Dilşad Əliyarlı

ABŞ-ın keçmiş birinci xanımı Mişel Obamanın Təşəkkül (Becoming) memuar kitabı 2018-ci ildə ən çox satılan kitabdır. Noyabrın 13-də işıq üzü gördüyü gün kitabın 750 min nüsxəsi satılıb. Bunun səbəbi aydındır: Mişel Obama siyasətdən kənar Amerikanın mədəni həyatında özünəməxsus yer tutur.

426 səhifəlik memuar Mişel Obamanın anadan olduğu Çikaqoda uşaqlıq illərindən tutmuş Ağ Evdə yaşadığı illəri əhatə edir. Kitabda Mişel Obamanın həyat hekayəsi onun ölkənin ilk qara birinci xanımı kimi tarixi statusu ilə əlaqəli şəkildə çatdırılır.

Təşəkkül kitabı üç hissəyə bölünüb. Birinci hissədə Mişel Obama Çikaqo şəhərinin dərin sosioloji təhlilini verir, şəhərin insanlarından bəhs edir. Sosiologiya və Afro-Amerika araşdırmaları üzrə təhsil alan xanım Obama gender, ictimai təhsil, irq və cəmiyyətdə siniflər kimi məsələləri təhlil edilir.

Kitabın ikinci hissəsi Mişel Obamanın keçmiş prezident Barak Obama ilə tanışlığı, ailə həyatı və onlar arasında münasibətlərə həsr edilib. Keçmiş birinci xanım burada həyat yoldaşı ilə ailə həyatında bəzi yaşanan problemlər haqda açıq şəkildə danışıb.

Memuarın üçüncü hissəsində isə Mişel Obamanın ictimai xadim kimi fəaliyyətindən bəhs edilir. Burada onun birinci xanım kimi nailiyyətləri və irsi haqda özünün fikirləri əks etdirilir. Həyatının ən uğurlu və uğursuz anlarını təsvir edən Mişel Obama xüsusilə də həyat yoldaşının 2008-ci ildə prezidentlk kampaniyası zamanı qarşılaşdığı stereotiplər haqda açıq və səmimi şəkildə danışır.

Mişel Obamanın memuarı ABŞ-ın digər birinci xanımları tərəfindən yazılmış kitabların davamı hesab edilə bilər. Lakin Becoming Mişel Obamanın unikal hekayəsindən bəhs etdiyinə görə başqa memuarlardan fərqlənir. Bu, çoxlarının fikrincə, Amerika arzusu ilə yanaşı, həm də Amerika reallıqlarının səmimi bir şəkildə təsvir edildiyi memuardır.

ABŞ-ın digər keçmiş birinci xanımlarına gəldikdə, keçmiş prezident Corc Buş oğulun xanımı Lora Buşun “Səmimi söhbət” (Spoken from the Heart) xatirə kitabında da o, Texasda uşaqlıq illərindən Ağ Evə aparan yolu təsvir edib.

ABŞ-ın keçmiş dövlət katibi, 2016-cı il prezident seçkilərində Demokrat partiyasından namizəd olmuş Hillari Klintonun 2003-cü ildə keçmiş prezident Bill Klintonla Ağ Evdə yaşadığı dövrdən bəhs edən “Tarixi Yaşayaraq” (“Living History”) kitabı da həmin dövr ən çox satılan populyar memuar olub. Kitabın nəşr edildiyi ilk gün onun 600 mindən çox nüsxəsi satılıb.

ABŞ-ın keçmiş birinci xanımının memuarı dünyanın 24 dilinə tərcümə ediləcək. Mişel Obama Amerikanın ştat və şəhərlərində hazırda kitabın imzalanması turları keçirir.