Dilşad Əliyarlı

 

 

2016-cı il ABŞ prezident seçkiləri Amerika tarixində ən maraqlı seçkilərdən biri hesab edilir. Ötən seçkilərin ən fərqli cəhətlərindən biri isə ilk dəfə olaraq prezidentlik uğrunda mübarizədə qadın namizədin iştirakı idi. Demokrat partiyasından prezidentliyə namizəd olmuş keçmiş dövlət katibi və birinci xanım Hillari Klinton 2016-cı il prezident seçki kampaniyası və seçkilərdə məğlubiyyətini bu günlər işıq üzü görən yeni kitabında izah edib. “Nə baş verdi” adlı kitabında Hillari Klinton Amerika siyasətində qadınların qarşılaşdığı problemlərə və seksizm məsələsinə də xüsusi yer ayırıb.

 

 

Amerikanın keçmiş birinci xanımı kitabında qadınların siyasətdə seksizmlə qarşılaşmasını ayrıca fəsildə təsvir edib. O, Amerikanın ictimai PBS tele kanalına verdiyi müsahibədə siyasətdə belə münasibətlə qarşılaşmış yeganə qadın olmadığını qeyd edib. Klintonun sözlərinə görə, demokrat senatorlar-Kaliforniyadan Kamala Harris, Massaçusetsdən Elizabet Uorren və Nyu Yorkdan Kristen Gillibrand qadın olduqlarına görə fərqli münasibətlə qarşılaşdıqlarını bildiriblər.

Klinton deyib ki, 2016-cı il seçki dövrü ona tez-tez prezidentlik yarışlarına nə üçün qatıldığı haqda sual verilib. Klinton eyni sualla onun kişi rəqiblərinə nadir halda müraciət edildiyini deyib.  “Mən Marko Rubio, Ted Kruz, ya da Berni Sandersə eyni sualın verildiyini eşitməmişəm”, Hillari Klinton bildirib. O, cəmiyyətdə qadın siyasətçilərə münasibətlə bağlı fikirlərini ifadə edib: “Elə bil ki qadının irəli çıxıb `mən yaxşı prezident ola bilərəm, ümid edirəm ki, siz məni dəstəkləyəcəksiniz` deməsində nəsə gizli və ya qeyri-təbii bir şey var idi.”

 

 

Hillari Klinton Amerika siyasi səhnəsində uzun müddətdir əvvəlcə ABŞ-ın birinci xanımı, daha sonra senator, nəhayət dövlət katibi kimi diqqət mərkəzində olub. Prezident seçki kampaniyası dövründə isə onun hər addımı ilə yanaşı görünüşü də müzakirələr doğurub. Müşahidəçilər kişi siyasətçilərin görünüşünə bu qədər diqqət ayrılmadığını qeyd edir. Onların sözlərinə görə, indinin özünə qədər Klinton hər dəfə ictimaiyyət qarşısına çıxanda onun geyimi və saç düzümü kimi hər bir detal müzakirələrə yol açır. Klinton yeni kitabının bir hissəsini şalvar dəsti geyməsinin səbəblərini izah etməyə həsr edib.

“Mən bunu ona görə edirəm ki, mən şalvar dəstlərini sevirəm. Mən özümü professional və işə hazır hiss edirəm”, Kinton yazıb.

Kişi siyasətçilərə gəldikdə adətən onlar geyimlərini ictimai müzakirəyə çıxarmırlar.

Bəzi tənqidçilər Klintonu seçkidə məğlubiyyətini bu qədər müddət keçdikdən sonra da qəbul etməyərək, bunun səbəblərini başqalarında görməkdə günahlandırır. Lakin başqaları hesab edir ki, Klintona münasibətdən asılı olmayaraq, onun kitabı gender bərabərliyi məsələsinə diqqət verən hər kəs üçün maraqlı olmalıdır. Onların fikrincə, Klintonun milli siyasi arenada keçdiyi sınaqlar əslində qadınların demək olar hər gün qarşılaşdığı gender problemlərini müəyyən dərəcədə əks etdirir. Klinton inanır ki, seksizm və qadınlara qarşı qərəz təkcə siyasətə aid deyil. “Bu, biznes də var. Biz Silikon vadisində də belə çox halları müşahidə edirik. Bu, mediada da, mədəniyyətdə də var”, o, müsahibəsində bildirib.

“Elə bil ki qadının irəli çıxıb `mən yaxşı prezident ola bilərəm, ümid edirəm ki, siz məni dəstəkləyəcəksiniz` deməsində nəsə gizli və ya qeyri-təbii bir şey var idi.”

Klinton kitabında qadın siyasətçi kimi qarşılaşdığı seksizm və qərəz də daxil olmaqla, əvvəllər etiraf etdiyi kimi ağır keçirdiyi məğlubiyyətinin müxtəlif səbəblərini göstərir. O indiyə qədər keçirilmiş bütün seçkilərdən fərqli olan 2016-cı il seçkilərində məğlubiyyətini özünəməxsus, müəyyən dərəcədə unikal hadisə kimi qəbul edir. Hillari Klintonun prezidentliyə ilk qadın namizəd olması qadınların siyasi karyeranın zirvə nöqtəsinə gəlib çata bilməsinə bir nümunə kimi qəbul edilirdi. Seçki günündən sonra Klinton qızlara üz tutaraq ilk mesajında bunları yazmışdı:

“Bu gün izləyən bütün qızlar…heç vaxt dəyərli və güclü, dünyada hər bir fürsət və imkana layiq olduğunuza şübhə etməyin.”