Dilşad Əliyarlı

Meryl-Strip

Hollivudun əfsanəvi aktrisası Meril Strip yaşı 40-dan yuxarı olan qadın ssenari müəlliflərinə yardım məqsədilə yeni təşəbbüsə qoşularaq böyük məbləğdə maliyyə vəsaiti ayırıb.

Yazıçılar Laboratiyası adlanan qrupun ekspertləri Nyu-York ştatında yerləşən bir istirahət güşəsində qadın ssenari müəllifləri üçün xüsusi məşğələlər keçirəcək.

Meryl-Streep-Oscars

Qadın ssenari müəlliflərinin yazdığı ssenarilərin böyük ekrana çıxa bilməsinə yardım məqsədi daşıyan bu yeni təşəbbüs hər il yaz aylarında Nyu-Yorkda keçirilən Traybeka kino-festivalında irəli sürülüb. Traybeka kino-fesitalının özü də 2001-ci ildə Nyu-Yorkda terror hücumlarından sonra sənət vasitəsilə şəhərə dəstək məqsədilə keçirilməyə başlayıb.

Son illər aparılmış araşdırmalar göstərib ki, qadın ssenari müəlliflərinin sayı kişilərlə müqayisədə getdikcə azalır. Eyni zamanda, araşdırmada qadın yazarların kişilərə nisbətən daha az maaş aldığı da qeyd edilib.

Meril Strip "Dəmir iradəli qadın" filmində Marqaret Tetçer rolunda

Meril Strip “Dəmir iradəli qadın” filmində Marqaret Tetçer rolunda

Lakin gender-qeyri bərabərliyi Hollivudda təkcə bu sahəyə aid deyil. Qadın aktrisalar böyük ekranda unudulmaz obrazlar yaratdığı halda, qadın kino-rejissorlar və ssenari müəlliflərinin yüksək pillələrə çıxması daha çətindir. Oskar tarixində indiyə qədər yalnız 2010-cu ildə Ketrin Bigelou ən yaxşı kino-rejissor kateqoriyasında Amerika Kino Sənəti və Elmlər Akademiyasının ən yüksək mükafatını ala bilib. Qadın ssenari müəlliflərinə dəstək kino ulduzlarının Hollivudda gender qeyri-bərabərliyi məsələsinə diqqət yönəltdiyinə bir işarədir.

Təkraraolunmaz Merill Strip də bu işə öz töhfəsini verməyə çalışır. Çoxları yəqin ki 2015-ci il Oskar mükafatlarının təqdimatı mərasimində Meril Stripin ən yaxşı qadın tərəfmüqabil kateqoriyasında mükafat alan aktrisa Patrisiya Arquettin gender bərabərliyi və bərabər maaşlar çağırışı ilə etdiyi çıxışı zamanı onu alqışladığı səhnəni xatırlayır.

 

 

Meryl-Streep-Iron-Lady-Movie

Meril Strip eyni zamanda, dünya ölkələrində qadınlar arasında yoxsulluq probleminə son qoymaq çağırışı ilə Almaniya kansleri Angela Merkel və Afrika Birliyinin rəhbəri Nkosazana Dlamini-Zumaya ünvanlanmış açıq məktubu imzalayıb. Məktuba Merill Striplə yanaşı, Facebook şirkətinin əməliyyatlar bölməsinin rəhbəri Şeril Sandberq və müğənni Beyonsi də imza atıblar.

Böyük ekranda bir sıra yadda qalan qadın obrazları yaradan Meril Strip hazırda İngiltərədə qadınlara səsvermə hüququnun verilməsi uğrunda mübarizə aparan Emmelin Pankhörst obrazı üzərində işləyir. Filmin rəsmi videosu Britaniyada qadınları seçkilərdə təşviq etmək üçün parlament seçkilərindən öncə yayımlanıb.