Dilşad Əliyarlı

Dünya İqtisadi Forumunun açıqladığı yeni illik hesabatda son 10 ildə dünyanın bir sıra ölkələrində qadınlar və kişilər arasında bərabərliyin təmin olunmasında müsbət inkişafların olduğu qeyd edilib. Lakin bununla belə, gender bərabərliyi indeksinə dair hesabatda göstərilir ki, qlobal səviyyədə qadınlar və kişilər arsında bərabərliyin təmin olunması üçün uzun illər lazım ola bilər. 2006-cı ildən başlayaraq hesabat hazırlayan mütəxəssislər buna belə görünür 81 ildən sonra, yəni 2095-ci ilə qədər nail olmağın mümkünlüyünü qeyd edib.

Dünya İqtisadi Forumunun gender bərabərliyi indeksinə dair hesabatında dünyanın 142 ölkəsində qadınlar və kişilər arasında dörd sahədə bərabərliyin təmin edilib-edilmədiyi müəyyənləşdirilir. Buraya maaşlar da daxil olmaqla iqtisadi iştirak və imkanlar, təhsil, siyasi hüquq və imkanlar, sağlamlıq və sağ qalma göstəriciləri daxildir. Hesabata əsasən, dünyanın heç bir ölkəsində bütün sahələrdə gender bərabərliyi tam təmin edilməyib. Lakin son illər bir sıra ölkələrdə daha çox qadının işləməyə başlaması və siyasi proseslərə cəlb olunması nəticəsində qadınlar və kişilər arasında gender bərabərsizliyinin azaldığı müşahidə edilir.

Dünyanın gender bərabərliyi göstəricisinə görə ən yaxşı 10 ölkəsi arasında birinci beş yeri İslandiya, Finlandiya, Norveç, İsveç və Danimarka tutur.

Dünya İqtisadi Forumunun hesabatında gender bərabərliyi indeksinə görə Azərbaycan 142 ölkə arasında 94-cü yerdədir. Hesabatda deyilir ki, səhiyyə və sağ qalma kateqoriyasında Azərbaycan, Albaniya və Ermənistan  Avropa və Mərkəzi Asiya regionunda ən aşağı göstəricilərə malik üç ölkədir. Azərbaycan həm də səhiyyə və sağ qalma kateqoriyasında orta səviyyədən aşağı səviyyədə olan doqquz ölkədən biridir.

Keçmiş Sovet İttifaqı respublikaları arasında gender bərabərliyi indeksinin ən yüksək olduğu ölkə 15-ci yerdə gələn Latviyadır.

Gender bərabərliyi indeksinə görə Nikaraqua dünyanın 6-cı ən yaxşı ölkəsi kimi göstərilir. Hesabatda dünyanın ən yaxşı 10 ölkəsi arasında Ruandanın 7-ci yerə çıxması mütəxəssislər tərəfindən iş yerlərində demək olar bərabər sayda qadın və kişinin çalışması ilə izah edirlər. Filippin Asiya qitəsində gender bərabərliyinin ən yaxşı təmin edildiyi ölkə kimi 9-cu yerdədir.  10 ən yaxşı ölkə arasında 8-ci yerdə İrlandiya, 10-cu yerdə isə Belçika gəlir.

Amerika Birləşmiş Ştatları dünyanın gender bərabərliyi göstəricisinə görə ən yaxşı 10 ölkəsi arasında deyil. ABŞ qadın və kişilərin maaşları arasında fərqin azalması və qadınların siyasi iştirakı və yüksək vəzifələrə təyin edilməsi göstəricilərinin yaxşılaşmasına görə keçən il 23-cü yerdən üç pillə yuxarı qalxaraq, bu il 20-ci yerə çıxıb. Gender bərabərliyi göstəricisinə görə dünyanın ən pis ölkəsi Yəməndir. Mütəxəssislər bunun səbəbini qadınlar arasında ölüm halları və 6-14 yaşlarında qızların böyük hissəsinin məktəbə getməməsi ilə izah edirlər.

Gender bərabərliyi indeksinə dair hesabatda deyilir ki, dünyanın bir sıra ölkələrində son illər daha çox qadının iş yerlərinə cəlb olunması, siyasi hüquqlar və imkanlar əldə etməsinə baxmayaraq, tədqiqat aparılan ölkələrin 30 faizindən çoxunda təhsil sahəsində qadınlar və kişilər arasında bərabərsizlik hələ də güclü olaraq qalır.