Qadın hüquqları fəalları son aylar İranda baş örtüyünə etiraz aksiyalarının qadın hüquqları sahəsində inkişafa doğru addım hesab etdiyini bildirir. Qadınlar bu dinc aksiyalar yolu ilə ölkədə qadın fundamental hüquqlarının tapdanması, özəl həyatlarının bütün sahələrinə müdaxilə etirazlarını ifafə edir.
Güneyli qadın hüquqları müdafiəçisi Simin Səbri Amerikanın Səsinin “Amerika icmalı” proqramında müsahibədə İran Azərbaycanında qadınların problemləri, ana dilində məktəblərin olmamasının qızların təhsil imkanlarına təsiri və baş örtüyünə etirazlardan danışıb.
Əgər həmin bu qızlar öz ana dilində, tükrcə dərs oxusaydılar, məktəbə getsəydilər və media bunların dilində yayılsaydı, tez ərə getməyin faciələrini elə radiodan, qəzetdən oxuyub öyrənərdilər.
“İran İslam Cumhuriyyətinin sistemi özəllikləri, yəni şiə məzhəbinin hökm sürdüyü, İran qanunlarında öz əksini tapdığı üçün ölkədə yaşayan qadınlar, onlar ölkənin yarısından çoxunu təşkil edir, onları birbaşa hədəf alır”, Simin Səbri bildirib. Onun sözlərinə görə, radikal qanunların tətbiq edildiyi cəmiyyətdə qadınlar böyük təzyiq altındadır.
Simin Səbri bildirib ki, 1979-cu ildən sonra bütün vətəndaşlara tətbiq edilməyə başlayan dini təzyiqlər qadınların həyatına öz təsirini göstərib. “Qorxunc bir vəziyyət yarandı ki, qadınlar nəinki öz haqları, hətta vətəndaş haqları barədə ucadan danışa bilməsinlər. Onlara məcburi baş örtüyü tətbiq edildi, məcburi irsdən məhrum olma qanunları gəldi. Yəni qardaşı, kişinin aldığı mirasın yarısını almaq qanunları gəldi, məhkəmədə iki ağlıkəm insanın şəhadətinin bir qadınla bərabər olması kimi məsələlər ortaya çıxdı. Yəni qadınlar bunlara heç bir etiraz edə bilmirlər. Çünki qadınlar həm bir qrup kimi, həm də şəxsi olaraq hədəf alınır.”
Simin Səbrinin bildirdiyinə görə, qadınlaraq qarşı zorakılıq, onların hüquqlarının pozulması hallarının geniş yayılmasına baxmayaraq, bu haqda informasiyanın alınması qarşısında böyük çətinlikliklər mövcuddur.
Simin Səbri bildirib ki, Güney Azərbaycanda ana dilində təhsilin təmin olunmaması savadsızlığın artması, qızların gələcək imkanlardan məhrum edilməsi kimi hallara gətirib çıxarıb. “Əgər həmin bu qızlar öz ana dilində, tükrcə dərs oxusaydılar, məktəbə getsəydilər və media bunların dilində yayılsaydı, tez ərə getməyin faciələrini elə radiodan, qəzetdən oxuyub öyrənərdilər. Dil şərait yaradır ki, ucqar yerlərdə insanlar öz haqları, öz sağlamlıqları, cinsəl, ruhsal səhiyyələri haqqında məlumatlansınlar. Məhz bundan məhrum olmaq ümumiyyətlə böyük bir faciəyə yol açır, ki buralarda qızlara əlverişli şərait yaranır ki, savadsızdırlar onsuz da, ev işləri öyrənirlər və ərə gedirlər. ”
Simin Səbri son aylarda İranda məcburi baş örtüyünə qarşı keçirilən aksiyalara müsbət bir inkişaf kimi baxdığını bildirib. “Mən buna çox sakit, sülh çərçivəsində etiraz kimi baxıram. Çox pozitivdir. Ona görə ki, bu baş örtüyü həm qadınların qrup şəklində haqlarını tapdalayır, həm də qadınları insan olaraq insan haqlarını tapdalayır, fikir azadlığı, geyim azadlığı, hansı musiqini dinləmək azadlığı. O üzdən fərdi etirazlar bir simvol halına gəlir.”