Vaşinqtonda iyul ayının 22-sən 27-dək Beynəlxalq QİÇS Konfransı keçiriləcək. Dünyanın aparıcı alimləri daxil edilməklə, tədbirə 20 mindən artıq iştirakçı toplaşacaq. Konfransda dünyanın müxtəlif bölgələrindən 2000-dən artıq jurnalist iştirak edəcək. Natiqlərt arasında sabiq ABŞ prezidenti Bill Klinton, sabiq birinci xanım Lora Buş, Mikrosoftun təsisçisi Bill Geyts və müğənni Elton Con yer alacaq.
Bu xəstəliyin yayılmasının qarşısının alınması sahəsində böyük nailiyyət əldə edilsə də, tam sağalma və vaksinlərə nail olunmayıb.
HİV və QİCS-in vətəni hesab edilən Afrikada xəstələrin və xəstəlik səbəbi ilə ölənlərin sayı yüksək olaraq qalır. Buna səbəb kimi maarifləndirmə və dərmanların gec əldə edilməsi göstərilir. İlk əvvəl adı bəlli olmayan bu xəstəlik arıqlama ilə izah edilirdi. Ayrı-seçkilik, qınaq və mövhumat milyonlarla insanın ölümünə səbəb olub. Ən əsası isə hökumətlərin qayğısızlığı böyük insan tələfatına yol açıb. Afrikada ölüm hallarının üçdə ikisinə bu xəstəlik yol açırdı. Bir zamanlar HİV ölümə məhkumiyyət hesab edilirdi. Afrika ölkələrində bir vaxtlar yalnız dəfn şirkətləri çiçəklənirdi. 2000-ci ildə Cənubi Afrika Respublikası beynəlxalq QİÇS konransına ev sahibliyi edən ilk ölkə olub.
Bir sıra dərmanların istehsalı ilə QİÇS-in yayılmasının qarşısının alınmasında böyük nailiyyət əldə edilib. 2001-ci ildə 40 farmakologiya şirkəti dərmanların daha ucuz variantının istehsalına nail olub.
Şimali Amerikada 1.2 milyon qeydiyyata alınan QİÇS xəstəsi var. Afrikada bu göstərici 22, Cənub-şərqi Asiyada 4.2 milyon, Qərbi və Mərkəzi Avropada 730 min təşkil edir. Xəstəliiyin 50 faizi homoseksual kişilər, 30 faizi heteroseksuallar tərəfindən, 10 faizi isə narkotik maddələrdən istifadə yolu ilə yayılır.
Rəsmi statistikaya görə, Azərbaycanda HİV ilə 3000 insan yaşayır. Bu, real vəziyyəti əks etdirirmi? Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyinin rəhbəri Zülfiyyə Mustafayeva gizli epidemiyaya yoluxanların sayının qat-qat artıq olduğunu bildirir.
Azərbaycanda HİV-lə mübarizənin maliyyə məsələrinə söykəndiyini deyən Zülfiyyə xanım maarifləndirilmənin də qənaətbəxş olmadığından şikayətlənib.
Aşkar olunmayan və özlərinin xəstəliyindən xəbərsiz olan yüzlərlə insanın mövcud olduğunu deyən Zülfiyyə Mustafayeva xəstələrin aşkarlanması və qeydiyyata alınmasının vacuibliyini önə çəkib.