Tanınmış yazıçı Rafiq Tağının son mənzili (təhlil)

Posted November 24th, 2011 at 8:17 pm (UTC+4)
Leave a comment

Tanınmış yazıçı Rafiq Tağı bu gün torpağa tapşırılıb. O, Ümumşəhər qəbiristanlığında dəfn olunub. Mərasimdə media ictimaiyyəti və yazıçının dostları iştirak edib. İndiyədək rəsmi Bakı yazıçıya qarşı sui-qəsd və onun xəstəxanada ölümü ilə bağlı reaksiya verməyib.

Rafiq Tağı noyabrın 19-da evinə gedərkən, yolda naməlum şəxs tərəfindən bıçaqlanıb. Yeddi bıçaq zərbəsi alan yazıçı cərrahi əməliyyata məruz qalıb, ümumi durumu yaxşılaşıb və noyabrın 23-də qəflətən vəfat edib.

Rafiq Tağı ilk dəfə 2006-ciı ildə yazdığı “Avropa və biz” məqaləsinə görə təqiblərə  məruz qalıb. O zaman İranda ayətullahlar və Azərbaycanda bir qrup dindar onun ölümünə fətva verib. Azərbaycan məhkəməsi isə dini ədavəti qızışdırma maddəsi ilə üç il həbsə məhkum edib. 8 ay həbsdə qaldıqdan sonra prezident tərəfindən əfv olunub.

Tanınmış yazıçı xəstəxanada olarkən, noyabrın 21-də Amerikanın Səsi radiosuna müsahibəsində “kimi günahkar bilirsiniz?” sualına belə cavab verib.

Sual: Siz 2006-cı ildə “Avropa və biz” başlıqlı məqaləyə görə həbs edilibsiniz. Həmin məqalədən sonra İranda bir qrup ayətullah və Azərbaycanda bir qrup dindar ölümünüzə fətva vermişdi. Siz həbsdən azad edildikdən sonra bu yazı ilə bağlı təhdidlərə, hədələrə məruz qalıbsınız?

Cavab: Bəzi məqalələrdə, yazılarda hədələr olurdu. Yazırdılar ki, bu çox yaşamaz və sairə. Yazılarda olurdu. Sonra hesab etdim ki,

Yazıçı Rafiq Tağı

hədələr səngidi. Ara-sıra bəzən yenə mənə bəzi məqamlarda toxunurdular. İndi, yəqin bunlar mənim yazılarımı izləyirmişlər. Yəqin ki, indi qərara gəliblər. Mən belə hesab edirəm. Ola bilər ki, səhv edirəm.

Sual: Ümumiyyətlə, kimi günahkar görürsünüz?

Cavab: Günahkar barədə heç nə deyə bilmirəm. Özüm də şok vəziyyətindəyəm. Bilmirəm, bu kim ola bilər. Çünki, bu nə oğurluq oldu, nə başqa bir şey. Zərbə endirdi və  qaçdı getdi. Nə isə təşkil olunmuş bir iş idi.

Sual: Belə görünür, o qəsd etmək istəyirmiş?

Cavab: Sui-qəsd. Elə məqsəd o olub. Bəlkə də elə bilib ki, bu qədər zərbələrdən sonra   öldüm. Amma, nə isə alınmadı (gülür).

Beləliklə, yazıçı sağ qalmaq sevincini yaşadığı anda dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Patoloji-Anotomiya Birliyinin baş direktoru Şakir Musayev Amerikanın Səsi radiosuna deyib ki, tibbi ekspertizanın ilkin rəyinə görə, Rafiq Tağı qarın boşluğuna işləmiş bıçaq yarasının fəsadı nəticəsində dalağın, mədəaltı vəzin quyruğunun zədələnməsi səbəbindən ölüb.

“Peritonit inkişaf olub, atoniya baş verib və ölümlə nəticələnib. Yəni, bıçaq yarasının ağırlaşması, bıçaq yarasının fəsadıdır. Bu tibbi ekspertizanın ilkin nəticəsidir. Laborator analizlərdən sonra isə son rəy veriləcək”.

Tibb elmləri doktoru Adil Qeybulla deyib ki, əgər tibbi ekspertizanın rəyində peritonit qeyd edilibsə bu, o deməkdir ki, qarın boşluğunun infeksion zədələnməsi əlaməti var. “Bu əməliyyat vaxtı aseptika qaydalarının pozulması, yaxud qarın boşluğu orqanlarının zədələnməsi nəticəsində möhəviyyatın qarın boşluğuna tökülməsi ilə bağlı ola bilər. Peritonit fonunda bir qayda olaraq atoniya və dinamik bağırsaq keçməzliyi inkişaf edir”, – deyə o qeyd edib.

Rafiq Tağının bıçaqlanması faktı üzrə Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanıb. Respublika Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, cinayət işi Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb. “Hazırda hadisəni törədən şəxsin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

Tanınmış yazıçının bıçaqlanması və xəstəxanada ölümü beynəlxalq və yerli ictimaiyyətin etirazı ilə qarşılanıb. ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatovic Rafiq Tağının ölümü ilə bağlı bəyanat yayıb. O, Rafiq Tağının ölümündən kədərləndiyini, cinayətkarların məsuliyyətə cəlb ediləcəyinə ümid etdiyini bildirib. Xanım Miyatoviç yazıçıya olan bu hücumu mətbuat və söz azadlığına hücum hesab edir, cinayətin demokratiya naminə hərtərəfli araşdırılmasının vacibliyini vurğulayır. “Cinayətkarların kimliyindən və cinayətin motivindən asılı olmayaraq bütün günahkarlar məsuliyyətə cəlb olunmalıdır. Mən ümid edirəm ki, Azərbaycan hakimiyyəti bu qətllə bağlı tez və hərtərəfli istintaq aparacaq”.

Eyni zamanda, xanım Miyatoviç bəyanatında 2005-ci ildə jurnalist Elmar Hüseynovun qətlinin üstünün hələ də açılmadığını xatırladıb.

“Sərhədsiz reportyorlar” və Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Rafiq Tağının qətlini pisləyir. “Bir neçə bıçaq yarası alan yazıçının dörd gündən sonra ölməsi barədə xəbərlərdən sarsılmışıq. Rafiq Tağının ailəsinə və həmkarlarına öz dəstəyimizi bildiririk. Biz noyabrın 19-da ona qarşı baş vermiş sui-qəsdin hərtərəfli araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edirik”, –  deyə bəyanatda vurğulanır.

“Sərhədsiz reportyorlar” xatırladır ki, 2007-ci ildə Rafiq Tağı antiislam məqaləyə görə məhkum edilib, bu il noyabrın 10-da isə dərc etdirdiyi digər məqalədə İran prezidenti Əhmədinejatı tənqid edib, onu islamı nüfuzdan salmaqda ittiham edib.

Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi də noyabrın 19-da yazıçıya naməlum şəxs tərəfindən hücum faktının hərtərəfli araşdırılmasını tələb edib. “Biz bütün qəlbimizlə Tağının ailəsinin yanındayıq və onun qətlində günahkar olanların tapılıb cəzalandırılmasını Azərbaycan hakimiyyətdən tələb edirik”, – deyə təşkilatın nümayəndəsi Nina Oqnyanova bildirib.

Öz növbəsində, İran İnqilab Keşikçiləri Korpusunun keçmiş komandanı, hazırda İran İslam Respublikası Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü Möhsün Rzayiyə bağlı olan “Tabnak.ir” saytı da yazıçı Rafiq Tağıya qəsddən yazıb.

“Media Forum” saytının məlumatına görə, İran saytı “Azərbaycan Respublikasının Salman Rüşdisi öldürüldü”  başlıqlı

Tabnak.ir saytı

yazı dərc edib. “Rəsul əkrəmi (peyğəmbəri) təhqir etdiyi üçün Azərbaycan Respublikasında Salman Rüşdi adı ilə tanınan Rafiq Tağını dünən naməlum bir şəxs qətlə yetirdi. O, peyğəmbəri misilsiz təhqirlərinə görə Azərbaycan Respublikası əhalisinin nifrətinə məruz qalmışdı. Məhz buna görə də Azərbaycan əhalisi ayətullah Fazil Lənkəraniyə müraciət edərək onun haqqında rəyini soruşmuşdu. Həmin vaxt ayətullah Rafiq Tağını edama məhkum etmişdi”,-  deyə Tabnak.ir saytı qeyd edib.

İranın Bakıdakı səfirliyi isə yazıçıya qarşı sui-qəsddə İranın adının hallanmasını təkzib edib. “Bununla yanaşı, mənfi atmosfer yaratmaq məqsədi daşıyan bu əməlləri İran və Azərbaycan arasındakı strateji münasibətlərə xələl vurmaq istiqamətində sionizm-Amerika təxribatları kimi qiymətləndirir və bu kimi cəhdləri puç və məğlub addım hesab edirik”,- deyə İranın Azərbaycandakı səfirliyinin açıqlamasında qeyd edilir.

Tanınmış yazıçının qətli Azərbaycanın iqtidar və müxalifətinin də diqqətindədir. İqtidarda olan “Yeni Azərbaycan” partiyasının İcra katibinin müavini Siyavuş Novruzov “Media Forum” saytına bildirib ki, istənilən qəsdi pisləyir və Rafiq Tağıya qarşı qəsd də pislənməlidir: “Ancaq hüquq mühafizə orqanları məsələni araşdırır və nəticələr barədə cəmiyyətə məlumat veriləcək. Əgər hər hansı bir şəxsə bu və ya digər formada xəsarət yetirilibsə bunun həmin şəxsin hansı əməlinə görə edildiyi araşdırılmalıdır. Hüquq mühafizə orqanları da bununla məşğul olur. Nəyə görə hakimiyyət məsuliyyət daşımalıdır? Təbii ki, hər bir vətəndaşın təhlükəsizliyini qorumaq Azərbaycan dövlətinin əsas vəzifələrindən biridir. Ancaq cəmiyyət mövcuddursa orada bu və ya digər formada cinayətlər də olur”.

AXCP sədri Əli Kərimli

Müxalifətdə olan İctimai Palata Rafiq Tağının qətlini pisləyən bəyanatla çıxış edib.

“İstənilən halda Azərbaycan hakimiyyəti, hökumət hər şeyi etməlidir ki, bu cinayət tezliklə açılsın. Əgər bu cinayət də tezliklə açılmayacaqsa, o zaman Azərbaycan hökumətinə qarşı yönələn ittihamlar daha da artacaq. Çünki indiyə qədər ictimai-siyasi zəmində baş vermiş olayların, qətllərin üstü açılmayıb. Bu sırada jurnalist Elmar Hüseynovun, general Rail Rzayevin qətlini xatırlatmaq olar. Bu cinayətlərin açılmamısı Azərbaycan hökumətinə qarşı ittihamları, qınaqları daha da artırır. Ona görə də Azərbaycan hökuməti özü bu qınaqlardan, məsuliyyətdən yaxa qurtarmaq üçün tezliklə Rafiq Tağıya qarşı sui-qəsd də daxil olmaqla bütün qətllərin üstünü açmalı və cəmiyyətə bu barədə məlumat verməkdə maraqlı olmalıdır”, -AXCP sədri Əli Kərimli qeyd  edib.

Cənab Kərimli “Media Forum” saytına  deyib ki, Rafiq Tağı kimin sifarişi ilə öldürülüb. “Burada icraçı o qədər də önəmli deyil. Hətta qatil tapılsa da, ciddi araşdırma aparılmasa, cinayət işini açılmış hesab etmək olmaz. Rafiq Tağı məişət zəminində öldürülməyib. Burada sifarişçinin kimliyi çox önəmlidir. Ona görə də mən Azərbaycan  hökumətini sürətli və şəffaf istintaqa çağırıram ki, ən azından öz üzərlərindən şübhələri götürə bilsinlər”.

Xatırladaq ki, Rafiq Tağı noyabrın 10-da www.kulis.az saytında “İran və qloballaşma qaçılmazlığı” başlıqlı yazısını dərc etdirdikdən sonra hücuma məruz qalıb. Məqalədə İran prezidenti Mahmud Əhmədinejat sərt tənqid edilib  və “Müasir İran – asanlıqla dağılası mifdir” kimi ifadələr yer alıb.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Tapdıq Fərhadoğlu

Tapdıq Fərhadoğlu - 1990-cı ildən mətbuat səhifələrində yazıram.

Azərbaycanın ilk müstəqil qəzetinin yazarlarından olmuşam. Daxili və xarici siyasət, qaynar hadisələr, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çoxsaylı reportajlar və yazıların müəllifiyəm. 10 ildən çoxdur ki, Amerikanın Səsi radiosunun Azərbaycanda müxbiriyəm.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>