Qadın Dünyası

Sofi Loren – Dörd dəfə 20 yaşında

Dilşad Əliyarlı

Sofi Loren

İtaliya milli kinematoqrafının ikonası, dünya şöhrətli aktrisa Sofi Lorenin bu gün 80 yaşı tamam olur.  İtaliyanın Baş naziri Matteo Renzi Tvitter hesabında Sofi Lorenə təbrik mesajında yazıb:”Bu gün İtaliyanı çox sevən qadının xüsusi ad günüdür. Dörd dəfə iyirmi yaşında Sofi Lorenin ad günü mübarək!”

Aktrisanın yubileyi İtaliyada qeyd edilsə də, o özü dünyanın ən zəngin iş adamı, telekommunikasiya maqnatı Karlos Slimin dəfəti ilə Meksikada onun şərəfinə hazırlanmış sərginin açılışında iştirak edir.

Sərgi Sofi Lorenin məşhur tərəfmüqabili Marçello Mastroyanni ilə çəkildiyi ən populyar filmlərdən birinin adı kimi “Dünən, bu gün və sabah” adlanır. Filmin Sofi Lorenin sənət həyatında oynadığı rol yəqin ki onun yazdığı yeni kitaba da eyni adı qoyması ilə izah edilir. Dekabr ayında işıq üzü görəcək “Dünən, bu gün və sabah: Mənim nağıla bənzər həyatım” adlı memuar kitabında Sofi Loren Frenk Sinatra, Odri Hepbern, Riçard Barton kimi kino və ekran ustaları və təbii ki əvəzolunmaz tərəfmüqabili Marçello Mastroyanni ilə bağlı xatirələrini bölüşəcək. 300 səhifədən ibarət kitaba aktrisanın şəxsi və sənət həyatında ən gözəl anları əks etdirən foto-şəkillər, onun özünün yazdığı və ona yazılan məktublar, eləcə də bol-bol zarafatlar daxil edilib.

Sofi Loren

Sofi Loren kitabın əvvəlində iki oğlu və nəvələrinə Milad yeməyi hazırlamasını təsvir edir və bundan sonra öz otağında“sirlərlə dolu mücrü”nü açıb hekayəsini danışmağa başlayır.

Romada yoxsul ailədə anadan olmuş “nağıla bənzər həyat”ın qəhrəmanı Sofia Şikolene sonradan gələcək həyat yoldaşı Karlo Pontinin təkidi ilə adını dəyişib Loren edib. İtaliya kinematoqrafının bu “qızıl cütü” kino-filmlər və romanlardakı kimi böyük məhəbbət yaşayıb və aktrisanın kino və ailə həyatı beləliklə bir-birilə hər zaman bağlı olub. Sofi Lorendən 22 yaş böyük olan Karlo Ponti 2007-ci ildə dünyasını dəyişənə qədər onun ömür yoldaşı və meneceri olmuşdu.

Sofi Lorenə dünya kino-ekranında şöhrəti rejissot Vittoria de Sikanın “Çoçara” (Hollivuda film “İki qadın” adı ilə nümayiş etdirilib) filmində ifa etdiyi baş rola görə Oskar alması gətirmişdir. Aktrisa bundan sonra Hollivudda daha bir neçə filmdə çəkilib.

Yesterday, Today and Tomorrow

Aktrisanın həyatında ailəsi və övladları böyük rol oynayır. Ana obrazı “İki qadın” filmində onu karyerasının zirvəsinə gətirmiş və sonra həyatının müxtəlif dövrlərində onun yenidən ifasına qayıtdığı bir rol olmuşdu. Lakin əsl analıq, həyatda ana olmaq Sofi Lorenin dediyi kimi, onun ən çox məsuliyyət hiss etdiyi vəzifələrdən biridir.

Uzun müddət gözlənilən memuar kitabı imkanlardan məhrum olmuş şəraitdə böyüyüb dünya kinosunun zirvəsinə qalxa bilən güclü və gözəl qadın olan Sofi Lorenin həyat və yaradıcılığının ən parlaq səhifələri ilə tanış olmaq imkanı verəcək.

Sofi Loren istedadlı aktrisa və eyni zamanda həyat yoldaşı, ana və nənə olmağın sevincini yaşayan bir qadın kimi pərəstişkarları tərəfindən dünən, bu gün və sabah, hər zaman sevilib və seviləcək.

 

Gülçöhrə və Gülnaz-Üzeyir Hacıbəyovun gənc qadın qəhrəmanları

Dilşad Əliyarlı

 

Rəşid Behbudov və Leyla Bədirbəyli "Arşın mal alan" filmində

Üzeyir Hacıbəyov uşaqlıq illərindən həyatımıza əsrarəngiz musiqisi ilə yanaşı, Gülçöhrə və Əsgər, Asya və Süleyman, Gülnaz və Sərvər kimi gənclərin timsalında gənc sevgili dostlar gətirib. Hər il bütün yay və qış tətilləri, yeni il və Novruz bayramlarında “Arşın mal alan” və “O olmasın bu olsun” filmlərinə yenidən baxaraq, bu obrazlar vasitəsilə Üzeyir bəyin özü ilə aramızda bir bağlılıq yaranıb. Bu da Üzeyir bəyin özünün gənclərə olan yaxınlığı və sevgisi ilə bağlıdır.

"O olmasın bu olsun" Sərvər və Gülnaz

Üzeyir Hacıbəyovun iyirminci əsrin əvvələrində yaratdığı obrazlar mütərəqqi, dövrün adətlərinə qarşı etiraz səsini bildirən və yeniliyə cəhd göstərən gənclərdir. Opera və operettalarda qadın rolları və partiyaları ifa etmək üçün aktrisa və müğənnilərin tapılmadığı bir dövrdə dahi bəstəkar gənc azərbaycanlı qızlar olan Gülçöhrə və Gülnazı sevib-sevilmək hüququ olan gənc xanımlar kimi göstərib. Sevdikləri insanla bərabər olmaq üçün Gülçöhrə də, Gülnaz da dövrün normalarının əksinə gedib “ata sözündən çıxma”ğa belə hazır gənc qızlardır. Atası Soltan bəyə “Öldür ata, öldür məni, mən arşın malçını sevirəm” sözlərini deməklə Gülçöhrənin seçim azadlığı istəməsi o dövrdə cəmiyyətdə az qala ictimai inqilaba bənzəyirdi.

Asya-ve-Suleyman

Uşaq yaşlarından böyük müşahidə qabiliyyətinə malik olan Üzeyir Hacıbəyov azərbaycanlı ailələrin məişət problemlərini çox diqqərlə izləyib onları sonradan publisistik əsərləri ilə yanaşı, şərqdə operetta janrının bünövrəsini qoymuş “Ər və Arvad” və “O olmasın bu olsun” kimi səhnə əsərlərində göstərmişdir. Bu tamaşalarda qadın və kişi münasibətləri, cəmiyyətin qadına münasibəti, gənc qadın və kişilərin qarşılaşdığı məhdudiyyətlər təsvir edilir.

Gülçöhrə və Əsgər

Əsgər Gülçöhrə, Sərvər isə Gülnazla evlənmək üçün cəmiyyətdə mövcud maneələri aşmaq yolları axtarır və buna nail ola bilir. Üzeyir bəy dövrünün müasir gənclərinin şərq cəmiyyətlərində rədd edilən sevib-sevilmək istəyi və sevdiyi insanla yaşamaq hüququnu tanıyıb, Əsgər və Gülçöhrəni, Sərvər və Gülnazı müasir gənclər üçün model kimi göstərib.

 

 

Amerika gözəli Kira Kazantsev

Dilşad Əliyarlı

Kira Kazantsev

ABŞ-da rus mühacirlərin ailəsində dünyaya gəlib boya-başa çatmış Kira Kazantsev 2015-ci il Amerika gözəli tituluna layiq görülüb. Nyu-York ştatını təmsil edən 23 yaşlı Kira Kazantsev münsiflər heyəti və tamaşaçıları öz gözəlliyi ilə yanaşı istedadı və intellekti ilə də valeh edə bilib.

Amerika gözəli müsabiqəsi Nyu-Cersi ştatının Atlantic City şəhərində keçirilirdi. Müsabiqənin finalında Nyu York gözəli Kazantsevlə yanaşı Amerikanın daha dörd ştatından gözəllər yarışırdı. Kira Kazantsev final yarışmasında Amerikalı türk dizayner Kerime Atakerin hazırladığı gözləri qamaşdıran açıq çəhrəya rəngli uzun don geymişdi. 2015-ci il Amerika gözəli tacını isə ona keçən il bu titulu qazanmış hind mənşəli Nina Davuluri təqdim edib. Müsabiqənin tarixində ilk hind mənşəli Amerika gözəli olan Nina Davuluri də Nyu-York ştatını təmsil edirdi. Kira gözəllik tacını almaqla Amerika gözəli müsabiqəsi tarixində Nyu-York ştatına bir-birinin ardınca üçüncü dəfədir qələbə gətirib.

Nina Davuluri, Kira Kazantsev

Rus mühacirlərinin ailəsində böyüyən Kira Kazantsev Kaliforniya ştatında anadan olub. Onun valideynləri 1990-cı illərdə Rusiyadan Amerika Birləşmiş Ştatlarına mühacirət edib. Kira Kazantsev ingilis, rus və ispan dillərini mükəmməl bilir. Kaliforniyada orta məktəbdə oxuduğu illər o, yeniyetmələr arasında ştatın gözəli titulunu qazanıb. Beş il bundan əvvəl təhsil almaq üçün Nyu-Yorka gələn Kira Kazantsev Lonq Aylenddəki Hofstra universitetini siyasi elmlər, qlobal araşdırmalar və cografiya ixtisasları üzrə bitirib. Lakin o bununla kifayətlənmir. Amerika gözəli müsabiqəsinin Kira Kazantsevə ayrılmış veb səhifəsində onun hüquq sahəsində doktorluq, biznes administrasiyası sahəsində isə magistr dərəcəsi almaq üçün təhsilini davam etdirdiyi haqda məlumat verilib. Gözəllik müsabiqəsindən öncə o, prestijli Fordham universitetinin hüquq fakültəsinə qəbul olunub.

Kira KazantsevTəhsillə bərabər o, ictimai həyatda da aktiv rol oynamağa çalışır. Kira Kazantsev qadınlara qarşı məişət zəminində zorakılığa son qoyulması kampaniyası aparır. Universitetdə təhsil aldığı illərdə o, oğlan dostu tərəfindən zorakılığa məruz qaldığı üçün indi başqa qız və qadınlara kömək etmək istəyir. Amerika gözəli müsabiqəsi zamanı ona verilən “ABŞ Konqresində qadınlar kişi həmkarlarını hansı məsələnin həllinə cəlb etməlidir?” sualına o, “qadınlara qarşı zorakılıq məsələsinə” cavabını verib.

Gözəl olmaqla yanaşı, Kira Kazantsev müsabiqədə yüksək intellekt, yumor və istedad sahibi olduğunu nümayiş etdirib. Onun müsabiqənin sənət bölməsində Farrel Uilyamsın (Pharrel Williams) “Happy” mahnısını ifa etməsi auditoriyanın böyük rəğbətini qazanıb.

Kira KazantsevAmerika gözəli titulu ilə yanaşı Kira Kazantsev 50 min dollar məbləğində mükafat alıb. Müsabiqənin şərtlərinə əsasən, Amerika gözəli bir il ərzində ölkənin müxtəlif yerlərinə səfər edib ştatlarda görüşlər keçirməlidir. Kira Kazantsev bu tur zamanı qadınlara qarşı məişət zəminində zorakılıqlara son qoyulması kampaniyasını davam etdirməklə məşğul olacaq.

Gözəllik, zəka və istedad sahibi olan Kira Kazantsev Amerika arzusunu gerçəkləşdirməyə davam edir.

 

İŞİD-in qadınlara qarşı müharibəsi

Dilşad Əliyarlı

 

Women and children from the minority Yazidi sect, fleeing the violence in the Iraqi town of Sinjar, walk to a refugee camp after they re-entered Iraq from Syria at the Iraqi-Syrian border crossing in Fishkhabour

 

Birləşmiş Ştatlar və müttəfiq ölkələr Suriyada və İraqda İslam Dövləti qrupu ilə mübarizə strategiyasını hazırladığı vaxt ekspertlər və insan haqları müdafiəçiləri ekstremist qrupun qadınlara qarşı xüsusilə qəddarlıqlar törətdiyi zorakılıqlara diqqət çəkir.

Vaşinqtonda Vudri Vilson mərkəzində Yaxın Şərq şöbəsinin müdiri, tanınmış ekspert Hale İsfəndiyari Wall Street Journal qəzetində bu günlər yazdığı məqalədə beynəlxalq ictimaiyyəti İslam Dövləti qrupunun qadınlara qarşı törətdiyi vəhşiliklərə diqqət verməyə çağırıb. Hale İsfəndiyarinin yazdığına görə, dünya ictimaiyyəti İslam Dövləti qrupunun regional və qlobal təhlükəsizlik  üçün yaratdığı hədələr və riskləri prioritet etdiyi halda, İŞİD döyüşçülərinin qadınları sistematik şəkildə alçaltması kimi mühüm məsələ tamamilə kölgədə qalır. O, Qərb mətbuatında da məsələnin kifayət qədər işıqlandırılmadığını qeyd edir.

Sosial mediada İraq və Suriyada İslam Dövləti qrupunun döyüşçülərinin qadınları qul kimi satdığı, zorladığı, daşqalaq edilərək öldürdüyü və bu kimi başqa zorakılıqlar törətdiyini göstərən foto-şəkillər və video görüntülər yerləşdirilib. Sakinlərin xarici müxbirlər və yerli fəallara dediyinə əsasən, İŞİD döyüşçüləri ələ keçirdikləri ərazilərdə qadınları qul kimi satıb, gənc qızları onlarla evlənməyə məcbur edir. Qrupun başqa dinə və etnik mənsubiyyətə malik qadınlara qarşı daha geniş zorakılıqlar törətdiyi bildirilir.

 Vudro Vilson mərkəzinin avqust ayında tərtib etdiyi xüsusi hesabatda İŞİD döyüşçülərinin islam dini və müsəlman qanunlarının olduqca bəsit və məhdud bir formasını qəbul etdiyi üçün qadınlara qarşı xüsusi qəddarlıq nümayiş etdiyini bildirilir. Ekspertlər İraq və Suriya ərazisində xristian və yəzidi qadınların əsas hədəf olduğunu deyir.

New York Times qəzetində İraq ordusu və kürd peşmərgə yarı-hərbi dəstələrinin əməliyyatları haqda məqalədə əsgərlərin İŞİD-in nəzarətində olan kəndlərdə gördüyü səhnələr təsvir edilib. Peşmərgə dəstəsinin əsgəri bu kəndlərdə ağaca bağlanmış çılpaq qadınları gördüklərini deyiblər. İŞİD əsgərləri əldə etdikləri hərbi üstünlüyə görə bu qadınları zorlayaraq özlərini mükafatlandırırmış.

İraqın şimalında kürdlərin nəzarət etdiyi ərazilərdə şəhər və kəndləri ələ keçirən İŞİD yəzidi qadınları qul bazarında satıb, atəşpərəstlik dininə yaxın təlimin davamçıları olan yəzidi qızlara müsəlman dinini qəbul etdirib onlarla evlənməyə məcbur edib. Amerikada yəzidi icmasının nümayəndəsi Daxel Şammo ABŞ Dövlət Departamentində keçən ay rəsmilərlə yəzidi kürdlərin məsələsini müzakirə edən zaman qadınlara qarşı zorakılıqları da xüsusi qeyd edib. “Onlar kişiləri öz sıralarına keçməyə məcbur edib, sonra qadın və qızları qul bazarında satır”-deyə o bildirib.

İŞİD döyüşçüləri tərəfindən qadın və qızların zorlanması və vəhşicəsinə öldürülməsi halları da geniş yer alır. Halə İsfəndiyari məqaləsində zorlanmış qız və qadınların yerli icma tərəfindən rədd edildiyi və çox zaman öz ailə üzləri tərifindən ya öldürüldüyünü yazır. Zorlanandan sonra hamilə qalmış qadınların döyüşçülər tərəfindən rədd edildiyi və cəməiyyətə biabirçılıq kimi qəbul edildiyi üçün bu qadınların bəzən intihar etməkdən başqa yol tapa bilmədiyi haqda məlumatlar verilir.

Ekspertlər münaqişə dövrü qadınların hər zaman olduğu kimi yenə də ən az müdafiə olunmuş qrup olaraq qaldığını göstərir. Şərq cəmiyyətlərində bu qadınların reabilitasiya imkanları da demək olar yox dərəcəsindədir. Halə İsfəndiyari məqaləsində beynəlxalq ictimaiyyət və xüsusilə də gender bərabərliyi və qadınlara bərabər hüquqların verilməsini dəstəkləyən ərəb ölkələrini İslam Dövləti qrupunun qadınlara qarşı törətdiyi zorakılıqları qınamağa və qadınların müdafiəsinə qalxmağa çağırır.

 

Şobuznesdə ailə münasibətləri

Dilshad Əliyarlı

Angelina-Jolie

Hollivudun ən populyar cütlüyü hesab edilən Ancelina Joli (Angelina Jolie) və Bred Pitt (Brad Pitt) bu yaxınlarda nəhayət rəsmi şəkildə evlənərək kino dünyasının xoşbəxt ailələri sırasına qoşuldu. Avqustun 23-də Brancelinaların (mediada Ancelina Joli və Bred Pitin adlarının kombinasiyasından düzəldilmiş ləqəb-D.Ə.) Fransada Şato Miraval malikanəsində özəl toy mərasimində onların bütün altı usagı iştirak edib. Ancelinanın gəlinlik donunu da uşaqlar dekorasiya edərək onun üzərinə müxtəlif şəkillər çəkiblər. Bəzi şoubiz ekspertləri cütlüyün nəhayət evlənməsinin əsas səbəbləindən biri olaraq uşaqların uzun müddətdir toy mərasimində iştirak etmək arzusu ilə izah edib. Qalmaqallı boşanma proseslərinin şahidi olan Hollivudda Brancelinaların evliliyi əlbəttə ki tipik hal deyil.

Goldie-Hawn

Adətən çoxları şou-biznes aləmində kiminsə nişanlanması, ya da evlənməsi xəbərini eşidəndə bunun uzun sürməyəcək münasibət olduğunu düşünüb ciddi qəbul etmir. Lakin Hollivudda 10 il sürən nikah əbədi evlilik kimi qəbul edilsə də, müşahidələr göstərir ki, getdikcə ciddi münasibətlərə daha çox rast gəlmək mümkündür. Görünür, Hollivud ulduzları populyar “xoşbəxt sonluqlar”ı şəxsi həyata da gətirmək istəyir. Məsələn, kino-ulduz Qoldi Han (Goldie Hawn) və aktyor Kurt Rassel (Kurt Russell) heç vaxt rəsmi şəkildə ailə qurmasalar da, 1983-ci ildən bir yerdədirlər. Aktyor, prodüser və rejissor Tom Henks (Tom Hanks) də aktrisa Rita Vilsonla (Rita Wilson) 1988-ci ildən evlidir. Henks münasibətlərdə özünü xoşbəxt ər hesab etdiyini deyir.

 

İman və Deyvid Bovi

İman və Deyvid Bovi

 

Ekspertlər hazırda Amerikada boşanma hallarının 50 faizə yaxın olduğunu deyir. Buna görə də Hollivuddan kənarda 10 ildən artıq yaşayan ailələr sanki tarixi bir mərhələni keçmiş olur. Ekran və şou-biznes ulduzları arasında da bu mərhələni atlayan cütlüklər var. Supermodel İman və onun həyat yoldaşı, Britaniyanın rok-n-roll ulduzu Deyvid Bovi (David Bowie) 1992-ci ildən evlidirlər. İman müsahibələrinin birində etiraf edib ki, xörək hazırlamağı sevir və həyat yoldaşı üçün səhər yeməyini bəzən hətta yataq otağına aparır. Hollivudun daha bir ulduzu Meril Strip (Meryl Streep) nümunəvi ailəsi olan qadın hesab edilə bilər. Dörd uşaq anası, rekord sayda Oskar mükafatına nominasiya edilmiş və iki dəfə Amerika kino akademiyasının ən yüksək mükafatını almış aktrisa “mən ailəmi sevirəm” deyir.

 

Meril Strip ailəsi ilə

Meril Strip ailəsi ilə

 

Müşahidəçilərin sezdiyi daha bir tendensiya isə əyləncə biznesində gənc cütlərin evlənməyə meylli olması və nikahda qalması ilə bağlıdır. Dünyada yəqin ki ən məşhur cütlük olan Brancelinaların ailəsi tam mənada xoşbəxt ailəyə bənzəmirmi? Burada düzdür uşaqların Ancelina Joli və Bred Pittin Hollivud üçün o qədər də tipik olmayan xoşbəxt ailə imicini qoruyub saxlaya bilməsində rolu qeyd edilir. Deyilənlərə görə altı uşaqlı ailədə səs-küydən ağız deyəni qulaq eşitmir. Amma Ancelina Joli də, Bred Pitt də ailədə çox uşaq istədiklərini dəfələrlə vurğulayıblar. Hətta Bred Pittin cazibədar aktrisa Cennifer Anistondan (Jennifer Aniston) ayrılmasının bir səbəbi kimi məhz böyük ailə məsələsində onların fikirlərinin üst-üstə düşməməsi göstərilib.

Şou-biznesdə cütlərin ayrılmasının başlıca səbəblərini heç kim dəqiq göstərə bilmir. Bəzən bunu uzun-uzadı davam edən çəkilişlər və qeyri-müəyyən iş cədvəli ilə izah edirlər. Başqa tərəfdən, gözəl tərəf müqabillə romantik səhnələrin də rolu yəqin ki az deyil. Hollivudun ən eleqant qadınlarından biri olan Odri Hepbern (Audrey Hepbern) toy günü müəyyən edilib, gəlinlik donu hazır olandan sonra intensiv çəkilişlərə görə toyunu təxirə salmışdı. Sonradan o, eyni adamla deyil, əvvəlcə amerikalı aktyor Mel Ferrer, ondan boşandıqdan sonra isə italyan həkim Andrea Dottitlə ailə qurmuşdu. Görəsən, bunda “Roma tətilləri”nin rolu olubmu?

Qreys Kelli və şahzadə Reynier

Qreys Kelli və şahzadə Reynier

 

Böyük ekrandan Avropanın ən qədim monarxlarının qəsrinə köçmüş aktrisa Qreys Kelli (Grace Kelly) Monako şahzadəsi Reyniyerə ərə gedəndən sonra bir daha filmə çəkilməmişdi. Gözəllər gözəli Kelli onu dünyalar qədər sevən şahzadə Reyniyerə bir vəliəhd və iki şahzadə qız bəxş etmişdi. Aktrisa-monarxinya Kelli 1982-ci ildə avtomobil qəzasında dünyasını dəyişənə qədər xoşbəxt ailə həyatı sürmüşdü.

 

Culiya Roberts "Qaçmış gəlin" filmində

Culiya Roberts “Qaçmış gəlin” filmində

Böyük ekran, ya da böyük səhnə ulduzlarının ailə münasibətlərində qeyri-sabitliyin əsas səbəbini çox hallarda bu insanların populyarlığı və onların daim şaiyələrin mərkəzində olması ilə izah edirlər. Paparazzilərin əlindən yaxa qurtarmağa çalışan ulduzların sabit həyat sürə bilməsi asan deyil. Şou-biznes dünyasında özəl münasibətləri gözlərdən kənar saxlamaq çətindir, münasibətləri qoruyub-saxlamaq isə bundan da mürəkkəb bir işdir. Yəqin məhz buna görə bir tərəfdən hər şeyi bilmək istəyən mətbuatın həddindən artıq böyük marağı, başqa tərəfdən isə yaradıcı atmosferdə sağlam ailə qurmağın çətinliklərinə baxmayaraq, romantik münasibətləri qoruyub saxlaya bilən sənət adamları hamının rəğbəti və sevgisini qazanır.