Dilşad Əliyarlı

 

İran fevral ayında Çindən sonra koronavirus epidemiyasının ən çox yayıldığı və ən böyük təsirinə məruz qalan ölkələrdən biri idi. Aylardır epidemiyaya qarşı mübarizə aparılmasına baxmayaraq, İranda koronavirusa son həftələrdə yoluxma hallarında yenidən artım müşahidə edilir. Bir sıra bölgələrdə, o cümlədən İran Azərbaycanında karantin məhdudiyyətlərinin yenidən bərpa olunduğu haqda məlumatlar verilir. Milli fəal, psixiatr həkim Simin Səbri Amerikanın Səsinə müsahibəsində İran Azərbaycanında koronavirus epidemiyası ilə bağlı son durum və İran hökumətinin epidemiyanın qarşısının alınması üçün göstərdiyi səylərə reaksiyalardan danışıb.

Simin Səbri koronavirus epidemiyasının yayılmağa başladığı ilk günlərdə İran hökumətinin karantin tədbirlərini gecikdirməsi, din xadimlərinin “epidemiyanın ciddiliyini” azaltmağa çalışması və pandemiyanın iqtisadi təsirləri ilə əlaqədar olaraq tədbirlərin görülməməsi nəticəsində “vəziyyətin nəzarətdən çıxdığını” və İran Azərbaycanının bölgələrinə bunun ciddi təsirləri olduğunu bildirib.

Onun sözlərinə görə, sanksiyalar nəticəsində yaranmış ağır iqtisadi durum xüsusilə səhiyyə və təhsil sistemlərinə öz təsirini göstərir. O, ölkənin etnik azlıqların yaşadığı bölgələrində epidemiya ilə bağlı vəziyyətin kifayət qədər resursların olmamasına görə daha ciddi hesab edildiyini deyib.

“Hakimiyyətin özünün etiraf etdiyi kimi mərkəzi Urmiyə ilə Qərbi Azərbaycan vilayəti və Sistan-Bəlucistan bu dəqiqə ən ağır olanlardandır. Bizim əldə etdiyimiz müşahidələrə görə, hətta normal halda, bu iki ostanda hər 1000 nəfərə düşən çarpayıların sayı 4.8 olmalı olduğu halda heç 1.5 deyil. Sistan-Bəlucistanda bu 0.8-ə enmiş durumdadır. Həm sansksiyalara görə, həm də İran iqtisadiyyatının zəifləməsinə görə xüsusilə səhiyyə və təhsil sistemini vurur.”

Simin Səbri pandemiyanın İranda etnik azlıqların yaşadığı bölgələrdə bərabəsizlik, eyni imkanların verilməməsi kimi problemlərin mövcud olduğunu bir daha vurğuladığını qeyd edib. O, dövlət büdcəsinin bərabər bölüşdürülməməsinin bölgələrdə iqtisadi inkişafın zəifləməsi, təhsil imkanlarının azalması və səhiyyə sisteminin geriləməsinə gətirib çıxardığını deyib.

“Büdcə daha çox böyük şəhərlərə və xüsusilə Tehran və bu çevrədə bölgələrə ayrılır və bunların daha irəli getməsinə sərf olunur” – deyə, o bildirib.

O, pandemiyanın İran Azərbaycanının bölgələrində infrastruktura investisiyaların “nə dərəcədə qeyri-bərabər və ədalətsiz bölüşdürülməsini qabarıq şəkildə üzə çıxardığını” deyib.

Simin Səbri koronavirus epidemiyası dövrü “iqtisadi təzyiqlər, işini itirmək qorxusu, hökumət tərəfindən basqıları” qeyd edərək, bütün bunların “insanlara psixoloji baxımdan ciddi təsir göstərdiyini” bildirib.