Dilşad Əliyarlı

 

Avqustun 1-dən 7-nə qədər beynəlxalq Ana südü ilə qidalanma həftəsidir. Ümumdünya Səhiyyə Təşkilatının BMT-nin Uşaq agentliyi UNICEF-lə birlikdə keçirdiyi beynəlxalq kampaniyada dünya ölkələrində ana südü ilə qidalanmanın uşaqların sağlam həyatında rolu və əhəmiyyətinə xüsusi diqqət çəkilir.

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, dünyanın 194 ölkəsindən yarıdan az hissəsi-40 faizində altı aydan kiçik körpələr yalnız ana südü ilə qidalanır.

Ana südünün körpələrin həyatının ilk altı ayında xüsusilə böyük əhəmiyyəti var. Ana südü ilə qidalanma körpələrdə uşaqlar arasında ölümə səbəb olan ishal və pnevmoniya kimi halların qarşısının alınmasına kömək edir.

Körpələrini əmizdirən analarda isə qadınlar arasında ən çox ölümə səbəb olan yumurtalıq və döş xərçəgi kimi xəstəliklərin riski azalır.

 

Ümumdünya Səhiyyə Təşkilatı ana südü ilə qidalanmanı körpələrin həyata ilk çağlardan sağlam başlamasının əsası olduğunu bildirir. Bu, körpənin xəstəliklərə qarşı ilk peyvəndi və əsas qida mənbəyidir. Tibb mütəxəsissləri ana südü ilə qidalanmanın körpələrin əqli cəhətdən inkişafına kömək etdiyini deyir.

Ana südü ilə qidalanma həm də ən yaxşı investisiya adlandırılır. Belə ki səhiyyə xərclərini azaltmaqla və sağlam gənc işçi qüvvəsi yaratmaqla dünya ölkələrində iqtisadi inkişafa nail olmaq olar.

Körpəmi əmizdirərkən ona həmin məqamda verə biləcəyim ən yaxşı nə varsa onu verdiyimi düşünürəm-Aliya Şagiyeva

Ana südü ilə qidalanmaya qlobal miqyasda dəstəyə həqiqətən də böyük ehtiyac var, belə ki bu, analar, uşaqlar və cəmiyyətin inkişafına xidmət edir.

Lakin hələ də bir çox ölkələrdə qadınların ictimai yerlərdə körpələri əmizdirməsi cəmiyyət tərəfindən mənfi qarşılanır. Hərbi qüvvələrdə xidmət edən qadınların körpələri əmizdirməsi üçün xüsusi yerlərin ayrılması isə uzun illər və səylərdən sonra mümkün olur.

 

Aliya Şagiyeva

 

Bu həftə Qırğızıstan prezidentinin qızı Aliya Şagiyevanın körpə qızını əmizdirməsini əks etdirən fotoları ilə bağlı mübahisələr cəmiyyətdə kifayət qədər dəstəyin olmaması ilə yanaşı, həm də stereotiplərin mövcud olduğunu göstərir. Sosial mediada paylaşdığı fotoları müdafiə edən Aliya “körpəmi əmizdirərkən ona həmin məqamda verə biləcəyim ən yaxşı nə varsa onu verdiyimi düşünürəm” cavabı verib. Analıq duyğularını yeni-yeni kəşf etməyə başlayan Aliya deyir ki, körpəsi ilə təmas onun üçün hər şeydən daha önəmlidir.

 

Aliya Şagiyeva

 

Bir neçə il bundan əvvəl Argentina parlamentinin üzvü Viktoriya Perezin körpəsini əmizdirən zaman çəkdirdiyi foto sosial mediada böyük rəğbət və dəstəklə qarşılandı. Lakin çoxları qeyd etdi ki, gənc qadın qanunverici iş yerində bunu edə bilən azsaylı və daha artıq imtiyaza malik qadınlardan biridir.

 

Larissa Uoters qadın hüquq müdafiəçilərinin onu alqışlamasına baxmayaraq, qadının körpəni əmizdirməsi kimi təbii bir hərəkətin dünya miqyasında diqqətə səbəb olmasını təəccüb hissi ilə qarşılayıb. “Doğrudan da qadının uşağı əmizdirməsinin beynəlxalq xəbərə çevrilməsi gülüncdür. Qadınlar bineyi-qədimdən uşaq əmizdirir.”

Larissa Uoters

Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF növbəti 10 il ərzində ana südü ilə qidalanmanın 520 mindən çox uşağın həyatını xilas edə biləcəyini bildirir.

Beynəlxalq təşkilatlar körpələrin ana südü ilə qidalanmasını təmin etmək üçün dünya ölkələrinin hökumətlərini, donorlar və tərəfdaşları növbəti 10 il ərzində hər il 570 milyon maliyyə vəsaiti ayırmağa çağırır.

 

 

Bu kampaniyaya dünya qadınları böyük dəstək verib. Bill və Melinda Gates Fondunun həmtəsisçisi Melinda Geyts dünyanın iqtisadi cəhətdən az inkişaf etmiş ölkələrində qadınlar və uşaqların sağlamlığına investisiya və bunun bir hissəsi kimi ana südü ilə qidalanma praktikasının genişləndirilməsinə kömək məqsədilə kampaniya aparır. Melinda Geyts yazdığı bloqunda özü də hər üç övladını əmizdirdiyini deyib.

ABŞ-ın keçmiş prezidenti Bill Klinton və 2016-cı il prezident seçkilərində demokrat namizəd olmuş Hillari Klintonun qızı Çelsi Klinton də sosial mediada körpələrin ana südü ilə qidalanmasına dəstəyini bildirərək, bunun qlobal standart olmalı olduğunu yazıb.