Dilşad Əliyarlı

Forbes jurnalı dünyanın ən zəngin insanlarının yeni siyahısını açıqlayıb. Amerika Birləşmiş Ştatları dünyada milyarderlərin sayına görə rekord 607 nəfərlə birinci yeri tutur. Dünyada 20 ən zəngin insandan 14-ü Amerikadadır. Dünyanın ən zəngin üç adamı isə Amazon şirkətinin təsisçisi Ceff Bezos, Bill və Melinda Geyts Fondunun prezidenti Bill Geyts və Amerika biznes maqnatı və investoru Uorren Baffetdir.

ABŞ-ın ən zəngin insanları siyahısında 88 qadın var. Amerikanın ən zəngin qadını Walmart şirkətinin prezidenti Alis Ualtondur. Siyahıda dünyanın ən böyük qənnadı məhsulları şirkəti olan Mars-ın üçdə bir hissəsinin sahibi olan xeyriyyəçi Jaklin Mars, Apple şirkətinin təsisçisi, mərhum Stiv Cobsun xanımı Loren Pauell Cobs, Amerikanın tanınmış tele-şou aparıcısı olmuş işgüzar qadın Opra Vinfri, Estee Lauder kosmetika şirkətinin stil direktoru Aurin Loder və başqalarının adları var. Bu qadınların bir hissəsi sərvətlərini ailələrindən miras kimi alıb, qalanları isə öz hesabına milyarder olan qadınlardır. Onların arasında 1.2 milyard dollar sərvətlətlə türk əsilli mühacir Eren Özmen də yer alır. O, Amerikada sərvətini özü qazanaraq milyarder olmuş qadınlar arasında 19-cu yerdərir.

Eren and Fatih Özmen

Eren Özmen Sierra Nevada Corporation aero-fəza şirkətinin prezidentidir. Həyat yoldaşı Fatihlə birlikdə Özmenlər kosmik fəza yarışında Elon Mask kimi innovatorlarla rəqabət aparır. Onların şirkətinin istehsal etdiyi Dream Chaser kosmik gəmisi NASA tərəfindən 2020-ci ildə Beynəlxalq Fəza Stansiyasına astronavtları, eləcə də yükləri daşımaq üçün seçilən üç fəza gəmisindən biridir.

Eren və Fatih Özmen 1980-ci illərdə Amerikaya Türkiyədən mühacirət ediblər.Eren Özmen İzmirdə anadan olub, Diyarbakir şəhərində boya-başa çatıb. Onun hər iki valideyni tibb işçisi olub və övladlarının təhsilinə böyük önəm verib. Ankara universitetində təhsil aldığı zaman Eren Özmen jurnalistika və beynəlxalq əlaqələr sahəsində təhsil alıb və boş vaxtlarında ingilis dilini öyrənib. O, 1980-ci ildə Ankara universitetində elektik mühəndisliyi ixtisası üzrə təhsilini başa vurmuş və ABŞ-ın Nevada universitetində magistr dərəcəsi almaq üçün Amerikaya gəlməyə hazırlaşan və o zaman həm də velosiped idmanı üzrə Türkiyə çempionu olan Fatih Özmenlə tanış olub. Bundan bir il sonra isə Eren Özmen Kaliforniya ştatında Berkli universitetində ingilis dilini öyrənmək üçün Amerikaya gəlib.  ABŞ-da onların tanışlığı davam edib. Fatih Özmenin məsləhəti ilə Eren Özmen Nevada universitetində magistr dərəcəsi almaq üçün təhsil alıb. O, təhsil haqqını ödəmək üçün bəzən hətta evdə paxlava bişirib satıb və axşamlar universitet dəhlizlərini təmizləməli olub.

Eren və Fatih Özmen və ABŞ-ın vitse-prezidenti Mayk Pens

1994-cü ildə Eren və Fatih Özmen müflisləşmə həddində olan Sierra Nevada Corporation şirkətini almaq üçün böyük riskə gedərək, yaşadıqları evi girov qoyublar. O zaman cəmi 20 nəfərlik şirkət bu gün ABŞ-ın fəzanın kəşfi sahəsində aparıcı innovator şirkətlərdən birinə çevrilib. Sierra Nevada Corporation bu gün Amerikada qadının rəhbərliyi altında çalışan ən böyük podratçıdır. Hazırda dörd mindən çox işçisi olan şirkətin keçən illər satışları 1.6 milyard dollar təşkil edib. Eren Özmen şirkətin prezidentidir, onun həyat yoldaşı isə şirkət və hökumət agentlikləri arasında əlaqələr və yüksək texnoloji cihazların istehsalına görə məsuliyyət daşıyır. Şirkətin ən böyük layihəsi təhlükəsizlik testlərini uğurla keçmiş Dream Chaser kosmik gəmisinin fəzaya göndərilməsidir.

Dream Chaser

​​Eren Özlem ABŞ-ın fəzanın kəşfi sahəsində liderliyinin bərpası işinə öz töhfəsini verə biləcəyinə inanır. O, 2018-ci ildə aviasiya sahəsində ilin iş adamı adına layiq görülüb. Bu ad ABŞ-da aviasiya sənayesində sahibkarlığın əsl ruhunu təcəssüm etdirən və arzularına qovuşan iş adamlarına verilir. Eren Özmen mavi səmada öz xəyallarına qovuşaraq, ucsuz-bucaqsız fəzanın kəşfi tarixinə öz adını yazır.