Gözəl Bayramlı: Parlamentin buraxılmasını bundan sonra da tələb edəcəyik

Posted November 20th, 2012 at 9:40 pm (UTC+4)
Leave a comment

AXCP sədrinin müavini Gözəl bayramlı Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlı Amerikanın Səsi radiosuna müsahibəsində müxalifət qüvvələrinin “Parlament buraxılsın!” şüarı ilə bundan sora da etiraz aksiyalarının keçirəcəyini bildirib.

Onun fikrincə, keçmiş deputat Gülər Əhmədova sosial şəbəkələrdə yayılan videodakı danışıqlarında parlamentin rüşvətlə formalaşdırıldığını bir daha təsdiq edib. Nərimanov rayon məhkəməsinin keçmiş sədri Ağababa Babayev isə insanları günahı olmadan həbs etdiyini  və yüksək vəzifəli dövlət məmurları ondan 5 milyon manat rüşvət aldıqdan sonra həbsdən azad etdiyini etiraf edib.

“Bütün bunlar parlamentin legitim olmadığının və məhkəmələrin sifarişlə işlədiyinin sübutudur” , o qeyd edib.

Noyabrın 17-də keçirilən etiraz aksiyası zamanı Gözəl Bayramlı fiziki təzyiqə məruz qalıb.

“17 noyabr aksiyasında mənə qarşı aqressiv rəftar hakimiyyətin xüsusi göstərişi ilə edilib. Belə rəftar etməyə başqa bir əsas yox idi. Bütün mitinq iştirakçıları kimi mən də qollarım yuxarıda “Azadlıq”, “İstefa” qışqırırdım. Bundan sonra da, həmin şüarları söyləyəcəm”.

Gözəl Bayramlı parlamentin etiraz aksiyası iştirakçılarına və qanunvericiliyi pozan siyasi partiyalara qarşı cəzaları sərtləşdirməsini qəbul etmir.

“Toplaşmaq və etiraz etmək hər bir Azərbaycan vətəndaşının konstitusion hüququdur. Deputatların siyasi partiyalarla və aksiya iştirakçıları ilə bağlı qanunvericiliyi sərtləşdirən sənədə səs vermələri parlamentin istefasını bir daha zəruri edir”, – deyə o qeyd edib.

Azərbaycan-ABŞ əməkdaşlığının regionda sülh və təhlükəsizliyin təmin edilməsində rolu

Posted October 19th, 2012 at 5:02 pm (UTC+4)
Leave a comment

“Azərbaycan-ABŞ əməkdaşlığının regionda sülh və təhlükəsizliyin təmin edilməsində rolu” mövzusunda beynəlxalq konfrans

Bakıda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi “Azərbaycan-ABŞ əməkdaşlığının regionda sülh və təhlükəsizliyin təmin edilməsində rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Amerikanın Azərbaycandakı səfirinin müavini Adam Sterlinq, Çapman Universiteti, Qlobal Təhsil Mərkəzinin direktoru Ceyms Koyl, Ankara Universiteti, Avropa Tədqiqatlar  Mərkəzinin rəhbəri Çağrı Erhan, Ceymstaun Fondunun aparıcı elmi işçisi Vladimir Sokor, METU, Beynəlxalq Münasibətlər kafedrasının əməkdaşı Oktay Tanrısevər, Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva çıxış edib.

Məruzələr əsasən ABŞ-Azərbayacan strateji tərəfdaşlığının perspektivləri, regional  təhlükəsizlik, nüvə təhlükəsizliyi təhdidləri, Qarabağ münaqişəsi: ədalətsizlik və enişli-yoxuşlu çıxış yolları, Qafqazda və regiondan kənarda dəyişən dinamika, Avro-atlantik perspektivlər və Dağlıq Qarabağ  nizamlanmasında uğursuz danışıqları əhatə edib.

Məruzələrdə Azərbaycan-Amerika əməkdaşlığının əsas prioritetləri olan təhlükəsizlik və enerji təhlükəsizliyinin  regionda stabillik və inkişaf üçün əsas olduğu qeyd edilib. Bununla yanaşı, regionda sülh və stabilliyə ciddi təhlükə yaradan münaqişələrin hələ də həllini tapmadığı önə çəkilib.

Çapman Universiteti, Qlobal Təhsil Mərkəzinin direktoru Ceyms Koylun fikrincə, Azərbaycan çox çətin qonşularla əhatə olunub. Bu Azərbaycanı balanslı siyasət aparmağa vadar edir.

“Artıq regionda iki blok var. Bunlar Amerika-Gürcüstan -Azərbaycan və Rusiya-İran-Ermənistan blokudur. Regiondakı münaqişələr istənilən an alovlana bilər”.

Ekspertin fikrincə, Azərbaycan İran vasitəsi ilə Naxçıvana qaz verir, Bakı-Tbilisi-Ceyham əsas neft boru kəmərinin işlək fəaliyyətini saxlamalıdır, Xəzər dənizində enerji mənbələrinə nəzarət edir.

“Bu ölkə həmçinin qərbə inteqrasiyanın tərəfdarıdır və enerji resurslarını qərb bazlarına çıxarır. TANAP layihəsi bunu bir daha təsdiq edir. Bu kəmərlə Türkiyəyə ildə 6 milyard və Avropaya 10 milyard kub metr qaz ötürüləcək. NATO-nun üzvü olmamasına baxmayaraq Əfqanıstanda təhlükəsizliyə töhfə verir və NATO yüklərinin daşındığı əsas koridordur. Zbiqnev Bzejinski də nəqliyyat dəhlizi sahəsində və Mərkəzi Asiya enerji resurslarının daşınmasında Azərbaycanın üstün mövqeyini qeyd edib. Azərbaycan bu səbəblərdən Rusiya və İran, eyni ilə də qərb maraqları arasında balans yaratmağa üstünlük verir”, – deyə o qeyd edib.

Konfransda həmçinin Cin istiqamətində uçan qərb təyyarələrinin istiqamətinin Dubaydan Bakıya çevirməsinin vacibliyi qeyd edilib.

Forumda həmçinin “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişin ləğvi tələb edilib. Çünki bu düzəliş ikitərəfli münasibətlərin dərinləşməsinə ciddi əngəllər yaradır.

 

Adam Mixnik: İşgəncələr altında yaşamağı sevən millət yoxdur

Posted October 4th, 2012 at 9:34 pm (UTC+4)
Leave a comment

Adam Mixnik

Gürcüstanda keçirilən parlament seçkiləri Qafqazın tarixində yeni dövr açdı. Polşalı tanınmış ictimai xadim, jurnalist və “Həmrəylik” hərəkatının liderlərindən biri Adam Mixnik belə hesab edir.

Demokratiyanın əsası hakimiyyətin seçki yolu ilə, zorakılıq və nifrət olmadan dəyişdirilməsinin mümkünlüyündədir və Gürcüstan son parlament seçkilərində buna nail oldu. Bu barədə cənab Mixnik Bakıda Azərbaycan vətəndaş cəmiyyətinin və yaradıcı ziyalıların bir qrup nümayəndəsi ilə görüşündə bildirib.

Onunla görüş İçərişəhərdə Müasir İncəsənət Mərkəzində “Azadlıq üçün dizayn – dizayn üçün azadlıq” sərgisinin açılışından sonra keçirilib. Sərgidə son 30 ildə Polşada gedən siyasi prosesləri əks
etdirən siyasi plakatlar və dövrü mətbuat təqdim olunub.

Cənab Mixnik Bakıya Gürcüstandan gəlib. Orada parlament seçkilərini müşahidə edib. Gürcüstan presedenti demokratiyanın universallığını və onun hamı tərəfindən əldə edilməsinin mümkünlüyünü bir daha sübut etdi.

“İşgəncələr altında yaşamağı sevən millət yoxdur. Bu, diktatorların demaqoqcasına təbliğatı ilə bağlı mifdir”, – Mixnik vurğulayıb.

O xatırladıb ki, vaxtilə britaniyalı ekspertlər deyirdilər ki, demokratiya Qərbin mədəni xalqları üçündür və əgər polyaklara azadlıq verilsə, onlar antisemit qırğınları təşkil edərlər. Lakin tarix bunun əksini sübut etdi.

Gürcüstandakı parlament seçkilərindən danışan Mixnik qalib gəlmiş “Gürcü arzusu” koalisiyasının lideri Bidzina İvanişvilinin aşağıdakı tezislərini qeyd edib: 1) Gürcüstan hamı üçündür; 2) Məğlub edilmişlərin üzərində revanş olmayacaq; 3) Gürcüstan qərbyönlü kursla getməkdə davam edəcək; 4) İvanişvilinin triumfu yoxdur.

Cənab Mixnik digər mühüm yekun kimi Saakaşvilinin etirafını qeyd edib: “Biz uduzduq, biz müxalifətə keçirik”.

“Saakaşvili Çauşeskunun deyil, Yaruzelskinin yolunu seçərək Qafqazın siyasi tarixində və mədəniyyətində yeni dövrə başladı”, – o qeyd edib.

İctimai xadim Polşadan danışarkən ölkəsində demokratiyanın bərqərar olmasından qürur duyduğunu bildirib.

“Demokratiya nədir?” sualının cavabında o deyib: “Bir il əvvəl Kaliforniyada konfransda Kremlin təbliğatçısı Andranik Miqranyan Amerika publikasını inandırmağa çalışırdı ki, Rusiyada “necə də yaxşı demokratiya var”.
Mən ona dedim ki, mənim üçün demokratiya odur ki, prezident seçkilərində son anadək qalibin adı bəlli olmasın. Lakin elə ölkələr var ki, prezident seçkilərində qalibin adı yarım il əvvəldən məlum olur. Demokratiyaya yol etiraz mədəniyyətinin dialoq və kompromis mədəniyyətinə keçməsindən keçir.

O, etiraz mədəniyyətinə misal olaraq SSRİ-də Soljenitsının, Çexoslavakiyada Vatslav Havelin, müasir Rusiyada Mixail Xodorkovskinin, CAR-da Nelson Mandelanın çıxışlarını göstərib.

“Bu, monoloq- etirazdır. O, vacibdir və onsuz insan mənəviyyatı inkişaf edə bilməz. O, dialoq doğurmalıdır”, – Mixnik bildirib.

“Biz “Həmrəyliyin” önündə olanda bizə deyirdilər: “Siz  dəli olmusunuz, Brejnevə qarşı çıxırsınız?” Hakimiyyətə gələndə isə bizə deyirdilər ki, kommunistlərin axırına çıxmaq lazımdır. Lakin əsl demokratiya  odur ki, hakimiyyətə gələrkən səni türməyə salan adama qarşı da tolerant olasan”, – Mixnik demokratiyanın fəlsəfəsini açıqlayıb.

Tolerantlıq yalnız siyasətə deyil, bütün münasibətlərə aiddir. Məsələn, Polşa transformasiya mərhələsində dilemma qarşısında idi: “Polşa katolik çoxluğu üçündür yoxsa hamı üçündür” və seçim ikinci prinsipin xeyrinə aparıldı.

“Həmrəylik” nəyin sayəsində kütləvi hərəkata çevrildi?” sualının cavabında Mixnik deyib ki, “yəqin ona görə, hər şey hamını bezdirib”.
Mübarizə istehkamı kimi iri  müəssisənin – Qdansk tərsanəsinin çıxış etməsi mühüm rol oynadı. O, digərlərinə nümunə oldu, hərəkat 10 mln. adam əhatə etdi. Bundan əlavə, ölkə boyunca gizli təşkilatların yaradılması da mühüm rol oynadı. Həm fəhlə hərəkatı, həm də kommunistlərin lideri Gerek tərəfindən zorakılığın olmaması da “Həmrəyliyin” saxlanmasına yardım etdi. “Görünür, bu, kompromislərə dəhliz açdı”, – Mixnik qeyd edib.

Tətillərin sayəsində müstəqil həmkarlar ittifaqlarının yaradılmasına icazə verildi. Artıq onlara 10 mln. deyil, 100 mln. nəfər daxil idi. Bundan əlavə, “Azad Avropa” radio proqramı da öz dəstəyini göstərdi”.

Onun söylədiklərinin Azərbaycan kimi indefirent cəmiyyətlərdə işləməməsinə Mixnik belə reaksiya verib. O, belə analoji pessimist fikirləri bu yaxınlarda Gürcüstanda eşitdiyini deyib. “Ukraynada da “narıncı inqilab”dan əvvəl belə idi”.

Biz 1989-cu ildə Polşada siyasi dəyişikliklərə nail olanda Vatslav Havel mənə dedi ki, onun ölkəsində bu mümkün deyil, amma iki aydan sonra Çexoslovakiyanın prezidenti oldu”. “Bakının arxitektura və aurasının qeyri-kommunist” olduğunu deyən Mixnik qeyd edib ki, siyasi azadlıqların
qazanılması ilə cəmiyyətin problemlərinin avtomatik həll olunmadığını nəzərə çatdırıb.

“Azadlığı təkcə vicdanlı və dürüst adamlar deyil, cinayətkarlar da qazanırlar”, – o vurğulayıb.

Mixnikin səfəri şəxsi xarakter daşıyır və onun demokratik cəmiyyət təmsilçilərinin görüşünə Bakıda daha yararlı zal tapılmayıb. Görünür, kimlər üçünsə Mixnik olduqca təhlükəli şəxsiyyətdir və görüş zamanı Müasir İncəsənət Mərkəzinin binası önünə polis serjantı qoyulub. Bundan əlavə, Mixnik Gürcüstana çəkiliş qrupu ilə gedib, halbuki həmin çəkiliş qrupu Bakıya buraxılmayıb.

 

Hökumət qanunsuz tikili probleminin həllinə çalışsa da, qanunsuz evlərin tikintisi davam edir

Posted September 19th, 2012 at 9:30 pm (UTC+4)
Leave a comment

Ekspert Hafiz Babalı Turan Agentliyinin iqtisadi məsələlər üzrə eksperti Hafiz Babalı Amerikanın Səsi radiosuna müsahibəsində ölkədəki qanunsuz tikililərlə bağlı yaranmış problemlərdən danışıb.

Onun sözlərinə görə, Azərbaycanda 500 minədək qanunsuz tikili var. “Qanunsuz tikililər həm əhali, həm də hökumət üçün böyük problemlər yaradır. Bu tikililər magistral kəmərlərin yaxınlığında, neftli torpaqlarda, neft buruqlarının arasında, dəmiryol, avtomobil yollarının, elektrik xətlərinin təhlükəsizlik zolaqlarında, kommunikasiya xətlərinin üzərində tikilib”

Ekspertin sözlərinə görə, Dövlət Əmlak Komitəsi qanunsuz tikililər probleminin həlli ilə bağlı yeni strategiya hazırlayıb. “Hökumət problemi birdəfəlik həll etmək istəyir və bunun qanuni yolları aranmaqdadır”.

Qanunsuz tikililərin əksəriyyəti yaşayış evləridir. “Bu tikililərin böyük hissəsi Bakıda, Bakı ətrafında Abşeron yarımadasında inşa edilib. Regionlarda da kifayət qədər çox qanunsuz tikililər var”, – deyə o qeyd edib.

Cənab Babalı həmçinin hökumətin qanunsuz istifadə edilən və ya zəbt olunmuş torpaq sahələri ilə bağlı da problemləri həll etməsini vacib sayır.

Ekspert narahatedici hallardan da danışıb. “Nəzarətsizlik və ya hərəkətsizlik, korrupsiya halları nəticəsində bir tərəfdən qanunsuz evlər probleminə çalışılır, digər tərəfdən isə yenidən qanunsuz evlərin tikintisi davam edir”.

Cənab Babalı qanunsuz tikililərin əksəriyyətinin ünvanının belə olmadığını bildirir. “Kolxoz və sovxozlar dağıldıqdan sonra bu qurumların torpaqlarında təyinatı dəyişdirilmədən evlər tikilməyə başladı. Bu səbəbdən də çoxsaylı tikililər əkin təyinatlı torpaqlardadır və tikililərin qeydiyyata alınması üçün ilk öncə Nazirlər Kabineti monitorinqlər aparmalıdır. Çünki, 1999-cu ildən başlayaraq bələdiyyələr qanunsuz olaraq əkin təyinatlı torpaqları ev tikintisi üçün ayırıb və yüz minlərlə evlər tikilib. Həmin torpaqların təyinatı dəyişdirilmədən isə Əmlak Komitəsi evləri dövlət qeydiyyatın ala bilməz”.

Ekspert həmçinin yüz minlərlə qanunsuz tikilinin ünvanının olmadığını da diqqətə çatdırıb.

 

Quba işi məhkəmədə, 24 nəfər ittiham olunur

Posted August 30th, 2012 at 7:44 pm (UTC+4)
Leave a comment

Quba hadisələri Avqustun 30-da Quba Rayon Məhkəməsində 1 mart hadisələrinə görə tutulan 9 nəfərin mühakiməsi başlayıb. “Media forum” saytının məlumatına görə işə hakim Etibar Quliyevin sədrliyi ilə baxılır.

Məhkəmə qarşısına çıxarılan Yunusov Xəyyam Sahib oğlu, Fayizi Səxavət Ağahüseyn oğlu, Nəcəfi Ələkbər Zülfüqar oğlu, Ələsgərov Niyaməddin Nurəddin oğlu, Məhərrəmov Elgün Nadir oğlu, İlyasov Rəşad Tahir oğlu, Mürşudov Rafiq Vahid oğlu, Qəribov Tapdıq Tacı oğlu və Qəribov Bəhruz Qəribbaba oğlu Cinayət Məcəlləsinin 186.2.1 (əmlakı qəsdən məhvetmə və ya zədələmə – zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə), 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə – yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda); 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunurlar.

Bundan öncə isə hadisələrlə bağlı eyni maddələrlə ittiham edilən 8 nəfərin məhkəməsi başlayıb.

Eyni zamanda, Quba hadisələrinə görə həbs olunan daha yeddi nəfərin istintaqı da yekunlaşıb.

Vəkil Əsabəli Mustafayev deyib ki, təqsirləndirilənlər Akif Əliyev, Habil Əliyev, Zimistan Əmiraslanov, Səfər Qəribov, Samir Abdullayev, Telman Dadaşov və Məmmədhəsən Ələkbərova əmlakı qəsdən məhvetmə və ya zədələmə, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə ittihamları irəli sürülüb.

Bu il martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları, icra başçısı Rauf Həbibovun şəxsi evi yandırılıb. Martın 2-də prezident İlham Əliyev Rauf Həbibovu başçı vəzifəsindən azad edib.

Qubada baş verənlərin istintaqını Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır. İndiyədək bu işə görə 17 nəfər məhkəmə qarşısına çıxarılıb. Bununla yanaşı, hadisələrlə bağlı həbs edilən Xəyal televiziyasının jurnalistləri, Quba bələdiyyəsinin sədri və digərlərinin nə vaxt məhkəmə qarşısına  çıxarılacağı hələ məlum deyil.

Bu il martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları, icra başçısı Rauf Həbibovun şəxsi evi yandırılıb. Martın 2-də prezident İlham Əliyev Rauf Həbibovu başçı vəzifəsindən azad edib.

Qubada baş verənləri araşdıran Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi bu hadisələr nəticəsində ümumilikdə 232.686 manat dəyərində maddi ziyan vurulduğu qənaətinə gəlib. İstintaq belə bir rəy verib ki, bu məbləğin 205.244 manatı rayon icra hakimiyyətinin başçısı Rauf Həbibova dəymiş ziyandır.

Martın 1-də Qubada Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiyaçılar icra başçısının 2011-ci il noyabrın 22-də rayonda keçirdiyi müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara hörmətsizlik kimi qəbul etdiklərini vurğulayıb. Toqquşmalar və zorakılıqla müşayiət olunan 1 mart aksiyası zamanı rayon icra hakimiyyətinin yardımçı binaları, Rauf Həbibovun şəxsi evi yandırılıb.

“Media forum” saytının məlumatına görə, istintaq Rauf Həbibovun Qubanın Timiryazyev qəsəbəsindəki fərdi yaşayış evinin giriş darvaza qapısının əzilməsi, hasarın küncünün qoparılması, evin və həyətyanı torpaq sahəsində yerləşən köməkçi tikililərin yandırılması nəticəsində icra başçısına 87.844 manat, evdə olan müxtəlif təyinatlı əmlakların məhv edilməsi nəticəsində isə ona 117.400 manat ziyan vurulduğu haqda rəy verib. Beləliklə, istintaq müəyyənləşdirdiyi 232.686 manatlıq ziyanın 205.244 manatının Rauf Həbibova dəymiş ziyan olduğunu bildirib.

Yerdə qalan 27.442 manatlıq ziyanın isə, istintaqın hesablamasına görə, 23.913 manatı Quba Rayon İcra Hakimiyyətinin inzibati binasına hücum zamanı vurulub. Bu məbləği hesablayarkən istintaq belə rəy verib ki, rayon icra hakimiyyətinin inzibati binasının girəcəkdəki divar şüşələrinin sındırılması, divarlara zədələr yetirilməsi, binanın həyətində yol kənar sahələrinə bərkidilmiş metal barmaqlıqların sındırılması, onların altına hörülmüş kərpiclərin, daşların uçurulması, işıq dirəyində işıqların, qonaq evində qapıların, şüşələrin sındırılması, divarlara zədələr yetirilməsi, qonaq evində otaqların qapılarının əzilməsi, mebel avadanlıqlarının, işıq çıraqlarının, yeməkxana pəncərələrinin sındırılması, həyət hasarının uçurulması, iki ədəd qaraj tikilisinin yandırılması nəticəsində 13.913 manat, bu binalarda olan müxtəlif təyinatlı əmlakların məhv edilməsi nəticəsində 10.000 manat ziyan vurulub.

İstintaq ümumi ziyanın qalan 3.529 manatının avtomobillərə vurulduğu barədə rəy verib.

Beləliklə, istintaqın hesablamasına görə, Quba hadisələri zamanı 232.686 manatlıq ziyanın 205.244 manatı Rauf Həbibovun evinə, 23.913 manatı icra hakimiyyətinin binasına, 3.529 manatı avtomobillərə vurulub.

İran narkotikinin rekviyemi və ya narkotik qaçaqmalçılığında korrupsiya

Posted August 13th, 2012 at 6:25 pm (UTC+4)
Leave a comment

Nisbət Fərhadovanın mətbuat konfransı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şuşa rayonu, Xəlifəli kəndində qeydiyyatda olan məcburi köçkün Nisbət Fərhadova Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında İrandan gətirilən 100 kiloqram narkotik maddənin satışı, bununla bağlı həbslər və hüquq-mühafizə orqanlarının əməkdaşlarına verdiyi rüşvət müqabilində ört-basdır işləri və sonda faktla bağlı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə (dədləduzluq) qaldırılan cinayət işindən bəhs edib.

Baş Prokurorluğun Mətbuat Xidməti iyulun 31-də bildirib ki, Oqtay Novruzov tanışı Nisbət Fərhadova ilə qabaqcadan əlbir olaraq, Şadoğlan Baxşıyevdən oğlu Manaf Baxşıyev barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində istintaqı aparılan cinayət işinin müsbət həll olunacağı və məhkəmədə cəzanın yüngülləşdiriləcəyi adı ilə 2011-ci ilin avqustunda 60 min 100 manat pulunu ələ keçirib.
Nisbət Fərhadova isə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsini vəzifəli şəxslərlə qanunsuz əlaqəyə girərək korrupsiya faktlarını gizlətməkdə ittiham edib. O, vəzifəli şəxslərin rüşvət alması barədə bu idarəni məlumatlandırdığını deyib.
Burada söhbət İrandan gətirilən 100 kiloqram narkotik vasitənin satışından gedir. Narkotik vasitənin İrandan gətirilməsinin başında Şahbaz adlı şəxs durub. Narkotikin 30 kiloqramını Etibar adlı şəxs, 10 kiloqramını Şadoğlan Baxşıyev, 30 kiloqramını onun oğlu Manaf Baxşıyev, 15 kiloqramını Şadoğlanın kürəkəni və digər 15 kiloqramını adını bilmədiyim iki şəxs satıb.
Narkotik satışı ilə bağlı həbslərdən sonra Şadoğlan Baxşıyev hərbiçi Oqtay Novruzov vasitəsi ilə “bibi” adlandırdıqları Nisbət Fərhadova ilə əlaqə qurub və “bibi” də işin yüngülləşdirilməsi üçün hüquq-mühafizə orqanlarındakı tanışları ilə fəaliyyətə başlayıb. Nisbət Fərhadova Bakı Şəhər prokurorluğunda dövlət ittihamlarını müdafiə edən prokuror Şahin İsmayılov (vəfat edib) və DİN Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin cinayət işinin istintaqını aparan müstəntiqi Hacı Əfəndiyev, Astara rayon Polis Şöbəsinin rəis müavini Arzu və həmin şöbənin müstəntiqi Elman adlı şəxslərlə görüşüb. O, Şahin İsmayılova, Hacı Əfəndiyevə, Elmana müxtəlif vaxtlarda verdiyi on min manatlarla rüşvət müqabilində Şadoğlan Baxşıyevin kürəkənin Milli Təhlükəsizlik Nazirliyinin icraatında olan cinayət işi ilə DİN Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsindəki cinayət işinin eyni icraatda birləşməsinə mane olub, qaçaqmalçılıq üzrə ittihamın irəli sürülməməsinə nail olub, 10 kiloqram narkotiki ögey qardaşına satmış Şadoğlan Baxşıyevin həbsinin qarşısını alıb. Həmçinin Şadoğlan Baxşıyev həbsdə olan oğlu ilə görüşdürülüb və oğlu talış dilində narkotiki gizlətdiyi yeri ona deyib. Sonradan Şadoğlan həmin narkotiki satıb.
Bir sözlə, Nisbət Fərhadova deyib ki, hüquq-mühafizə orqanlarının çoxsaylı əməkdaşları ilə əməlli-başlı bazarlıq edib. O, bəzən istənilən 50 min müqabilində 20 min manatla belə işi aşıra bilib. Bütün bu faktlarla bağlı Korrupsiyaya qarşı Mübarizə İdarəsinin araşdırma aparmasının vacibliyini bildirib.
Nisbət Fərhadova həmçinin 30 kiloqram narkotik satarkən tutulan Etibar adlı şəxsin də 240 min manat rüşvət müqabilində Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (qanunsuz olaraq narkotik vasitəni satma) 1,5 il həbsə məhkum edildiyini deyib. “O, bütün evlərini, torpaq sahələrini, fermalarını sataraq bu pulu verib”, – deyə o qeyd edib.

Dağlıq Qarabağda Suriya erməniləri

Posted August 7th, 2012 at 6:14 pm (UTC+4)
Leave a comment

Dağlıq Qarabağın xəritəsi Turan Agentliyinin məlumatına görə, Dağlıq Qarabağda Ermənistanın “Daşnaksütyun” Partiyasının yerli nümayəndəliyinin keçirdiyi “dəyirmi masa”da Suriya ermənilərinə yardım məsələsi müzakirə olunub. Müzakirələrdə qeyri-hökumət və ictimai-siyasi təşkilatların nümayəndələri iştirak edib.
Ermənistanın “Arminfo” Agentliyinin məlumatına görə isə  dəyirmi masada qeyd olunub ki, Qarabağ erməniləri suriyalı ermənilərə yardım göstərməyə və onları qəbul etməyə hazırdır.

“Hazırda Suriyadan 5 erməni ailəsi daimi yaşamaq üçün Laçın rayonuna gəlib. “Rayon administrasiyasının rəhbəri” Suren Xaçatryanın sözlərinə görə, daha 7 ailənin gəlişi gözlənilir.
Öz növbəsində Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərində Suriyadan olan erməni qaçqınların yerləşdirilməsinin yolverilməz olduğunu bildirib.

APA agentliyinin məlumatına görə, Azərbaycan artıq bununla bağlı BMT-yə, ATƏT-ə, Minsk Qrupuna həmsədrlik edən ölkələrə öz narahatlığını ifadə edib. Xarici İşlər Nazirliyindən bildiriblər ki, ATƏT-in Minsk Qrupu Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşma faktlarını araşdırmaq üçün dəfələrlə monitorinq keçirib. “Monitorinqlər zamanı Dağlıq Qarabağ və işğal olunmuş digər Azərbaycan torpaqlarında ermənilər tərəfindən qeyri-qanuni məskunlaşma siyasəti aparıldığı müəyyənləşib. Beynəlxalq ictimaiyyət bu siyasətin davam etdirilməsinə imkan verməməlidir”.

“Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi də Suriyada yaşayan ermənilərin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə köçürülməsi barədə Ermənistan mətbuatında verilən məlumatlarla bağlı etiraz bəyanatı verib. “Son vaxtlar Suriyadakı vəziyyətlə əlaqədar rejimə dəstək verən ermənilər baş verəcək hadisələrin qorxusundan ölkədən qaçır, Ermənistanda isə onların Azərbaycanın işğal altındakı ərazilərində yerləşdirilməsi məsələsi müzakirə olunmaqdadır. Verilən məlumatlara görə, onların Qarabağda yerləşdirilməsi üçün “Yenidən məskunlaşma üzrə İctimai Şura” yaratmaq, suriyalı ermənilərin işğal altındakı bölgələrdə düşərgə formasında məskunlaşdırılması təklifləri irəli sürülüb. Bütün bunlar Azərbaycan xalqının, o cümlədən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının kəskin etirazına səbəb olub və qətiyyətlə pislənir”, – deyə birlikdən APA agentliyinə deyiblər.

Müəllimlər işləyən yoxsullardır

Posted August 1st, 2012 at 7:35 pm (UTC+4)
Leave a comment

Məhəmməd Talıblı Bakıda Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Təşkilatının təşəbbüsü ilə təhsildə problemlər mövzusunda dinləmə keçirilib.
Çıxışların əsas motivi hökumətin təhsil siyasətinin yarıtmaz olması, son testlərdə keçid ballarının 150-yə endirilməsi, büdcədə təhsil və elm xərclərinin azlığı, müəllimlərin və elmi işçilərin əmək haqqının çox aşağı olması olub. Dinləmələrdə iştirak edən ekspertlər və çoxsaylı gənclər təşkilatı hökumətdən təhsil siyasəti ilə bağlı hesabat tələb etməyin vaxtının çatdığını önə çəkib.
“Hökumət ölkədə savadsızlar ordusu yaradır. Son imtahanlar zamanı 1-ci qrup üzrə keçid ballarının 150-yə endirilməsi gənc nəslin savadsızlığa sürüklənməsidir”, – deyə AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı bildirib.
İqtisadçı ekspert Məhəmməd Talıblı Amerikanın Səsi radiosuna müsahibəsində ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsini vacib sayır. “Azərbaycan hökuməti keyfiyyət deyəndə nə qədər məktəb tikildiyini, nə qədər kompüter alındığını, nə qədər çox dərslik çap olunduğunu başa düşür. Doğrudur, kəmiyyət dəyişikliyi baş verib, amma keyfiyyət dəyişikliyi də lazımdır”, – deyə o qeyd edib.
Ekspert büdcədən təhsilə ayırmaların çox az olduğunu deyib. “Dövlət büdcəsinin 1,5 milyard manatı (9,3 faizi) təhsilə sərf edilir, bu da, ÜDM-in 3,5 faizi deməkdir. Elmə ayrılan xərclər isə ÜDM-in 1 faizi belə deyil. Beynəlxalq təcrübədə hansısa ölkədə təhsil xərcləri ÜDM-in 7 faizinə, elmə ayrılan xərclər isə 2 faizinə enirsə, bu, artıq ciddi uğursuzluğun göstəricisidir. Ən maraqlısı büdcədən təhsilə ayrılan vəsaitin cəmi 92 faizinin, elmə ayrılan vəsaitin isə 93 faizinin xərclənməsidir. Hansı ki, investisiya xərcləri 99,8 faiz yerinə yetirilib”, – deyə M.Talıblı xatırladıb.
Ekspertlər son illərdə universitetlərin təhsil haqqını 4-5 dəfə artırdığını, əmək haqlarının isə artımının iki dəfə belə olmadığını diqqətə çatdırıb. Ölkədə orta əmək haqqı 360 manat olduğu halda təhsil haqlarının 1500-4800 manat olması anormaldır.
“Müəllimlər işləyən kasıblardır. Orta məktəb müəllimlərinin orta aylıq əmək haqqı 128-188 manat, ali məktəb müəllimlərinin əmək haqqı 175-350 manatdır. Yaşayış minimumu isə 168 manat ölçülür”, – deyə iqtisadçı ekspert xatırladıb.
Ekspertlər hesab edir ki, ölkədə təhsil siyasəti bütövlükdə dəyişməlidir. “Planlaşdırma sistemi bütövlükdə ləğv edilməlidir. Təhsil siyasətini əmək bazarı müəyyənləşdirməlidir. Təhsildə bal və say meyarı keyfiyyət meyarı ilə əvəz olunmalıdır. Təhsil sistemi siyasi olmamalıdır. Hazırda məktəblərdə ən çox əmək haqqı alanlar seçkiləri saxtalaşdıranlardır. Məktəb direktorları və universitet rektorları seçilməlidir. Kredit sistemi və Boloniya sistemi Avropa qaydalarına uyğunlaşdırılmalıdır”, – deyə ekspert Eldar Hüseynov qeyd edib.
Ekspertlər xaricdə təhsil məsələlərinə də toxunub. Azərbaycan Neft Fondunun 35 milyon vəsaiti hesabına 2008-ci ildən başlayaraq 1028 tələbə xarici universitetlərdə oxuyub. Amma Azərbaycanda təhsil sistemi ciddi islahata məruz qalarsa, ali məktəblər xaricdən tələbə cəlb edə bilər və dövlət büdcəsinin formalaşmasında təhsildən gələn gəlirlər mühüm rol oynaya bilər. “Hazırda yalnız Ukrayna ali məktəblərində 10 min azərbaycanlı təhsil alır. Hər bir tələbə orta hesabla ildə 15 min dollar vəsait ödəyir. Bununla yanaşı, tələbələrin digər xərclərini də hesablayanda Ukraynaya ildə 30 milyon dollardan çox gəlir veririk”, – deyə ekspert Nabatəli Qulamoğlu xatırladıb.
Çıxışlarda ölkədə azad tələbə kontingentinin formalaşmasının qarşısının siyasi hakimiyyət tərəfindən alındığı önə çəkilib. Azad tələbə kontingenti olmayan ölkələrdə isə demokratik azadlıqlar olmur. “Bir vaxtlar Azərbaycanın ədliyyə nazirinin dediyi kimi, demokratiya beşiyindəcə boğulur”, – deyə Seçkilərin Monitorinqi və Demokratiyanın tədrisi Mərkəzinin əməkdaşı Bəşir Süleymanlı bildirib.
Dinləmələrdə həmçinin rayon təhsil şöbələrinin rəhbərlərinin, təhsil müəssisələrinin rəhbərlərinin icra orqanları tərəfindən təyin edilməsi pislənib.
Avqustun 7-də İctimai Palata da təhsil sahəsindəki problemlərlə bağlı dinləmələr keçirəcək.

Şahin Hacıyev: Azərbaycanda müstəqil jurnalistika təhlükəli peşədir

Posted July 20th, 2012 at 8:51 pm (UTC+4)
Leave a comment

İyulun 22-də Azərbaycanda Milli Mətbuat Günü qeyd edilir. Nəcəf Nəcəfov Fondunun icraçı direktoru Şahin Hacıyev Amerikanın Səsi radiosuna müsahibəsində ölkədə medianın durumunun ağır olduğunu bildirib.

Onun fikrincə, mətbuat azadlığı məsələsi siyasi azadlıqla bağlıdır. “Azərbaycanda mətbuat dördüncü hakimiyyət rolunu oynaya bilmir. Mətbuatın rolu və ictimai həyata təsiri minimum səviyyədədir. Medianın çap etdiyi hətta sensasion material belə ictimai rol oynamır. Bu isə iqtidarın uzun müddət apardığı siyasətin məntiqi nəticəsidir”.

Ş.Hacıyev hesab edir ki, ölkədə jurnalistlərə təzyiq, onların öldürülməsi siyasi arenada “normal” bir hadisə kimi qəbul edilir. “Təəssüf ki, Azərbaycanla eyni siyasi rejimli ölkələrin hamısında belədir. Bu gün Azərbaycanda müstəqil jurnalistika təhlükəli peşədir. Azərbaycanda jurnalist müstəqil mövqe ifadə edirlərsə, öz fikirlərini müdafiə edirsə, deməli riskə məruz qalır. Müstəqil mövqeli jurnalistlərin müdafiəsi yox səviyyəsindədir. Son hadisələr, məsələn Xədicə İsmayılovaya qarşı edilənlər göstərir ki, burada bilavasitə dövlət orqanları iştirak edir. Bu isə göstərir ki, jurnalistlər həmişə nəzarət altındadır və onların başına hər zaman “iş” gələ bilər”.

Onun fikrincə, Azərbaycan kimi ölkələrdə beynəlxalq təşkilatların hökumətlərin fəaliyyətlərinə təsiri çox məhduddur. “Çünki, Azərbaycanda jurnalistika məsələsi söz azadlığı məsələsi deyil, siyasi azadlıq məsələsidir. Əgər siyasi azadlıqlar yoxdursa, təbii ki, söz azadlığı da ola bilməz. Söz azadlığına münasibət isə yalnız siyasi mühitin dəyişməsi  və ya iqtidarın dəyişməsi nəticəsində baş verə bilər”.

İcraçı direktor mətbuatın biznesin bir növü olduğunu xatırladır. “Əslində, hökumət bu biznes mühitinin inkişafı üçün şərait yaratmalıdır. Heç bir normal demokratik ölkədə jurnalistlərə evlər tikilmir və ya paylanmır. Digər tərəfdən diqqətlə izlədikdə görürsən ki, evlər verilən, yardımlar paylanan medialar ya iqtidara işləyənlərdir, ya da adını müstəqil və ya müxalifət qoyub hökumətə işləyənlərdir. Bu yardım, ev verilməsi siyasi hakimiyyətin dəstəyinə yönəldilib. Mətbuatın rolu isə problemləri ortaya çıxarmaq, ictimai rəyə təsir etmək, hökuməti, çatışmamazlıqları tənqid etməkdir. Demokratik ölkədə mətbuatın işi budur. Bizdə isə hər şey edilir ki, bu edilməsin”

Ş.Hacıyev hesab edir ki, Azərbaycan mətbuatı ictimai fikrin daşıyıcısına çevrilə bilib. “Lakin, mətbuatın təsiri yoxdur. İndi Azərbaycanda ən sevimli, ən oxunan Facebook şəbəkəsidir. Nəyə görə? Birincisi fikri azad ifadə etmək olur, ikincisi operativdir, üçüncüsü isə çoxsaylı insanı birləşdirir. Artıq, ölkədə Facebook istifadəçiləri bir milyona çatıb. Bu göstərir ki, xalq daha operativ, daha azad xəbərləri izləmək istəyir. Bunu nəzərə alan iqtidar sosial şəbəkələri nəzarətə alıb. Son zamanlar baş verənlər göstərir ki, aktiv blogerlər də təzyiqə məruz qalır”.

O onlayn medianın ənənəvi mediaya qalib gələcəyinə ümid edir. “Azərbaycanda da onlayn media günbəgün inkişafdadır. Onlayn mediada operativlik yüksək olsa da standartlar yüksək deyil. Buna baxmayaraq insanların doğru və operativ xəbər ehtiyacı yüksək olduğundan bu mediaya həvəs sürətlə artmaqda davam edir. Məsələn, avtoritar, diktator rejimlərdə ənənəvi media doğru və operativ xəbər yaya bilmir. Hələ ki, İran, İraq, Suriya kimi ölkələrdəki doğru xəbərləri cəmiyyətlər onlayn mediadan almaqda davam edir. Bu prosesin isə nə qədər davam edəcəyi bəlli deyil”, – deyə qeyd edib.

Quba istintaqı

Posted July 19th, 2012 at 8:07 pm (UTC+4)
Leave a comment

İyulun 11-də Nəsimi Rayon Məhkəməsinin hakimi Etibar Hüseynov Quba hadisələri ilə bağlı həbsdə olan “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov və redaktor Zaur Quliyevin həbs müddətini daha iki ay – sentyabrın 17-dək uzadıb. Vəkil Elçin Sadıqov Amerikanın Səsi radiosuna bildirib ki,
iyulun 18-də Bakı Apelyasiya Məhkəməsində jurnalistlərin aşağı instansiya məhkəmənin həbs qərarından şikayətini təmin etməyib. Hakim Mirpaşa Hüseynov Vüqar Qonaqovun və Zaur Quliyevin barəsində həbs qətimkan tədbirini qüvvədə saxlayıb.

2012-ci il martın 1-də Qubada (Bakıdan 170 kilometr şimalda) qarşıdurma baş verib. Qubada etiraza icra hakimiyyəti başçısının yerli əhalini təhqir edən çıxışının youtube.com saytına yerləşdirilməsi səbəb olub. Ümumi kontekstdə sosial vəziyyətlərindən, məmur davranışından narazı vətəndaşlar etiraz aksiyası keçirib. Dinc aksiya sonradan zorakı xarakter alıb. Əhali icra başçısının evini, yardımçı tikililərini yandırıb. Sonra daxili qoşun hissələri ilə qarşıdurma olub. Etirazçılar polis qüvvələrinə daş, asfalt parçaları və kəsəklərlə hücum çəkib. Polis isə gözyaşardıcı qazdan istifadə edib.

Deputat Vahid Əhmədovun vasitəçiliyi nəticəsində etirazlar səngiyib və icra başçısının vəzifədən azad edilməsi adamların evlərinə dağılmasına səbəb olub. Hadisələr zamanı saxlanan 22 nəfər həmin gün azadlığa buraxılıb.

Bundan sonra fakt üzrə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) , 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanılıb və cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin icraatına verilib. Həyata keçirilən tədbirlərlə cinayətdə iştirak etmiş 25 şəxs müəyyən olunaraq istintaqa cəlb edilib və həbslər başlayıb. Həbs olunanlar arasında “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyev də var.

Vəkil Elçin Sadıqov ehtimal edir ki, istintaq artıq başa çatmaq üzrədir. Quba hadisələri üzrə cinayət işinin üç qisimdə məhkəməyə

Quba icra hakimiyyətinin küçmiş başçısı Rauf Həbibovun villa yanır

göndəriləcəyi gözlənilir. Belə ki, jurnalistlərin işi, Cinayət Məcəlləsinin 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi üzrə həbs edilənlərin işi və Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə həbs edilənlərin işi ayrılıqda məhkəməyə göndəriləcək.
Vəkil ehtimal edir ki, jurnalistlərin işi avqust ayında məhkəmə baxışına göndərilə bilər.
Həbs edilənlərin vəkilləri ilə söhbətlərdən sonra təxmin etmək olur ki, hazırda Quba hadisələri ilə bağlı 40-dək adam həbsdədir. Son həbslər təxminən bir ay bundan qabaq olub. İki Quba sakini sabiq icra hakimiyyəti başçısı Rauf Həbibovun təhqiramiz çıxışını sosial şəbəkələrdə yaymaqda ittiham edilib.
Yerli mətbuatın yazdığına görə, sabiq icra başçısı yalnız bir dəfə istintaqa çağırılaraq şahid qismində 4 saat dindirilib.

Bununla yanaşı, yerli təhlilçilər Qubada baş verən hadisələri daha çox məmur özbaşınalığı ilə bağlı olduğunu bildirib. Ekspertlər istintaq orqanlarının icra hakimiyyəti başçısının qısa müddətdə böyük məbləğdə mülkiyyəti necə əldə etməsinin araşdırılmasına ehtiyac olduğunu xatırladıb.

Siyasi hakimiyyət isə Quba hadisələrinin süni şəkildə qızışdırmanın nəticəsi olduğunu düşünür. Prezident Administrasiyasının ictimai siyasi şöbəsinin müdiri Əli Həsənov Media Forum saytına müsahibəsində bildirib ki, Qubada baş verənlər süni şəkildə qızışdırılmış hadisələr idi. “Bunu rayon icra hakimiyyəti başçısına qarşı bəlli qruplar təşkil etmişdi. Hazırda araşdırma gedir və bunu təşkil edənlərdən bəziləri məlumdur. Məlum olmayanlar da araşdırılır. Onlar müəyyən geniş qrupları da cəlb etmək üçün fəaliyyət göstəriblər, bu istiqamətdə addımlar atıblar. Bu məsələlər hazırda araşdırılır. Nə qədər ki, araşdırma başa çatmayıb, buna ciddi qiymət vermək istəmirəm. Çünki verilən hər bir qiymət araşdırmaya və məhkəmə prosesinə təsir edə bilər.

Amma istənilən halda bu, Quba camaatının geniş ictimai narazılığı deyildi. Buna baxmayaraq müxalifət bunu məhz belə təqdim etməyə cəhd göstərdi. Guya insanların hakimiyyətə qarşı üsyanıdır. Əslində isə qətiyyən belə deyildi. Bu konkret olaraq rayon icra hakimiyyəti başçısına qarşı məqsədyönlü şəkildə təşkil olunmuş aksiya idi. Təəssüflər olsun ki, icra başçısı da ona qarşı təşkil olunmuş aksiyaya müəyyən qədər əsas vermişdi”.

Dövlət rəsmisi keçmiş icra hakimiyyəti başçısının günahını isə baş verənlərə dərhal reaksiya verməmək olduğunu düşünür.  “Əgər günahı olmasaydı, niyə vəzifədən çıxarılırdı? O, bir icra başçısı olaraq bu tipli aksiyanın təşkil olunmasına rəvac verməməliydi. O, çıxışlarının elə formada təhrif olunmasına imkan verməməliydi. Əgər təhrif olunmuşdusa, bunu dərhal araşdırıb tədbir görməliydi. İcra başçısı vaxtında bunun qarşısını ala bilməmişdi. Ona görə də vəzifəsini itirdi. Görünən odur ki, faktiki olaraq bu hadisələr subyektiv amillər nəticəsində törədilib”.

Qubada qarşıdurmaCənab Həsənov bir daha təkrarlayıb ki, Quba hadisələri nə xalqın hakimiyyətə qarşı etirazı, nə də hakimiyyətdaxili qruplaşmaların mübarizəsi olmayıb. “Qubada baş verənlər mərkəzi hakimiyyətə qarşı yönəlməmişdi. Bu konkret olaraq bir-iki adamın yerli icra hakimiyyətinə qarşı təşkil etdiyi aksiya idi. Onlar aksiyaya geniş əhali kütlələrini qatmağa cəhd göstərmişdilər. Amma bacarmadılar. Düzdür, ora bir qrup insan toplaya bilmişdilər. Ora toplananlar geniş əhali kütləsi sayıla bilməz. Geniş əhali kütləsi o halda olur ki, baş verənlər nəzarətdən çıxmış prosesə çevrilir”.

Cənab Həsənovun Quba hadisələrinə münasibətinin özündə də ziddiyyətlər var. Belə ki, o əvvəl həm “bunu icra hakimiyyəti başçısına qarşı bəlli qruplar təşkil etmişdi”, “bunu təşkil edənlərdən bəziləri məlumdur” deyir. Sonra isə, “xalqın hakimiyyətə qarşı etirazı, hakimiyyətdaxili qruplaşmaların mübarizəsi” olmadığını bildirir. Məmurun çıxışındakı ziddiyyətlər də hadisənin kökündə daha ciddi amillərin durduğundan xəbər verir.

Müxalifətin mövqeyinə görə isə Qubada hadisələr korrupsiya, məmur özbaşınalığı, hökumətin xalqa qarşı pis rəftarı və bir çox hallarda hakmiyyətdaxili qruplaşmalar arasındakı qarşıdurmanın nəticəsində baş verib.

Bununla yanaşı, Quba hadisələrinə məhkəmədə Azərbaycan siyasi hakimiyyətindən fərli münasibətin ortaya çıxacağı inandırıcı görünmür. Çox yəqin ki, hadisələrin hüquqi qiyməti siyasi münasibətdən irəli getməyəcək.

Tapdıq Fərhadoğlu

Tapdıq Fərhadoğlu - 1990-cı ildən mətbuat səhifələrində yazıram.

Azərbaycanın ilk müstəqil qəzetinin yazarlarından olmuşam. Daxili və xarici siyasət, qaynar hadisələr, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çoxsaylı reportajlar və yazıların müəllifiyəm. 10 ildən çoxdur ki, Amerikanın Səsi radiosunun Azərbaycanda müxbiriyəm.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>