Kaliforniya ştatının San Diyeqo universitetində qadın hüquqları mövzusunda magistr dərəcəsi almış Sevil Süleymani İran Azərbaycanında qadın və qızların təhsil imkanları və feminizm məsələlərini tədqiq edir. Sevil Süleymani Amerikanın Səsinin “Amerika icmalı” proqramında müsahibədə İran Azərbaycanında qadın və qızların problemlərindən danışıb.
Güneyli fəal İranda dini qanunların mövcud olduğu şəraitdə bütün etnik qruplara mənsub qadınların bunun iqtisadi və sosial təsirlərinə məruz qaldığını deyib.
O bildirib ki, bununla yanaşı, Azərbaycan qadınları etnik türk azlığı olaraq əlavə basqılar altındadır və buraya ana dilində təhsil almaq imkanının verilməməsi də daxildir.
“Yəni hər zaman Azərbaycan qadını psixoloji olaraq o biri etniklər, xüsusilə də fars etnikdən, qadınından təzyiq altındadır. Özünü heç zaman hüquqi olaraq, amma təkcə hüquq baxımından da deyil, hətta vətəndaşlıq baxımından da özünü fars qadınla bərabər görə bilmir.”
Azərbaycan qadınının ana dilində oxumamasına görə məktəbə getdikdə o, fars qadınından geri qalır. İllərlə bu psixoloji sıxıntını özü ilə çəkir və bunu təhsilin sonuna qədər özü ilə aparır.
Sevil Süleymani ana dilində təhsil hüquqlarının təmin olunmamasının qadınların təhsil imkanlarına təsirlərindən danışıb.
“Azərbaycan qadınının ana dilində oxumamasına görə məktəbə getdikdə o, fars qadınından geri qalır. İllərlə bu psixoloji sıxıntını özü ilə çəkir və bunu təhsilin sonuna qədər özü ilə aparır.”
Sevil Süleymani azərbaycanlı qadınların ana dilində təhsil ala bilməməsinin nəticələrini Səkinə Aştiyaninin işi üzərində izah edib.
“Səkinə Aştiyani daşqalaq hökmü almışdı. O gedir məhkəməyə, ona hökmü oxuyurlar, o, daşqalaq hökmünü alanda dili bilmədiyi üçün başa düşmür ki, buna nə deyirlər, sevincək dönür ki, mən bəraət almışam, mənə yaxşı bir hökm verilib. Yəni Azərbaycan qadını təhsil ala-almaya dil məsələsi həmişə onunla qalır.”