbaycan icmasının Rod Aylenddə xalqlar arasında anlaşmanın dərinləşməsi və dostluğun gücləndirilməsi işinə verdiyi töhfələr qeyd edilir.
Amerika Azərbaycan cəmiyyəti, Pax Turcica-nın yaydığı bəyanatda Rod Aylend ştatının qubernatorunun bəyanatını verilməsində ştatda yaşayan azərbaycanlı icma fəallarının işi xüsusi vurğulanıb.
ABŞ azərbaycanlılarının şəbəkəsi USAN-nın açıqladığı pres-relizdə isə ABŞ-ın Florida ştatında Mayami şəhəri və Mayami Deyd dairəsində 28 mayın Azərbaycanın Milli günü elan edildiyi bildirilir. Açıqlamada Mayami şəhərinin meri Tomas Reqalado və Mayami Deyd dairəsinin meri Karlos Gimenezin 28 mayın Azərbaycan Demokratik Respublikasının 94-cü ildönümü kimi tanınması ilə bağlı sərəncam verdiyi deyilir.

Florida ştatında yaşayan Azərbaycan icması və USAN fəallarının fəaliyyəti nəticəsində ştatda artıq ikinci ildir Azərbaycanın Respublika gününün tanınmasına dair rəsmi sənəd qəbul edilir. Hər iki qətnamədə ADR müsəlman dünyasında ilk dünyəvi demokratik respublika kimi qeyd edilir, Azərbaycanın ərazi bütövlüyünə dəstək bildirilir, Qarabağ və Naxçıvanın ADR-in tərkibində olduğu göstərilir.

Mayami Deyd dairəsində qəbul edilmiş qətnamədə keçən həftə Meyn ştatında verilmiş sərəncamda olduğu kimi diqqət çəkən daha bir məqam Azərbaycanın ərazi bütövlüyü və suvereniyinin tanınması ilə yanaşı, ölkənin hüdudlarının şimalda Qafqaz dağlarından cənubda Araz çayına qədər, şərqdə Kərkidən qərbdə Qarabağ, Zəngəzur və Nxaçıvana qədər uzandığı kimi faktların göstəriləməsidir. Eyni zamanda, sənəddə Birləşmiş Ştatların 1920-ci ildə bir sıra dövlətlərlə yanaşı ADR-i tanıması və ABŞ prezidenti Vudro Vilsonun 1919-cu ildə mayın 28-də Azərbaycan nümayəndə heyətinin üzvlərilə görüşü kimi faktlar da qeyd olunmuşdur.

Keçən həftə ABŞ-ın Kaliforniya ştatının Oranc dairəsində də 2012-ci il mayın 28-i Azərbaycan Milli Günü elan edilmişdir. Azərbaycanın Respublika günü ərəfəsində ABŞ-ın bir sıra ştatlarının yerli mətbuat orqanlarında da məqalələr dərc edilmişdir.

ABŞ-ın Portland şəhərinin meri Azərbaycanın Respublika günü münasibətilə qətnamə qəbul edib

Posted May 19th, 2012 at 12:11 pm (UTC-5)
Leave a comment

ABŞ-ın Meyn ştatının Portland şəhərinin meri 28 mayın Azərbaycanın Respublika günü kimi tanınmasına dair qətnamə qəbul edib. Bu, Amerikada Azərbaycan icma üzvlərinin səyləri nəticəsində Portland şəhər meriyası tərəfindən qəbul edilmiş ikinci belə qətnatmədir.

Amerika azərbaycanlılarının ştatda apardığı geniş fəaliyyətin nəticəsi olaraq Meyndə artıq Azərbaycanla əlaqədar bir neçə qətnamə qəbul edilmişdir. Portland meriyasının qəbul etdiyi qətnamədə Azərbaycan Respublikasının tarixinə dair mühüm faktlar öz əksini tapıb. Qətnamədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tanınması ilə yanaşı, Azərbaycan ərazisinin şimalda Qafqaz dağlarından tutmuş cənubda Araz çayına qədər, şərqdə isə Xəzər dənizindən tutmuş qərbdə Qarabağ, Zəngəzur və Naxçıvan da daxil olmaqla, Kərkiyə qədər uzandığı qeyd edilir.

Portland meriyasının qətnaməsində Zəngəzurun 1920-ci ildə Ermənistana verilənə qədər ADR-in tərkibində olduğu göstərilir. Qətnamədə qeyd olunan daha bir mühüm fakt ABŞ-ın bir sıra başqa ölkələr kimi ADR-i tanıması ilə bağlıdır. Burada ABŞ prezidenti Vudro Vilsonun 1919-cu ildə ADR-in nümayəndə heyəti ilə görüşü zamanı dediyi sözlərdən iqtibas gətirilir: “Bir gün Azərbaycandan buraya olduqca maraqlı və ləyaqətli insanlardan ibarət bir qrup gəlmişdi. Mən dərhal anladım ki, ideyalara, azadlıq konsepsiyasına, hüquqlar və ədalətə dair görüşlərə gəldikdə mən və bu insanlar eyni dildə danışırıq.”

Portland meriyasının qətnaməsində qeyd edilən mühüm faktlardan biri də ABŞ-da yaşayan azərbaycalıların sayının göstərilməsilə əlaqədardır. Sənəddə Amerikada təxminən 400 min azərbaycanlının yaşadığı, dünya üzrə isə azərbaycanlıların sayının təxminən 40 milyon olduğu deyilir.

Qətnamədə Meyn ştatı və Portland şəhərində Azərbaycan icmasının fəaliyyəti və cəmiyyətə verdiyi töhfələr, habelə USAN təşkilatının Azərbaycanın amerikalılara tanıdılması işində rolu xüsusi qeyd edilir. “Amerika azərbaycanlıları bizim seçki dairəsində sayı ilə tanınan, regionda çoxmillətlilik, mədəniyyətlərarası dialoq, sülh və tərrəqqi işinə töhvə verən bir etnik icmadır. ABŞ-da azərbaycanlı seçiciləri təmsil edən ən böyük təşkilat olan USAN isə Amerika ictimiayyətinə Azərbaycanla bağlı biliklərin çatdırılması, ölkənin tanıdılması və Yaxın Şərqdə ilk müsəlman demokratiyasının nümunəsi kimi 1918-ci il 28 May gününün əhəmiyyətinin dərk edilməsi istiqamətində fəaliyyət göstərir”-deyə qətnamədə bildirilir.

Portland şəhərinin meri Maykl Brennanın imzaladağı qətnamə Meyn ştatında faəliyyət göstərən azərbaycanlı icma üzvləri, o cümlədən, Meyn ştatında Azərbaycan cəmiyyətinin təsisçisi Tərlan Əhmədovun səyləri nəticəsində mümkün olmuşdur.

ABŞ azərbaycanlılarının şəbəkəsi USAN-ın sənədin qəbul edilməsi ilə bağlı verdiyi açıqlamada deyilir ki, Portland meriyasının qətnaməsi təşkilatın 28 May gününün Azərbaycanın milli günü kimi tanınması məqsədilə apardığı kampaniyanın nəticəsində mümkün olmuşdur. USAN-ın direktorlar şurası mühüm bir qətnamənin qəbul edilməsinə görə Portland şəhərimom meri Maykl Brennana və şəhər meriyasına təşəkkürünü ifadə edib və Amerikada yaşayan azərbaycanlıları 28 may gününü təmsil olunduğu ştatlarda eyni tipli qətnamələrin qəbul edilməsi üçün fəaliyyət göstərməyə çağırıb. USAN-ın son illər apardığı fəal kampaniya nəticəsində ABŞ-ın bir sıra stat və şəhərlərində Azərbaycanla bağlı 100-ə yaxın qətnamə qəbul edilmişdir.

Amerika azərbaycanlıları Riçard Morninqstarın ABŞ-ın Azərbaycanda səfiri vəzifəsinə namizədliyini dəstəkləyir

Posted May 8th, 2012 at 11:34 am (UTC-5)
Leave a comment

Amerika azərbaycanlıları Riçard Morninqstarın ABŞ-ın Azərbaycanda səfiri vəzifəsinə namizədliyinə dəstək bildirir. ABŞ azərbaycanlıların şəbəkəsi USAN Morninqstarın namizədliyinin dəstəklənməsi məqsədilə məktub kampaniyası keçirir.

USAN Amerikadakı Azərbaycan diaspor üzvlərini onların yaşadıqları ştatları təmsil edən senatorlara məktub göndərməyə çağırır. Məktubda Azərbaycanda ABŞ səfiri postuna təyinatın tez bir zamanda edilməsinin əhəmiyyəti vurğulanır. Burada Riçard Morninqstarın region üzrə ekspert olduğu və ABŞ Dövlət Departamentində yüksək vəzifələr tutduğu qeyd edilir. Senatorlara ünvanlanan məktubda deyilir ki, Amerikada yaşayan azərbaycanlılar strateji tərəfdaş olan iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə böyük önəm verir və hesab edir ki, bu münasibətlərin çiçəklənməsi və dərinləşməsi fəal və regionu yaxşı tanıyan bir səfir olmadan mümkün deyil.

Məktubda senatorlar Metyu Brayzanın səfir vəzifəsinə təyinatı ilə bağlı yaranmış vəziyyətin təkrar olmasına yol verməməyə çağırılır. ABŞ prezidenti Barak Obama Dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarın Birləşmiş Ştatların Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini aprel ayında irəli sürmüşdür.

Səfir Morninqstar prezident Klinton administrasiyası dövrü Birləşmiş Ştatların Avrasiya regionunda energetika məsələləri üzrə xüsusi nümayəndəsi olmuşdur. O bu vəzifədə prezident Obamanın Konqres tətildə olduğu vaxt ona konstitusiya ilə verilmiş xüsusi səlahiyyətdən istifadə edərək səfir təyin etdiyi Metyu Brayzanı əvəz edəcək.

Metyu Brayza ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsini bir il müddətinə yerinə yetirdikdən sonra Konqresdə namizədliyinin təsdiqlənməməsi səbəbi ilə 2012-ci ildə yanvar ayında səlahiyyətlərini başa vurub geri qayıtmışdır. Onun namizədliyi Senatın Xarici Əlaqələr Komitəsinin üzvləri olan senatorlar Barbara Bokser və Robert Menendes tərəfindən blok edilmişdir.

ABŞ azərbaycanlıları:vitse-prezident Baydenlə görüş Amerikanın Azərbaycana və Türkiyəyə verdiyi əhəmiyyətin göstəricisidir

Posted April 27th, 2012 at 1:09 pm (UTC-5)
Leave a comment

Aprelin 27-də Amerikada Azərbaycan və türk icmasının üzvlərinin Birləşmiş Ştatların vitse-prezidenti Cozef Baydenlə görüşü keçirilib. Bu, Azərbaycan icmasının ABŞ-ın vitse-prezidenti ilə ilk belə görüşüdür. Görüş Vaşinqtonda ABŞ-Azərbaycan münasibətlərinin 20 illiyi münasibətilə iki günlük konfransın ardınca keçirilib.

Vitse-prezident Co Bayden Amerikada bu il seçki ilində ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrini təmsil edən icma üzvlərinin dəstəyinin əhəmiyyətini vurğulayıb. O, Türkiyə və Azərbaycanın ABŞ-ın mühüm tərəfdaşları olduğunu deyib və Amerikada yaşayan türk və Azərbaycan icmasının üzvlərinin ölkənin həyatında oynadıqları rolu və verdikləri töhfələrə yüksək qiymət verildiyini bildirib. Görüşə ABŞ-ın Virciniya, Merilend, Florida, Texas və digər ştatları, habelə Vaşinqton şəhərində yaşayan azərbaycanlılar və türklər, ABŞ-Azərbaycan konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri qatılmışdı. Azərbaycan və türk diaspor təşkilatları və icma üzvləri vitse-prezidentlə görüşə yüksək qiymət verərək, bunun Amerikanın Türkiyə və Azərbaycana verdiyi əhəmiyyətin göstəricisi olduğunu bildirib.

ABŞ azərbaycanlıların şəbəkəsi USAN-nın həmtəsisçisi və Cənub bölgəsinin direktoru Yusif Babanlı Vaşinqtonda iki gün sürən konfransa yüksək səviyyəli Amerika rəsmiləri, ABŞ-ın keçmiş və hazırkı administrasiyasının nümayəndələri, çox sayda konqresmen və senatorun qatılmasının buna sübut olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan Amerikanın yaxın dostu və tərəfdaşı kimi çıxış edir, öz növbəsində ABŞ-da yaşayan azərbaycanlılar cəmiyyətə inteqrasiya edərək, ölkənin həyatında yaxından iştirak etməyə çalışır.

ABŞ-ın Meyn ştatında yaşayan Tərlan Əhmədov deyir ki, vitse-prezidentin Türkiyə və Azərbaycanın Amerika üçün əhəmiyyətini bu şəkildə vurğulaması icma üzvləri tərəfindən böyük dəstək kimi qəbul edilir. Onun sözlərinə görə, o bu görüşü ABŞ-da Azərbaycana diqqətin getdikcə artdığının təzahürü olduğunu hesab edir. Tərlan Əhmədov bildirib ki, vitse-prezident Baydenin Azərbaycan icma üzvlərilə görüşü Amerika rəsmilərinin azərbaycanlı seçicilərin səsinə qulaq asdığının, onların istəklərinin nəzərə alındığının sübutu kimi qəbul edilməlidir.

Vitse-prezident Baydenin əvvəllər senator seçildiyi Delaver ştatında yaşayan azərbaycanlı rəssam Yavər Rzayev onun ştatda olduqca populyar bir siyasətçi olduğunu deyib. O deyib ki, Amerika siyasi establişmentində ikinci fiqur sayılan Cozef Baydenin çıxışı Azərbaycan və ABŞ arasında əlaqələrin daha da yaxınlışdığı haqda nəticə çıxarmağa əsas verir. Əslən Ağdamdan olan Yavər Rzayev Cozef Baydenin çıxışının onda bir ümid yaratdığını əlavə edib:”Vitse-prezidentin bizi, Azərbaycanı yaxın dost sayması Amerikanın Azərbaycanın problemlərinin həllinə daha artıq dəstək verəcəyinə ümidlərimizi artırır.”

ABŞ-ın vitse-prezidenti Cozef Baydenin Azərbaycan və türk icmasının üzvlərilə görüşü amerikalılar və avrasiyalıların şurası TCEA, ABŞ Azərbaycanlılarının şəbəkəsi USAN tərəfindən təşkil edilmişdir.

Vaşinqtonun meri Vinsent Qrey beynəlxalq TÜRKSOY təşkilatı və Qarabağ Fonduna təşəkkürünü bildirib

Posted April 22nd, 2012 at 2:30 pm (UTC-5)
Leave a comment

Vaşinqtonun meri Vinsent Qrey beynəlxalq TÜRKSOY təşkilatı və Qarabağ Fonduna təşəkkürünü bildirib. Sənəd Qarabağ Fonduna mer Vinsent Qreyin ofisindən e-mail vasitəsilə göndərilib.

Vaşinqton şəhərinin meri Vinsent Qrey Vaşinqtonda “Türk diyarının səsləri simfoniyası” adlı konsertin təşkilatçıları olan TÜRKSOY təşkilatı və Qarabağ Fonduna təşəkkürünü bildirib. Mer Vinsent Qrey təşəkkür məktubunda bu təşkilatların Türk xalqları və Amerika xalqı arasında tərəfdaşlıq münasibətlərinin inkişafında göstərdiyi səyləri qeyd edir. “Sizi əldə etdiyiniz böyük nailiyyətlərə görə təbrik edirik və qarşıda yeni mədəniyyət proqramlarınızı gözləyirik. Vaşinqtonlular adından bu gözəl və yadda qalan tədbirlə bağlı sizə ən xoş arzularımı çatdırıram ”-deyə məktubda bildirilir.

Artıq ikinci ildir dünya ölkələrində türk xalqları və millətlərini birləşdirən beynəlxalq TÜRKSOY təşkilatı Vaşinqtonda türk musiqinin tanıdılması məqsədilə konsert proqramı təşkil edir. ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondu, ABŞ azərbaycanlıların şəbəkəsi USAN və ABŞ türklərinin şəbəkəsi USTN konsertə sponsorluq edir.

Builki konsert proqramına Türkiyənin tanınmış bəstəkarı Əhməd Adnan Sayqunun “Yunus Emre oratoriyası”daxil edilib. Türk musiqi sənətinin incisi sayılan oratoriya ABŞ-da son 54 ildə ilk dəfə olaraq ifa ediləcək. TÜRKSOY simfonik orkestri və Amerikanın nüfuzlu Conatan Qriffit Singers xorunun birlikdə çıxış edəcəyi konsertlər Nyu-Yorkun nüfuzlu Linkoln adına musiqi mərkəzi və Vaşinqtonun Stratmor konsert zalında keçəcək.

Beynəlxalq türk mədəniyyəti təşkilatı olan TÜRKSOY 1993-cü ildə yaranmışdır. Təşkilatın əsas məqsədi türk dilli xalqların mədəni birliyinin dünya ölkələrində tanıdılması, dünya xalqları arasında mədəni əlaqələrin gücləndirməsi və dünyada sülh işinə töhvə vermək istiqamətində fəaliyyət göstərilməsindən ibarətdir.

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>