ABŞ-ın birinci xanımları Tramp administrasiyasının Birləşmiş Ştatlara qeyri-qanuni keçən mühacirlərə qarşı dözümsüzlük siyasətinin nəticəsi olaraq sərhəddə uşaqları valideynlərindən ayırmaq praktikasını tənqid edib. Tramp administrasiyasi bu addımın mühacirlərin ölkəyə qeyri-qanuni gəlməsinin qarşını almaq üçün atıldığını deyərək, immiqrasiya siyasətini müdafiə edir.
ABŞ-ın Meksika ilə sərhədində yaranmış vəziyyət hər iki siyasi partiyanı təmsil edən qanunvericilərdən tutmuş vətəndaş hüquqları müdafiəçiləri və hətta Amerikanın hazırkı və keçmiş birinci xanımlarının qoşulduğu geniş ictimai debatlara yol açıb.
İctimaiyyət arasında adətən tez-tez görünməyən birinci xanım Melaniya Tramp bu diskussiyadan kənarda qalmayaraq, sözçüsü vasitəsilə açıqladığı bəyanatda uşaqların ailələrindən ayrılması nəticəsində yaranmış durumla bağlı narahatlığını ifadə edib.
“Xanım Tramp uşaqların öz ailələrindən ayrılmasını görmək istəmir və ümid edir ki, hər iki tərəf nəhayət bir araya gələrək müvəffəq mühacirət islahatına nail ola biləcək”, birinci xanımın sözçüsü Stefani Qrişamın açıqladığı bəyanatda bildirib. “Xanım Tramp inanır ki, biz qanunlara riayət edən ölkə, amma eyni zamanda mərhəmətlə idarə edən bir ölkə olmalıyıq”, bəyanatda deyilir.
Uşaqların müdafiəsi və onların problemlərinin həlli Melaniya Trampın may ayında açıqladığı “BeBest” təşəbbüsünün əsasında durur.
ABŞ-ın keçmiş birinci xanımı Lora Buş bu həftə The Washington Post qəzetində yazdığı baş məqalədə uşaqları valideynlərindən ayırmaq praktikasını “qəddar” və “mənəviyyatsız” adlandırıb.
I live in a border state. I appreciate the need to enforce and protect our international boundaries, but this zero-tolerance policy is cruel. It is immoral. And it breaks my heart.https://t.co/he1uw1E96A
— Laura Bush (@laurawbush) June 18, 2018
“Uşaqların sərhəddə valideynlərindən ayrılması ürəyimi ağrıdır” adlı məqaləsini Twitter səhifəsində bölüşən Lora Buş yazıb: “Mən sərhəd ştatında yaşayıram. Mən bizim beynəlxalq sərhədlərimizin qorunması və müdafiəsi zərurətini başa düşürəm, amma sıfır-tolerantlıq siyasəti qəddarlıqdır. Bu, mənəviyyatsızlıqdır. Və mənim ürəyimi ağrıdır.”
Keçmiş birinci xanım Mişel Obama Lora Buşu mesajını Twitter sosial şəbəkəsində bölüşüb və əlavə edib ki, “bəzən həqiqət partiya sədlərini aşır”.
Keçmiş prezident Barak Obama xanımının mesajını özü Twitter səhifəsində bölüşüb.
Sometimes truth transcends party. https://t.co/TeFM7NmNzU
— Michelle Obama (@MichelleObama) June 18, 2018
Keçmiş birinci xanım və 2016-cı il seçkilərində prezident Trampın rəqibi olmuş Hillari Klinton sərhəddə durumu “humanitar böhran” adlandırıb.
What’s happening to families at the border right now is a humanitarian crisis. Every parent who has ever held a child in their arms, every human being with a sense of compassion and decency, should be outraged.
— Hillary Clinton (@HillaryClinton) June 18, 2018
“Hazırda sərhəddə baş verənlər humanitar böhrandır. Qucağında uşaq saxlayan hər bir valideyn, mərhəmət və ləyaqət hissi olan hər bir insan hiddətlənməlidir”, Hillari Klinton Twitter səhifəsində yazıb.
O, mühacirət siyasəti ilə bağlı fikirlərini bölüşərək əlavə edib: “Biz ailələri ayıran, məişət zəminində zorakılıqdan qaçan qadınlara göz yuman və qorxmuş uşaqlardan siyasi məqsədlərlə istifadə edən ölkədən daha yaxşı bir ölkə olmalıyıq.”
We should be a better country than one that tears families apart, turns a blind eye to women fleeing domestic violence, and treats frightened children as a means to a political end.
— Hillary Clinton (@HillaryClinton) June 18, 2018
Hillari Klinton da sosial şəbəkədə keçmiş birinci xanım Lora Buşun baş məqaləsini bölüşüb və tərəfdarlarını mühacirlərə yardım məqsədilə ianə verməyə çağırıb.
ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin xanımı Rozalin Karter məsələyə münasibət bildirərək, uşaqları valideynlərindən ayırmaq praktikasını “biabırçı” adlandırıb.
Karter Mərkəzinin açıqladığı bəyanatda Rozalin Karter birinci xanım olduğu zaman qaçqınların işlədiyi illəri xatırladıb.
Statement from former U.S. First Lady Rosalynn Carter on children separated from their parents at the border: pic.twitter.com/WVg91SWutl
— The Carter Center (@CarterCenter) June 18, 2018
“Mən birinci xanım olduğu zaman diqqəti Kambocadan Tailanda qaçan qaçqınların acınacaqlı durumuna çəkməyə çalışırdım. Mən Tailanda səfər etmişdim və valideynlər və uşaqların onlardan asılı olmayan səbəblərə görə bir-birindən ayrılması nəticəsində aldıqları travmaların ilk şahidi olmuşdum. Bu gün Meksika ilə sərhəddə uşaqları valideynlərdən ayırmaq praktikası və siyasəti biabirçılıqdır və bizim ölkəmizə utanc verir.”
Bəzi müşahidəçilər birinci xanımların hakimiyyətdə olan prezidentin siyasətinin tənqidində birlik göstərməsini qeyri-adi hal kimi qiymətləndirir. Birinci xanımların mövqeyi Amerika ictimaiyyətinin məsələ ilə bağlı mövqeyini əks etdirir. Aparılmış rəy sorğularına əsasən, amerikalıların əksəriyyəti uşaqların sərhəddə valideynlərindən ayrılmasına qarşı çıxır.