Dilşad Əliyarlı

Əli və Nino kitab evinin 15 illiyi tamam oldu. Bu illər ərzində Əli və Nino şəbəkəsi oxucuların sevimli məkanı olmaqla yanaşı, kitab mədəniyyətində yeni bir səhifə açaraq, müasir Bakının simvollarından birinə çevrildi. Əli və Nino kitab evinin sahibi Nigar Köçərli qurduğu biznes modeli, pandemiya dövründə çətinliklər və gələcək planlar haqda danışır.

Dilşad Əliyarlı: Nigar xanım, ilk növbədə sizi yubiley münasibəti ilə təbrik edirəm. Əli və Nino 15 yaşındadır. Rəqəm o qədər böyük görünməyə bilər, amma bu 15 ilin arxasında daim zəhmət və kitaba böyük sevgi durduğunu demək olar. Siz bu yubileyi necə qeyd edirsiniz?

Nigar Köçərli: Mənim üçün bu, böyük bir müddətdir bu 15 il. Azərbaycanın müasir biznes tarixində ümumiyyətlə 15 il işləmək, hər hansı bir işi görmək, xüsusən də kitab sahəsində, bizneslə mütəmadi olaraq dayanmadan məşğul olmaq hqiqətən də ağır da olsa, maraqlı da olsa, maraqlı bir prosesdir. Ona görə bizim özümüzə də çox təəccüblü gəldi ki, necə oldu ki, 15 il ötdü. Amma fakt olaraq, həqiqətən də belədir. İlk Əli və Nino kitab mağazası düz 15 il əvvəl qapılarını açdı.

 

Dilşad Əliyarlı: Nigar xanım, siz həm də bu biznesə qadın sahibkar kimi başlamısınız. Və qadın sahibkar kimi və ümumiyyətlə belə bir uğurlu biznes modelinə başlayan bir iş adamı kimi, işgüzar qadın kimi qarşıınzda hansı çətinliklərin olduğunu deyə bilərsiniz? Ümumiyyətlə, bu 15 il ərzində hansı sınaqlarla, hansı çətinliklərlə qarşılaşmısınız?

Nigar Köçərli: Bilirsinizmi, mən həmişə çox optimist bir insanam. Amma mənə belə gəlir ki, mənim kimi insanlar hər hansı bir şəraitdə nəsə yaxşılığa doğru addımlamağa çalışırlar. Hədsiz böyük problemlər var idi. Hələ də davam edir. Ümumiyyətlə Azərbaycanda bizneslə məşğul olmaq asan iş deyil. Qadın olaraq daha da çətindir. Qadın olaraq kitab biznesini idarə etmək daha da çətindir. Üstəlik mənim vətəndaş mövqeyim belədir ki, mən ümumiyyətlə heç bir rüşvət ödəmirəm. Məişət səviyyəsində, hər hansı bir şeydə heç bir rüşvət sxemalarında, xırda belə rüşvətdə iştirak etmirəm. Bu mənim vətəndaş mövqeyimdir. Və mən həmişə öz dostlarıma da, ümumiyyətlə tanıdığım, tanımadığım insanlara daim bunu deyirəm ki, siz də mənə qoşulun. Əgər biz istəyiriksə daha yaxşı Azərbaycanda yaşayaq, məncə, hərə özündən başlamalıdır. Təbii ki, çətinliklər çoxdur. Amma mənə belə gəlir ki, ola bilsin, mənim bəxtim gətirib. Mən ziyalı ailəsində anadan olmuşam və uşaqlıqdan daim mənə təhsillə bağlı dayanmadan deyirdilər: sən daha yaxşı təhsil almalısan, sən nəsə etməlisən. Ona görə mənə kifayət qədər asan olub. Mən bizneslə bağlı danışanda daim digər qadınları, qızları nəzərdə tuturam və onları düşünürəm. Çünki mənim taleyim belə deyək, acı deyil, çox asandır. Amma Azərbaycanda təəssüflər olsun ki, minlərlə qız, minlərlə qadın nəinki işləmək, ümumiyyətlə təhsili davam etdirə bilmirlər. Mənim təbii ki, çox istərdim ki, bu vəziyyət dəyişilsin.

Dilşad Əliyarlı: Nigar xanım, siz biznesə başladığınız dövr kitab mədəniyyəti, kitab satışları, ümumiyyətlə kitab biznesi üçün tamamilə yeni dövrün başlanğıcı idi. Məsələn, Amerika Birləşmiş Ştatlarında son 10-15 il ərzində böyük kitab mağazalarının çoxu bağlandı və hazırda kitab satışlarının çoxu onlayn həyata keçirilir və xüsusilə də Amazon şirkətinin yeni biznes modeli qurmasından sonra kitab satışları sahəsində vəziyyət tamamilə dəyişdi. Amma sizin modeliniz, Əli və Nino kitab evi bu 10-15 il ərzində çiçəkləndi və çox uğurlu biznes qura bildi və azərbaycanlıların, xüsusilə də Bakı sakinlərinin, kitabsevərlərin ən sevimli yerlərindən birinə çevrilə bildi. Bunun səbəbini siz nə ilə izah edirsiniz?

Ümumiyyətlə, kitab mağazasının çox qeyri-adi, gözəl bir aurası var. Biz artıq 15 ildir bazardayıq və bizim yanımıza 20-25 yaşlarında qızlar gəlib deyirlər ki, biz bura uşaq ikən gəlmişik, balaca idik, anamız gətirirdi, burda biz kitab seçirdik, biz bu divarlar arasında böyümüşük. Kitab mağazasının mahiyyəti elə məhz bundadır.

Nigar Köçərli: Əslində, vəziyyət çox gərgindir. Nəinki kitab sahəsində, ümumiyyətlə Azərbaycanın bütün sahələrində hazırda vəziyyət çox gərgindir. Hər kəs bunu çox yaxşı başa düşür. Bir şey mənə bir az rahatlıq, yəni rahatlıq deyəndə təbii ki, mən çox da rahat deyiləm, mən başa düşürəm ki, bu vəziyyətdə yalnız biz deyilik, bütün dünya belə vəziyyətdədir. Amma Azərbaycanda vəziyyət daha gərgindir, çünki biz artıq beş aydır ki, bu sərt karantin rejimində yaşayırıq. Mən hesab edirəm ki, təbii ki, TƏBİB tərəfindən, digər qurumlar tərəfindən böyük səhvlər var. Yəni bu belə olmamalı idi. İnsanlara mütləq daha yaxşı şərait yaratmaq lazımdır. İndiki vəziyyətdə hər kəs yenə də işləmək istəyir. Hər kəsə bir balaca şərait yaradanda çalışacaq ki, nəsə etsin. Yəni mən bunun tərəfindəyəm ki, insanların işləmək üçün mütləq yaxşı şəraiti olmalıdır. Kitab biznesinə gəldikdə burada ümumiyyətlə vəziyyət çox gərgindir. Baxmayın ki, mən həmişə belə pozitiv danışmağa çalışıram. Mən çox pozitiv insanam, ola bilsin ondan irəli gəlir. Sadəcə, kitab biznesi hədsiz çox böyük çətin bir dövrü yaşayır. Nə ilə bağlıdır bu? Dünyada da. Azərbaycanda da. Kitab ən vacib məhsul, kitbla bağlı məhsul demək yaxşı deyil, amma yenə də, ən yaxşı məhsul hesab olunmur. Əgər insanın qarşısında seçim varsa evə yemək, qida gətirsin, yaxud da kitab, təbii ki, o, qidaya üstünlük verəcək. Biz bunu çox yaxşı başa düşürük. Ona görə də xüsusi illüziyalarım yox idi bu karantin başlayanda. Yenə də çox şükür ki, biz işimizi davam edirik. Karantin başlayanda, bizim “Əli və Nino”da 70-80 nəfər işçimiz var. Bütün kollektivimizə müraciət etdim. Dedim ki, mağazalar bağlıdır. 7 mağazamız var. Heç bir mağazamız işləmir. Biz nə ilə isə dolanmalıyıq. Mən sizə görə məsuliyyət daşıyıram. Siz mütləq evə heç olmasa `bir qəpik` pul gətirməlisiniz. Biz işləməliyik. Ona görə gəlin unudaq ki, kitab mağazasının satıcısı, menecer, administratoruyuq, bu gündən etibarən biz hamımız onlayn rejimə keçirik və onlayn şəkildə satacağıq. Instagram vasitəsilə, sayt vasitəsilə, telefon, Telegram, nə ilə gəlirsə sifariş mütləq həmin müştəriyə çox gözəl xidmət etməliyik. Telefonla, WhatsApp-la mütləq satışları həyata keçirməliyik. Və doğrudan da çox gözəl bir həyat yaşadıq. Bu, hələ də davam edir. Mənim bütün işlərim keçdi onlayn rejimə. Gecə-gündüz işləyirik, nəsə satmağa çalışırıq. Təbii ki, onlayn satışlar, real satışların üçdə bir hissəsini təşkil etmir. Amma ən azı heç olmasa, işçilərin maaşlarını verə bilirik. Və mən buna görə çox sevinirəm. Hətta üstəlik bu mənim üçün çox gözəl bir təcrübə olub, çünki mən Bakı Dövlət Universitetinin məzunuyam, mexanika-riyaziyyat fakültəsini bitirmişəm və mən həmişə çox istəyirdim ki, xaricdə təhsil alım. Amma alınmadı. Hələ də mənim belə arzularım var idi ki, nə vaxtsa Harvarda gedib MBA (biznesin idarə edilməsi üzrə magist dərəcəsi-red.) edəcəm. Amma özüm-özümə deyirəm ki, hesab et ki, sən bu dörd ay ərzində elə Harvardda MBA dərəcəsəni əldə etdin. Çünki elə bir gözəl, maraqlı təcrübə aldım, bunu məncə, heç bir təhsil müəssisəsi verməyəcək. Həyat ən yaxşı müəllimdir.

Dilşad Əliyarlı: Nigar xanım, siz onlayn satışları qeyd etdiniz. Bu satışların, ümumiyyətlə onlayn satışların artması üçün Azərbaycanda nə etmək mümkündür. Bunun gələcəyini siz necə görürsünüz? Çünki bütün dünyada da kitab biznesi demək olar buna keçib. Azərbaycanda bu modelin genişləndirilməsi üçün nə etmək lazımdır?

Mənə tez-tez bu sualı verirlər, necə etmək lazımdır ki, bizim uşaqlarımız kitab oxusun? Mən həmişə deyirəm ki, əsas odur ki, siz kitab oxuyasınız.

Nigar Köçərli: Ümumiyyətlə Azərbaycanda onlayn satış təcrübəsi demək olar sıfır səviyyəsindədir. Bu da bizim üçün çox maraqlı, qeyri-adi bir təcrübə oldu. O mənada ki, bizim insanlarımız, mən mentalitet sözünü sevmirəm, amma hansısa mədəni ənənələr var bizdə və bizim insanlar ticarəti çox sevirlər, kitabla bağlı hər şeyi çox sevirlər. Ümumiyyətlə, kitab mağazasının çox qeyri-adi, gözəl bir aurası var. Biz artıq 15 ildir bazardayıq və bizim yanımıza 20-25 yaşlarında qızlar gəlib deyirlər ki, biz bura uşaq ikən gəlmişik, balaca idik, anamız gətirirdi, burda biz kitab seçirdik, biz bu divarlar arasında böyümüşük. Kitab mağazasının mahiyyəti elə məhz bundadır. Yəni yalnız satış deyil təbii, bir mədəniyyət yaratmaq: ana uşağı ilə gəlir bir kitab seçir, elə yerdə oturub kitabları vərəqləyirlər, danışırlar, söhbət edirlər. Təbii ki, onlayn satış bu estetik ləzzəti vermir. Mən müştəriləri çox gözəl başa düşürəm. Ona görə necəsə həmin bu ənənəni, yəni söhbət etmək, bölüşmək, düşünmək fikir mübadiləsi olsun deyə, bizim Instagram səhifəmizdə xüsusi bir rubrikamız var, hər gündən bir orda yazırıq: kitab tövsiyəsi. Və hamıya deyirik ki, nə sualınız varsa, məsələn, belə bir kitab olsun, Remarka oxşayan bir kitab, siz deyin, biz cavab verək. Və hətta qeyd edirik kim cavab verir, mən özüm həmişə orda oluram, mən bundan çox böyük ləzzət alıram. Bu, heç olmasa bir mənada həmin o estetik ləzzəti bir qədər bərpa edir.

Dilşad Əliyarlı: Nigar xanım, növbəti sualıma siz özünüz giriş verdiniz, valideynlərin və uşaqların birlikdə kitab oxuması, nəsillərin kitab oxuma, mütaliə etmək təcrübəsi. Son zamanlar xüsusilə də texnologiyaların inkişafı ilə görünməmiş səviyyədə informasiya axını var. Bu informasiya dalğasında, bu informasiya axınında gənclərin daha az kitab oxuduğu adətən bütün məlumatları elektron cihazlar vasitəsilə aldıqları haqda əsasən valideynlər tərəfindən, müəllimlər tərəfindən şikayətlər eşitmək olur. Gəncləri daha çox mütaliə etmək, kitab oxumağa necə təşviq etmək mümkündür?

Arzum odur ki, Azərbaycanın hər bir şəhərində, balaca, böyük, kənddə, hər yerdə balaca bir kitab mağazası olsun. Və şərt o deyil ki bu mütləq Əli və Nino olsun, başqa kimsə, kənd sakinləri açsın, mütləq orda, hər yerdə bir kitab mağazası olsun.

Nigar Köçərli: Biz daim gənclərlə bağlı mənfi danışırıq. Amma əslində, mən onu demək istəyirəm ki, bizim əsas oxucumuz, oxucularımızın 80 faizi bəlkə də məhz gənclərdir. Oxumayan bizim daha yaşlı təbəqəmizdir. Analar, atalar, xalalar, nənələrimiz. Yəqin ki, siz Amerikada dəfələrlə müşahidə etmisiniz ki, kitab mağazasına girirsən görürsən ki, orada yaşlı insanlar kitab seçirlər, alırlar. Təəssüflər olsun ki, bu kateqoriya kitab almır. Bir qədər bəlkə gözlənilməz məqamdan danışdım. Amma həqiqən də bizim problemimiz gənclər deyil. Mən çox sevinirəm ki, Azərbaycan gəncləri artıq kitab oxuyur və onların zövqü bizim gözümüzün qabağında formalaşır. Dünən məsələn, Elxan Elatlının detektivini oxuyan birdən gəlib Markesi oxumaq istəyir. Bu da bizə təəccüblü gəlir, çünki bu, addım-addım getməlidir. Bunlar məcburduelar bu yolu daha tez keçsinlər, çünki hələ də Azərbaycan kitab bazarında bütün kitablar – yəni insanın mədəni inkişafı üçün lazım olan ən azı minimal kitablar olmalıdır, Dostoyevski olmalıdır, Tolstoy mütləq olmalıdır – bunlar hələ də tərcümə olunmayıb. Çox təəssüf edirəm ki, amma bu, faktdır, sovet dövründə Azərbaycan dilinə ümumiyyətlə kitablar demək olar tərcümə olunmayıb. Və beləliklə, birdən-birə 90-cı illərdə, 2000-ci illərin əvvəlində itirilmiş bir nəsil böyüdü. Yəni bu insanlar lazım olan kitabları oxumayıblar. Təbii, mən mənfi mənada danışmıram. İndi oxuyurlar heç olmasa. Yəni bizə yaxınlaşıb deyirlər ki, mən artıq kitab oxuyuram. Buna görə mən çox təəssüf edirəm. İndiki balacalarla, uşaqlarla bağlı mən çox pozitiv düşünürəm. Çünki görürəm ki, artıq oxuyurlar. Ümumiyyətlə, mənə tez-tez bu sualı verirlər, necə etmək lazımdır ki, bizim uşaqlarımız kitab oxusun? Mən həmişə deyirəm ki, əsas odur ki, siz kitab oxuyasınız. Əgər evdə kitab varsa, kitab çoxdursa və əgər uşaq görür ki, atası, anası kitab oxuyursa, yəni bütün günü planşetdə, telefonda olmurlar, yüzdə yüz bu uşaq kitabsevər olacaq.

Dilşad Əliyarlı: Nigar xanım, bəzən belə şikayətlər də olur ki, məsələn Azərbaycanda xüsusilə qadınlar üçün nəzərdə tutulmuş, məsələn feminist ədəbiyyat yoxdur, Azərbaycan dilinə türcümə olunmayıb və yaxud da uşaqlar üçün kifayət qədər kitab yoxdur. Bu sahələrdə vəziyyəti necə yaxşılaşdırmaq olar?

Nigar Köçərli: Hələ də çox-çox böyük boşluqlar var. Təsəvvür edin ki, Ceyn Eyr kimi kitab – mən hesab edirəm ki, hər bir qız, hər bir qadın mütləq onu oxumalıdır, mənim üçün bu, ən böyüik feminist kitabdır – cəmi 5-6 il əvvəl tərcümə olunub. Niyə uşaqlar bu kitabı oxumasınlar bundan əvvəl? Ümumiyyətlə, həmişə deyirəm ki, klassika həmişə olmalıdır, çünki həmin o uşaqlar, gənclər məhz klassika əsasında böyüyürlər, formalaşırlar. Mənə tez-tez belə suallar verirlər, məsələn, bir tədbirdə bir oğlan mənə yaxınlaşıb dedi ki, mən İT menecerəm, mən demək olar heç kəsi görmürəm, bütün günü kompyuterdə işləyirəm, mənim nəyimə lazımdır ki, oturub oxuyum ki, hansısa qadın 19-cu əsrdə özünü qatarın altına atıb. Bu mənə nə verir? Mən də ona başa salıram ki, ümumiyyətlə, dünyada nə baş verirsə, dünya hər gün daha da inkişaf edir, daha da yeni texnologiylara kəşf edilir, amma yenə də bir hamımız insanlar arasında yaşayırıq və biz insan üçün yaşayırıq və bu, çox vacibdir. Yəni nə baş verirsə versin, yenə də ətrafımızda insanlardır. Və bizim üçün, uşaqlar üçün, hər kəs üçün ən vacib məqam ünsiyyətdir. Bir də emotional intelligence deyə bir anlayış var. Bu, mütləq olmalıdır. Mən sizi başa düşməliyəm, siz məni başa düşməlisiniz. Bir-birimizin fikirlərini, emosiyalarını, hisslərini biz anlamalıyıq. Bunun da ən gözəl yolu yalnız və yalnız klassik ədəbiyyatdır.

Dilşad Əliyarlı: Nigar xanım, bəzən insanlar kitab oxumaq üçün kifayət qədər vaxtları olmadığını bildirirlər. Çox adam, müasir insanların çoxu deyir ki, istəyirik kitab oxuyaq, xüsusilə də bədii ədəbiyyat oxuyaq, amma bunun üçün vaxtımız yoxdur. Sizin məsləhətiniz nə olardı? Çünki bütün bu məşğulluqla, biznes idarə etməklə yanaşı, siz həm də kitabların təbliğatçısısınız, oxuduğunuz kitabları təbliğ edirsiniz, insanları kitab oxumağa təşviq etmək istəyirsiniz. Sizin müasir insanlara məsləhətiniz nə olardı? Kitab oxumaq üçün biz necə kifayət qədər vaxt tapa bilərik?

Nigar Köçərli: Mənim həmişə belə bir təklifim olur, deyirəm ki, sosial şəbəkədə keçirdiyiniz vaxta baxın, müşahidə edin, özünüzə sual verin: mən bunu həqiqən etməliyəm? Çox adam deyir ki, mən bunu iş üçün görürəm, mən PR meneceriyəm. Bəhanələri axtarmadan özünüzə düzünü deyin, həqiqətən də lazımdırmı? Bir saat, ən azı iki saat vaxtınız boşuna gedir. Amma ümumiyyətlə, mən burda, yəni çalışıram o mövqedən danışmayam, yəni, kitab oxuyan yaxşıdır, kitab oxumayan pisdir. Mən həmişə deyirəm belə hallarda ki, əgər siz kitab oxumursunuzsa, bu o demək deyil ki, sizdə problem var, vaxt yoxdur. Bu sadəcə o deməkdir ki, siz istədiyiniz kitabı hələ tapmamısınız. Əgər əlinizə elə bir kitab düşsə, siz onu gecə-gündüz oxuyacaqsınız, unudacaqsınız hər şeyi, vaxtı da. Ona görə axtarın və tapın.

Dilşad Əliyarlı: Nigar xanım, 15 illik zəhmət və sevgi sizin iş stilinizdir. Gələcək planlarınız haqda nə söyləyə bilərsiniz. Hazırda hamı çətin dövrdən keçir, qlobal pandemiya demək olar hamının planlarını “alt-üst” edib. Amma gələcəyə baxanda planlarınız nədir?

Nigar Köçərli: Hazırda yeddi mağazam var. Mən daha çox istərdim ki, mənim böyük bir mağazam olsun. Amerikada, xaricdə, bütün ölkələrdə olduğu kimi üç-dörd mərtəbəli və orada kitab kafesi də olsun, uşaqlar üçün də ayrıca bir yer olsun. Çalışıram bunu xəyallarımda reallaşdırım. Amma təbii ki, mən realistəm, başa düşürəm ki, bu, hələ ki mümkün deyil. Bunun üçün nə vəsaitim var, nə də ki, bazarda hələ tələbat var. Yavaş-yavaş İnşallah niyə ki olmasın? İkinci arzum odur ki, Azərbaycanın hər bir şəhərində, balaca, böyük, kənddə, hər yerdə balaca bir kitab mağazası olsun. Və şərt o deyil ki, bu mütləq Əli və Nino olsun, başqa kimsə, kənd sakinləri açsın, mütləq orda, hər yerdə bir kitab mağazası olsun. Çünki ümumiyyətlə dünyada tendensiya belədir, yəni 25 min əhalisi olan bir yerdə mütləq bir kitab mağazası olmalıdır. Tutaq ki, 200 min əhalisi olan bir yerdə ən azı 7-8 kitab mağazası olmalıdır. Bizdə hələ ki təəssüflər olsun ki, belə deyil. Amma mən ümid edirəm ki, bu vəziyyət düzələcək. Hələ ki bu problemi, yəni bölgələrdə kitab mağazalarının olmamasını biz onlayn vasitəsilə həll etməyə çalışırıq. Bizə demək olar hər gün 10-15 sifariş gəlir Azərbaycanın müxtəlif yerlərindən, ucqar kəndlərdən. Artıq yavaş-yavaş alışırlar, biz də onlara başa salırıq. Hətta onu da qeyd edim ki, Amerikadan da ən azı həftədə bir-iki sifarişimiz olur. Amerikada yaşayan həmvətənlərimiz üçün də çalışırıq maraqlı kitab göndərək. Onlar da razı qalırlar. Qəribədir ki, Azərbaycan dilində oxumaq istəyirlər. Biz də buna çox sevinirik.