Gültəkin Hacıbəyli: İranın çevrəsi daraldıqca özünüqoruma hərəkətləri aqressivləşir

Posted November 8th, 2011 at 9:21 pm (UTC+4)
Leave a comment

Siyasi təhlilçi Gültəkin Hacıbəyli

Siyasi təhlilçi Gültəkin Hacıbəyli Amerikanın Səsi radiosuna İran ətrafındakı son durumla bağlı müsahibə verib. Təhlilçi hesab edir ki, İran ətrafındakı gərginlik dərinləşdikcə, bu ölkənin Azərbaycana qarşı münasibətləri daha tənqidi olur. Artıq İranda Azərbaycan rəhbərləri, müstəqilliyi əleyhinə fikirlər açıq səsləndirilir.

Xatırladaq ki, xanım Hacıbəyli Azərbaycan Milli Məclisinin iki çağırış deputatı, beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədr müavini, Azərbaycan Milli Məclisinin Avropa Şurasında daimi nümayəndə heyətinin üzvü olub.

Sual: İran ətrafında vəziyyətin gərginləşməsi Azərbaycan-İran münasibətlərinə hansı təsirləri göstərə bilər?

 

Cavab: İran ətrafında vəziyyət son həftələrdə özünü daha bariz göstərməkdədir. İran üzərinə basqılar artdıqca, İranın çevrəsi daraldıqca, İrana qarşı təhdidlər real mahiyyət aldıqca bu dövlətin özünüqoruma hərəkətləri daha da aqressivləşir. Həm Azərbaycan xalqına, həm Azərbaycan prezidentinə, dövlət müstəqilliyinə qarşı çox kobud təhdidlərin şahidi oluruq. Bu təhdidlərə Azərbaycan tərəfi də sərt şəkildə cavab verməkdədir. Bu da təbii ki, ABŞ və onun müttəfiqlərinin İrana qarşı daha ciddi addımlar atacağı, İranın daxilindəki narazılığa kənardan daha ciddi dəstək veriləcəyi təqdirdə Azərbaycan Respublikasından da İrana qarşı istifadə ediləcəyi ehtimalının qarşısını almaq və bəri başdan Azərbaycanı buna qarşı təhdid etmək və şantaj etmək siyasətinin tərkib hissəsidir. Düşünürəm ki, İranın Azərbaycana qarşı hərəkətləri kifayət qədər perspektivsiz cəhddir. Əgər, dünyanın siyasi gücləri qərar qəbul edibsə, Suriyadan sonra İran gündəmdə bir nömrəli məsələ olacaq. Artıq, bu belədir. Amerika dövlət katibi Hillari Klintonun məlum müraciəti var. O, çox açıq şəkildə İran xalqını, İran gəncliyini öz hüquqlarının müdafiəsinə çağırır. Bunun ardınca, dünya birliyi qərar qəbul edibsə və bu proses İranın daxilində ciddi dəstəklənirsə İran hakimiyyəti bu prosesin qarşısını heç bir təhdid və şantajla ala bilməyəcək.

Sual: Eyni zamanda, İran bəyan edib ki, Amerika və İsrail İrana zərbə endirərsə İran da Amerikanın müttəfiqlərini və regiondakı obyektlərini bombardman edə bilər. Bu nöqteyi-nəzərdən İranın Azərbaycana münasibətinə necə baxırsınız?

Cavab: Amerikanın regiondakı müttəfiqi dedikdə, ilk öncə İsrail nəzərdən keçirilməlidir. İsrailin əhali və ərazi baxımdan İrana nisbətən kiçik ölkə olduğunu nəzərə alsaq İranın bu təhdidlərinin ciddi olduğunu nəzərə ala bilərik. Amerikan regionda İsraildən sonra ikinci müttəfiqi sözsüz ki, Azərbaycandır. Eyni zamanda, Azərbaycan da ərazi və əhali baxımından İrandan daha kiçik ölkədir. İranın Azərbaycanı təhdid etmək imkanları daha genişdir. İran Türkiyəni də Amerikanın bölgədə daha yaxın müttəfiqi kimi görür. Amma, İran Türkiyəyə qarşı hər hansı qabaqlayıcı və ya qarşılıqlı addım atmaqdan öncə daha çox düşünməyə məcburdur. Çünki, Türkiyə böyük və qüdrətli dövlətdir. İranın belə əndişələri var. Digər tərəfdən, dünya birliyinin də İranla bağlı planlarında çox ciddi reallıq var. Çünki, İranın nüvə silahı istehsalına çox yaxın olması ilə bağlı fikirlər var. Bu barədə İsrailin prezidenti Şimon Peres də fikirlərini səsləndirib. İran altı aya, bəlkə də bir ilə nüvə silahı əldə edə bilər. Dünyanın oyun qaydalarını, dəyərlərini qəbul etməyən İranın atom silahı əldə etməsi sözsüz ki, bölgəmiz üçün böyük təhdiddir. Bu baxımdan tələskənliyi də anlayıram. Amma, düşünmürəm ki, Amerika bölgədə İsrailin, Azərbaycanın mövcudluğunu, Azərbaycanda Amerikanın iqtisadi maraqlarını (Bakı-Tbilis-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri) nəzərə almaqla gücdən əlahiddə istifadə variantına üstünlük versin. Əgər, Amerikanın İrana həmlələri olacaqsa, bu kifayət qədər səliqəli və nöqtə effektli addımlar ola bilər. Amma, Amerika üçün də, dünya üçün də ən məqbul variant ondan ibarətdir ki, İranın daxilində vətəndaşların demokratiya, azadlıq, ümumbəşəri dəyərlər və insan haqlarına qovuşmaq istəkləri dəstəklənsin.

Sual: İrana qarşı siyasi gərginlik hərbi gərginliyə keçərsə Azərbaycanı hansı problemlər, o cümlədən humanitar problemlər gözləyə bilər?

Cavab: Sözsüz ki, çox böyük problemlər yarana bilər. Azərbaycan çox böyük siyasi anlayışdır. Əslində, bizim Şimali Azərbaycan kimi qavradığımız Azərbaycan, tarixi Azərbaycanın bəlkə də beşdə biri ola bilər. Azərbaycanın tarixi ərazisinin böyük bir hissəsi – Cənubi Azərbaycan İran ərazisidir və orada 35 milyon soydaşımız yaşayır. İrana xaricdən hər hansı həmlə olduğu təqdirdə  Azərbaycan sərhədlərində milyonlarla qaçqın dalğası yarana bilər. Bu qaçqın ordusunun qarşısında duruş gətirmək Azərbaycan üçün çox çətin olar. Bir daha qeyd edim ki, Azərbaycan Respublikasında 9 milyon azərbaycanlı yaşadığı halda, Cənubi Azərbaycanda – İranda 35 milyon azərbaycanlı var. Hadisələrin inkişafı bu istiqamətdə olarsa, Azərbaycan Respublikası İrandakı digər millətləri də humanitar məzmunda qarşılamağa hazır olmalıdır.

 

 

 

Qənimət Zahid: Fransada ailəmin təhlükəsizliyinə dövlət səviyyəsində təminat verilib

Posted October 27th, 2011 at 10:53 pm (UTC+4)
Leave a comment

Azadlıq qəzetinin redaktoru Qənimət Zahid

Azadlıq qəzetinin redaktoru Qənimət Zahid ailə üzvləri hədələndiyindən Fransadan sığınacaq alıb. Fransa hökuməti redaktorun həyat yoldaşının və uşaqlarının təhlükəsiz şəraitdə yaşamasına təmin verib. Bu günlərdə Bakıya qayıdan Qənimət Zahid Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, bu ilin mayında övladlarının  həyatına təhlükə yarandığından onları məktəbə belə buraxmayıb.

Sual: Ailənizə təhlükələrlə bağlı bəyanatlar veribsiniz. Eyni zamanda ailə üzvlərinizi Fransada yerləşdiribsiniz. Bütün bunlara səbəb nədir?

Cavab: Mən bu barədə Fransaya yola düşməmişdən əvvəl və qayıtdıqdan sonra intensiv bəyanatlar vermişəm. Bir daha bildirirəm ki, hansısa naməlum qruplar hansısa naməlum mərkəzdən istiqamətləndirilərək  mənim övladlarımı çox ciddi şəkildə hədələmişdilər. Təhlükə o qədər ciddi idi ki, hətta mən may ayı ərzində uşaqların məktəbə getməsini durdurmağa məcbur oldum. Bu təhlükənin birbaşa mənim fəaliyyətimlə əlaqələndirilməsi faktı var idi. Çox yaxın saydığım, güvəndiyim insanlarla məsləhətləşəndən sonra, bu addımı atdım. Hesab edirəm ki, mənim vəziyyətimdə olan hər kəs bu hərəkəti etməli idi.

Sual: Təzyiqlər konkret kimlər tərəfindən idi? Hakimiyyət tərəfindən, hakimiyyətə yaxın qruplar tərəfindən, biznes qurumları tərəfindən, yoxsa kimin tərəfindən?

Cavab: Bu quldurcasına tərzdə göstərilmiş təzyiq idi. Dərsdən çıxan uşağın qarşısını kəsib hədələmək, onların atalarına görə cəzalandırılacağını demək bir quldur tərzidir. Mən bunun konkret olaraq hansı mərkəzlərdən istiqamətləndirilməsi barədə yalnız ehtimallar irəli sürə bilərəm. Ehtimalların arasında da, daha çox o variantı gücləndirilmiş şəkildə qəbul edirəm ki, bu hadisədən təxminən bir ay öncə Azadlıq qəzetinin əməkdaşı Seymur Həzini oğurlayıb vəhşicəsinə döymüşdülər. Eyni hərəkət tərzi bir neçə il əvvəl Bahəddin Həziyevə qarşı da baş vermişdi. Onu da oğurlayıb, qəddarcasına döymüşdülər, xəsarət yetirmişdilər. Artıq, hamıya məlumdur ki, bu kimi hərəkətlər siyasi hakimiyyətin hansısa sektorundan sanksiyalaşdırılır. Mənim hansısa biznes strukturu və ya qeyri hökumət təşkilatı ilə hər hansı konfliktim yoxdur.

Sual: İndi Azərbaycana qayıdıbsınız. Həyatınız üçün təhlükə hiss edirsiniz?

Cavab: Mənə qarşı ünvanlanan təhlükələri heç zaman nəzərə almıram. Bu, mənim öz seçdiyim yoldur, özüm üçün müəyyənləşdirdiyim yolun mümkün aqibət formasıdır. Ona görə də narahat deyiləm. Amma, övladlarımla bağlı bu davranışın baş verməsini istəmirəm.

Sual: Təhlükə ilə bağlı Azərbaycanın hüquq mühafizə orqanlarına müraciət edibsinizmi? Cavabları nə olub?

Cavab: Müraciət etməyəcəm və müraciət etmək fikrim yoxdur. Hesab edirəm ki, hüquq mühafizə orqanları öz təşəbbüsləri ilə bu  prosesi araşdıra bilərlər. Onu bacara bilərlər. Amma, müraciət etsəm də hansısa nəticəsinin olacağına zərrə qədər də inanmıram. Analoji hadisələrlə bağlı çoxsaylı müraciətlər olub. Amma, hüquq mühafizə orqanlarının hansısa nəticə əldə etməsi ilə bağlı ortada heç nə yoxdur.

Sual: Mətbuatdan məlumdur ki, ailənizlə bir neçə ay Türkiyədə qaldınız. Türkiyə hökuməti Sizi qəbul etmədi, yoxsa Fransaya getmək üçün Türkiyədə müraciətlər edirdiniz?

Cavab: Açığı, mənim Türkiyədə qalmaq fikrim yox idi, müraciət də etmədim. Amma, orada qaldığım müddətdə mənə məlum oldu ki, deyəsən Türkiyə hökuməti heç mühacir qəbul etmir. Özəlliklə də Azərbaycandan siyasi mühacir qəbul etmir. İki ölkə arasında hansısa diplomatik normalar və ya davranış maneraları var, mən bilmirəm. Amma, Türkiyədə ailəmi saxlamaq planım da idi.

Sual: Fransada ailənizin təhlükəsizliyi təmin edilibmi?

Cavab: Bəli, Fransada ailəmin təhlükəsizliyinə dövlət səviyyəsində təminat verilib.

Sual: Uşaqlarınız təhsilini davam etdirirmi? Mənzil şəraiti, sosial təminat necədir?

Cavab: Sosial şərtlər tamamilə təmin edilib.

Sual: Ümumilikdə Azadlıq qəzeti son illərdə hansı təzyiqlərlə üzləşib? Qəzetin əməkdaşları neçə dəfə təzyiqlərə məruz qalıb, həbs edilib, neçə əməkdaş ölkəni tərk edib?

Cavab: Çoxlu sayda. Ən qabarıq ştrixlərlə görünəcək hadisələr var. Məsələn, bunlar Aqil Xəlil, Fikrət Hüseynli, son zamanlar Seymur Həzi, Ramin Deko ilə bağlı hadisələrdir. Mənim və Mirzə Sakitin son illər həbsini bu sıraya aid edə bilərəm. Bunların sayı daha çoxdur. Sadəcə, ən qabarıq, ən vəhşicəsinə və ən savadsız edilənləri diqqətə çatdırdım.

Sual: İndi də qəzetə qarşı təzyiqlər qalırmı?

Cavab: Bilirsiniz, bu o demək deyil ki, ya təzyiq var, ya yoxdur. Biz indi, davamlı əzabkeş deyilik ki, elə davamlı bizi çarmıxa çəksinlər. Ən başlıca neqativ odur ki, bu təzyiqlərin hədəfi olmayacağımıza heç kimdən təminat almamışıq.

 

 

İsa Qəmbər: Müsavatın 100 illik tarixi – azadlıq, ləyaqət və şərəf uğrunda mübarizə tarixidir

Posted October 12th, 2011 at 11:29 pm (UTC+4)
Leave a comment

Müsavat Partiyasının başqanı İsa Qəmbər

Müsavat Partiyasının başqanı İsa Qəmbər Amerikanın Səsi radiosuna müsahibəsində Müsavat Partiyasının 100 illik yubileyi ilə bağlı keçirilən tədbirlər, partiyanın tarixi yolu, ölkənin müstəqilliyi, demokratiya və insan haqları ilə bağlı mübarizə tarixindən danışıb. Müsavat Partiyasının yaradıcısı Məmməd Əmin Rəsulzadə ötən əsrin 50-ci illərində Amerikanın Səsi radiosu vasitəsi ilə Azərbaycan xalqına tarixi müraciətini edib. Müsavat Partiyasının başqanı İsa Qəmbər də bu gün Amerikanın Səsi vasitəsi ilə xalqa müraciət edib.

Sual: Müsavat Partiyasının 100 ili tamam oldu. Bu yüz ildə partiyasının Azərbaycan xalqının tarixində rolunu necə görürsünüz?

Cavab: Müsavat Partiyası Azərbaycan tarixinin ən şərəfli və ləyaqətli səhifələrindən birini təşkil edir. 100 illik tarix, dəyərlər, azadlıq, ləyaqət və şərəf uğrunda mübarizə tarixidir. Ədalətsizliyə, avtoritarizmə, totalitarizmə qarşı mübarizə tarixidir. Bu partiya Azərbaycanın dövlət müstəqilliyini təmin edib. Hər kəsə bəllidir ki, əgər 1918-ci ildə islam şərqində ilk demokratik respublika olan Azərbaycan Demokratik Cümhuriyyəti yaradılmasa idi, 1920-ci ildə Rusiya yenidən keçmiş imperiya ərazilərini işğal edəndə bəlkə də Azərbaycan Respublikası mövcud olmazdı. Hansısa quberniya şəklində Bakını, Gəncəni Rusiyaya qatıb, onlara formal muxtariyyət verilərdi. Nəticədə də 1991-ci ildə SSRİ çökəndə Azərbaycanın müstəqilliyini bərpa etmək mümkün olmazdı. Necə ki, bu gün Çeçenistanın, Tatarıstanın, başqa bölgələrin müstəqilliyini təmin etmək hüququ cəhətdən çox çətin məsələyə çevrilib. Bu baxımdan, Müsavatın ən böyük xidməti cümhuriyyəti yaradıb, tarixə həkk etməsidir. Eyni zamanda, Müsavat Azərbaycana böyük ideologiya verib, siyasi cərəyan təqdim edib, yol və istiqamət göstərib. Dövlətin rəmzlərini, üçrəngli bayrağı, gerbi Azərbaycana təqdim edib. Müsavat həm də bir mübarizə rəmzi ortaya qoyub. Həm 1918-1920-ci illərdəki hakimiyyət, həm 1920-ci ildən 1991-ci ilədək mühacirətdə və gizli şəraitdə fədakarlıqla aparılan mübarizə, həm də 1991-ci ildən indiyədək bizim nəslin üzərinə düşən bir dövr. Biz fəxr edirik ki, 1991-ci ilin sonları 1992-ci ilin əvvəllərində Müsavatın xaricdə yaşayan liderləri partiyanın fəaliyyətini Azərbaycanda bərpa etmək qərarına gəldilər və bu şərəfli missiyanı bizə etibar etdilər, bizə güvəndilər. Biz fəxr edirik ki, bütün çətinliklərə baxmayaraq partiyanı son 20 ildə də yaşatmışıq, ölkənin əsas siyasi qüvvəsinə çevirə bilmişik, seçkilərdə xalqın etibarını qazana bilmişik. Doğrudur vəziyyəti kifayət qədər köklü şəkildə dəyişə bilməmişik. Bunun da daxili və xarici səbəbləri kifayət qədər aydındır. Ən əsası odur ki, bu ideya yaşayır. Xalq, xüsusən də gənclər Müsavat ideyasına bağlıdır, Rəsulzadə şəxsiyyətinə sayğılıdır. Biz inanırıq ki, gəncliyin böyük iştirakı ilə bu dəyərlərin təkcə qəlblərdə, şüurlarda yox, dövlət səviyyəsində yaşamasına, dövlət siyasətində özünü göstərməsinə nail olacağıq.

Sual: Müsavatın 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilmədi. Azərbaycan Prezident Administrasiyasının yüksək vəzifəli şəxsi bunu adi bir partiyanın yubileyi adlandırdı. Necə qiymətləndirirsiniz?

Cavab: Bu nadanlıqdır. Bu təkcə bisavadlıq deyil, həm də nadanlıqdır. Çünki, ibtidai sinif şagirdinə də bəllidir ki, 100 illik bir partiya adi partiya deyil. Dünyada 100 illik siyasi partiyalara malik xalqların sayı o qədər də çox deyil. Nəzərə alsaq ki, bu 100 il sadəcə bir xronologiya faktı deyil, bir qədər əvvəl söylədiyim kimi, bu 100 il zəngin bir mübarizə tarixidir. Böyük ideologiya, siyasət məktəbi və dəyərləridir. Əliyev hakimiyyətinin bu dəyərlərə belə sayğısız yanaşması bir sıra amillərlə bağlıdır. Bir tərəfdən, Azərbaycan tarixini etnik təmizləməyə məruz qoymaq istəyirlər ki, orada Heydər Əliyev və onun övladı üçün bir boşluq yaransın və guya Azərbaycanda bunlardan böyük siyasətçi olmayıb. Bu mənada Rəsulzadəyə, Elçibəyə və onun silahdaşlarına mənfi münasibət bəslənir. Digər tərəfdən də, bu gün ölkədə hakimiyyətə qarşı mübarizə aparan qüvvələrin önündə gedənlərdən biri, bəlkə də birincisi Müsavat Partiyası olduğu üçün iqtidar Müsavata qarşı hər hansı müsbət münasibətin göstərilməsindən qorxur. Hesab edirlər ki, bu ölkədə vəziyyəti onların ziyanına dəyişə bilər. Bu iki səbəbdən özlərini cılız aparırlar. Hesab edirəm ki, heç bir halda bu cür xırda maraqlar Azərbaycan xalqının tarixinə, mənəviyyatına hörmətsizliyə gətirib çıxarmamalıdır.

Sual: Müsavat Partiyası şərqdə ilk demokratik, çoxpartiyalı parlamenti olan respublika qurub, qadınlara ilk dəfə olaraq səsvermə hüququ verib. Qadınlara səsvermə hüququnun verilməsi Avropanın bir çox ölkələri üçün də örnək kimi göstərilir. Müsavat Partiyasının demokratiya uğrunda mübarizəsini necə xarakterizə edərdiniz?

Cavab: Müsavat tarixi boyu demokratiya, liberal-demokrat dəyərlərə sadiq olub. Bu dəyərləri yayıb. Hətta, bəzən təəccüb edirəm ki, 20-ci əsrin əvvəllərində Müsavat hökuməti bu dəyərlərə bir çox Avropa dövlətlərindən daha çox sayğılı davranıb, daha çox mütərəqqi addımlar atıb. Bu isə o deməkdir ki, bu dəyərlər xalqımızın təbiətindən, partiyanı, müstəqil cümhuriyyəti  quranların mahiyyətindən irəli gəlir. Bu insanlar millətin problemlərinin həllini insan azadlığında görürlər. İstər qadınlara              səsvermə hüququ olsun, tarixi bir fakt da var ki, o zaman parlamentdə hökumətin əleyhinə qiyama hazırlaşan bir bolşevik deputat olub, amma parlamentin icazəsi olmadığı üçün həmin deputat həbs edilməyib. Parlament həbsə icazə verənədək isə  deputat qaçıb gizlənib və sonradan Müsavat hökumətinə qarşı qiyamda həlledici rol oynayıb. Müsavat hökuməti bunları qabaqcadan bilsə də qanunun aliliyinə əməl edib. Tarix boyu Müsavat bu dəyərlərə sayğılı davranıb və biz də Azərbaycanda partiyanı bərpa etdikdən sonra həmin dəyərləri inkişaf etdiririk. Qadınlara partiya rəhbərliyində 25 faiz kvota müəyyən etmişik, Azərbaycanın tarixində ilk praymeriz keçirmişik, deputatlığa namizədləri partiyanın rəhbərliyi deyil, partiyanın üzvləri səsvermə yolu ilə müəyyənləşdirib. Bir sıra başqa addımlar da atmışıq ki, partiyada azadlıqlar yüksək səviyyədə olsun. Bunları cəmiyyətdə də yaymağa çalışmışıq. O cümlədən də, bir şəxsin iki dəfədən artıq partiyanın rəhbəri və digər rəhbər strukturların başçısı olması məhdudlaşdırılıb. Bütün bunlar, Müsavatın demokratiyaya münasibətin və Azərbaycana verdiyi örnəklərin nümunələridir.

Məmməd Əmin Rəsulzadənin heykəli

Sual: Vaxtı ilə Müsavat Partiyasının lideri Məmməd Əmin Rəsulzadə Azərbaycan xalqına tarixi müraciətini Amerikanın Səsi radiosu vasitəsi ilə edib. Tarix elə gətirib ki, bu gün, Müsavatın 100 illik yubileyində bu sualı mən sizə verməliyəm. Azərbaycan xalqına Amerikanın Səsi radiosu vasitəsi ilə mesajınız nədir?

Cavab: Bu faktı xatırlatdığınıza görə təşəkkür edirəm. Eyni zamanda, demək istəyirəm ki, Amerikanın Səsi, Azadlıq radiosu kimi radioların formalaşmasında, xüsusən onların Azərbaycan şöbələrinin formalaşmasında Rəsulzadənin, Müsavat Partiyasının böyük təsiri var. Yəni, azadlıqlar uğrunda mübarizə aparan təşkilatlar olmasa idi, xalqlarını azad görmək istəyən fədakar insanlar olmasa idi, azad dünya nədən bu qədər xərc çəkib, bu radioları və onların müvafiq şöbələrini yaratmalı idi? Bu baxımdan, bu dəyərlər bir-birinə bağlı dəyərlərdir. Rəsulzadənin Amerikanın Səsi radiosu vasitəsi ilə xalqımıza müraciəti onun xalqımıza ən böyük vəsiyyətlərindən, əmanətlərindən biridir. Amerikanın Səsi radiosuna Müsavat Partiyasına yaratdığı bu imkana görə bir daha təşəkkür edirəm. Bizim sözümüz isə bir daha Rəsulzadənin sözüdür. Biz xalqımıza, millətimizə, insanımıza inanırıq. Biz inanırıq ki, Azərbaycan azad dünyanın bir hissəsi olmağa layiqdir və qadirdir. Ona görə də, hər bir vətəndaşımızı buna inanmağa, özünə inanmağa, millətə inanmağa, bir-birinə inanmağa çağırıram. Əmin edirəm ki, bir-birimizə inansaq, özümüzə inansaq qarşımızda duran ən ağır vəzifələrin öhdəsindən gələ bilərik. Azərbaycanı müstəqil dövlətə çevirdiyimiz kimi, müstəqilliyimizi bərpa edə bildiyimiz kimi, Azərbaycanda demokratiyanı da bərqərar edə bilərik və  bütün problemləri həll etməyə gücümüz çatar. Biz özümüzə, millətimizə inansaq bütün böyük hədəflərə çata biləcəyik. Bunu bizə Rəsulzadə deyib, bunu bizə Elçibəy deyib. Biz bu yolu davam edirik. Azərbaycanımızın işğal olunmuş ərazilərinin azad olunması, firavan həyatı, bütövləşməsi, güneydəki bacı-qardaşlarımızla birgə hərəkət edə bilməmiz və bütün bu istiqamətlərdə uğur qazanmağa gücümüz çatar. Yetər ki, fəal olaq, mövqe ortaya qoyaq və gələcəyə inanaq. Mən fürsətdən istifadə edib 18 oktyabr – Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü münasibəti ilə Amerikanın Səsinin bütün dinləyicilərini təbrik edirəm.

Fransa prezidentinin Cənubi Qafqaz səfəri: təzadlar və müəmmalar

Posted October 7th, 2011 at 11:38 pm (UTC+4)
Leave a comment

Oktyabrın 7-də Fransa prezidenti Nikola Sarkozi Azərbaycanda rəsmi səfərdə olub.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, Azərbaycan və Fransa prezidentləri İlham Əliyevlə Nikola Sarkozinin təkbətək görüşündə Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişafından danışılıb.

Prezidentlər iki ölkə arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Fransa və Azərbaycan prezidentləri Bakıda Fransız Liseyinin təməlini qoyub. Dövlət başçılarının yalnız təməlqoyma mərasimindəki çıxışları barədə məlumat var. Mərasimdə Azərbaycan prezidenti Azərbaycan-Fransa əlaqələrinin bütün istiqamətlərindən danışıb və gələcəkdə əlaqələrin strateji xarakter daşıyacağını bəyan edib. Prezident Əliyev neft-qaz layihələrindən başlayaraq Dağlıq Qarabağ probleminədək məsələləri diqqət mərkəzinə gətirib. Amma, prezident Sarkozinin çıxışı əsasən mədəniyyət və  təhsil sahələrini əhatə edib. O, 1944-cü ildə Moskvaya gedərkən Fransa generalı Şarl de Qolun Azərbaycanda bir gecə qalmasını belə yada salsa da Dağlıq Qarabağ problemi barədə bir kəlmə belə danışmayıb.

Fransa prezidenti həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı Fransa Respublikasının “Şərəf Legionunun Zabiti” dövlət ordeni ilə təltif  edib.

Maraqlı cəhətlərdən biri odur ki, prezident Sarkozi Ermənistanda soyqırım memorial kompleksin önünə əklil qoyub, soyqırım muzey-institutuna baş çəkib, xatirə kitabına öz qeydlərini edib. Sonra, prezident Xatirə Xiyabanında küknar ağacı əkib. Amma, Bakıda ermənilər və keçmiş SSRİ ordusu tərəfindən qətlə yetirilmiş Azərbaycan şəhidlərinin uyuduğu xiyabana və memoriala baş çəkməyib. Elə həmin şəhidlər xiyabanında 20-ci əsrin əvvəllərində Bakını bolşevik-daşnak qırğınından xilas etmiş türk əsgərlərinin adları həkk edilmiş memorial da var. Ermənistanda “əgər Türkiyə erməni soyqırımını tanımasa, Fransa soyqırımın inkar edilməsinin kriminallaşması barədə qanun layihəsini qəbul edəcək”, deyə bəyanat verən Fransa prezidenti Azərbaycanda mətbuat qarşısında Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağın və Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı belə danışmayıb.

Düşündürücü cəhətlərdən biri də Fransa prezidenti Azərbaycanla Ermənistan arasında sülhün əldə olunacağına ümid etdiyini Ermənistan prezidenti Serj Sarkisyanla birgə mətbuat konfransında deyib. O, bildirib ki, ATƏT-in Minsk Qrupu çərçivəsində erməni və Azərbaycan tərəfləri arasında danışıqların bərpası yeganə həll yoludur. “Görürük ki, bu problemlə bağlı sülhün bərqərarı üçün təmas nöqtəsinə nail olmaq lazımdır”.

O qeyd edib ki, Cənubi Qafqaz regionu kifayət qədər qeyri-stabildir və iki ölkənin inkişafı baxımından sülhə nail olunması vacibdir. Sonra o, yenidən Osmanlı imperiyasında erməni soyqırımı məsələsini qaldırıb və deyib ki, əgər Türkiyə bunu inkar etməkdə davam edərsə, Fransa erməni soyqırımının inkar edilməsinin kriminallaşması ilə bağlı qanunverici dəyişikliklər edəcək. 2011-ci ildə Fransa parlamenti Osmanlı imperiyasında baş vermiş erməni soyqırımını tanıyıb. Lakin soyqırımın inkar edilməsinə görə cinayət məsuliyyətinə cəlb olunma barədə qanun layihəsini Senat hələlik qəbul etməyib. “Paris erməni soyqırımının tezliklə tanınması ilə bağlı Türkiyə cəmiyyətinin və hökumətinin müdrik yanaşmasını gözləyir. Soyqırımın tanınması ilə bağlı dünya ermənilərinin arzusunun reallaşmasının vaxtı çatıb. Ümid edirəm ki, bu, mənim prezidentliyim dövründə baş verəcək”, –  deyə Sarkozi vurğulayıb.

“Əgər Türkiyə əsrin əvvəlində öz tarixinin qara səhifəsini etiraf etsəydi, Fransa və Ermənistan bunu sülh istiqamətində güclü jest və barışığa doğru böyük addım hesab edərdi. İnsanların əzabları, tarixi faktlar etiraf olunmadan davamlı barışıq ola bilməz”, – deyə o qeyd edib. “Əgər tez-tez öz cəsarətini nümayiş etdirən Türkiyə kimi böyük ölkə özündə güc taparaq buna gedərsə, Fransa üçün soyqırımı qanuni şəkildə tanımaq yetərli olardı”, – o vurğulayıb.

“Fransa Türkiyəyə ultimatum verə bilməz, bununla biz iki xalqın birləşməsinə yardım göstərə bilmərik. Lakin qərarın qəbul olunması üçün 1915-ci ildən bu yana çox vaxt keçib və Fransanın Türkiyə rəhbərliyinin addımlarına cavabı tez addımlar olacaq”, -deyə  o bildirib.

Prezident Sarkozi Gürcüstana səfəri zamanı isə hər iki Cənubi Qafqaz ölkəsindən fərqli danışıb. Fransa prezidenti bu gün Gürcüstanda kifayət qədər sərt bəyanatlar verib və Fransanın Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Prezident Sarkozi Tbilisidə Azadlıq meydanında minlərlə insanın qarşısında çıxış edib. “Gürcüstanda geniş mənada inkişaf müşahidə olunur. Bu infrastrukturun modernləşməsi, təhlükəsizlik təmin olunmasında, əhalinin gəlirlərinin artmasında, polis və təhsil sistemində dərin islahatlar aparılmasında əksini tapıb. Ölkədə keçirilən islahatlar və aşkarlıq abxaz və osetin xalqlarını inandırmağa imkan verir ki, onların gələcəkləri gürcü xalqı ilə birlikdədir. Bu strategiyanın davamı olaraq Avropa İttifaqını inandırmağa imkan verir ki, Gürcüstan Avropa ölkəsidir. Mən deyirəm sizin ölkə Avropa ölkəsidir”, – deyə Nikola Sarkozi qeyd edib.
Prezident Sarkozi deyib ki, Fransa Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. “Gürcüstanın NATO və Avropa İttifaqına inteqrasiya olmasına hüququ var və bu yolda kənardan heç kim mane olmamalıdır”.

Ərəstun Oruclu: Avropaya inteqrasiyada insan hüquqları və demokratiya ən ləng sahədir

Posted October 3rd, 2011 at 9:58 pm (UTC+4)
Leave a comment

Foto: VOA

Politoloq Ərəstun Oruclu

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Amerikanın Səsi radiosuna müsahibəsində Avropa İttifaqının Varşavada keçirilən Şərq Tərəfdaşlığı üzrə Sammitinin Azərbaycanda islahatlara təsiri, Avropa İttifaqı-Azərbaycan ikitərəfli və çoxtərəfli əməkdaşlığından danışıb.

Sual: Avropa İttifaqının Varşavada keçirilən Şərq Tərəfdaşlığı üzrə Sammitinin Azərbaycanda islahatlara pozitiv təsiri nə ola bilər?

Cavab: Bu adi bir işçi sammit idi. Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramı çərçivəsində öz münasibətini nümayiş etdirirdi. Eyni zamanda, tərəfdaşlarının müxtəlif aspektlər üzrə, yəni iqtisadiyyat, enerji təhlükəsizliyi, təhlükəsizlik, demokratiya və insan haqları ilə bağlı yanaşmasını bilmək istəyirdi.  Sammiti irəliyə doğru müsbət bir addım saymaq olar. Çünki, artıq tərəfdarlarla əməkdaşlıq konkret layihələrlə real müstəviyə keçir.

Sual: Avropa İttifaqının regionda əsas marağı enerji təhlükəsizliyi ilə bağlıdır. Bu isə Nabucco layihəsi barədə qərarların qəbul edilməsi mərhələsinə təsadüf edir. Bu sahədə vəziyyəti necə qiymətləndirirsiniz?

Cavab: Nabucco perspektiv bir layihədir və yüksək ehtimalla demək olar ki, o reallaşacaq. Hazırda hazırlıq mərhələsidir. Bu mərhələnin uğurla başa çatdırılıb, daha da genişləndirilməsi üçün qaz kəməri boyunca yerləşən ölkələrlə əməkdaşlığı genişləndirmək lazımdır. Artıq, Avropa  İttifaqı bu istiqamətdə addımlar atır.

Enerji təhlükəsizliyi məsələsində də çox ziddiyyətli məqamlar var. Birinci, burada Rusiya açıq-aşkar müqavimət göstərir. İkinci, potensial tərəfdaş ölkələrin mövqeyi qeyri-müəyyəndir. Üçüncü, Avropa İttifaqının Rusiyanın müqavimətini neytrallaşdırmaq üçün potensialı yetərincə deyil.

Sual: Avropa İttifaqı Azərbaycanla assosiativ üzvlüklə bağlı danışıqlara başlayıb. Bu sahədə aparılan danışıqların perspektivinə necə baxırsınız?  Ümumilikdə, Azərbaycanın demokratiya, insan hüquqları, yaxşı idarəçilik, iqtisadi sahədə Avropaya inteqrasiyası sahəsində nələr baş verir?

Cavab: İqtisadiyyat, insan hüquqları və demokratiya sahəsində Avropaya inteqrasiya ən ləng sahədir və bu gələcəkdə də belə olacaq. Hətta, demokratiya və insan hüquqları baxımından ölkədə vəziyyət gün-gündən pisləşməyə doğru gedir. Təsəvvür edin ki, Sammit keçirildiyi günlərdə belə, Azərbaycanda müxalifət fəallarının məhkəmə prosesi davam edirdi. Ölkədə siyasi məhbus problemi qalır və Avropa Şurasının siyasi məhbuslar üzrə məruzəçisi Azərbaycana buraxılmır. Bu barədə inteqrasiyadan danışmaq gülünc olardı.

İqtisadi inteqrasiyadan danışarkən deyə bilərəm ki, bu ilin yazında ərəb inqilabları fonunda hökumət korrupsiyaya qarşı mübarizə sahəsində tədbirlərə başladı. Bu gün, həmin mübarizənin nəticələrini hamı görür. Bu sahədə nəticəsizlik bir daha sübut edir ki, hakimiyyətin bütün fəaliyyət sütunu korrupsiya və monopoliyalardan ibarətdir. Bu səbəbdən də Azərbaycan Dünya Ticarət Təşkilatına üzv olmaq istəmir, Avropa ilə sadələşdirilmiş gömrük münasibətlərinə və daha yaxın iqtisadi inteqrasiyaya getmir. Azərbaycan hakimiyyəti hesab edir ki, neftdən kifayət qədər böyük pullar götürür və bu vəsaiti daxildə xərcləməklə kifayətlənmək olar. Rəsmi hakimiyyət daxili bazarda Avropa ilə rəqabətdən çəkinir.

Sual: İnsanlar arasında inteqrasiya prosesi necə gedir? Yəni, viza rejimi sahəsində vəziyyət necədir?

Cavab: Viza sahəsində hər iki tərəfdən çətinliklər mövcuddur. Azərbaycandan Avropaya getmək üçün viza almaq çox çətindir. Hətta, Avropa universitetlərində təhsil almaq istəyənlər belə viza problemi ilə qarşılaşır. Azərbaycan hökuməti isə 2010-cu il parlament seçkiləri öncəsi viza rejimini daha da sərtləşdirib. Bir neçə aydan sonra Azərbaycanda Eurovizion mahnı müsabiqəsi keçiriləcəyinə baxmayaraq, həm Azərbaycandan Avropaya, həm də əksinə viza almaq üçün insanlar çətinliklərlə üzləşməkdə qalır.

Metyu Brayza: Amerika şirkətlərinə Azərbaycanda işləmək çətindir

Posted September 28th, 2011 at 9:46 pm (UTC+4)
Leave a comment

Səfir Metyu Brayza

Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə Amerikanın Azərbaycandakı səfiri Metyu Brayzanın görüşü olub.
Klub üzvləri qarşısında çıxış edən səfir Brayza Amerika biznesinin Azərbaycana münasibəti, Azərbaycanda Amerika investisiyalarının perspektivləri və problemlərdən danışıb.
O, Amerika şirkətlərinin Azərbaycanda geniş əlaqələr qurmasına tərəfdar olduğunu bildirib. Səfirin sözlərinə görə, son 7 ildə enerji sektorunun inkişafı nəticəsində Azərbaycan iqtisadiyyatında 300 faiz artım qeydə alınıb. Bu dünyada ən sürətli artım tempidir.
İqtisadiyyatın inkişafı eyni zamanda ölkədə 2003-cü ildəki 49 faiz yoxsulluq səviyyəsini 9 faizədək aşağı salıb. “Doğrudur, ola bilsin ki, yoxsulluq səviyyəsi ilə bağlı statistika bir qədər düzgün olmasın. Hətta, yoxsulluq səviyyəsinin 18 faiz və ya ondan bir qədər də aşağı enməsi belə yaxşı göstəricidir”, – qeyd edib.

Cənab Brayza bildirib ki, biznesin inkişafı nəticəsində ölkədə ümumi daxili məhsulun 85 faizi özəl sektorun payına düşür. “Dünya İqtisadi Forumunun cədvəlinə görə, Azərbaycan dünyada rəqabət qabiliyyətinə görə 56-cı, MDB-də isə birinci ölkədir. Baxmayaraq ki, Gürcüstanda da korrupsiyaya qarşı mübarizədə, iqtisadiyyatın inkişafı sahəsində xeyli iş görülüb. Amma Azərbaycan yenə də irəlidə gedir”, – vurğulayıb. Səfir korrupsiya və iqtisadiyyatda monopoliyadan danışarkən bir neçə il əvvəl Azərbaycanın iqtisadi inkişaf naziri ilə aralarında olan bir zarafata istinad edib. “Azərbaycanın keçmiş iqtisadi inkişaf naziri bir neçə il əvvəl mənə zarafatla demişdi ki, dünyada korrupsiya səviyyəsinə görə ölkə beşinci yerdədir. Yəni, o mənə anladırdı ki, ölkəsi birinci yerdə deyil. Baxmayaraq ki, neçə illər keçib, amma, amerikalılar Azərbaycanda biznesə münasibətdə yenə həmin zarafata inanmaqda qalır”, – səfir Amerika biznesmenlərinin Azərbaycan iqtisadiyyatına hələ də dərindən bələd olmadığını xatırladıb. Onun fikrincə, iqtisadiyyat sahəsində səlahiyyətlər çox konsenrasiyalıdır: “İqtisadiyyat hakimiyyət qrupların əlində cəmləşib. Doğrudur, vaxtilə xanlıqlar var idi, indi xanlıqlar yoxdur. Azərbaycan müstəqil dövlətdir. Amma iqtisadiyyatda qruplar yenə də qalır. Amerika şirkətlərinə burada işləmək çətindir. Onlar kiminlə işləməyin vacibliyini anlaya bilmir və bu səbəbdən də Amerika şirkətləri genişlənə bilmir”. Səfir Azərbaycanın investisiya üçün cəlbedici və biznes üçün strateji mühüm ölkə olduğunu deyib: “Azərbaycan dünyada yeganə dövlətdir ki, 9 iqlim zonası var, İranla Rusiyanın arasında yerləşir, əhalinin əksəriyyəti şiədir və dünyəvidir. Ölkədə “holland sindromu” yoxdur, Avropa və Türkiyə investisiya layihələrinə üstünlük verir. Cənubdan və şimaldan təzyiq və təsirlərə baxmayaraq, Amerika ilə strateji əlaqələrə malikdir”.

Cənab Brayza artıq Amerika şirkətlərinin qeyri- neft sektoruna da maraq göstərdiyini deyib. Onun sözlərinə görə, Amerika şirkətlərinin Azərbaycanda informasiya- kommunikasiya texnologiyaları sahələrində də fəaliyyəti var. Belə ki, Azərbaycan Amerikadan peyk alıb, “Microsoft” şirkəti ölkə haqqında məlumat bazası hazırlayır, “Boinq” təyyarələri alınır. “Hazırda Amerikada və dünyada nüfuzlu sayılan “Halivey” şirkəti Azərbaycanda müxtəlif sahələrdə fəaliyyətə maraq göstərir. Bu şirkət qeyri-neft sektorunun çox müxtəlif sahələrində bazarı araşdırır. Səfir Azərbaycan hökumətinin iqtisadiyyatın qeyri-neft sektoruna, xüsusilə kommunikasiyaların inkişafı sahəsinə böyük maliyyə vəsaitləri ayırdığını diqqətə çatdırıb: “Ölkədə aqrobiznesin inkişafı sahəsində potensial böyükdür. Əhalinin 40 faizi kənd təsərrüfatında məşğuldur. Amma, ümumi daxili məhsulun formalaşdırılmasında kənd təsərrüfatının payı cəmi 6 faiz təşkil edir”. Avropa və Amerika investorlarını Azərbaycanda aqrobiznesin inkişafına, monopoliyadan kənar emal müəssisələrinin yaradılmasına yardım etməyə çağırıram”, – vurğulayıb.

Azərbaycanda redaktorların mediaya baxışı, yenə jurnalist həbs edilib

Posted September 21st, 2011 at 9:13 pm (UTC+4)
Leave a comment

Xural qəzetinin redaktoru Əvəz Zeynallı və Yeni Müsavat qəzetinin redaktoru Rauf Arifoğlu

Redaktorlar Birliyinin toplantısında Xural qəzetinin bölgə müxbiri Aydın Canıyevin barəsində 2 ay müddətinə seçilmiş həbs qətimkan tədbiri, bu qəzetlə bağlı baş verən son olaylar, Gündəm Xəbər qəzetində vergi yoxlamaları, qəzetin baş redaktoru və təsisçisinin barəsində qaldırılmış cinayət işi, Ayna və Zerkalo qəzetlərinin, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun əməkdaşı İdrak Abbasovun və ailə üzvlərinin üzləşdiyi təzyiqlərlə bağlı müzakirələr aparılıb.
Dünən Lənkəran rayon məhkəməsinin barəsində həbs qəti imkan tədbiri seçdiyi Xural qəzetinin cənub bölgəsi üzrə müxbiri Aydın Canıyevlə bağlı müzakirələrdə bildirilib ki, müxbir avqustun 6-da  “Allahşükür Paşazadə Lənkəranda düşmənçilik toxumu səpir!” başlıqlı məqalə dərc etdirib. “Avqustun 7-də o, Bakıda şeyxülislamın adamları ilə görüşüb və onlar müxbirin yazdıqlarını təsdiq edib. Deyiblər ki, yazıda adları çəkilən axundlar işdən çıxarılıb, şeyxülislamın Lənkəran bölgəsi üzrə nümayəndəsinin məsələsi isə Qazilər Şurasında müzakirə ediləcək. Aydın Canıyev gecə saat 1-dən sonra Lənkərana qayıdıb və avqustun 8-də o, inzibati qaydada 12 sutka həbsə məhkum edilib”, – deyə Xural qəzetinin redaktoru Əvəz Zeynallı Amerikanın Səsi radiosuna müsahibəsində bildirib.
Cənab Zeynallı Aydın Canıyevin məqaləsində ağır ifadələr olduğunu da təsdiq edib. “Şeyxülislam və onun qohumları təkzib üçün qəzetə müraciət etməsə də, Xural qəzeti həmin ifadələrə görə, şeyxdən və onun qohumlarından üzr istəyib. Amma, jurnalist Milli Təhlükəsizlik nazirinə Lənkərandakı narkotik alveri, tranziti və bir sıra məscidlərdə baş verən əxlaqsızlıqlarla bağlı müraciət etmişdi. Həmin faktlar araşdırılmalıdır. Eyni zamanda, televiziyalarda müxbirin qan içində kadrları göstərilib. Yerli sakinlərin dediyinə görə, onu məscidin həyətində ağaca bağlayıb döyüblər. Bu hadisəyə də hüquqi qiymət verilməlidir. Azərbaycan qanunvericiliyində şəxsiyyəti alçaldan kadrlarla bağlı və şəxsin icazəsi olmadan onun video və fotosunun çəkilməsini qadağan edən maddələr var. Media institutları və hüquq-mühafizə orqanları bu fakta da qiymət verməlidir”, – deyə redaktor qeyd edib.
Redaktorlar Birliyi Naxçıvanda olduğu kimi, Lənkəranda da baş verən hadisə ilə bağlı araşdırma aparmaq üçün bu regiona səfər təşkil

Həbs edilmiş jurnalist Aydın Canıyev

edilməsi təklifi irəli sürüb. Eyni zamanda, jurnalistə vəkil tutulması ilə bağlı Media Hüququ institutuna müraciət edilib. Redaktorlar həmçinin, hüquq müdafiəçilərinə və İşgəncələr Əleyhinə Komitəyə jurnalistin sağlamlıq durumu və müdafiəsi ilə bağlı iş aparmaq üçün müraciət edib.
Yeni Müsavat qəzetinin redaktoru Rauf Arifoğlu Xural qəzetinin Mətbuat Şurasının qara siyahısına salınmasına etirazını bildirib. O, Yeni Müsavat qəzetinə qarşı Müdafiə Nazirliyinin iddia qaldırmaq istədiyini də diqqətə çatdırıb.
“Mətbuat Şurasının qəzetləri reket elan etməsi qanunvericiliyə ziddir. Reketçilik kriminal hərəkətdir və bu hərəkətə yalnız məhkəmə qiymət verə bilər”, – deyə Femida qəzetinin redaktoru Əyyub Kərimov qeyd edib.
Redaktorlar Birliyi hesab edir ki, Gündəm Xəbər qəzetinə qarşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət təqibi aparılmamalıdır.

Xatırladılıb ki, Mətbuat Şurasının müraciəti əsasında qəzetdə vergi yoxlamaları aparılıb və cinayət işi başlanıb. Qəzetin redaktoru Cəfəri Şirin bildirib ki, cinayət işinin istintaqı davam etdirilir və sabah Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti vergi yoxlamaları ilə bağlı son qərarını açıqlayacaq. “Cinayət işinin davam etdirilib-etdirilməməsi bu rəydən asılı olacaq”.
Qəzetə qarşı qaldırılan cinayət işi ilə bağlı hazırlanan hüquqi rəydə deyilir ki, Gündəm Xəbər nəşri əvvəllər həftədə bir, sonra isə iki dəfə dərc olunub. Qəzet yüksək vəzifəli məmurları tənqid edib. Bu səbəbdən daim təzyiqlərə məruz qalıb.
Hüquqşünasların hazırladığı rəyə görə, Mətbuat Şurası qəzet və qəzetin baş redaktoru Cəfəri Şirinlə bağlı Bağ Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət edib. “Mətbuat Şurasının belə bir səlahiyyəti yoxdur. Mətbuat Şurası ictimai qurum olmasına baxmayaraq, ona verilən qeyri-rəsmi səlahiyyətlər əsasında özünü KİV-ə nəzarət edən orqan kimi hesab edir, KİV-i cəzalandırmaq təhdidi ilə qorxu altında saxlayır”.
Rəydə deyilir ki, Mətbuat Şurası qəzetin və redaktorun cinayət törətməsi barədə sübut olmadığı halda yalan məlumat verib. “Eyni zamanda, Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Cinayət Məcəlləsinin 213-cü (vergi ödəməkdən yayınma) maddəsi ilə istintaq aparmaq səlahiyyəti yoxdur”.
Hüquqi rəyə görə, baş redaktora qarşı qaldırılmış cinayət işi sifarişlidir. “Vergi orqanları əldə etdiyi mənbəyi bəlli olan məlumat əsasında vergi yoxlaması apara bilər. Amma, tərtib edilən aktda belə məlumat yoxdur. Akt qanunsuzdur. Belə ki, qəzetin ilk tirajı 1500 nüsxə, ən yüksək tirajı isə 2140 olub. Qəzet Mətbuat Yayımı şirkətləri vasitəsi ilə yayılıb. Tirajların 40 faizi satılmayıb. Mətbuat Yayımı Şirkəti qəzetin 1 nüsxəsini 24 qəpiyə alıb, satışdan qalan 26 qəpik yayımla məşğul olan şirkətə qalıb. Amma, səyyar vergi yoxlaması zamanı qəzetin tirajı gündəlik və yüksək tirajlı Azadlıq, Yeni Müsavat qəzetləri ilə eyni götürülüb. Şirkətə 26 qəpik verilməsi və 40 faiz satılmayan qəzetlər nəzərə alınmayıb”, – deyə hüquqi rəydə deyilir.
Ayna – Zerkalo qəzetlərinin və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı İdrak Abbasovun və onun ailə üzvlərinin üzləşdiyi təzyiqlərlə bağlı Redaktorlar Birliyi məsələni gündəmdə saxlanması və baş verənlərin ictimailəşdirilməsi barədə qərar verib.
Xatırladaq ki, Azərbaycanda həbsdə olan son jurnalist bu ilin iyununda azadlığa buraxılıb. Beynəlxalq təşkilatlar Azərbaycanı həbsdə jurnalist olmayan ölkə kimi xarakterizə etməyə başlamışdı. Amma, bu uzun sürmədi, artıq Azərbaycanda 1 jurnalist və 2 bloger həbsdədir.

Öz növbəsində, rəsmi Bakı ölkədə mediaya və jurnalistlərə hər hansı təzyiqin olmadığını, mətbuat azadlığının tam təmin edildiyini bildirir. Hökumət rəsmilərinin dediyinə görə, jurnalistlər və blogerlər yazıları ilə bağlı deyil, kriminal hərəkətlərinə görə həbs edilib.

 

Azərbaycan və Türkiyənin milli kimlik fəlsəfəsi

Posted September 16th, 2011 at 9:29 pm (UTC+4)
Leave a comment

Politolq Leyla Əliyeva və professor Taşansu Türker

Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi “Azərbaycan Xalq Cümhuriyyəti-93” layihəsi çərçivəsində “21-ci əsrdə Türkiyə və Azərbaycanda kimlik məsələsi: müasir milli dövlətlərin öncəki vəziyyətlərinə qayıdış” mövzusunda konfrans keçirib. Konfransda soyuq müharibədən sonrakı dövrdə Türkiyə və Azərbaycanın daxili və xarici siyasəti təhlil edilib. Ekspertlərin fikrincə, hazırda Azərbaycan 1918-ci il tipli demokratik respublika modelindən uzaqlaşmaqdadır, Türkiyədə də dövlət institutları arasında ənənəvi balans pozulub. “Türkiyədə qərb ekspertlərinin baxışlarına görə, neoosmançılıq ideologiyası inkişafdadır. Bu ideologiyanın fəlsəfəsində türk kimliyi, ortaq mədəniyyət dəyərləri və islam durur. Türkiyə indi təhlükəsizliyə qarant olan, türk kimliyini nümayiş etdirən, islama daha çox əsaslanan xarici və daxili siyasət kursu aparır. Bu siyasət kursu ölkənin orta təbəqə əhalisinə əsaslanır”, – deyə Ankara Universitetinin professoru Taşansu Turker bildirib.

Azərbaycan siyasi elitası və kimlik dilemmalarından danışan ekspertlər Azərbaycan Demokratik Cümhuriyyətinin dövlətçilik fəlsəfəsinə istinad edib. Çünki, bu fəlsəfə Azərbaycanı dini və pantürkizmi ideologiyasından çıxarıb. “Xalq Cümhuriyyətinin daxili və xarici siyasətində milli kimlik avropalaşmaq, türkləşmək və islamlaşmaqdır. Müasir milli kimlik anlayışı yalnız dil, mədəniyyət və din faktoru ilə məhdudlaşmır, burada təhlükəsizlik və siyasi yaxınlıq faktorları da həlledicidir”, – deyə Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Əliyeva qeyd edib.

Onun fikrincə, hansı ölkələrdə dövlət və demokratiya tam formalaşmayıb, həmin cəmiyyətlərdə demokratik institutlarının genişlənməsinə enerji faktoru ciddi mənfi təsir göstərir. “AXCP hakimiyyəti dövründə azadlıqlar və türklük milli kimlik dəyəri kimi genişləndi. Amma, o dövrlərdə də başqa etnik qruplara hörmət edilirdi, mitinqlərdə sıra ilə etnik qrupların nümayəndələri də danışırdı. Heydər Əliyev hakimiyyəti isə milli kimlik kimi daha çox dövlətçilik, inkişaf və təhlükəsizlik faktoruna üstünlük verdi. Türkçülük ideyası yalnız, Dağlıq Qarabağ münaqişəsi mövzusunda istifadə edilirdi. Hazırda, ölkədə milli kimlik dəyərlərinin atributları sanki yoxa çıxıb. Daha çox sovet kimliyi fəlsəfəsindən istifadə edilir, hakimiyyət mediası sovet kimliyini təbliğ edir. Bu kimlik fəlsəfəsi insanları yaltaqlığa, bütpərəstliyə sövq edir, qorxu içərisində yaşadır. Sovet kimliyindən fərli olaraq türkçülük milli kimlik fəlsəfəsi insanlara yaltaqlıq, qorxaqlıq deyil, milli qürur hissi aşılayır”, – deyə o vurğulayıb.
Azərbaycanın xarici siyasətində kimlik fəlsəfəsindən danışan ekspertlər artıq, Azərbaycan Xalq Cümhuriyyəti dövründəki xarici siyasətdə avropalaşmaq, türkləşmək və islamlaşmaq vektorlarına, daha iki vektorun, – qafqazlılıq və Sovet məkanı təmayüllərinin əlavə olunduğunu bildirib. “Xarici siyasətdə ilkin vektor türkçülükdür. Azərbaycan türk dünyasının tərkib hissəsidir və Türkiyə Azərbaycanın qardaş dövlətidir. Türkiyənin Azərbaycan xarici siyasətinin formalaşmasında və inkişafında əvəzsiz rolu olub. Dağlıq Qarabağ münaqişəsində Ermənistanla diplomatik əlaqələri kəsən yeganə dövlətdir. Azərbaycan Avropa dövlətidir və əhalinin böyük hissəsi Avropaya inteqrasiyanı dəstəkləyir. Ölkə Avropa Şurasının, ATƏT-in üzvüdür, Avropa hüquq məkanın daxildir. Çoxsaylı proqramlarda və təşkilatlarda iştirak edir. Əhalinin xeyli hissəsi islam dünyasına inteqrasiyanı dəstəkləyir və İslam Konfransı Təşkilatı Ermənistanı işğalçı dövlət kimi tanıyıb. Azərbaycan Qafqaz ailəsinin üzvüdür və bu baxımdan Şimali Qafqaz xalqlarının Azərbaycanla geniş əlaqələri mövcuddur. Azərbaycan-Gürcüstan birliyi də bu baxımdan önəmlidir. Azərbaycan həm də keçmiş SSRİ məkanında daxil olan ölkələrlə müxtəlif əlaqələrə malikdir və MDB-nin üzvüdür”, – süyə Azərbaycan Prezident Administrasiyasının katibliyinin keçmiş rəhbəri, politoloq Eldar Namazov qeyd edib.

Azərbaycan – Türkiyə əlaqələrinin hazırki problemlərindən danışan ekspertlər iki ölkə arasında iqtisadi və siyasi sahədə problemlərin aradan qaldırılmasını vacib bilir. “Azərbaycan Türkiyə ilə münasibətdə viza rejimini aradan qaldırmalıdır. Azərbaycan vizanın ləğv edilməməsini ilk öncə texniki səbəblərlə, qeyri-rəsmi səviyyədə İranın təzyiqləri ilə əlaqələndirirdi. Ancaq, son olaraq prezident İlham Əliyev Azərbaycanın hələ buna hazır olmadığını bəyan edib. Bu isə Azərbaycanın Türkiyə ilə inteqrasiyanın daha da genişlənməsindən çəkindiyindən xəbər verir. İqtisadi sahədə daha çox problemlər var. Türkiyən keçmiş prezidenti Sezer bu problemi analiz edərkən deyib ki, türk iş adamları Azərbaycana gələndə yer ayaqlarının altından qaçır. Məhz, bu səbəbdən hələ də Türkiyənin böyük holdinqləri Azərbaycanda deyil. İki ölkə yüksək səviyyədə əməkdaşlıq məsələləri ilə bağlı toplaşıb müzakirələr aparmalıdır. Qaz tranziti ilə bağlı razılıq əldə edilməlidir və PKK problemi ilə bağlı irəliləyiş olmalıdır. Niyə, Azərbaycanda Əl-Qaidə himayədarları həbs edilir, amma PKK himayədarlarından heç birinin məhkəməsinin şahidi deyilik. Halbuki, Abdulla Ocalan məhkəməsində demişdi ki, PKK-nin ən güclü dayaqlarından biri Azərbaycandadır”, –  deyə Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

O, Türkiyə-İsrail probleminin Azərbaycan münasibətlərinə də təsirinin olacağını deyib. E.Şahinoğlunun fikrincə, Türkiyə Azərbaycanın strateji müttəfiqidir və xarici siyasət fəlsəfəsində bu faktor nəzərə alınmalıdır. “Təbii ki, Azərbaycanın İsraillə də yaxşı iqtisadi və siyasi əlaqələri var. Amma, Türkiyə deyə bilər ki, Ermənistanla diplomatik münasibətləri Dağlıq Qarabağ problemi ilə bağlı kəsib. Sərhədləri açmadı. Azərbaycan da bu müqabildə İsraillə münasibətlərinə yenidən baxsın”, – deyə politioloq qeyd edib.

Amerikanın Azərbaycandakı səfirliyində 11 sentyabr terror qurbanları anılıb

Posted September 13th, 2011 at 12:13 am (UTC+4)
Leave a comment

Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza Nyu-York və Vaşinqtonda törədilmiş 11 sentyabr terror hücumlarının onuncu ildönümü ilə bağlı rəsmi xatirə mərasimi təşkil edib. Mərasimdə Azərbaycan xarici işlər nazirinin müavini Hafiz Paşayev, Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin rəhbəri Səməd Seyidov, Müdafiə Nazirliyinin və digər rəsmi qurumların təmsilçiləri, yerli dini konfesiyaların rəhbərləri, Əfqanıstanda mübarizə aparan və ölkənin yenidən qurulmasında iştirak edən koalisiya əməkdaşları, habelə Əfqanıstandakı beynəlxalq səylərə mühüm nəqliyyat dəstəyi verən və terrorçuluğa qarşı mübarizədə kömək göstərən ölkələrin diplomatik nümayəndələri iştirak edib.

İlk öncə Amerika Müdafiə Nazirliyinin əməkdaşları terrorla mübarizədə həyatını qurban verənlərin xatirəsinə əklil qoyub. ABŞ Dəniz Qüvvələrinin Avropa Hərbi qrupu həlak olanların şərəfinə matəm marşı ifa edib.

Səfir Brayza hücumdan sonra meydana çıxan həmrəyliyi yüksək dəyərləndirib. Onun fikrincə, birgə əməyin nəticəsidir ki, bütün millətlər daha təhlükəsiz vəziyyətdədirlər. “Beynəlxalq icma olaraq göstərdik ki, terrorçular və onları idarə edən ideoloji ekstremistlər bizim vətəndaşların güc və dözümü ilə müqayisə edilə bilməzlər”.

O xatırladıb ki, 11 sentyabr hücumlarından 24 saat keçməmiş mərhum prezident Heydər Əliyev Birləşmiş Ştatlara qeyri-hərbi hava qüvvələri üçün ölkə üzərindən məhdudiyyətsiz uçuş icazəsi təklifi verib. “Həmrəyliyin bu ani ifadəsi həmin gün prezident də daxil olmaqla, Ağ Evdə olanların hər biri üçün böyük məna kəsb edirdi. Azərbaycanın sayəsində bildik ki, biz tək deyilik, ən böyük ehtiyac anında əllərini uzadan dostlarımızla həmrəy qalacağıq”.

Səfir qlobal əməkdaşlıq şəraitində Amerikaya bir çox terror hücumlarının qarşısının alındığını  deyib. “Bir neçə il öncə Amerikanın Azərbaycandakı səfirliyinə dəhşətli hücumun qarşısını aldığına görə isə azərbaycanlı həmkarlarımıza təşəkkürümü bildirirəm. Azərbaycan sentyabrın 12-dən Amerikanın terrorizmə qarşı mübarizəsini dəstəkləyən dövlətdir. Azərbaycan Kosovoda Amerika ilə çiyin-çiyinə olub. Bu ölkə İraqa qoşun göndərən Qazaxıstan və Albaniya ilə yanaşı üç müsəlman ölkəsindən biridir”.

Cənab Brayza Azərbaycan və Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə dəstək verən digər ölkələrə də Əfqanıstandakı əməkdaşlıqlarına görə təşəkkürünü bildirib. O, Əfqanıstanda beynəlxalq təhlükəsizliyi və yenidənqurma işlərini dəstəkləmək məqsədilə qeyri-hərbi yüklərin daşınmasında Azərbaycanın və qonşu ölkələrin vacib rolunu qeyd edib. Bu əməkdaşlığı vurğulamaq üçün 6 iyul 2011-ci ildə Əfqanıstanın Baqram hava limanına yaxınlaşarkən qəzaya uğramış və beş Azərbaycan, dörd Özbəkistan vətəndaşının həyatına son qoyan Azərbaycanın SilkWays Hava Yolları Şirkətinin təyyarəsinin heyət üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Xarici İşlər Nazirinin müavini Hafiz Paşayev bildirib ki, 11 sentyabr hadisələri bütün dünyanı dəyişib, yeni əlaqələr yaradıb. “Tarix çox az sayda belə dönüş anlarına şahidlik edib. Dünya bir də, heç vaxt əvvəlki kimi olmayacaq. Tarixdə ilk dəfə olaraq dünyanın supergücü olan Amerikanın köməyə ehtiyacı var idi. İftixar hissi ilə bildirirəm ki, prezident Heydər Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycan Amerikaya ilk kömək edən dövlətlər sırasında olub. Bu, müəyyən mənada təbiidir. Çünki Azərbaycan terrorizmdən zərər çəkən ölkə olaraq, bu beynəlxalq bəlanın təhlükəsini çox yaxşı anlayır və onu aradan qaldırmaq üçün beynəlxalq tərəfdaşlarla səylə çalışır. Prezident Əliyev Amerikaya təmənnasız kömək etməklə bu, dövlətlə əməkdaşlığı tamamilə yeni, daha yüksək, strateji baxımdan daha önəmli səviyyəyə qaldırdı. Biz sözün əsl mənasında tərəfdaş olduq. Azərbaycan ABŞ-ın komandanlıq etdiyi koalisiya qüvvələrinə Əfqanıstanda kömək edir, İraqda sülhməramlı əməliyyatlarda iştirak edib, öz hava məkanından uçuşlara imkan verib”.

Nazir müavinin dediyinə görə, Azərbaycan Amerika ilə enerji sahəsində əla əməkdaşlığı təhlükəsizlik sahəsində də təkrarlayır.

“Bu siyasət və ölkələrimiz arasındakı strateji tərəfdaşlığa sadiqlik bu günə kimi prezident İlham Əliyev tərəfindən davam etdirilir. Mən, bu yerdə Azərbaycana qarşı olan, Konqresdəki müəyyən maraq qruplarının uzunmüddətli müqaviməti ilə qəbul edilmiş və hüquqi qüvvəsi dayandırılmış “Azadlığı Müdafiə Aktına 907-ci düzəliş”i də xatırlatmaq istəyirəm”.

Cənab Paşayevin fikrincə, 11 sentyabr xalqların, ölkələrin, hər bir şəxsin vahid təhdid qarşısında birliyinin nümayişi idi. “Sanki bütün bəşər nəhayət şər qüvvələrə qarşı əməkdaşlıq və birlik rolunda idi. Amma, birliyin bu təbii toplaşmasından tam istifadə olunmadı. Ötən on ilin öyrənilmiş dərsləri barədə düşünərkən, qeyd etmək istəyirəm ki, Amerikanın terrora verdiyi cavab mədəni anlayışları nəzərə almadan, başlıca olaraq emosiyalara əsaslandı”.

Nazir müavini hesab edir ki, 21-ci əsrin cəhətlərindən biri ölkələrin bir-birindən iqtisadi və siyasi cəhətdən qarşılıqlı asılılığıdır. “Bu yeni əlaqələr və əməkdaşlığı diktə edir. Amerika ilə yaxşı və məhsuldar əməkdaşlıq təcrübəsinə malik Azərbaycan bunu qarşıdan gələn illərdə də davam etdirməyə can atır. Amerika, Avropa Birliyi və digər qonşularla müsbət əməkdaşlıq Azərbaycanın siyasi islahatları dərinləşdirmək və bölgədə öz iqtisadi gücünü davam etdirmək üçün bir yoldur. 11 sentyabr hamını və o cümlədən Amerikalıları da dəyişdi. Amerika xalqının gözəlliyi onun yenidən doğulma və özünü yenidən kəşf etmə bacarığındadır. On il sonra, bütün geriləmələrə rəğmən Amerika yenə güclü, qətiyyətli və qüdrətlidir. Bu amerikalıların cəsarətini, potensialını və azadlıq sevgilərini nümayişidir”, – deyə o qeyd edib.

Bakıda ərzaq məhsullarının qiyməti 4,9 faiz artıb

Posted September 5th, 2011 at 7:45 pm (UTC+4)
Leave a comment

Bu ilin avqustunda paytaxt Bakının istehlak bazarında ərzaq məhsullarının qiyməti 4,9% artıb. Turan agentliyinin məlumatına görə, son bir ayda ərzaq məhsullarının qiymətlərindən, mal əti-21,4%, qoyun əti-12,5%, toyuq əti-2,9%, kərə yağı-3,2%, yumurta-33,3%, şəkər -15,4% artıb. Digər ərzaq məhsullarının qiymətləri isə dəyişməz qalıb. Respublikanın digər iri şəhərlərindən Naxçıvanda-3%, Gəncədə-3,3%, Lənkəranda-3,6%, Mingəçevirdə-3,7%, Qubada isə -3,4% bahalaşma qeydə alınıb. Mövsümlə əlaqədar olaraq son bir ayda paytaxtda və respublikanın digər iri şəhərlərində kənd təssərrüfatı məhsullarının qiyməti də orta hesabla, 15-20% bahalaşıb.

Ekspertlər son aylarda mövcüd olan qiymət artımını obyektiv amillərdən daha çox, süni qiymət artımı, süni infilyasiya, inhisarçılıq və hökumətin istehlak bazarına laqeyd münasibəti kimi subyektiv amillərlə əlaqələndirir. Yaxın günlərdə ərzaq məhsulları qiymətlərinin nisbətən sabit və bahalaşmağa meyilli olacağı da proqnozlaşdırılır.

Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev hesab edir ki, ət və yumurtanın qiymətinin bahalaşması üçün əsas yoxdur. “Bu məhsullara təlabat daxili istehsal hesabına tamamilə ödənilir”.

Onun sözlərinə görə, hazırda əhalinin ətə olan tələbatı 340 min ton təşkil edir və bunun 85%-i daxili bazar hesabına ödənilir.

Cənab Əliyevin fikrincə, qiymət artımı işbazların fəaliyyətinin nəticəsidir. “Belə hallara son qoyulmalıdır və İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları artıq bununla məşğul olur”.

O, həmçinin deyib ki, Kənd Təsərrüfatı Nazirliyi problemin həlli üçün yarmarkalar təşkil edir, burada kənd təsərrüfatı məhsulları fermerlərin özləri tərəfindən satılır və qiymətlər bazar qiymətindən 25% ucuzdur.
İqtisadçı Rövşən Ağayev hesab edir ki, respublikanın ət və yumurtaya olan tələbatı daxili vəsait hesabına ödənmir. Hazırda əhalinin ətə olan tələbatını daxili bazar hesabına ödəmək mümkün deyil. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, adambaşına ət və ət məhsulları istehlakı orta hesabla ildə 70,7 kiloqram təşkil etməlidir. Bir halda ki, Azərbaycan Nazirlər Kabinetinin normativlərinə görə, bu göstərici ildə 24,7 kiloqram və ya ümumilikdə 220 min ton təşkil edir. Bu, dünya standartından demək olar ki, üç dəfə azdır.
Rövşən Ağayev hesab edir ki, hazırda bazar tamamilə ət idxalından asılıdır və son zamanlar bu məhsulun qiymətinin artması məhz bununla bağlıdır.

Tapdıq Fərhadoğlu

Tapdıq Fərhadoğlu - 1990-cı ildən mətbuat səhifələrində yazıram.

Azərbaycanın ilk müstəqil qəzetinin yazarlarından olmuşam. Daxili və xarici siyasət, qaynar hadisələr, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çoxsaylı reportajlar və yazıların müəllifiyəm. 10 ildən çoxdur ki, Amerikanın Səsi radiosunun Azərbaycanda müxbiriyəm.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>